Bir şairin sevgisi misralarda göyərər

 

Əbülfət Mədətoğlunun yeni şeirlər kitabı haqqında

 

 

 

Əbülfət Mədətoğlunun yeni şeirlər kitabı çapdan çıxıb bu kitabın ilk oxucularından biri mən oldum.

 

Əbülfət demək olar ki, hər gün çalışdığıƏdalətqəzetində müxtəlif məzmunlu publisistik yazıları ilə çıxış edir, təzə çıxan şeir kitabları haqqında da yazıları çap olunur. Yazısız dayana bilmir, ürəyini deşən, ona rahatlıq verməyən sözləri, kəlmələri, beynini, ağlını narahat edən düşüncələri yazılara çevirir. Mən o yazıları da oxuyur, bir jurnalistin mənəvi dünyası ilə tanış oluram. Ancaq mən Əbülfəti bir ŞAİR kimi sevirəm. Onun şeirləri duyğularının sözlə ifadə olunan rəsmidir. Bəli, Əbülfət Mədətoğlu duyğu şairidir. İllərdən bəri özüynən, ürəyiynən, Tanrısıynan, sevdiyi insannan indii xəyallarda görüşdüyü Tuğ kəndiynən danışmaqdan yorulmur.

 

Daşa çırpıram özümü

Ağrımır əzilən yerim...

Yaman qorxudub gözümü -

Allahdan üzülən yerim!

 

Bu dərd ancaq dörd divardı

Hər divarın dərdi vardı...

Yadımdadı - biri vardı-

Boy-boya düzülən yerim!

 

Ömür deyil, bu bir heçdi

İçimdən qasırğa keçdi...

Gecdi daha, yamaq, gecdi-

Ürəyim, - süzülən yerim!

 

Bir ömrün DƏRD adlı dörd divar arasında çırpınıb qalması fərdi, subyektiv duyğuların təzahürüdür. Hər kəs, o cümlədən Əbülfət Mədətoğlu dərddən, qüssədən xali deyil. Dərdin çeşidləri var. Əbülfət Mədətoğlunun məncə, ən böyük dərdi Qarabağdır.

 

Əlim daşını öpmür,

Zirvənisə gözlərim...

Mən qədər uzaqdan

Baxa-baxa közərim-

Qarabağım, Qarabağ?!.

 

Ahım nədi? - can odu!

İçim yanmaqdan sönüb...

Qaralan ürəyim -

Artıq kösövə dönüb -

Qarabağım, Qarabağ!

 

Günəş

in buludlanıb,

Ayın isə tutulub...

Yolunu bulud alıb,

Yoxsa ki, unudulub?!

Qarabağım, Qarabağ?!

 

Əbülfət Mədətoğlunun Qarabağa aid bundan əvvəl yazdığı şeirlər var unudulmaz Bəxtiyar Vahabzadə o şeirlərdə poetik yanğını, dərdin böyüklüyünü hiss edib, Əbülfətin şeirlərini Qarabağ dərdinin sözlə ən mükəmməl ifadəsi adlandırıb. Amma Əbülfət Qarabağla, Tuğ kəndi ilə, atalı-analı xatirələri ilə yalnız ən təsirli anları təqdim edir, bu mövzunu heç vaxt plakata, şüara çevirmir. İllər keçəcək, Qarabağ onun bir parçası Tuğ kəndi yenə bizim üzümüzə güləcək, amma Əbülfətin korun-korun tüstülənən dərdini ifadə edən bu şeiri heç vaxt unudulmayacaq, çünki bu şeir Əbülfətin poeziyada vizit kartıdır, deyərdim:

 

Yenə könlüm qan ağladı,

Baxdım dağlara, dağlara...

Dolub qaralmış bulud tək,

Yağdım dağlara, dağlara.

 

Dedi daşıma dərdimi,

Burax başına dərdini!

Alıb başıma dərdimi -

Çaxdım dağlara, dağlara.

 

Havalanmış ruhum şimşək

Bəsdi, mənə sən az şum çək!

Əbülfəti bir bayraq tək

Taxdım dağlara, dağlara.

 

Əbülfət Mədətoğlunun yeni kitabındakı şeirlərin əksəriyyəti sevgidəndir. Görəsən, əsrlər boyu şairlərin dönə-dönə müraciət etdikləri bu mövzuda təzə söz deyə bilirmi? Deyərdim ki, Əbülfəti artıq bir sevgi şairi kimi tanıtmaq olar. Doğrudur, mən onun bu mövzuda bəzən bir-biri ilə üs-üstə düşən, eyni fikrin təkrarına çevrilən şeirlərinin olduğunu da gizlətmirəm, amma Əbülfət sevgi şeirlərində yaşanılan hissləri qələmə alır. Həm bu hissləri çalışır ki, poetik şəkildə ifadə etsin. Hər şeydən əvvəl bu şeirlərdə sevginin mənası, lirik qəhrəmanın tutulduğumərəzhaqda düşünmək olar. İməkləmək, sürünmək, dizin-dizin yerimək - sevgi yolunda bunlar bəlkə indiki çağda arxaik görünür. Amma baxın:

 

iməkləmək, sürünmək

bəlkə xoş görünməz.

sevən əyilər eşqə -

sevgi ölər - sürünməz...

 

Həyat onun fikrincə, sevgi, məhəbbət, eşq üzərində qurulub. Bu da bizim klassiklərdən gələn ənənədir ki, Əbülfət şeirində bu ənənəyə sadiq qalır. Onun dan üzünə həsr etdiyi bir şeirə diqqət yetirək:

 

Uşaq kimi gülümsəyir -

Hamıdan öncə dan üzü.

Çiçəklərin ən gözəli -

Açılan qönçə dan üzü.

 

Gecənin sapın qoparır,

Yuxusun alıb aparır!

Dünəndən sanki top alıb,

Çəkilib küncə dan üzü.

 

İnsan gəlir görə-görə,

Min cürə dəyişir hərə.

Sevgisin anamız yerə, 

Qoymur ki, dincə dan üzü!

 

Əbülfətin sevgi şeirlərində bir tükənməzlik, yorulmazlıq həmişə təşnəlik var, yəni həyatın bir insan üçün ancaq sevgidən ibarət olduğunu fikirləşmək var. Təbii ki, bu lirik qəhrəmanda Məcnunsifətlik izləri tapmaq olar. Məcnun da dözürdü bu dözüm ona əzab vermirdi, çünkibəlayi-eşqinintəhası yoxdu. Hər gün sevəcəyəm, Məcnundan betər” - bunu Əbülfətin lirik qəhrəmanı söyləyir.

 

Dəyir atdığın daşlar,

Birbaşa ürəyimə...

Daşlama bu evi sən -

Gir, yaşa, ürəyimə!

Bu əzabı, bu qəmi,

Verdin, seçdim qibləmi!

Köçürtdün sən Kəbəmi-

Birbaşa ürəyimə!

 

Əbülfət hər kitabında öz poetik axtarışları ilə diqqəti cəlb edir. Çalışır ki, təzə təşbehlər işlətsin, fikrini obrazlı ifadə eləsin, sözü yavan-yalxı olmasın. Deyəndə ki: “Döyülən qapı kimi sinəm yumruq yeridi” - bu bənzətmənin təzəliyi bizi sevindirir. Deyəndə ki: “pəncərəmin şüşəsi çiliklənmiş şüadı” -bu da inandırıcıdır. “mən çəkdiyim “ah” deyil - dərd ovudan duadı” - bənzətmənin qeyri-adiliyi göz qabağındadır. Son illərdə Əbülfətin gəraylı formasına meyl etməsi maraq doğurur. Ammaköhnə havalardagərək təzə söz deyəsən Əbülfət Mədətoğlu bunu bacarır:

 

ümidimin budaqların

doğraya-doğraya qaldım.

buz göyərtmiş dodaqların

yoxlaya-yoxlaya qaldım.

 

Allahdı dərdimdən agah

ürəkdi qəmə nişangah...

oturub mən axşam, sabah -

oxlaya-oxlaya qaldım.

 

üzümə tərəf açılan

üzümə işıq saçılan,

qapıları, bu yaşacan -

bağlaya-bağlaya qaldım.

 

güldüm qəmin yerişinə

əl uzatdım hər işinə.

Çatıb vüsal girişinə -

 ağlaya-çağlaya qaldım.

 

köməksiz qaldım meydanda

ismarıc aldım - mey damda!

tam olmur hər şey adamda,

ağlaya-ağlaya qaldım...

 

ƏbülfətinCəzayam sevdiyim qızayeni şeirlər kitabı bir şair ömrünün pünhani, çoxundan gizli saxladığısirlərininəyan olmasıdır. Ürəkdə heç nəyi saxlamaq olmaz! arzu edirəm ki, təzə şeirlərində bu pünhanigəzişmələrdavam etsin. Bunlar bir şairin sevgi dolu yaşantılarıdır...

 

 

 

Vaqif YUSİFLİ

Filologiya elmləri doktoru

 

525-ci qəzet.- 2017.- 1 sentyabr.- S.16.