Elçilik

 

 Hekayə

 

 

 

- Professor, bu nədir? Deyəsən, müğənnilərin reklamını indi də dərsliklərə köçürməyə başlamışıq?

 

Nazir müavini Elçin Qoşqarlının kinayəsi professor Telman Vəliyevin kefinə soğan doğrasa da o, özünü sakit aparmağa çalışdı:

 

- Burada pis nə var ki, Elçin müəllim? Günay Şirinsəs Azərbaycanın ən məşhur müğənnilərindəndir. Doğrudur, mən Sorbon universitetində oxuyanda o hələ uşaqdı, ancaq indi, maşallah, sənətiylə aləmə səs salıb. Müasir Azərbaycan mədəniyyətini dünyaya belə müğənnilər tanıdır.

 

Elçin Qoşqarlı özündən on yaş böyük professorla nə qədər nəzakətlə danışmağa çalışsa da, bədənini gözəlləşdirməkçün plastik əməliyyatlarda düşüb qalan, çoxsaylı kişilərlə hansı ekzotik məkanlarda təmasda bulunmasından mətbuata utanıb-çəkinmədən ağızdolusu danışan, ən abırsız duruşlardakı lüt anadangəlmə fotolarını rəngli nəşrlərdə kütləviləşdirib yayan bir pozğun müğənnini pofessorun inadla müdafiə etməsinə dözmədi:

 

- Vallah, “dünya” deyəndə haranı nəzərdə tutduğunuzu bilmirəm, ancaq şəxsən mən onun hansısa xarici ölkədəki konsertini xatırlamıram. Azərbaycan mədəniyyətinin təbliği belə “müğənni”lərin umuduna qalıbsa, vay bizim halımıza!

 

Nazir müavininin haqlı iradından nəticə çıxarmayan professor yenə cığallığından əl çəkmədi:

 

- Günay Şirinsəs sərbəst davranışlı sənətçidir. Avropada belələrini yüksək qiymətləndirirlər. Mən Sorbon universitetində oxuyanda görürdüm ki, qocaman müəllimlərim də, gənc tələbə yoldaşlarım da o cür müğənnilərə üstünlük verirlər.

 

Hirsini güclə boğan Qoşqarlı onu fikrindən daşındırmağa çalışdı:

 

- Ancaq Azərbaycanda elə deyil. Mən də Bakı Dövlət Universitetində oxuyanda görürdüm ki, həm yaşlı professorlarımız, həm də gənclərimiz Yavər və Münəvvər Kələntərli bacılarını, Şövkət Ələkbərovanı, Sara Qədimovanı, Həqiqət Rzayevanı, Tükəzban İsmayılovanı, yüzlərcə başqa xanım-xatın müğənnimizi ürəkdən sevir, onlara dərin hörmət bəsləyir, çünki bu sənətkarlar hər bir baxımdan mədəniyyət azmanlarıdır. Onlar Azərbaycan incəsənətini dünyanın hər guşəsində ləyaqətlə təmsil ediblər, ölkəmizə həmişə başucalığı gətiriblər. Xalqımız onlara və onların yetirmələrinə indi də sonsuz ehtiram bəsləyir.

 

Telman Vəliyev öz mövqeyindən asanlıqla çəkilənlərdən deyildi:

 

- Biz Avropa dilləri üzrə dərsliklər hazırlayırıq. Deməli, onlarda daha çox Avropanın zövqünü nəzərə almalıyıq. Avropanın zövqünü bilməkçünsə hökmən orada yaşamaq, oxumaq gərəkdir…

 

Nadancasına “dediyim dedikdir, çaldığım düdükdür” deyib duran professorun son həqarəti Elçin Qoşqarlını artıq özündən çıxardı:

 

- Düzdür, mənə sizin kimi Avropada yüksək təhsil almaq xoşbəxtliyi nəsib olmayıb, ancaq mən təsəvvürünüzdəki Avropa zövqünün meyarlarını sizdən heç də pis bilmirəm. O meyarlarınsa bizim təhsil sistemimizə fayda verəcəyinə ciddi şübhəm var. Bütün dərsliklərimiz yad ölkələrin və millətlərin deyil, yalnız və yalnız Azərbaycan dövlətinin, öz millətimizin mənafeyini, zövqünü əks etdirməlidir. Dərslik hansı dilə aid olur-olsun, oradakı materiallar ən çox Azərbaycandan danışmalı, Azərbaycanın tarix, mədəniyyət və mənəviyyatını əks etdirməlidir. Bu tələbi sizinlə müzakirə etmək fikrim yoxdur, çünki onlarca alim və müəllimin müzakirəsindən sonra qəbul edilmiş rəsmi proqramda yetərincə əsaslandırılıb. Sizin hazırladığınız dərsliksə, məni bağışlayın, sanki ömründə “Azərbaycan” adı eşitməmiş bir avropalının qələmindən çıxıb, Avropaya turist gəzintisinə gedənlərə bələdçilik üçün hazırlanıb.

 

Professor nəsə demək istədi, Elçin Qoşqarlı “sözümü kəsməyin” anlamında əlini qaldırıb davam etdi:

 

- Yoxsa doğru demirəm? Bu əlyazmada yalnız sizin oxuduğunuz ölkədən söz açılıb, yalnız oranın yazıçılarının əsərlərindən parçalar verilib. 200 səhifəlik əsərdə Azərbaycanla bağlı yeganə şey müğənni Günay Şirinsəs haqqında yarım səhifəlik materialdır. Yəni doğrudanmı düşünürsünüz ki, biz yüz minlərcə orta məktəb şagirdimizə Günay Şirinsəsi örnək göstərəcək, onları bu yüngül əxlaqlı müğəniyyə oxşamaq ruhunda tərbiyə edəcəyik?!

 

Hörmətli professor, siz rəsmi proqramı saymazcasına qırağa tullayıb öz zövqünüzə uyğun bir dərslik yaratmısınız. Bundan sonra bizim ikicə yolumuz qalır - ya siz öz zövqünüzdən imtina edərək bu əsəri bütünlüklə dəyişdirməli və proqrama uyğunlaşdırmalısınız, ya da biz onu götürməyəcəyik. Fikirləşməkçün sizə sabahadək vaxt verirəm.

 

- Elçin müəllim, axı...

 

Professor Vəliyevin sözü ağzında qaldı. Elçin Qoşqarlının sərt hərəkətlə ayağa qalxıb qarşıdakı pəncərənin arxasında dayanması “bu haqda daha heç nə eşitmək istəmirəm” mənasına gəldiyinə görə əlyazmanı dinməz-söyləməz diplomatına qoydu və qapıya doğru addımladı. Çıxmazdan öncə ürəyini boşaltdı:

 

- Mən çox təəssüflənirəm ki, yüksək vəzifəli dövlət adamlarımız arasında sizin kimi primitiv dünyagörüşlü, feodal təfəkkürlü məmurlar hələ də qalmaqdadır. Cavabınızı indidən deyirəm - mən öz beynəlxalq standartlı dərsliyimi sizin səviyyənizə endirməyəcəyəm!

 

lll

 

Professor Telman Vəliyev çox savadlı adamdı. Parisdə Sorbon Universitetini bitirmişdi və bunu tez-tez başqalarına xatırlatmağı çox xoşlayırdı. Yalnız dərs dediyi ali məktəbdə yox, bütün respublikada öz ixtisasının ən yaxşı bilicilərindən sayılırdı. Bu üzdən də nazirlik orta məktəbin bir sinfi üçün xarici dil dərsliyi hazırlamağı ona tapşırmışdı.

 

Bəli, professor çox savadlıydı. Avropa dillərinin çoxunu əla bilir, Avropayla bağlı istənilən suala anındaca cavab verirdi. Özü də, təkcə savadıyla qurtarmırdı - o, həm də hədsiz səliqəli və mədəni bir insandı. Geyiminə, üst-başına, danışığına, hərəkətlərinə pedantcasına diqqət yetirərdi. Müəllim yoldaşları da, tələbələri də ona ağır bir adam kimi hörmətlə yanaşardı.

 

O, həm də olduqca yaraşıqlı bir kişiydi. 51 yaşı olsa da, uca boyuna, şax yerişinə, ortadan ayırdığı gur qara saçlarına, qırmızı yanaqlarına baxan ona heç 35 yaş da verməzdi. Tələbə qızların əksəriyyəti onun dərslərinə ayrıca həvəslə gedirdi...

 

Ancaq professor Vəliyevin bağışlanılmaz bir ayıbı vardı - milli duyğulardan, milli təəssübkeşlikdən tam uzaq, nihilist, kosmopolit bir insandı. Öz millətinin dilinə, adət-ənələrinə, tarixinə, mədəniyyətinə yuxarıdan aşağı baxar, özünü ali təhsil aldığı ölkənin vətəndaşı kimi aparar və bununla fəxr edər, orada mənimsədiyi mənəvi-əxlaqi dəyərləri hər şeydən üstün tutardı. Onun gözündə dünyanın ən mədəni millətləri avropalılar, ən mədəni ölkələrisə Avropanınkılardı.

 

Professorun Avropa mərəzinə tutulmasında, görünür, arvadı Jozefinanın da mühüm rolu olmuşdu. Hələ Parisdə oxuyarkən oturub-durduğu onlarca qızdan biri olan maneken Jozefinanın da üzü çox üzlər görmüşdü. Ancaq o, təsadüfi bir tanışlıqdan sonra Telmana dəlicəsinə vurulmuş, bütün sevgililərindən əl çəkmiş, onu əlində möhkəm saxlamışdı. Telman Parisdə elə onun hesabına tələbə kimi yox, ağa kimi yaşamışdı. Bakıya qayıtdıqdan az sonra Jozefinanı da çağıran Telman ata-anasının ciddi etirazına baxmayaraq, onunla ailə qurmuşdu. Azərbaycana yalnız sevgilisinə qovuşmaqçün gələn və bu üzdən hətta Parisdəki gəlirli işindən, oranın cah-cəlallı yaşayışından belə keçən Jozefina bir azdan hər şeyi yoluna qoydu - çox keçmədən özü də, Telman da tez-tez Parisdə görünməyə başladılar. Bir neçə ilin içində professor olan Telmanı elmi məruzələr, mühazirələr oxumaqçün vaxtaşırı Parisə çağırırdılar. Jozefina artıq professorun idealına çevrilmişdi. O, hər işdə arvadını yamsılayır, yalnız onun zövqünü oxşamağa çalışırdı.

 

Jozefinadan professorun yalnız bir övladı olmuşdu - qızı Kozetta. Gözəllikdə atasına çəkən hündürboy, qaraqaş, qaragöz, uzun hörüklü bu qız çox oğlanların ürəyinə od salsa da, indiyədək heç kəsə könül verməmişdi. O, barlarda, diskotekalarda oğlanlarla oturub-durmağı xoşlayır, ancaq ailə qurmağa tələsmirdi. Fransız, ingilis, rus dillərini əla bilən, atasının dilinisə kart-kurt anlayan 22 yaşlı Kozetta evdə yalnız fransızca danışırdı. O, yenicə universiteti bitirib xarici firmalardan birində işə düzəlmişdi. Firmanın 27 yaşlı vitse-prezidenti elə ilk gündən onun xoşuna gəlməyə çalışırdı.

 

Qızını həddən çox istəyən professor onun, özü kimi ziyalı bir ailədə gəlin olacağı günü səbirsizliklə gözləyir, nəvələrini atıb-tutmağı tezləşdirməyi Tanrıdan diləyirdi.

 

lll

 

- Ay kişi, korsan, maşının altına niyə girirsən? Balalarımı yetim qoymaq istəyirsən? Ölmək fikrin varsa, get, özünü tulla dənizə, daha məni niyə bədbəxt edirsən?

 

Tükürpədici əyləc qıcırtısı və sürücünün qəzəbli qışqırığı professoru sanki yuxudan oyatdı. Az qala qoluna söykənmiş, kəskin tormozdan təkərləri hələ də tüstülənməkdə olan nəhəng yük maşınının, başının üstünü kəsdirdiyini görən kimi sarılığını uddu, bu boyda əjdahanın altından necə sağ çıxdığına təəccübləndi. Üzünə meyit rəngi çökdü. Dizləri əsməyə başladı. Çox çətinliklə özünü səkiyə yetirib yaxınlıqdakı mağazanın divarına söykəndi. Tam keyləşmişdi, nə baş verdiyini hələ də anlaya bilmirdi. Küçədən keçənlər başına toplaşdılar.

 

Özü də hədsiz təlaş keçirmiş sürücünün qəzəbi onun sarsıntılı halını görən kimi soyudu. Maşından düşüb adamları aralaya-aralaya qabağa keçdi, əlindəki su şüşəsini ona uzatdı. Sərin sudan iki-üç qurtum içən professor bir az toxdadı. Başını aşağı dikib günahkarcasına yavaş-yavaş dilləndi:

 

- Allah balalarını saxlasın, qardaş! İkimizin də anası namaz üstündəymiş. Bağışla, durduğun yerdə səni də xataya salacaqdım. Fikirliydim...

 

Sürücü Allah adamıymış. “Eybi yox, adam başına iş gələr” deyə onu ovutmağa çalışdı. Bir taksi saxlayıb evlərinə göndərmək istədi, ancaq professor qoymadı. Sürücünün qayğıkeşliyi onu yaman kövrəltdi. Cibindən vizit kartını çıxarıb ona uzatdı və gülümsəyərək dedi:

 

- Vaxtın olanda məni taparsan, bir dərdləşərik.

 

...Nazir müavininin kəskin sözləri onun mənliyini qılınc tək doğrayıb-tökmüş, əsəblərini yerindən oynatmışdı. Özündə-sözündə deyildi. Küçəylə addımlasa da, heç kəsi, heç nəyi görmür, heç nəyi eşitmirdi. Nazirlikdən burayacan yeddi küçə keçib gəlsə də, heç nə xatırlamırdı. Düzünə qalsa, bu yerişlə maşın onu elə ilk küçədəcə vurmalıydı.

 

...Artıq sürücü də maşını sürüb getmiş, adamlar da dağılmışdı. Yavaş-yavaş qonşuluqdakı çayxanaya getdi. Çay içib dincəlmək istədi. Elə birinci stəkanı qurtarıb nəlbəkiyə qoyanda cib telefonu zəng çaldı. Jozefinaydı. Bildirdi ki, Kozettaya elçilər gəlib, özünü təcili evə çatdır.

 

Xoş xəbərdən necə sevindisə yarımca saat qabaq keçirdiyi dəhşətli sarsıntını büsbütün unutdu. Qanadı olsaydı uçardı. Kozettanın toyunda oynayacağını, tezliklə baba olacağını gözünün qabağına gətirib şadlığından gülməyə başladı. Çayçını çağırdı, pulunu onqat ödəyib elə gülə-gülə də bayıra qaçdı. Ondan heç çıxmayan iş - fıştırıqla taksi saxlatdı.

 

Qapıdan girən kimi indiyədək tanış olmadığı kəskin fransız ətri burnunu qıcıqlandırdı. Bahalı ətirdən bildi ki, gələnlər qadınlardır, özü də “elə-belə” adamlar deyil.

 

Jozefina bildirdi ki, elçilər Kozettanın işlədiyi firmanın vitse-prezidentinin anası və xalasıdır.

 

Başına gələnləri arvadına danışmağı sonraya saxlayan professor qonaq otağına keçdi. İçəri girən kimi donub qaldı - stolun başında onun pərəstiş etdiyi müğənni Günay Şirinsəs başqa bir “bahalı” qadınla yanaşı əyləşmişdi. Onu görən kimi müğənni ayağa qalxıb sanki yüz ilin tanışıymış kimi ərklə dilləndi:

 

- Ay qohum, harada qalmısan? Əşi gəl çıx da, gözümüzün sapını saraltdın ki!

 

İrəli yeriyib əllərini pofessorun boynuna doladı, bərk-bərk qucaqlayıb qalın dodaqlarıyla hər iki yanağından marçamarç öpdü, sonra da ətirli yaylığını çıxarıb gülə-gülə onun üzündəki dodaq boyasının yerlərini sildi.

 

Müğənninin par-par parıldayan donunun açıq yaxası o qədər aşağı sallanmışdı ki, hətta Avropa zövqlü Vəliyev kimi bir adam onun sinəsinə baxmaqdan çəkinərək baxışlarını qırağa sürüşdürdü. Gördüyündən gözü qorxan professor oğlanın anasına çox yaxınlaşmaqdan ehtiyatlandı, uzaqdan əlini uzadaraq görüşdü və tez də aralanıb küncdəki kresloda əyləşdi.

 

Müğənni Günay Şirinsəsin alışıb-yanan ehtiraslı gözlərindən oxunurdu ki, professora vurulub və ondan aldığı öpüşlərdən doyana oxşamır...

 

- Hə, Telman müəllim, Cema xanım bizim Alikin anasıdır, mən də xalası. Gəlmişik ki, Allahın buyruğu, peyğəmbərin şəriətiylə qızınız Kozetta xanımı bəyimizə istəyək. Bilirik ki, siz çox müasir adamsınız və ailəniz də mədəni Avropanın bir parçasıdır, ona görə də sizinlə qohum olmağı özümüzə fəxr bilirik. Bu xəbərsiz gəliş hələ hesabdan deyil. İnşallah, “həri”ni alandan sonra qohum-qardaş yığışıb ən bahalı restoranda elə bir nişan keçirəcəyik ki, o cür təmtərağı gərək Bakıda ruzigarın gözü indiyədək görməmiş olsun! Məclisi də şəxsən özüm aparacağam!

 

Sözünü qurtaran Günay Şirinsəs professora bic-bic göz vurdu və işvəkarcasına qımışdı.

 

Əxlaq məsələlərində özünü həmişə “Avropa standartlarına uyğun” aparan, Azərbaycanın “feodal” əxlaq normalarına, “patriarxal” adət-ənələrinə gülən, bu üzdən yaxınlarının, dost-tanışlarının qınağıyla qarşılaşan professor Telman Vəliyev kimi “tolerant” bir adam Günay Şirinsəsnin sürəkli ehtiraslı baxışlarından özünü çox rahatsız hiss etdi. İndiyədək “normal şey” saydığı müğənninin çılpaq fotoları kino lenti kimi gözləri qarşısında canlandı. Bir an ona elə gəldi ki, həmin çılpaq şəkillərin hərəsi bir canlı qadına çevrilir, hay-küylə ayağa qalxıb onun üstünə cumur, elə bu kreslodaca yerbəyerdən ona sarılır… Ən pisi də odur ki, onları özündən aralaya bilmir, çünki artıq müğənniylə qohumdur və onun qəlbinə dəymək qohumluğa xələl yetirər. Xəyalına gətirdi ki, Kozetta gecə-gündüz Şirinsəsin evindədir, özünü, ailəsini onun tərbiyəsinə uyğunlaşdırıb. Kozettanın qayınanası da Günayla eyni ananın südünü əmdiyinə görə onunla bir xasiyyətdə, bir zövqdədir...

 

Birdən sanki professorun gözləri qaraldı, otaq onun başına fırlanmağa başladı. Elə bildi ki, oturduğu kreslo altından qaçır. Havasının çatmadığını, boğulduğunu hiss etdi, əl atıb qalstukunu çıxardı, köynəyinin yaxasını açdı. Özündən asılı olmayaraq “rədd olun buradan!!!” deyə necə dəhşətlə bağırdısa Jozefina qaça-qaça yan otaqdan gəldi. O, içəri girəndə əri huşsuz halda kresloda uzanmışdı...

 

lll

 

Vaxtında gələn “təcili yardım” müayinədən sonra professorun ciddi xəstəliyinin olmadığını, ancaq möhkəm əsəb sarsıntısı keçirdiyini bildirmiş, əsəblərini sakitləşdirmək üçün iynələr vurmuş, o da daş kimi yatmışdı.

 

Gözlərini açanda artıq günortaydı. Saata baxıb cəld ayağa qalxdı. Telefonu əlinə götürdü. Jozefina içəri girəndə şəhadət barmağını dodaqlarının üstünə qoydu. Kimləsə danışmağa başladı:

 

- Dünənki sözlərimə görə çox üzr istəyirəm. Siz haqlısınızmış! Mən öz balama rəva görmədiyimi yüz minlərcə övladımıza layiq bilmişəm. Yeni bir fürsət versəydiniz mən dərsliyi başdan-ayağa yenidən işlərdim!..

 

1 fevral 2004

(Qurban bayramı günü).

 

 

Ədalət TAHİRZADƏ

Bakı Avrasiya Universitetinin professoru

 

525-ci qəzet.- 2017.- 1 sentyabr.- 23.