Görkəmli alimin böyük töhfəsi
PROFESSOR QƏZƏNFƏR PAŞAYEVİN "HÜSEYN KÜRDOĞLUNUN POETİK DÜNYASI" KİTABI BARƏDƏ DÜŞÜNCƏLƏR
(Əvvəli
ötən sayımızda)
Hüseyn Kürdoğlunun dördlükləri və qəzəl
janrı sahəsindəki xidmətləri 60-80-ci illər
poeziyasının estetik mənzərəsini
formalaşdıran bədii tendensiyalardan biridir.
Professor Q.Paşayev bu münasibətlə bağı
düşüncələrini davam etdirərək yazır ki,
dördlüklər bir janr kimi H.Kürdoğlu
yaradıcılığında sabitləşib. Şairin
dördlüklərindəki təzə-tər orijinal bənzətmələr,
yeni mətləb, poetik fikir tapıntıları xüsusi ilə
diqqətə layiqdir. H.Kürdoğlunun
dördlükləri haqqında görkəmli şair və
alim Qasım Qasımzadə gözəl bir məqalə
yazdığını müəllif ayrıca vurğulayır.
Akademik Yaşar Qarayevin şairin bu yöndəki intensiv və
uğurlu axtarışları barəsindəki mühüm
fikirləri bu gün də öz əhəmiyyətini qoruyub
saxlamaqdadır: "H.Kürdoğlunun dördlükləri
klassik rübai, bayatı, təcnis, qoşma və gərayli zəminində
yaransa da bugünkü şeir təcrübəmizin hadisəsi
kimi müasir çalar kəsb edir". Həqiqətən,
ustad şairin klassik poetikamızın az
qala unudulmağa başlayan əsas janrlarını öz
yaradıcılığında yenidən dirçəltməsi
və onlara müraciət etməsi, sadəcə olaraq, ənənəni
yada salmaq, ədəbi keçmişimizə sadəcə bir
ehtiram deyildi.
Yeni poetik janrların bədii təfəkkürə
qayıdışı ədəbi prosesdə bir canlanma,
duyğusallıq yaratmaqla yanaşı, eyni zamanda, milli-ictimai
şüurda da özünəməxsus bir hərəkət
və resonans doğurmaqda idi. Altmışıncıların
sırf bədii-estetik axtarışlarının və
ekperimentlərinin ictimai-fəlsəfi təfəkkürdə
əks-səda yaratması həmin poetik prosesin xarakterini və
mahiyyətini səciyyələndirən ən mühüm
hadisələrdən biri kimi dəyərləndirməyə
layiqdir.
"Dördlük" janrının şair yaradıcılığında
mərkəzi mövqeyə malik olmasını hərtərəfli
tədqiq edən və əsaslandıran müəllif bir
qayda olaraq, həm bədii mətnlərə, həm də
görkəmli sənətkar haqqında yazılmış,
söylənmiş mühüm fikir və qənaətlərə
müraciət edir. Bu nöqteyi-nəzərdən
yanaşdıqda, görürük kü, nəzərdən
keçirdiyimiz tədqiqatdakı bütün fikirlər əsaslandırılıb.
Məsələn, dördlüklərlə
bağlı akademik T.Hacıyevin məşhur fikirlərini
misal gətirən müəllif Kürdoğlünün
dördlük tarixində era yaratmasını və bu
janrdakı əsərlərinin ana dilli poeziyamızın ən
saf, həm də milli nümunələri olduğunu dərdindən
təhlil edir. Bu münasibətlə kitabda ustad şair
Məmməd Aslanın da gözəl fikirləri misal gətirilir:
"Hüseyn Kürdoğlu ayrı heç nə
yazmamış olsaydı belə, təkcə "Qaya
çiçəkləri" silsiləsinə görə
uzun bir dövrün ən qabil şairidir, dilimizin heyrət
ediləcək əzəməti böyüklükdə
bilicisidir".
Həqiqətən, təhlil prosesində tez-tez
şairin əsərlərinə müraciət edən müəllif
özü də H.Kürdoğlunun bədii təfəkkürümüz
tarixindəki xidmətlərini vurğulayarkən şairin
dilinin və ifadə tərzinin son dərəcə
şirinliyini və gözəlliyini ayrıca qeyd edir. Oxuduğu gözəl
şeirlərdən vəcdə gələn müəllif
qeyri-ixtiyari olaraq, şairin cinas yaratmaq qabiliyyətinə,
dilinin şirinliyinə heyran olmamaq mümkün deyil, deyə
yazır və təbii olaraq, özünə belə bir sual
ünvanlayır: Haradan qaynaqlanırdı şairin dilinin
şirinliyi, zənginliyi, sözdən mum kimi istifadə etmək
qabiliyyəti?! Müəllif də, biz də bu sualın
cavabını şairin məşhur dördlüklərindən
tapırıq:
Ömrümün
beşiyi Əhmədli kəndi,
Səndə şahə qalxdı könül kəməndi.
Anamın
bal kimi şirin dilində
Yarandı şeirimin şəkəri, qəndi.
Bəli, Hüseyn Kürdoğluya misilsiz poetik
möcüzələr yaratmağa imkan verən bizim doğma
anamızın dilidir - Azərbaycan dilidir. Böyük
şair məhz Azərbaycan dilinin incəliklərinə, sirlərinə
və əgər belə demək mümkünsə,
stixiyasına hamıdan yaxşı, dərindən bələd
olduğuna görə möcüzələr yaratmağa qabil
və qadir idi. Bu mülahizələrə və
düşüncələrə böyük alman alimi Leybnisin
məşhur kəlamı da qüvvət verir: "Mənə
mükəmməl dil verin, sizə mükəmməl mədəniyyət
verim".
Bu qənaətdən çıxış edərək
cəsarətlə söyləmək mümkündür ki,
H.Kürdoğlu şeirlərinin gözəl və cazibədar
dili, həssas şairin cilalanmış və yetkin poetik ifadə
sənəti onun, ümumən, şeir mədəniyyətimiz
qarşısındakı böyük xidmətlərindən
biridir.
"Hüseyn Kürdoğlunun poetik dünyası"
kitabının ən mühüm məziyyətlərindən
biri məhz bədii yaradıcılıq sirlərinin təhlil
edilməsi ilə bağlı olub, şairin əsərlərindəki
bu özəllikləri və keyfiyyətləri aşkar etməsidir. Monoqrafik tədqiqatdakı əsas
fəsil və bölmələrin adı da tədqiqatçının
daha çox bu yöndə düşündüyünü və
mülahizə yürütdüyünü göstərməkdədir:
"Dördlük tarixində era yaradan şair", "Zəmanəmizin
bayatı ustası", "Təcnislər",
"Şairin gəraylı dünyası", "Təsniflər",
"Hüseyn Kürdoğlunun ağıları",
"Rübailər", "Hüseyn Kürdoğlu
poeziyası və unudulmaqda olan janrlar", "Hüseyn Kürdoğlunun
uşaq şeirləri" və s. Öncədən qeyd edim
ki, monoqrafiya müəllifi şair haqqında uzun-uzadı və
yorucu nəzəri mülahizələr söyləməyi
sevmir. O, öz fikrini aydın və sərrast üslubda ifadə
etməyə, öz qənaətlərini konkret və parlaq
misallarla əsaslandırmağa üstünlük verir. "Dördlük tarixində era yaradan şair"
bölümündə Azərbaycan şeiri tarixində
dördlük janrının yerinə və mövqeyinə nəzər
salan müəllif şair yaradıcılığından
gözəl nümunələr seçib oxucuya təqdim etməklə
öz fikirlərini əsaslandırır. Məncə,
aşağıdakı bədii cəhətdən son dərəcə
təsirli misraları oxuyanların həm şair haqqında təsəvvürləri
dolğunlaşır, həm də kitab müəllifinin ifadə
etdiyi nəzəri mülahizələrin sanbalına və səmimiyyətinə
ürəkdən inanırlar:
Yaz yerə
kilim də, xalı da çəkir,
Lalənin bağrına xalı da çəkir.
Anam da rəssamdır,
ilk bahar kimi
Vətən gülzarını xalıda çəkir.
Müəllifin misal gətirdiyi başqa bir
dördlük isə həqiqətən də,
H.Kürdoğlu sənətinin mükəmməlliyini, onun vətən
eşqinin sönməzliyini nümayiş etdirir.
Dön
igid başına, dön ər başına,
Anamın gəlini, dön ər başına.
Qartallar
qayanın, bülbüllər gülün,
Şairlər Vətənin dönər başına.
H.Kürdoğlunun
dördlüklərini həvəslə, şövqlə, vəcdə
gələrək təhlil və təsnif edən müəllif
şairin bu sahədəki bədii tapıntı və kəşflərini
məharətlə ümumiləşdirərək, bu yöndəki
düşüncələrini məhz elə onun öz
sözləri ilə yekunlaşdırır:
Çox
da doluxmasın qəbir qazanlar,
Məndən yol öyrənər yolun azanlar.
Qoca
Kürdoğluya rəhmət oxuyar,
Min il bundan belə dördlük yazanlar.
IV
Professor Q.Paşayev vurğulayır ki, bütün
klassik növ və janrlar sənətkardan bir sıra
mühüm keyfiyyətlər, bədii istedad və səviyyə
tələb etdiyi kimi, təcnis və bayatı yaratmaq
üçün də o cür təcrübə və səriştəyə
malik olmaq lazımdır. Onların hər biri sənətkardan sözə həssas
münasibət, az sözlə dərin mənalar
ifadə etmək, zəngin söz ehtiyatına malik olmaq və
sözləri seçərək cinas yarada bilmək qabiliyyəti
tələb edir. H.Kürdoğlu
yaradıcılığının böyük qismini heyrətamiz
poetik gücü və zənginliyi ilə seçilən,
lirik növün bədii cəhətdən kamil növü
olan, ölməz sənət əsərləri səviyyəsinə
yüksələn bayatılara həsr etməklə bir
çox estetik məqsədləri, o cümlədən,
şifahi şeir sənətinin ən qədim növlərindən
biri olan bayatının yeni dövrün fikrini ifadə etməkdə
nə qədər münasib və uğurlu bədii forma
olduğunu göstərməkdən ibarətdir. Müəllifin böyük rus alimi Mixail Baxtindən
gətirdiyi aşağıdakı mülahizələr bədii
epoxalar arasındakı mənəvi-estetik əlaqələri
dərk etməyə təkan verir; hər zaman irəliyə
doğru atılan hər bir əhəmiyyətli addım geriyə
qayıdışla müşayiət olunur. Yəni mənşənin yenilənməsinə gətirib
çıxarır. Yalnız yaddaş irəliyə
doğru gedə bilər, unutqanlıq yox. Yaddaş
kökə qayıdır və onu yeniləndirir. Zatən,
H.Kürdoğlunun bu nəzəri mülahizələri sanki
poetikləşdirən və onları bədii vüsətlə,
obrazlı şəkildə gerçəkləşdirən
aşağıdakı misraları da müəllif
konsepsiyasının davamı kimi emosional səslənir:
Şeri
yaraşıqdır insan oğluna,
Rəsul hümmətinə, Quran oğluna.
Kim deyir köhnədir
qoşma, bayatı,
Qoy desin,
nə deyim nadan oğluna?
"Şairin gəraylı dünyası"
bölümündə də H.Kürdoğlu poeziyası
klassik poetik ənənələrimiz müstəvisində
müqayisəli şəkildə təhlilə cəlb edir. Həssas
şairin bu janrdakı axtarışları və yenilikləri
uğurlu misallarla əsaslandırılır.
İstedadlı şairin gəraylılarında zəmanədən
şikayət, lirik qəm, qüssə, kədər,
insanın mürəkkəb və təzadlı psixoloji
yaşantıları leytmotiv dərəcəsinə yüksəldiyi
vurğulanır. Eyni zamanda, klassik poetika məcrasında
yaranan və cilalanan bu gəraylılarda çağdaş
problemlər, qayğılar, faciə və fəlakətlər
aparıcı xətti təşkil etdiyi də göstərilir.
Yəni H.Kürdoğlunun gəraylıları bədii səviyyəsinə görə klassik gəraylılar dərəcəsində olmaqla bərabər, həm də öz estetik məzmununa, hissi və duyğular tüğyanının mündəricəsinə görə yenidir, müasirdir, bu günün təbii arzu və ehtiyaclarından doğulub:
Nə söyləyim qaçqın elə,
Bax gözümdən axan selə.
O yurda dönməyim hələ
Gümandır, güman, ay duman!
Bu gəraylını oxuyan kəs şairin Azərbaycanın faciələrinə yanıb yaxıldığına, gecə-gündüz bu yaşantılarla yaşadığına əmin olur. Aşağıdakı gəraylıda isə tragik mübaliğə daha möhtəşəm və müəzzəmdir. Dərdin, ələmin, yandırıcı iztirabların istisi üzümüzü qarsır. Bu kədərin yandırıcılıq dərəcəsini dahi Füzulinin göylərə bülənd olan ah-nalələri ilə müqayisə etmək olar: "Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?" H.Kürdoğluda isə şairin dərd-qəmi torpağı yandırmağa qadirdir:
Basdırma, torpaq yanmasın,
Oğlum, axıt çaya məni.
Vətən dərdi sönməz olur,
Aparsın dəryaya məni.
Şairin kədəri - bizim kədərimizdir. Bizim faciəmizdir. Burada mücərrəd və absurd pessimizmdən söhbət gedə bilməz.
(Ardı var)
Yaşar
QASIMBƏYLİ
Filologiya
elmləri doktoru, AMEA-nın baş elmi işçisi
yashargasimov@mail.ru
525-ci qəzet.- 2017.- 21 sentyabr.- S.6.