Ceviz ağacı

 

“İLLƏR - DÜŞÜNCƏLƏR...” DƏFTƏRİNDƏN

 

İstanbul kimi nəhəng şəhərə (əslində mən ona “məmləkət” deyirəm) ilk səfər şübhəsiz, unudulmaz olur. Ancaq bir məqam ömrüm boyu unudulmayacaq. Bu “məmləkətlə” mənim tanışlığım ora ilk səfərimdən xeyli-xeyli öncə, yeniyetməlik çağlarımdan müxtəlif tarix, coğrafiya kitablarıyla birgə Nazim Hikmətin, Orxan Vəlinin şeirləri ilə başlamışdı. Ona görə də tarixi abidələrin, məbədlərin önündə ehtiramla baş əyə-əyə, sivilizasiyaların ensiklopediyası olan İstanbulu sanki Nazimlə, Orxanla birlikdə gəzirdim, Orxanın özünü atdığı körpünü, onların gördükləri, təsvir etdikləri küçələri, məhəllələri, ağacları axtarırdım. 

 

Mən bir ceviz ağacıyam, Gülhanə Parkında,

Nə sən bunun farkındasın, nə də polis farkında... 

 

...Ona görə də məni ilk dəfə İstanbula dəvət edən Türk Dünyası Araşdırmaları Vəqfinin başkanı Turan Yazqanın “hara getmək, haranı görmək istərdiniz?” sualının “cavab siyahısının” ilk sətirlərinə Topqapı Sarayı, Gülhanə Parkı da daxil edilmişdi. Əlbəttə,  ceviz ağacı”nın adını da çəkməmişdim. Çünki Turan bəy, indi bilmirəm, o illərdə Nazim Hikməti sevməzdi. O, Naziminkommunistliyini”, Türkiyəni tərk edərək əvvəlcə Şərqi Avropanın o vaxtkı sosialist ölkələrinə, sonra isə Moskvaya getməsini, ömrünün sonunacan orada yaşamasını bağışlaya bilmirdi. Ona görə də qəlbimdə bəlkə də qeyri-adi fenomenə çevrilmiş Gülhanə Parkındakı ceviz ağacı barədə nəyisə açıb-ağartmadım.

 

...Əvvəlcə Topqapı muzeyində sehrlənirəm. Mehmet Fatehin qılıncını da mənə göstərirlər. Deyirəm, ona şeir yazacağam (amma nədənsə, indiyəcən yaza bilmirəm)... Topxananın sehrlərindən özümə gəlməmiş, əlbəttə, Gülhanədə Ceviz ağacını axtarıram. Düşünürəm: altında əyləşib fikrə dalacağam, Nazimi xatırlayacağam.

 

Fikirləşirdim: görəsən, Zəngəzurun ceviz ağacları qocamandır, yoxsa Gülhanə Parkının? Həmişə mənə elə gəlib ki, Maralzəmidə, arxa bağçamızdakı ceviz ağacı qocamandır Gülhanə Parkındakından. İçimdə Nazimin şeirinin digər misraları səslənir:

 

Budak-budak, şehram-şehram ihtiyar bir ceviz... 

 

Parkda ixtiyar, qocaman ceviz ağacı olar? Özü dənizlərin qovşağındakı parkda?! Parkda ceviz ağacı deyəndə mənim təsəvvürümə həmişə gənc, heç olmasa, qocalmamış ceviz ağacı gələ bilər. Maralzəmidəki ata-baba evimin arxa baxçasındakı ceviz ağacı qocamandır. Ancaq dibindən axan kənd arxı onu bir az da ixtiyarlaşdırıb, qocaldıbdır. Arxın suyu Maralzəmi dağlarının sərin, saf bulaqlarından olsa da. 

 

Gəzirəm, axtarıram, balaca Yüksəl demişkən, gah torpağa baxıram, gah göylərə.  Yerdə ceviz ağacını axtarıram, göylərdə .

 

Ceviz ağacı isə ... sadəcə ... yoxdur... Necə ola bilər? Əlacsız qalıb məni müşayiət edən Turan Yazqanın əməkdaşından soruşdum (əlbəttə, ağacın Nazimin şeirlərindən gəldiyini demirəm, axı, onun Nazimə münasibəti mənə məlum deyil). Əməkdaş sualımdan təəccüblənir qətiyyətlə:

 

- Hidayət bəy, burada ceviz ağacı yoxdur! - deyir.

 

 -Siz əvvəllər bura bir neçə dəfə gəlibsiniz?

 

-Bəli, bəy, tez-tez gəlmişəm. Bu elə parkdır, bir dəfə gələn, yenə gəlmək istəyər. Həm Turan bəyin ən hörmətli mehmanlarını mən müşayiət edirəm, hamı Topqapı Sarayına baxmaq istəyir, ordan çıxanda isə... çox vaxt bu parkdan keçirik.

 

Burda ceviz ağacı ...yoxdur”u təkrarlamaq istəmir, çiyinlərini çəkir, qaşlarını çatır. ... Yenə inanmıram.

 

ƏvəzindəCeviz ağacıbütöv səslənir ürəyimdə:

 

Başım köpük-köpük bulut, içim, dişim deniz,

Ben bir ceviz ağacıyım Gülhane Parkında.

Budak-budak, şehram-şehram ihtiyar bir ceviz,

Ne sen bunun farkındasın, ne polis farkında.

Ben bir ceviz ağacıyım Gülhane Parkında.

Ben bir ceviz ağacıyım Gülhane Parkında,

Yapraklarım suda balık gibi kıvıl-kıvıl,

Yapraklarım ipek mendil  gibi tiril-tiril

Koparıver, gözlerinin, gülüm, yaşını sil.

Ben bir ceviz ağacıyım Gülhane Parkında,

Ne sen bunun farkındasın, ne de polis farkında.

Yapraklarım əllərimdir, tam yüz bin elim var,

Yüz bin elle dokunurum sana, İstanbula;

Yapraklarım gözlerimdir, şaşarak bakarım,

Yüz bin gözle seyr ederim seni, İstanbulu,

Yüz bin yürek gibi çarpar-çarpar yapraklarım.

Ben bir ceviz ağacıyım Gülhane Parkında,

Ne sen bunun farkındasın, ne de polis farkında.

 

Hələ düşünürdüm ki, burda təsadüfən bir polis qarşıma çıxa bilər, xəyalən, ya gerçəkdə belə bir söhbətimiz olar: - Burda Nazim qarşınıza çıxsaydı, neylərdiniz?

 

Əlbəttə, polis anlamayacaqdı. Ceviz ağacı”ndan bir-iki misra deyəcəkdim. Onun Nazim Hikmətə münasibəti necədir, Allah bilir. Sinirlənməsin deyə söyləyəcəkdim: - Nazimi müxtəlif vaxtlarda istintaq edən, ona üst-üstə iyirmi beş ilyatmaqcəzası kəsmək üçünəsaslarhazırlayan müstəntiqdən soruşurlar: “bir insan kimi Nazim Hikmətə münasibətiniz?”

 

Onu mən bir kommunist kimi özüm öz əllərimlə güllələyərdim. Bir şair kimi məzarı önündə diz çöküb hönkür-hönkür ağlayardım”, -deyir.

 

Polis qədər sinirlənsə bu xatirəni eşidəndə bəlkə bir az yumşalacaqdı..

 

İstanbula gələnə qədər olmamış indi məlumdur - heç vaxt olmayacaq belə bir epizod da gəlirdi ağlıma. 

 

Doğurdanmı Gülhanədə ceviz ağacı yoxdur ... Nazim bunun farkındadır, polis farkında. Aralıqda mən qalmışam. Bir az aralıda öz işini görən ixtiyar bağbanı işindən ayırıram:  - Ağsaqqal, qüsura baxmayın, burda bir ceviz ağacı olmalıdır... - Ceviz ağacı? - təəccüblə soruşur qoca bağban, - hayır, əfəndim, hayır... - Siz neçə ildir burda çalışırsınız? - Çoxdan, əfəndim, qırx yıldır.  - Bəlkə əvvəllər burda ceviz ağacı olub? - Hayır, əfəndim, olmayıb, yoxdur. Az qaldı desin: “Olmayacaq da!” Əvvəlcə anlamadım.Sonra anladım - məyus oldum.  Sarsıldım. Göylərə baş vuran ceviz olmayan ağaclara baxa-baxa qaldım.

 

... Axşam şam süfrəsi ətrafında, özümü saxlaya bilməyib başıma gələnləri Turan bəyə danışdım. Nazim Hikmətin üstündə (əvvəllər neçə dəfə söhbətimiz - mübahisəmiz olmuşdu) məni qınamaq üçün Turan bəyin əlinə sanki fürsət düşmüşdü:  - Nazim Hikmət Türkiyəni elə bilir, elə tanıyır. Nazim Hikmət Sizin qafanızı elə aparıb... - Bizim nəsil Türkiyəni Nazim Hikmətin əsərləri ilə yenidən tanıyıb, sevib... Köhnə öcəşimiz təzədən başladı, uzun çəkdi. Sonra Gülhanədə Ceviz ağacını tapmadığım üçün çox pərt olduğumu və heyrətləndiyimi görüb məni sakitləşdirmək, bəlkə də pərtliyimi soyutmaq üçün: - Sabah mən Sizi bir ceviz ağacının kölgəsinə dəvət edərəm, hesab edin ki, Hikmətin yazdığı ceviz ağacıdır.  Ertəsi gün, nahar sona çathaçatda Turan bəy gerçəkdən dedi: “Çayı Nazimin Ceviz ağacının altına içəcəyik”.

 

Məni Süleymaniyyə camesinin beş addımlığında olan kafesinə dəvət etdi. Kafe zirzəmi qatındaydı. Ensiz daş pillələrlə xeyli endik. Həyətdəki nazik, demək olar, “gövdəsiz” ceviz ağacı günəşə boylanmaq üçün çox boy atmışdı. Biz onun altında əyləşib pürrəng türk çayı içə-içə o ceviz ağacı boyunca göylərə boylandım, Nazimi xatırladım. - Nazim Hikmət XX yüzilliyin ən böyük şairidir, - deyirəm, - bütün cahanda. Bu əsrdə böyük şairlər çoxdur. Elə Azərbaycanda - Sabir, Hüseyn Cavid, Səməd Vurğun, Rəsul Rza, Bəxtiyar Vahabzadə..., Rusiyada - Sergey Yesenin, Braziliyada - Jorj Amadu... Səməd Vurğunun misralarını xatırlayıram:Nazim də ucaltsın haqqın səsini  Dəmir pəncərəli zindan içindən. Qatsın nəfəsimə öz nəfəsini  Qavalos Romadan, Siya-U Çindən...

 

XX əsrdə çoxdur böyük şairlər.  Ancaq ən böyüyü Nazim Hikmətdir.  ... Turan bəyin Nazimə kəskin mənfi münasibəti hiss edilmədən zəifləyirdi.

 

lll

 

Nazim o şeiri 1957-ci ildə yazıb, deyəsən Varnada (o Varşavada, Budapeştdə, Parisdə, Praqada da yaşayıb). İstanbulun həsrətiylə. Sonra Moskvada şeirlər yazıb. Səhvlərini anlaya-anlaya.  Moskvada yalnız Leninə, kommunizmə təriflər qoşmayıb.  Vera Tulyakovaya- üçüncü xanımına üz tutub acı-acı söyləyirdi:

 

Gəlsənə - dedin bana,

Kalsana - dedin bana,

Gülsənə - dedin bana,

Ölsənə - dedin bana...

Gəldim,

Kaldım, Güldüm, Öldüm.

 

Yenə düşündürücü, həm kədərli bir epizod düşdü yadıma: Münəvvər xanım Nazimin hüznü günlərində Moskvaya gəlir, “Novo-Deviçyeməzarlığına gedir, orada (düşünülmüş, ya təsadüfən?) Olqa Vera ilə görüşür. (Olqa Nazimin Moskvada ilk xanımıydı, həkim idi. Həm həkim kimi, həm ömür-gün yoldaşı kimi şairə çox diqqətlə qulluq edirdi. Sonra Nazim nədənsə Veranıntorunadüşdü, Olqadan ayrıldı). Üç xanım eyni anlarda Nazimin məzarı önündə dayanırlar, ən çox kövrələni, həyəcanlananı düşünəni Münəvvər xanım idi! Veraya o şeiri yazanda artıq anlayırdı: Moskvaya ölməyə gəlib...

 

Anlayırdı: təsəvvür etdiyi, inandığı kommunizm, kommunistlik gördüyü “kommunizmlə”, “kommunistliklə” tərs mütənasibmiş. Bakıda, Akademik Milli Dram Teatrında “Unudulmuş adama baxandan sonra aktyor oyunundan, rejissor işindən danışmaq əvəzinə salondolu tamaşaçı önündə uca səslə deyirdi:Biz Kommunist Partiyasına keçəndə bilirdik: bu yol ölümə, həbsxanaya aparır, amma yolumuzdan dönmürdük. Sizsə  (oxu: bütün SSRİ) vəzifə almaq üçün Kommunist partiyasına keçirsiniz!” Əkslikləri, ziddiyyətləri görürdü. Anlayırdı. Ona görə elə yazırdı: Mən bir ceviz ağacıyam Gülhanə Parkında...  Gülhanədə həqiqətən ceviz ağacı yoxdur. Bəlkə Nazimin bir fanatı haçansa Gülhanədə bir ceviz ağacı əkib gövdəsində o misranı yazacaq.... Və Nazim də həqiqətən İstanbulda deyil.

 

23 noyabr, 2011.

 

 

525-ci qəzet.- 2017.- 1 sentyabr.- S.15.