Ümid ver, Ümid mənə

 

Bəsdi aytək batdığın,

Bəsdi qaş-göz atdığın.

Bəsdi ta naz satdığın,

Ümid ver, ümid mənə.

 

Bir azca sabaha bax,

İstəsən, şimşəktək çax.

İstəsən, yandırıb-yax,

Ümid ver, ümid mənə.

 

Göylərin qaşı qarmış,

Bu dünya bizə darmış.

...bir yaşıl işıq varmış,

Ümid ver, ümid mənə.

 

Arxada qaldı yollar,

Boşaldı, doldu yollar.

Sənsizcə soldu yollar,

Ümid ver, ümid m ənə.

 

...addım səsləri gəlir,

Səslər üzümə gülür.

Eh, ümid sonda ölür...

Ümid ver, ümid mənə.

 

Əlimə yaraq edim,

Sevgimi soraq edim.

Ümid ver, ümid mənə,-

Yoluma çıraq edim.

 

Körpətək üzümə gülür

 

Bu yollar aparır - mən gedirəm,

Ayağıma tanış gəlir bu yollar.

Məni çəkib hara aparır belə?

Körpətək üzümə gülür bu yollar.

 

Yoldaca oynayan uşaq kimiyəm,

İrəli gedirəm, geri gedirəm.

Baxıb bu yolların gözəlliyinə,

Yarı dayanıram, yarı gedirəm,

Qarlı zirvələrə sarı gedirəm.

 

Zirvələrə qalxır bu cığır, bu yol,

Dağların qoynunda qalır beləcə.

İrəli aparır elə hey məni,

Ta özünə çəkir, səma, göy məni,

Məni tilsimə salır beləcə.

 

Sevinə-sevinə gedirəm indi,

...məni sağ-salamat geri qaytarar.

Bu hava, bu su ki buralarda var -

Ölü apardığın diri qaytarar.

 

Min dəfə getmişəm bu yolu, sanki

Ayağıma tanış gəlir bu yollar.

Gedirəm ürəklə, sevgiylə indi,

Körpətək üzümə gülür bu yollar.

Daha məni doğma bilir bu yollar.

 

Fazil ƏSƏD

 

 

525-ci qəzet.- 2017.- 21 sentyabr.- S.7.