Professor Yavuz
Axundluya vida
İlk dəfə
Yavuz Axundlu bəlgəsini eşitdiyim
çağlarda onu bir türk alimi
kimi xəyalıma gətirmişdim. Elə "Yavuz" isminə görə...
Sonralar şəxsən tanış
oldum. X.R.Ulutürkün həyat yoldaşı
Firəngiz xanım Ulutürk ilk dəfə onun haqqında məlumat vermişdi və "İstiqlal şairləri" kitabını
mənə təqdim etmişdi. Oxumuş və tədrisdə
elmi qaynaq olaraq faydalanmışdım.
Yavuz Axundlunu
şəxsən tanımaq
marağım güc gəlmişdi mənə. Xəlil
Rza ocağının
köməyi nəticəsində
bu görkəmli alim ilə tanış oldum. Onun Texniki Universitetlə üz-üzə olan Ceyran restoranının yaxınlığında evi
olduğunu güman edirdim. Çünki
o, mənə həmişə
həmin yeri, restoranın qarşısını
nişan verirdi və evə dəvət edirdi. Mən isə skamyalardan
birində əyləşib
onunla söhbətə
üstünlük verirdim.
Yavuz müəllim özü deyirdi ki, Xəlil
Rzanın doktorluq dissertasiyasının opponentlərindən
biri olub. Onu yaxından tanıyıb.
X.Rza ilə birgə müalicə alıb.
Xəlil Rzanın adına və
ocağına böyük
hörməti vardı.
Yavuz müəllim beləcə
Xəlil Rza ilə bağlı olan keçmişindən,
onun ədəbi şəxsiyyətindən, elmi
məziyyətlərindən maraqla danışardı.
Şəxsi avtoqrafı ilə
çoxlu sayda kitabını hədiyyə
etmişdi mənə.
Yavuz müəllim mənim
"Xəlil Rza Ulutürk" kitabıma,
doktorluq dissertasiyamın
avtoreferatına rəy
yazmışdı". Çox zəhmətkeş, diqqətcil
və qayğıkeş
ziyalı idi professor Yavuz Axundlu. Üç cildik "Seçilmiş əsərləri"ni hədiyyə vermişdi... Mən də təbii
ki, kitablarımdan ona bağışlayırdım.
Xəlil
Rzanın bədii və elmi kitablarından
da bağışlamışdım
ona. Bir dəfə israr
etdi ki, pulunu verim, mənə
bir ədəbiyyat tarixi kitabı alıb gətir (Azərbaycan Ədəbiyyatı
tarixinin III cildini nəzərdə tuturdu).
Təbii
ki, mən onun təklifindən imtina edirdim və çalışırdım
ki, lazımi kitabları ona tapıb çatdırım.
Kitabxanamda olan həmin
kitabın da üstünü yazıb ona bağışlamışdım.
Yavuz müəllimin oğlu, fizika-riyaziyyat elmləri doktoru, professor Ədalət Axundlunu da tanıyırdım, bir müəssisədə
tanış olmuşduq. Bir sıra kitabı
onun vasitəsilə göndərirdim Yavuz müəllimə. Onu Ədalət
müəllimdən tez-tez
soruşardım. Bir
dəfə dedi ki, Tibb Universitetinin
müalicə şöbələrindən
birində özünü
müayinə etdirir. Təcili işim çıxdığından
görüşə bilməmişdim,
tez çıxıb getmişdi. Ürəyimdə nisgil qalmışdı.
Aradan illər keçdi...
Yaxın günlərdə isə eşitdim ki, Yavuz müəllim dünyasını dəyişib. Mütəəssir
oldum və Allahdan ruhuna rəhmət, ailə üzvlərinə səbr
dilədim...
Professor Yavuz Axundlu
görkəmli alim, nurlu şəxsiyyət, parlaq zəka sahibi olub, elm və təhsil sahəsində saysız-hesabsız
kadr hazırlayıb. O, Naxçıvan
folkloru, "Kitabi-Dədə
Qorqud", Nizami Gəncəvi irsi ilə məşğul olub, Naxçıvan ədəbi mühitinin görkəmli nümayəndələrindən,
bədii ədəbiyyat
fədakarları Məhəmməd
ağa Şahtaxtlı,
Cəlil Məmmədquluzadə,
Məmməd Səid Ordubadi, Hüseyn Cavid, Əvəz Sadıq, Hüseyn İbrahimov haqqında söz deyib, Naxçıvanda ədəbi-mədəni
həyat (1920-80) haqqında
(Məmməd Səid
Ordubadi, Mirzə Cəlilin qayını Məmmədqulu bəy Kəngərli, Hüseyn Razi, Rafiq Babayev,
Vaqif Məmmədov, Nağı Nağıyev,Ramiq
Muxtar, Qafar Qərib, Lütviyyə Əsgərzadə), Naxçıvanın
elmi maarifçi mühiti barəsində (Naxçıvan Dövlət
Universitetinin yaranma tarixi, Əli Əliyev, Əsəd Cəfərli, Nəsir Məmmədov, İzzət
Maqsudov, Arif Misirli, İsrafil Məmmədov), Naxçıvan
teatrı və teatrşünasları (Əli
Xəlilov, İbrahim Həmzəyev və b.) haqqında qiymətli yazıların müəllifidir.
Yavuz Axundlu görkəmli ədəbiyyatşünas-alim,
tarixi roman sahəsində
(təşəkkülü, mövzu-sənətkarlıq axtarışları,
təkamül yolları
və mərhələləri)
təkrarsız mütəxəssisdir. O, XX əsr
Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndələri
haqqında qiymətli
tədqiqatların, məqalə
və monoqrafiyaların
müəllifidir. Professor Yavuz
Axundlu bədii ədəbiyyat sahəsində
Mirzə Cəlil, M.Ə.Sabir, Ö.F.Nemanzadə,
M.Nəsirəddin, S.Vurğun,
R.Rza, N.Rəfibəyli,
istiqlal şairləri
B.Vahabzadə, X.Rza, M.Araz, eləcə də Ə.Vəliyev, Anar, Elçin, ədəbiyyatşünaslıq sahəsində görkəmli
alimlərdən Ə.Şərif,
L.Hüseynzadə, Ə.Sultanlı,
M.H.Təhmasib, M.C.Cəfərov,
A.Zamanov, Y.Seyidov, F.Zeynalov, F.Hüseynov, İ.Həbibbəyli, K.Əliyev,
İ.Bəktaşi, H.Həşimli)
haqqında əhatəli
məlumat verib, onların yaradıcılığı
haqqında elmi-nəzəri
və ədəbi-estetik
təhlillər aparıb.
Professor Yavuz Axundlu
90 yaşında dünyasını
dəyişdi. Ömrünün
70 ilini elmi-təşkilati
fəaliyyətlə məşğul
oldu, gənc nəsillərə təlim-tərbiyə
verdi, can-zəka yandırdı... Yandı, yandı, tükəndi.
Bu günlər elm və təhsil ictimaiyyəti, yaxınları
və dostları onun parlaq xatirəsini
minnətdarlıq hissilə
yad edir. İllər nəsil-nəsil
dünyadan gəlib keçəcək, professor
Yavuz Axundlunun parlaq xatirəsi onu tanıyanların qəlbində əbədi
yaşıyacaqdır. Biz görkəmli ziyalı və şəxsiyyət
professor Yavuz Axundlunun vəfatından kədərləndiyimizi
bildirir və mərhumun ailə üzvlərinə, professor Ədalət
Axundluya dərin hüznlə başsağlığı
veririk. Allah
rəhmət eləsin, ruhu şad olsun.
Əlizadə
ƏSGƏRLİ
AMEA
Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini
525-ci qəzet.- 2017.- 21 sentyabr.- S.7.