Portret cizgiləri: Bu, Musa Ələkbərlidir...

 

 

 

Yetmişinci illərin əvvəlləriydi. Nəinki Yerdən, Göydən də şeir havası gəlirdi.

 

Poeziya gecələrində sinəsini kürsüyə dirəyib şeir deyənlərin sayı indiki kimi çox deyildi. Amma şeir gecələri kiminsə tərifinə, boyundan yuxarı tullanışına deyil, oxucuların, poeziya həvəskarlarının ruhuna, könlünə, həyat sevgisinə köklənirdi. Musa Ələkbərli də o şeir gecələrinin iştirakçılarından biri idi, elə olurdu ki, ona da bir-iki şeirini oxumağa imkan verirdilər. Və beləcə illər keçdi, Musa Ələkbərli də poeziyada öz sözünü deyə bildi və o, şeir gecələrinin qəhrəmanlarından birinə çevrildi. Universiteti bitirəndən sonra isə uzun müddət "Gənclik" nəşriyyatında çalışdı. Elə indi də nəşriyyat işçisidir, "Şur" nəşriyyatının direktorudur.

 

Musa necə şairdir? Bu sual mənim üçün Gün kimi aydındı. Musa bu millətin, bu xalqın tanınmış şairlərindən biridir. Mən onu heç kimlə müqayisə eləmərəm ki, kiməsə oxşayır. Yox, Musa Ələkbəri heç kimə bənzəmir, son dərəcə özünəməxsus şairdir. Həm də ən başlıcası, Vətənini, torpağını, kəndini sevən şairdir. Onun xalqımızın igid oğlu Mübariz İbrahimova həsr etdiyi poeması bu vətənpərvərlik hissinin poetik təcəssümüdür. Musanın Azərbaycanın təbiətinə, onun çaylarına, meşələrinə, dağlarına həsr elədiyi şeirləri sanki rəssam lövhələridir.

 

Musa Ələkbərli ənənədən dördəlli yapışan, xalq şeirinə, heca şeirinə möhkəm bağlı olan şairlərimizdəndir. Heç kimi təqlid etməyən, poeziyada yalnız öz cığırını tutub gedən Musa yaxşı bilir ki, ondan qabaqda kimlər var və ustadların arxasınca qoşmaq üçün o da öz sözünün, özününkü olan misraların qədr-qiymətini bilməlidir.

 

Şeirlərinin birində yazıb:

 

Sazaqlı bir külək əsir canımda,

Gözümdə hər nə var dərddir, ələmdir.

Belə pis günümdə, çətin anımda

Son ümid işığım kağız-qələmdir.

 

Bu dərdsiz heç nəyəm mən elə bil ki,

Ağrı da, acı da həyat üçündü.

Şeir məndən ötrü sənət deyil ki,

Şeir məndən ötrü ömürdü, gündü.

 

Musanın bu əlli illik şeir yaradıclığına nəzər yetirəndə baxıb görürsən ki, bütün şairlərimizi düşündürən mövzulara o da müraciət edib. Amma fərq orasındadır ki, Musa öz sözünü deyə bilib. Öz kökünə-soyadına, ocağına-suyuna bağlıdır Musa. Özü şəhərdə yaşasa da, sir-sifətindən, yerişindən, danışığından, hətta şeirlərindən doğulduğu kəndin qoxusu gəlir

 

Musanın "Necə yazım, axı bahar şeirini" çox sevirəm. Bu şeirdə bir həsrət var, elə bir həsrət ki, kəndindən, o kəndin baharından, gülündən, çiçəyindən ayrı düşən bir insanın könül harayını duyursan: "Bu yol ayrıcında bitən tək ağac" şeiri, o ağacla insan ömrü arasında bir bənzəyiş görürəm. "Ay işıqlı adam" şeirini oxuyuram, gözəl insanlar, nurlu ürək sahibləri yada düşür. "Yazıçı Şahmarın xatirəsinə"...bu şeirdə isə həyatdan nakam gedən istedadlı qələm dostumuz Şahmar Hüseynovu xatırlayıram. Və nəhayət, neçə-neçə şeirdən sonra bu misralar:

 

Dost, bu Qarabağdı, qara baxt deyil,

Soruş ürəyindən: vaxtdı, vaxt deyil?!

Hər şeyin olsa da, yaşamaq deyil

Dünyaya qeyrətsiz gəlib yaşamaq.

 

Gözümdən, könlümdən yağan dolu var,

Yurdun Təbrizəcən neçə qolu var?!

Torpağı gedənin bircə yolu var:

Yaşayıb ölmək yox, ölüb yaşamaq!

 

"Dünya sevgidən doğulub" Musa Ələkbərlinin bir şeir kitabının adı belədir və kitabın adı da təsadüfi qoyulmayıb. Musanı həm də sevgi şairi kimi tanıyırlar. Yenə xatırlayıram yetmişinci-səksəninci illərin o şeir gecələrini, elə bilirəm Musa yenə kürsüyə qalxacaq və yenə sevgi şeirləri oxuyacaq:

 

Ürəyimdə bir həsrətin göynəyi,

Gecə-gündüz göyüm-göyüm göynəyir.

Biləmmədim heç yer nədir, göy nədir,

Həyat bildim mən bu dərdi, ələmi,

Məhəbbətdən çox yazıram, eləmi?!

 

Bu misralarla M.Ələkbərli elə bil, bir çox oxucuları da düşündürən bir mətləbə toxunmuş olur - bütün yaradıcılığın boyu eyni mövzudan uğurlu şeirlər yazmaq olarmı? Bu sual dahi Məhəmməd Füzuliyə aid olsaydı, Musanın özü də buna belə cavab verərdi ki, bəli, yazmaq olar. Özü də hər yeni şeirdə poetik hünər göstərməklə. Bu mənada Füzuli özündən sonrakı çox-çox şairi onun kimi hünər göstərməyə şövq etdi, amma heç kim o hünər zirvəsinə yüksələ bilmədi və Füzulidən sonrakı bütün şairlər üçün Füzuli sevgisi bir poetik meyar rolunu oynadı. "Tərk eyləməzəm bəlayi-eşqi" - bu misra sanki Azərbaycan poeziyasında sevgidən - bu ali hissdən söz açan şairlərin şeirlərinin epiqrafına çevrildi. O cümlədən, Musa Ələkbərlinin də...

 

Musanın gənclik illərində yazdığı şeirlərinin əsas mövzusu bir kəndli balasının romantik duyğularını əks etdirirdi.

 

Hələ həyatın keşməkeşləri və üzüntüləri ilə rastlaşmamış bir gənc şəhərdə bir qıza vurulur (çoxumuzun başına gələn bir sevda!). Çox zaman bu qız şəhərli olurdu. Bu şəhərli qızı ilə kəndli balasının sevgi macərası əksər hallarda uğursuzluqla nəticələnirdi və əlbəttə... kimisə burada günahkar saymaq doğru olmazdı. Müəyyən məişət fərqləri, sevənlərin gələcək taleyi ilə bağlı maneələr bəzən qarşıda bir sədd kimi ucalırdı və o səddi aşmaq mümkün olmurdu. Ortada nə qalırdı? Təmiz, pak bir sevgi.

 

Özləri sığışmır vaxta-vədəyə,

Təkcə sevgiləri vaxtına düşür.

Nədənsə qızların ən insafsızı,

Elə şairlərin baxtına düşür..

 

Elə bilirəm, Musanın sevgi şeirlərinin bütün məğzini, mahiyyətini həmin bu üç bənd təşkil edir. Təkcə Musanınmı? Mən Musadan yaşlı olan, Musa yaşına gəlib çatan və ondan sonrakı ədəbi nəslin də sevgi şeirlərində elə bu həsrəti, bu yanğını görmüşəm: Şairlər qovuşmur ilk sevgisinə. Amma bu ilk sevgidən gözəl sevgi şeirləri də yaranır, sanki bir konveyer altından çıxan bəsit şeirlər də... Paradoksdur, eləmi? Məsələ burasındadır ki, çox zaman ilk sevgisinə qovuşmayan şairlər o həsrəti, o yanğını poeziya dililə ifadə etməkdə acizlik göstərirlər, yaxud standart, şablon, yüz dəfələrlə işlədilən ifadələrə üz tuturlar.

 

Musa Ələkbərlinin "Ürəyimin qapısından keçənlər" kitabının ilk oxucusu mənəm. Bu kitabdakı şeirlərin hamısı ithaf şeirləridir və mən ömrümdə birinci dəfə belə halla qarşılaşıram. Böyük sənətkarlara, elm adamlarına, maarif xadimlərinə, dostlara, qohumlara həsr edilib bu şeirlər. Mən ithaf şeirlərini, daha doğrusu, o ithaf şeirlərindəki bəzəmələri sevmirəm. Amma Musa bu tipli şeirləri mənə sevdirdi. Çünki bu şeirlər birnəfəsə, müəyyən məqsədlə yazılmayıb. İllərin, ötüb keçən günlərin xoş təəssüratlarının ifadəsidir. Altmış səkkiz yaşlı Musa əlli ildir ki, bu ədəbiyyatdadır və sənəti ilə Azərbaycan mentalitetinə şöhrət gətirən şairlərlə, ədiblərlə dostluq edib və o sənətkarlar da Musa Ələkbərlinin poeziyasını yüksək qiymətləndiriblər. Ona görə də Musanın ithaf şeirlərini mən onun mənəvi borcu, böyüklərə ehtiramı kimi dərk edirəm. İthaf şeirlərində haqqında söz açdığın insanların mənəvi keyfiyyətlərinə, xalqla bağlılığına, Vətən sevgisinə, həm də bir şəxsiyyət kimi bənzərsizliyinə öz ürək sözlərini ifadə edirsən. Həmin şəxsiyyətlər haqqında elə söz açmalısan ki, o, sənin şeirində bədii bir portret kimi canlanmalıdır.

 

Musanın yad etdiyi, xatirəsini əziz tutduğu şəxsiyyətlər onun ədəbi yaddaşında iz tutan böyük sənətkarlardır.

Molla Vəli Vidadi, Məhəmməd Hadi, Səməd Vurğun, Nazim Hikmət, Mikayıl Müşfiq, Əli Vəliyev, Rəsul Rza, İlyas Əfəndiyev, Əliağa Kürçaylı, Zəlimxan Yaqub, İbrahim Göyçaylı, Şahmar Əkbərzadə, Eldar Baxış... Bu sənətkarların hər biri Musanın ədəbiyyat dünyasının əbədi sakinləridir. Və onların hər biri haqqında Musa orijinal söz deyir. Çalışır ki, dediyi söz həmin sənətkarın ömür yolunu, onun sənətinin böyüklüyünü ifadə etsin.

 

Dərdinin, qəminin günahı-sevgi,

Yoxsulluq, qəriblik, ilahi sevgi...

Tarixə nəqş etdi bu ahı sevgi,

Köçdün yaddaşlara xəstə Vidadi.

 

Molla Vəli Vidadinin şair portreti bundan sonrakı misralarda daha da dolğunlaşır və sonda o böyük şairə məhəbbətin poetik ifadəsi səslənir: "Musa da qəlbini qızılgül kimi Gətirib məzarın üstə, Vidadi!". Musa Səməd Vurğun sənətinin böyüklüyünü "Çoxdu yurdun vurğunları" şeirində poeziya həqiqətinə çevirib:

 

Hər yazılan şeir olmur,

Hər tikilən məbəd deyil.

Şairlik haqq vergisidir,

Peşə deyil, sənət deyil.

Çoxdu yurdun vurğunları-

Heç birisi Səməd deyil!!!

 

"Şeirimizin tut ağacı" şeiri isə Xalq şairi Rəsul Rzaya həsr olunub və çox maraqlıdır ki, ömründə nadir hallarda sərbəst şeir yazan Musa Ələkbərli bu şeiri elə Rəsul Rza stilində yazıb.

 

Xalq şairi, Azərbaycan şeirinin Prometeyi Bəxtiyar Vahabzadəyə bir neçə şeir həsr edilib və hər şeirdə Musa bu böyük şəxsiyyətin milli və bəşəri obrazını yaradıb.

 

Dindirsən min yerdən dərdi açılar,

Gözündən od yağar, alov saçılar.

Vallah, o çəkdiyin ağrı-acılar

Min şair ömrünə dəyər, Bəxtiyar!

 

Musa Ələkbərli bütün varlığı ilə ədəbi aləmə bağlıdır, burada baş verən bütün olayları izləyir, öz qələm dostlarının (özündən yaşlıların və özündən cavanların) sevincinə şərik olur, qəminə, kədərinə üzülür. Xalq şairi, Azərbaycanın müstəqilliyi uğrunda mübarizələrin fəal iştirakçısı, şeirlərində od, alov püskürən Xəlil Rza Ulutürkün həbs edilməsi onu da yaman sarsıtmışdı. "Bülbül kimi qəfəsdəsən, Dar ayaqda susma, barı! Mübarizə yenə qalır, Sən də sussan Vətən yaman günə qalır"- bu, o illər idi ki, bütün Azərbaycan ziyalıları Xəlil Rzanın Azərbaycana gəlişini gözləyirdilər.

 

Musa Ələkbərlinin "ürəyinin qapısından keçənlər" təkcə ədəbiyyat, söz xiridarları deyil. Həm də rəssamlar, incəsənətin digər sahəsində çalışan tanınmış sənət adamları, elm xadimləri, müəllimlər və Musanın şəxsən tanıdığı adi insanlardır. Zeynəb Xanlarova, Qoşqar Əhmədli, Qulu Xəlilov, Fərhad Zeynalov, Oqtay Rza, Nəzakət Məmmədova, Salatın Əsgərli, Rafiq Ələkbərli, Aydın Əbilov, Fərqanə Mehdiyeva, Zirəddin Qafarlı, Vasif Süleyman, Barat Vüsal və daha kimlər...daha kimlər.

 

Təfərrüata, geniş təfsilata ehtiyac duymuram. Amma yazımın sonunda Musa Ələkbərlinin öz atasına və anasına həsr elədiyi şeirlərdən də bu yazıya köçürürəm.

 

Atası haqqında: "Təzə pərvazlanan körpə bir quşam,

 

Sənin arzun idim gəldim həyata.

Nə yaxşı mən sənin oğlun olmuşam,

Nə yaxşı sən mənim atamsan, ata!

 

Anası haqqında:

 

Arxamda dağım mənim,

Saçları ağım mənim.

Gözlərində göllənən,

Bayatım, ağım mənim!

 

Qoy tanrıya çatmasın

Varsa günahım mənim.

Bu allahsız dünyada

Anam - Allahım mənim!

 

Mən Musa Ələkbərliyə yeni yara dıcılıq uğurları arzulayıram. Qoy, şair dostlarım da Musa kimi öz ürəyinin qapısından keçən gözəl insanları unutmasınlar!

 

 

Vaqif YUSİFLİ

Filologiya elmləri doktoru

 

525-ci qəzet.- 2017.- 6 sentyabr.- S.7.