İntellektimizin Ağamusa Axundov abidəsi

 

Esse

 

Sentyabrın 5-i Azərbaycanın tanınmış ədibi və ictimai xadimi Hidayətin doğum günüdür.

 

Ədəbiyyatımızın və mədəniyyətimizin inkişafına layiqli töhfələr vermiş Hidayət bu sahədəki özünəməxsus mövqeyini, fəallığını indi də qoruyub saxlamaqdadır.

 

Doğum günü münasibətilə onu səmimiyyətlə təbrik edir, yaradıcılığından nümunə olaraq iki essesini oxucularımızın diqqətinə çatdırırıq.

 

 

Artıq uzaqlarda qalmış 1963-cü ilin sentyabrında, Azərbaycan Dövlət Universitetinin tələbəsi olmağa alışmağa başladığım ilk günlərdə məndən bir kurs yuxarıda oxuyan tanış tələbə önümüzdən surətlə addımlayıb ötən gənc, yaraşıqlı, çox cazibədar nəfəri mənə göstərib: “Müəllimimizdir. Bilirsən, nə xoş diksiyası, maraqlı danışıq tərzi var?!” deməsi indiyəcən yadımdadır, gözlərimin önündədir. O vaxtacan - hələ orta məktəbin son  siniflərində ikən filologiya fakültəsinin korifeyləri - Mir Cəlal, Cəfər Xəndan, Muxtar Hüseynzadə, Hadi Mirzəzadə, Əli Sultanlı, Səlim Cəfərov, Bəxtiyar Vahabzadə, Əlövsət Abdullayev, digərləri barədə oxumuşdum, eşitmişdim. O “xoş diksiyalı, maraqlı danışıqlı” gənc, yaraşıqlı, çox cazibədar Ağamusa Axundov barədə isə heç nə bilmirdim.

Gənc yaşlarında filologiya elmləri namizədi, dosent idi. Doktorluq işini tamamlayırdı.

 

Cəfər Xəndan, Əli Sultanlı dünyasını dəyişmişdi. Ağamusa Axundovdan böyüklər və ya onun yaşıdları Nəsir Məmmədov, Yusif Seyidov, Raifə Həsənova, Pənah Xəlilov, Təhsin Mütəllibov, Firidun Hüseynov, Fərhad Zeynalov, Vaqif Vəliyev, Cəlal Abdullayev, İnayət Bəktaşi, Firuz Sadıqzadə, Xalid Əlimirzəyev və digərləri fakültədə möhkəmlənir, yerlərini tuturdular.

 

Bu professorların çoxu mənə dərs dedi, məzmunlu mühazirələrini, tələbkarlıqla götürdükləri imtahanları xoş təəssüratla  xatırlayıram. Ancaq  adlarını çəkdiklərim, sonralar hamısı tanınmış olan pedaqoqlardan üçü-dördü mənə dərs demədi, o sırada - “Bir gəncin manifesti”nin, “Yolumuz hayanadır”ın, “Dirilən adam”ın... onlarla hekayənin müəllifi kimi tanıdığım, bütün Azərbaycanın sevdiyi, Hadi Mirzəzadə, Pənah Xəlilovla birlikdə məndən qəbul imtahanı götürən Mir Cəlal və qeyri - adi istedadına, yüksək intellektinə görə,  bu sözüm mübaliğə kimi səslənməsin, - o illərdə bütün Universitetin vurulduğu gənc Ağamusa Axundov!

 

Mənsə böyük yazıçı, pedaqoq Mir Cəlalı və gənc istedad Ağamusa Axundovu mütləq dinləməliydim. İcazə alıb başqa kurslarda mühazirələrinə qatılmaqdan başqa yol qalmırdı. İcazə verdilər, necə mühazirə dinlədim, seminarlara qatılmaq isə... məsləhət bilinmədi. İllər ötəndən sonra jurnalist, Ağamusa Axundovdan soruşmuşdu: “Hidayət başqa kursdan gəlib Mir Cəlalın və Sizin mühazirələrinizi dinləyirdi. İndi belə hallar olurmu?” Ağamusa müəllim cavab verməyə çətinlik çəkmişdi.

 

Yalnız mühazirələri deyil, onun qatıldığı, çıxış etdiyi hər tədbir  mənə çox maraqlıydı. Yadımdadır - onun Nəriman Həsənzadənin rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin qonağı olması, oxunan şeirləri diqqətlə, səbrlə dinləməsi, peşəkar tənqidçi fikirləri... Onu da yaxşı xatırlayıram - o illərdə cavan olan Fikrət Sadığın yenicə çapdan çıxmış “Cığır” adlı ilk şerlər kitabını utana - utana ona bağışlamasını, oxuyub mütləq fikrini bildirəcəyini söyləməsi... Bir tədbirdə isə... səlis rus  dilində çıxışı məni heyrətləndirdi. Axı,  ana dilimizdə elə təbii intonasiya, elə poetik notlarla danışırdı - inana bilmirdim ki, başqa dildə də belə təsirli danışa bilər!

 

Bir çıxışı və qeydlərə, suallara tutarlı cavablar verməsi də unudulmazdır: Universitetin (indiki İqtisadiyyat Universitetinin) birinci mərtəbəsindəki akt salonunda keçirilən doktorluq dissertasiyası müdafiəsi. Mən “çağırılmamış qonaq” idim. Təbiidir - dəvət edilməmişdim. Öz təşəbbüsümlə icazə alıb ora qatılmışdım - görüm bu qeyri-adi istedadın müdafiəsi necə keçir?  O günkü çıxışlarında  sevimli dissertant iradlara, qeydlərə necə cavab verir?  Fikirlərinin dərinliyi, məntiqi, mətləbə ünvanlanması, konkretliyi hamını heyran edirdi.

 

Mən tələbə olanda bilmirdim - elmlər doktoru, professor Ağamusa Axundov da tələbədir. Universitetdə əvəzsiz fəaliyyəti ilə paralel olaraq Xarici Dillər İnstitutunun Avropa dilləri fakültəsində (ingilis dili bölümü üzrə) təhsil alır. İnstitutun o vaxtkı bir baməzə yəhudi xanım dosentinin sözü auditoriyaları, dəhlizləri dolaşırmış: “Xarici Dillər İnstitutunda bircə nəfər elmlər doktoru var, o da... tələbədir!”

 

Tale elə gətirdi - mən gəncliyimdən başlayan illər boyunca Azərbaycandan kənarda yaşadım. Ancaq Ağamusa Axundovla maraqlanırdım. Bilirdim - kafedra müdiridir, filfakın dekanıdır. Əlbəttə, doğma fakültəmin rəhbəri olmağı mənə çox xoş idi, ancaq bu vəzifədə, arada fasilə ilə olsa da, çox qaldı. Anlayırdım - o illərdə adətən istedadlıların, idarəolunmaz gənclərin çox olduğu bu fakültəyə Ağamusa Axundov kimi görkəmli alim, nüfuzlu şəxsiyyət rəhbərlik edə bilərdi. Belə də oldu. Ancaq çox narahat idim: kafedra da, dekanlıq da belə hüdudsuz miqyaslı Alimə, İntellektuala, Şəxsiyyətə çox darısqallıq edər. O, geniş əhatəli işdə, çox yüksək, məsul vəzifədə ölkəmə və xalqıma daha çox xeyir verər, şərəf gətirərdi.

 

1984-cü ildə Bakıya köçəndən sonra Ağamusa müəllimlə görüşlərimiz intensivləşdi. Bu da taleyin işidir - üç-dörd il yayda o vaxtlar “Leçkomissiya” deyilən qurumun Zaqulbadakı dincərliyində ailəlikcə eyni vaxtda istirahət etdik. Ailələrimiz bir-birini yaxından tanıdılar, sevdilər. Ağamusa müəllimin evində sanki hamı bir-birini tamamlayırdı. Həyat yoldaşı Elmira xanım, qızları Aytəkin, Aygül Flora xanım və Səhərlə şəhərdə də müntəzəm əlaqə saxladılar, görüşdülər. Bizim evdə həmişə onlar haqqında xoş sözlər-söhbətlər olurdu və indi də davam edir.

 

 Dincərlikdə olanda asudə vaxtlarımız yalnız dənizdə keçmirdi, gəzə-gəzə, ya süfrə  önündə ətraflı söhbət edirdik. Ağamusa müəllim hələ də Akademiyaya  seçilməmişdi. O,  bizim söhbətlərimiz içində yalnız bu  mövzuya son dərəcədə etinasız idi. Demə, Akademiyaya müxbir və ya həqiqi üzv seçilmək üçün heç vaxt müraciət etməyib və buna heç hazırlaşmırdı da.

 

Sonralar Dilçilik İnstitutuna rəhbərlik etdi, Ulu Öndərimiz ölkəmizə rəhbərliyə qayıdandan sonra müxbir üzv də oldu, həqiqi üzv də, Akademiyada məsul vəzifə tutdu, “Şöhrət” ordeni ilə təltif olundu. Bu titullar və mükafatlar Onun halal haqqıydı, gec də olsa, özünə çatdı.

 

Bir epizod unudulan deyil. 2000 - ci ildə mənim səksəninci illərin əvvəllərində yazılan, lakin sovet senzurasının qadağa qoyduğu “Bu dünyanın adamları” tragi - komediyam Milli Akademik Dram Teatrımızda tamaşaya qoyuldu.

 

Premyera tamaşalarından birinə Ağamusa Axundov da gəldi. Tamaşadan sonra mənə yaxınlaşdı. Elə bil içi dolmuşdu, ya həyəcanlıydı, çöhrəsi qızarmışdı. Nə isə bəlkə də təsvir edə bilməyəcəyim narahatlıqdan  sonrakı tamam başqa ovqatda idi.

 

Bir - iki sözlə təbrik etdi.

 

Sonra tamaşanın proqramını istədi. Proqramı verdilər.

 

Ayrıldıq.

 

Bir neçə gün sonra  (15 iyul, 2000) “Mədəniyyət” qəzetində “Qəmli komediya” məqaləsi dərc edildi. O tamaşa haqqında çox yazıldı - hamısını bir yerə yığsaq, pyesin həcmindən 8-10 dəfə çox olar. O müəlliflərin içində professional teatrşünaslar, görkəmli sənət adamları, tanınmış publisistlər var. O yazılardan hansınınsa dəyərini azaltmadan deməliyəm ki, “Qəmli komediya” ən sanballı rəylərdən biriydi. Məqalədə müəllifin professional ədəbiyyatşünaslığı, teatrşünaslığı və düşündürücü publisistikası qabarıq nəzərə çarpır. Bu yazı sanki dörd istedadlı mütəxəssisin qələmindən çıxmışdı: teatrşünasın, ədəbiyyatşünasın, dilçinin və publisistin.

 

Tamaşadan sonrakı ovqatının səbəbini isə həmin məqalənin ilk sətirlərində özü açır: “Yaradıcılığına və şəxsiyyətinə həmişə böyük hörmət bəslədiyim Hidayətin “Bu dünyanın adamları” pyesinin Akademik Milli Dram Teatrında tamaşasına baxmağa nigarançılıq hissi ilə getdim. Şeir və nəsr əsərlərini oxusam da, nigaran olmağımın səbəbi vardı. Teatr və tamaşaçı probleminə yaxından bələd olduğum, surətli dövrümüzün kino və telefilm imkanlarına öyrəşmiş tamaşaçıya teatr tamaşasının, nə qədər məzmunlu olursa - olsun, yorucu təsir bağışlamasını təcrübəmdən bilirdim.

 

Şükürlər olsun ki, nigarançılığım bütün tamaşa boyu yavaş-yavaş azaldı; teatrı gözəl bir təəssürat və ovqatla tərk etdim”...

 

Ağamusa müəllimə zəng çaldım. Dərin təşəkkür etdim. Dedi: “Bu tamaşa uzun  illər boyu repertuarda qalacaq. Rekord göstəriciləri olacaq. Çoxdandır teatrda əllinci, yüzüncü tamaşa bayramı olmayıb. Bu onları keçəcək. 8-10 il... Bəlkə daha çox”.

 

Bu sözlər illər sonralar yadıma düşdü. Ondan öncə “bağlı tamaşaya”, premyeraya baxan professional teatr xadimlərindən neçəsi mənə deyirdi: “Bu əsər 3-4 il repertuarda qalacaq.” Ağamusa müəllim isə... “8-10” deyir.

Dediyi düz çıxdı: repertuarda səkkiz ildən çox qaldı, 116 tamaşası göstərildi. Subyektiv  münasibətlər, qısqanclıqlar meydan sulamasaydı, azı 150-ci, bəlkə də daha çox tamaşası da göstərilə bilərdi.

 

Ağamusa Axundov hələ Universitetin son kurslarında oxuyanda fəlsəfə kafedrası onunla çox maraqlanırdı, gələcəkdə bu kafedrada aspirant olmasını istəyirdilər . Estetika mövzusunda da elmi axtarışlar aparması təklif olunurdu. Ədəbiyyat tarixi kafedrası onu öz aspirantı kimi görmək istəyirdi. Digər kafedralardan da təkliflər vardı.

 

Ancaq dilçiliyi seçdi.

 

Uzun illər onu müşahidə edəndən, yaxından tanıyandan sonra belə bir qənaətə gəldim: əgər o, hər hansı başqa sahəyə getsəydi, yenə Ağamusa Axundov olacaqdı. Çünki nadir istedadlardan idi. Dərin, dolğun, aydın təfəkkür sahibiydi, mülahizələri, nəzərləri möhkəm məntiqə söykənirdi, kimisə təkrarlamırdı, nəyi vardısa özününkü idi, özgür idi, qabiliyyəti ilə zəhməti vəhdətdəydi, çağdaş düşüncəli, ancaq klassik təvazökarlıq nümunəsiydi.

Belə İnsanlar həyatdan gedəndə dünyada yerləri boş qalsa da, xatirələri ürəkləri doldurur və... ürəklərə sığmır, tunclaşır, həmişəyaşar gerçək obraza çevrilir.

 

Mənim nəzərimdə hər əsrdə ölməz simaları olan qədim elm  və mədəniyyət tariximizdə o yeni abidədir: intellektimizin Ağamusa Axundov abidəsi!

 

HİDAYƏT

 

 

525-ci qəzet.- 2017.- 1 sentyabr.- S.14.