Seyyid Nigarinin varlıq və
rasional fəlsəfəsinə dair
Bu
yazıda klassik İslam düşüncəsinin və Azərbaycan
ədəbiyyatının sufi şairi
Seyyid Nigarinin varlıq və rasionallığa dair
düşüncələrini təsvir və təhlil etməyə
cəhd edəcəm. Əlbəttə ki,
klassik ənənəmizdə şeir üslübunda öz fəlsəfi
düşüncələrini izhar edən şair-mütəfəkkirlərimiz
bu silsiləni yaratmışlar. Seyyid Nigari də bu ənənənin
davamçısı olaraq özünə məxsus
orjinallığa malikdir…
İslam
sivilizasiyasında Yunus Əmrə, İbn Ərəbi, Niyazi
Mısri, Həllac Mənsur, İmadəddin Nəsimi, Şah
İsmayıl Xətayi, Məhəmməd Füzuli, Seyyid
Nigari və s. sufi şairlərin əsərlərində “vəhdəti-vücud”(varlığın
birliyi) istiqamətində müxtəlif mövzular yer
alır. Bu mənada vəhdəti- vücudla
bağlı çeşidli nümunələr verilmişdir.
Bunlardan ən çox saylarda bir, hərflərdə
isə ərəb əlifbasının ilk hərfi olan əlifdir.
Bu baxımdan saylarda bir, hərflərdə əlif
kimi “Mütləq Varlıq” da varlıq aləminin kateqorial
ilkini təşkil edir. Bütün
varlıq aləmi Tanrının təcəlli və
görünümündən ibarətdir. Sufilər
bu məqamı ayna metaforu ilə açıqlayır.
Seyyid Nigari İslam düşüncəsindəki ənənəvi
varlıq və onun aləmdəki təzahürü
haqqındakı görüşlərinirasional aspektdən
şeir dili ilə yüksək səviyyədə ifadə
edir. Məhz
aşağıda qeyd edəcəyimiz bu şeir Mir Nigarinin
özündən əvvəl varlıq mərtəbələri
və mahiyyəti haqqında yazılan ciddi fəlsəfi və
təsəvvüfi əsərlərdən xəbərdar
olduğunu göstərir:
"Mənzur degil vücudi-aləm, varlıq sanadır
həmin müsəlləm".
Mövladə
olan vücudi-əsli, Aləmdə olan vücudi-zelli
Seyyid
Nigari burada varlığın Tanrıya təslim olduğunu, əsli
varlığın Tanrıda olduğunu,
gördüyümüz aləmin isə kölgə (zelli)
olduğunu şeir diliylə qeyd edir.Haqq mütləq və
vacib varlıqdır. Vacibdən başqa nə
varsa mümkün varlıq və aləm adlanır. Bu da
öz növbəsində Seyyid Nigarinin də işarə
etdiyi kimi “vücudi zelli”(kölgə
varlıq)dır. Xarici aləmdəki
varlıqlar Tanrının adlar və atributlar vasitəsilə
təcəllisi sayılır. Panteizmdən
fərqli oaraq burada “Xaliq” və “Məxluq” ontolojik olaraq bir
birindən ayrı olur. Burada yalnız “əhval”(hallar), yəni sufinin nəfsi ilə
mübarizəsi sayəsində psixolojik durumu metafizik səviyyəyə
çatır və bu geniş ümmandan bir parça əldə
edə bilir.
Birlik-çoxluq(vəhdət-kəsrət)
fərqini izah etmək üçün sufilər analogiya
metodundan istifadə edirlər. Vəhdət,
bütövlük aləmi, dəryaya işarə edir. Tək-tək damlalar və dalğalar isə
çoxluğa işarə edir. Dalğa və
damla yalnız dərya vasitəsilə bütövlük məzmun
və mahiyyətlərinə çatırlar. Nəticədə damla və dalğa dəryanın
təcəllisi və nişanələridir.
Bu məqamda
qeyd etməliyəm ki, XVI əsrdə yaşayan məşhur
sufi-mütəfəkkirmiz Nemətullah Naxçıvani iki
cildlik "əl-Fəvatihul`İlahiyyə
və`l Məfatihu`l-Ğaybiyyə" (İlahi İlhamlar və
Metafizik Açarlar) əsərində bu mövzuya toxunaraq
"insanların dənizdəki dalğalar kimi axırda Allaha
qayıtdığını, bütün
varlıqların kölgə
mahiyyətində olduğunu və bu mənada Tanrının,
kölgənin sahibinə, dalğaların suya və
aynalardakı surətlərin
surət sahibinə olan bərabərliyi mahiyyətində
və səviyyəsində” anlaşılmasının
vacibliyini vurğulayır.
Nemətullah
Naxçıvaninin ifadə etdiyi nəzəri təsəvvüf
fələsəfəsini Seyyid Nigari öz şeiriyyət
dünyasında yüksək səviyyədə ifadə edir.
Məhz Naxçıvaninin qeyd etdiyi Tanrı və digər məxluqlar
mövzusunu sufu şairimiz Nigari vəhdəti-vücud aspektindən
belə təsvir edir:
Ah edərəm
sübhü məsa, ey sənəm,
Ta deyəsən
“Kimdi”?, deyəm “ol mənəm”
Söyləmənəm,
qeyr ilə bir dönmənəm,
Aşiqini
tanı, mənəm,bil, mənəm.
Aləmi-vəhdətdə mən ancaq sənəm.
Xristianlıqda Allahın İsa peyğəmbərdə
təcəssüm etməsi iddiası vardır. Bu qərbdə
“inkarnasiya” şərqdə isə “hülul” adlanır. Həllac Mənsuurun “ənə`l haqq” deməsi, “mən
Allaham” mənasını daşımır. Nəsirəddin
Tusi bunu belə izah edir: ” mənim
varlığım Tanrı lütfu və sevgisi ilə o qədər
dolub ki, özümü yox sayıram. Məndə nə varsa
Haqdandır” Məhz
Seyyid Nigari də aşağıda qeyd edəcəyimiz bu beytdə vəhdət anlayışına
işarə edərək mövzunu
belə ifadə edir:
Dilimdə
atəşi-firqət, yanar canım, çəkər həsrət,
Məqamım guşeyi-vəhdət, sözümdür
dəmbədəm Hu, Hu.
XVIII əsr
məşhur Osmanlı mütəfəkkiri Əbu Səid
Xadimiyə görə də mümkün varlıqların
metafizik (elmi ilahi) baxımdan heç bir həqiqətləri
yoxdur. Maddiyyat və mücərrəd olan hər
şey, “mümkünlər” kateqoriyasına daxil olur. Bunlar “Mütləq Varlığın” işləridir
(şuun). Məhz Allahı daha dərindən dərk
etdiyimizdə və sufi metod olan “kəşf”lə
ona vardığımızda bütün bu varlıq mərtəblərinin
(məratibu`l vücud) xəyal olduqları ortaya
çıxır. Xadimi fenomenlər aləminin
(mövcudatın) “Mütləq Varlıq”dan
ölçülü və müəyyən mərhələlərlə
varlıq mərtəbələrinə uyğun olaraq ortaya
çıxdığını və
yayıldığını (inbisat) ifadə edir. Nəticədə
arif (mistik), qərq olma (istiğraq) mənasında təcəlli
(teophany) və kəşf sayəsində sonsuzluğa
doğru yolu qət edərsə sonda orada yox (fəna) olur. Yəni,
onun nəzərində varlıqda “Mütləq Varlıq”dan
başqası yoxdur. Bu səbəblə nəfs, mücərrəd
vasitələrlə nəfsə aid olan istək və arzu əngəllərindən
özünü xilas etmiş olur.
Seyyid Nigari yuxarıda qeyd etdiyimiz rasional təfəkkür
tərzini şeir dili ilə bizlərə varlığın
birliyi kontekstində belə çatdırmaqdadır:
Müştaq
bilür yarı, bilməz nədir əğyarı
Əfkarı həmin birdir, müstəğrəqi-vəhdətdir.
Məhv
eylər ol dəm, tövhidə girən həmdəm,
Bu lütfi-ilahidir, arifliğə ayətdir.
Təsəvvüf fəlsəfəsidndə ətrafımızda
gördüyümüz əşyanın Allahın ad və
sifətlərinin bir kölgəsi olduğunu, bu kölgənin
də gerçək olmayıb xəyali olduğunu beləliklə
əsl var olanın yalnız Allah olduğu iddia edilir. “Vəhdəti-vücudçulara”
görə yaradılış deyə bir şey yoxdur,
varlığın birliyi mövcuddur. Var
olan isə daima varlığın aşkar olunmasıdır.
“İnsani-kamil” məfhumu da burada əhəmiyyət
kəsb edir. Belə ki, Tanrıya gedən
yollar müxtəlif olmasına baxmayaraq kamil insan bu yolları
qət edərək Tanrıya qovuşur. Bu
mənada insan kainatın özüdür, varlıqların ən
üstünü və mükəmməlidir.
Rasional
olma, rasional davranma, rasional düşüncə və s.
rasionallıqla bağlı məfhumlar fəlsəfə
tarixində qədim dövrdən etibarən
günümüzədək öz funksionallıqlarını
fəlsəfəsində “animal rationale” (düşünən
və danışan varlıq) adlandırılması da buna
işarə edir. Varlıqlar arasında
yalnız yüksək səviyyədə məntiq və
danışma qabiliyyətinə insanın malik olması onun səciyyəvi
mahiyyətindən irəli gəlir. Belə ki, dini ədəbiyyatda
da onun yaradılanların ən şərəflisi(əşrəfi-məxluqat)
adlandırılması da bu dünya görüşünə
istinad edir.
Seyyid Nigarinin intellektual bioqrafiyasına, təhsilinə,
tədris üsuluna və nəhayət
yaradıcılığına nəzər
saldığımızda onun rasional səviyyəni inkar etmədiyini,
əksinə bu sahəni çox gözəl bildiyini və
şeirlərində bunu qeyd etdiyini görmək
mümkündür. Onu sufu şair olaraq rasionallağı aşaraq təsəvvüfi
metafizik, yəni Tanrıda fəna(yox)
olması isə birbaşa irfani yaradıcılığı
ilə bağlıdır. Bu mənada Seyyid Nigari rasional
düşüncə tərzi ilə ilahi məqamdan bilik
almağı şeir dili ilə belə izah edir:
Almasan
Piri-Muğandan bir nəfəs, min bir qiyas,
Şübhədən qurtarmaz, ey tərtibi-bürhan eyləyən.
Seyid Nigari bu beytdə rasional düşüncə ilə təsəvvüfi idrakın fərqini izah edir. Ona görə “Mütləq Varlıq”(Piri-Muğan) tam olaraq bu idrak növü ilə bilinə bilər. Məhz Seyyid Nigari məntiqi qiyas, (sillogizmin) arqument və dəlillərlə “Mütləq Varlığı” anlamağa təşəbbüs etmənin yersiz olduğunu qeyd edir.
Seyyid Nigari rasional bir metod olan qiyasın (sillogizmin) metafizik, yəni ilahi- eşq yaxud vəhdət aləmində heç bir qədir-qiymətinin olmadığını qeyd edir. Bu sahədə ağıl, səbəb nəticə və dəlillərə istinad edilərək özünü göstərir. Ancaq ilahi məqamdan axıb gələn ilham və feyz müqayisə və sillogizmlə açıqlana bilməz. Nigari bu ənənəyə sadiq qalaraq şeir diliylə bunu belə bəyan edir:
Qılmagil inkar, ey əsrari-Həqdən bixəbər,
Çünki sərməstani-həqqin karinə irməz qiyas.
Burada tarixi və fəlsəfi fakt olaraq qeyd etmək yerinə düşər ki, həm Şərqdə, həm də Qərbdə rasional təfəkkür sisteminin böyük filosoflarından olan İbn Rüşdün (Averroes) İbn Ərəbi ilə görüşməsi bu düşüncə sistemlərinin qarşılıqlı mahiyyətini açıqlamaq baxımından diqqətəlayiqdir. Məhz bu görüş nəticəsində rasional təfəkkür ilə kəşfə əsaslanan düşünmə və anlama tərzi bir-biri ilə görüşmüşdür. İbn Rüşdün epistemoloji metodu tam rasional nəzəriyyəyə əsaslandığı halda İbn Ərəbinin fəlsəfəsi bu rasional düşüncəni qəbul etməklə bərabər, bunun fövqündə yerləşən bəzi anlayış və məfhumlara kəşf yolu ilə varıldığını iddia edir. Məhz İbn Rüşd kəşf və“feyzi-ilahidə” mövcud olan elmin məntiq və nəzəri təfəkkürlə əldə edilən elmlə eyni olub olmadığını soruşduqda, İbn Ərəbi “Bəli” və “Xeyir” cavablarını verir. Ona görə:“Bəli ilə xeyir arasında ruhlar maddələrindən, başlar isə bədənlərindən ayrılar”. İbn Ərəbi bu fikirləri eşidəndə İbn Rüşdün rənginin saraldığını və nəyə işarə olunduğunu başa düşdüyünü söyləyir.
Bu qısa yazının əsas nəticələrindən biri olaraq onu qeyd etmək istəyirəm ki, klassik düşüncəmizin şeiriyyət və nəsrini fəhm və izhar etmək üçün mütləq şəkildə islam və təsəvvüf fəlsəfəsi və hətta modern fəlsəfənin bilinməsinə“əşəddu” ehtiyac vardır…Əks təqdirdə bu dəyərli ümmana baş vuraraq “boğulmaq” labüddür…
Rəşad İLYASOV
525-ci qəzet.- 2017.- 7 sentyabr.- S.6.