Ulu tarın sirdaşı
Xalq artisti Fikrət
Verdiyevin 70 yaşına
Ta uşaqlığımdan musiqiyə
qarşı içimdə
bambaşqa bir sevgi olub. Ən çətin,
düşüncəli, qəmgin
zamanlarımda belə
eşitdiyim xoş bir musiqi bütün
o sıxıntılarımı unutdurmağa bəs edib həmişə.
Bəlkə də ona görədir ki, hər səhər yuxudan durarkən ilk növbədə sevdiyim mahnını dinləyərək
başlayıram günə.
Musiqiyə olan bu sevgim
və marağıma görədir ki, həmişə hər hansı musiqi alətində ifa etməyi bacaran insanlara sözün yaxşı mənasında
qibtə etmişəm. Orta məktəbdə
oxuyarkən məndən
üç yaş kiçik qardaşım musiqi məktəbində pianino dərslərinə
gedirdi. Mən məktəb dərslərimə
daha çox bağlı olduğum üçün fikrimi başqa sahələrə
yönləndirmək istəmirdim.
Ancaq qardaşım evdə hər pianino ifa edəndə gəlib yanında dayanıb heyranlıqla gah əllərinə, gah da qarşısına
qoyduğu, ancaq mənim nə onda, nə də
indi heç bir şey anlamadığım
not dəftərinə baxardım.
Bir də onda ayıldım ki, qardaşımla bərabər mən də pianino çalmağı öyrənmişəm,
özü də heç kim
heç nə öyrətmədən, göstərmədən.
Sevdiyin, bəyəndiyin
bir musiqini barmaqlarının ucunda
hiss etmək, o musiqinin
iziylə hansısa alətin üzərində
gəzintiyə çıxmaq
xoş duyğu olsa gərək...
Musiqi hamımızın,
bütün insanlığın
olsa da, məncə, musiqi alətləri onları ən gözəl duyan və onda
ən gözəl ifa edənlərindir. Bu mənada, tar ifaçısı
kimi bütün ruhu, varlığı ilə musiqiyə bağlı, Azərbaycan incəsənətinin, musiqisinin
inkişafında əvəzsiz
xidmətləri olmuş
Xalq artisti Fikrət Verdiyevin də adını çəkə bilərəm.
Sentyabrın 2-də 70 illik yubileyini
qeyd edəcək məşhur tarzən Azərbaycan milli irsinin təhlükədə
olduğu ən çətin zamanlarda özünün üzvü
və yaradıcısı
olduğu “Göy göl” ansamblı ilə birgə fəaliyyəti nəticəsində
bu xalqın mədəniyyətinin təbliğində
mühüm işlər
görmüşdür.
Fikrət Süleyman oğlu Verdiyev 1947-ci ilin sentyabrın 2-də Azərbaycanın mədəniyyət ocaqlarından biri olan Gəncə şəhərində ziyalı ailəsində dünyaya gəlib. Ailələrində musiqi ilə məşğul olan kimsənin olmamasına baxmayaraq, hələ çox kiçik yaşlarından balaca Fikrətdə musiqiyə, ədəbiyyata, poeziyaya, muğama sevgi və həvəs özünü göstərir. Anası Məryəm xanım oğlundakı bu həvəsi görüb 1957-ci ildə onu Gəncədə 1 saylı musiqi məktəbinin tar sinfinə qoyur. Beləcə, gələcəyin məşhur tarzəninin tarla ilk tanışlığı, ünsiyyəti yaranır. 1962-ci ildə o, Qənbər Hüseynli adına Gəncə orta ixtisas musiqi məktəbinin tar sinfinə daxil olur. Təhsilini davam etdirə-etdirə Gəncə Pioner və Məktəblilər Sarayında, Mədəniyyət evində özfəaliyyət kollektivlərinə rəhbərlik edir. 13 yaşında səhnədə həm solo, həm də ansamblla çıxışlar edən Fikrət Verdiyev uşaqlıq yaşlarından müstəqil ansambl yaratmaq arzusunda olur. Hətta 1960-cı ildə Bakıda respublika üzrə pioner və məktəblilər sarayı kollektivləri arasında keçirilən festivalda rəhbərlik etdiyi kollektiv qalib gəlir. O dövrdə - tələbə olarkən Gəncə şəhər və Daşkəsən rayonu musiqi məktəblərində də pedaqoji fəaliyyətə başlayır. 1966-cı ildə Gəncə orta ixtisas musiqi məktəbində təhsilini başa vuraraq Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tar-dirijor, xalq ifaçısı fakültəsinə daxil olur. Adil Gərayın sinfində təhsil alır. 1968-ci ildə beş nəfər Gəncə musiqiçiləri ilə çoxdan arzusunda olduğu ansamblı yaradır. Nəhayət, 1969-cu ildə gərgin əməyi və fədakarlığı ilə Gəncə musiqiçilərini və sənətçilərini başına yığaraq ictimai əsaslarla “Göy göl” xalq çalğı alətləri ansamblını yaradır. Tezliklə bu ansamblın şöhrəti Gəncəbasardan çox uzaqlara yayılaraq, ölkəmizdən xaricdə də tanınır. Bakıda, Mokvada, Leninqradda, o vaxtkı Sovet İttifaqının hər bir guşəsində və digər ölkələrdə konsertlər verən kollektiv fəxri fərman və mükafatlarla təltif olunur. Azərbaycan musiqi ifaçılığının nadir incilərindən olan Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Rübabə Muradova, Nəzakət Teymurova, Flora Kərimova, İlhamə Quliyeva, Nisə Qasımova, Səkinə İsmayılova, Kəmalə Rəhimli, Arif Babayev, İslam Rzayev, Canəli Əkbərov, Məmmədbağır Bağırzadə, Elmira Rəhimova, Baba Mahmudoğlu, Ağadadaş Ağayev və başqa tanınmış sənətçilər bu ansamblla çıxış ediblər. Azərbaycan mədəniyyətini bütün dünyada ən yüksək səviyyədə təmsil edən sənətkarımız Zeynəb Xanlarova 1971-ci ildən etibarən bu ansamblın müşayiətilə yaddaşlardan silinməyən konsertlər verib.
1972-ci ildə konservatoriyadakı təhsilini başa vurandan sonra Fikrət Verdiyev ansambla rəhbərliklə yanaşı, Qənbər Hüseynli adına Gəncə ora ixtisas musiqi məktəbində pedaqoji fəaliyyətə də başlayır.
1977-ci ildə isə hər zaman sənətə və sənətkara yüksək qiymət verən, qayğı ilə yanaşan Ulu Öndər Heydər Əliyev bu ansamblı bəyənərək ona “Dövlət mahnı və rəqs ansamblı” statusu verilməsini məqsədəuyğun bilir.
Belə bir diqqətin, qayğının qarşısında əlbəttə ki, ansambl, xüsusən onun yaradıcısı daha böyük səylə, sevgiylə çalışmağa, yeni-yeni mahnılar ifa etməyə, konsertlər verməyə davam edəcəkdi. Belə də olur. Məşhur bəstəkarlarımızdan Ə.Tağıyev, E.Sabitoğlu, C.Cahangirov, sonralar R.Mirişli, F.Sücəddinov və başqalarının “Göy-göl” ansamblı üçün yazdıqları əsərlər ansamblın gündən-günə inkişafına, məşhurluğuna səbəb olur.
Ansamblın çıxışlarını dinləyən böyük xanəndəmiz Xan Şuşinski Fikrət müəllimə deyir: “Sən indiyə kimi tək Gəncədə deyil, bütün Gəncəbasarda heç bir musiqiçinin görmədiyi bir iş görmüsən”.
1982-ci ildə isə Zeynəb Xanlarova Fikrət Verdiyevi öz yaratdığı “Əfsanə” ansamblına konsertmeystr dəvət edir. Həm Zeynəb xanımın, həm də özünün yaratdığı ansamblla tez-tez qastrol səfərlərinə çıxan Fikrət müəllimə xarici ölkələrdən də təkliflər az deyildi. Hətta bir dəfə Amerikada səfərdə olarkən ona Amerikada qalıb orada yaşayan İran azərbaycanlılarından, türklərdən və soydaşlarımızdan ibarət Azərbaycan milli musiqi alətləri orkestrini yaratmaq təklif olunsa da, vətənini, xalqını hər şeydən çox sevən tarzən qəti şəkildə etiraz edir, “mənim üçün vətənimin hər daşı- kəsəyi, hər qarışı qiymətlidir”- deyir.
Bu ansamblla birgə 40-dan çox ölkədə Azərbaycan mədəniyyətini təbliğ edən tarzən 1987-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülür.
1990-cı ildə ansamblın bazasında Gəncə Dövlət Filarmoniyasını yaradan Fikrət Verdiyev filarmoniyanın nəzdində “Göy göl” mahnı və rəqs ansamblından başqa notlu xalq çalğı alətləri orkestrini və kamera orkestrini də yaradır. Mixail Boyarskini, Müşərrəf Akayı Bakıya dəvət edərək çıxışlarını təşkil edir.
2001-ci ildə Dövlət Neft Şirkətinin Neft Emalı Zavodunun nəzdində “Neftçi” mahnı və rəqs ansamblını yaradır. Könül Xasıyeva, Aygün Bayramova, Rövşən Behcət, Samir Cəfərov, Feyruz Səxavət, Cabir Abdullayev, Teyyub Aslan kimi sənətçiləri bir araya gətirərək maraqlı proqram, zəngin repertuar hazırlayır.
Ansambl Yeni Azərbaycan Partiyasının 10 illiyi münasibətilə Mədəniyyət sarayında keçirilən konsert proqramında uğurla çıxış edir. Həmin tədbirdə ölməz liderimiz Heydər Əliyev konsertdən sonra həmişə olduğu kimi, səhnənin arxasına keçərək tədbirdə iştirak edən sənətçilərlə görüşür, onları uğurlu çıxışları münasibətilə təbrik edir.
Hazırda özünün yaratdığı Gəncə Dövlət Filarmoniyasının bədii rəhbəri kimi fəaliyyətinə davam edən yubilyar 2014-cü ilin 13 fevralında Prezident İlham Əliyevin sərəncamı ilə “Xalq artisti” fəxri adına layiq görülür.
Fikrət müəllimin ən yaddaqalan xatirələrindən biri də 2015-ci ilin iyul ayında şair Rəşad Məcidin İtaliyanın Milan şəhərində italyanca çap olunmuş “O” (“La Donna”) kitabının təqdimatı və şeirlərə yazılmış musiqilərdən, kompozisiyalardan ibarət konsert proqramı ilə bağlıdır. Həmin tədbirdə tarzən italyanların qarşısında Azərbaycan musiqi sənətini bir daha ən yüksək şəkildə nümayiş etdirir, hətta digər musiqiçi həmkarları ilə birgə italyan musiqisi ilə Azərbaycan musiqisinin sintezini yaradırlar. Təqdimatda və konsert proqramında iştirak edən yazıçı Pərvinin bu haqda maraqlı təəssüratı var: “...Davide Azərbaycan və italyan musiqiləri arasındakı oxşarlıqlardan danışır. Və bunu əyani şəkildə göstərmək üçün elə yerindəcə, necə deyərlər, ekspromt şəkildə qədim italyan musiqi alətiylə ifanı və bizim muğamımızı sintez edir. Daha doğrusu, Fikrət Verdiyevin, Elşən Mansurovun, Sevinc Sarıyevanın italyanlarla “duet”i alınır. Bu ilk baxışdan izaholunmaz, qəribə sintezi dinlədikcə bir daha başa düşürsən ki, əsl sənətin dili, sərhəddi olmur.
Musiqi səslənərkən səhnədə italiyalı rəssam xanım Alessandra Vahid tablolar işləyir. Muğam üçlüyünün ifası zamanı rəssam xanımın rəngləri xüsusi maraqlı gəlir mənə. Günəş çıxması zamanı səmanın rənglərini xatırladır. Bəlkə doğrudan da elə muğamımız bu rəngdədi... İtalyan tamaşaçılar musiqimizdən təsirlənirlər. Amma daha təsirli olan “Xocalı” kompozisiyasıdı. Davide Qualtieri öz yazdığı şeiri son dərəcə təsirli səslə oxuyur, Sevinc xanım ağrılı muğam parçaları səsləndirir, Fikrət Verdiyev tarda, Elşən Mansurov kamançada adamın ürəyini titrədən ifalar edirlər, italyan opera müğənnisi klassik parçalar oxuyur, rəqqasə qızla oğlan yerdə sürünür, müharibənin bütün ağrısını göstərməyə çalışırlar, rəssam xanım kətana vurduğu al-əlvan rəngləri qaralayır. Hamımız şokdayıq, elə bil Xocalını gözümüzün önünə gətiriblər...”
Fikrət Verdiyevin ömür yoluna və yaratdığı ansamblın Azərbaycan incəsənətinə, musiqi ifaçılığına qazandırdığı adlara nəzər salanda bir cəhəti də görürük ki, o həm də hər zaman gənclərə önəm verən, istedadlı gənclərə yol açan, onlara dəstək olan bir insandır.
Səhnə fəaliyyətindən, sənətdəki uğurlarından əlavə, Fikrət müəllim həm də gözəl ailə başçısı, qayğıkeş valideyn, mehriban babadır. Onun hər bir Azərbaycan ailəsinə nümunə ola biləcək, bütün fərdləri ilə cəmiyyətimizin ayrı-ayrı sahələrində xalqının xidmətində duran ailəsi bəlkə də onun uğurlarının ən birinci başlanğıcıdır. Yaradıcı insan üçün ən önəmli amil ona inanan, hər bir işində onu dəstəkləyən, onun ideallarına, arzularına hörmət və sevgi ilə yanaşan ailəsinin olmasıdır. Deyərdim ki, məşhur sənətkar Xan Şuşinskinin qızı Bəyimxanım Verdiyeva ilə ailə qurmaq Fikrət müəllimin bu həyatdakı ən böyük uğurudur. Çünki bir musiqçini gözünü müğənni ailəsində açıb, laylasında mahnılar, muğamlar dinləyən bir xanımdan başqa bəlkə də kimsə bu qədər gözəl anlaya bilməzdi.
Təbii ki, yetmiş illik ömürə bu qədər uğurlar sığdıran sənətkardan bir yazı ilə söz açıb bitirmək mümkün deyil. Ancaq bacardığım qədər onun ömür yoluna işıq tutmağa çalışdım. Hələ ürəyimdə və qələmimdə ilişib qalan neçə-neçə sözümü gələcək yazılara saxlayaraq böyük sənətkarı yubileyi münasibətilə təbrik edir, ona uzun və sağlıqlı ömür, illərini, həyatını həsr etdiyi sənətində yeni-yeni uğurlar arzulayıram!
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2017.- 1 sentyabr.- S.12.