Kərkükün mənəvi elçisi - Qəzənfər Paşayevin
yubileyiylə bağlı düşüncələr
Xalq yazıçısı Anar "Səhər-səhər"
rubrikasını davam etdirir
Məzuniyyətdə olduğumçün görkəmli
alimimiz Qəzənfər
Paşayevin yubileyindən
gec xəbər tutdum.
Dərin
hörmət bəslədiyim
Qəzənfər müəllim
haqqında bir neçə kəlmə təbrik sözü yazmaq istədim, amma qeyri ixtiyarı sırf yubiley yazısından fərqli bir mətn alındı. Adətən
yubiley yazılarında
yubilyara onun gördüyü işləri
xatırladır, xidmətlərini
sadalayırlar. Guya özü
bunlardan xəbərsizdir.
Qəzənfər müəllimin
ədəbiyatşünaslığımız,
folklorşünaslığımız sahəsində
səmərəli fəaliyyəti,
klassiklərimiz və
çağdaşlarımız barəsində qiymətli
məqalələrini mən
də bilirəm, ədəbi ictimaiyyətimiz
də bilir, o, özü də bilir. Bu günlərin,
həftələrin mətbuatına
nəzər atdıqca
neçə-neçə səmimi
yazılarda bu örnəklər sadalanır.
Yazılanları təkrar etmək
istəmirəm, yalnız
bir məsələnin
üzərində durub önəmli
bir mövzudan yazmaq niyyətindəyəm:
Qəzənfər Paşayevin
İraqda yaşayan soydaşlarımızın - bu
gün özlərini
“türkman” adlandıranların
- ölkəmizdə tanıdılmasında,
tədqiqatında və
təbliğində misilsiz
rolundan söz açmaq istəyirəm.
Stalin bizim adımızı
dəyişdirib “siz türk deyil, azərbaycanlısınız” dediyi
kimi, hakim ərəb şovinistləri də əzəldən İraqda
yaşayan türkləri
türkiyəlilərdən ayırmaq üçün
“türkman” adlandırmışlar.
Xəzərin o tayında yaşayan
qarldaşlarımız türkmənlər
də oğuz boyundandırlar, qan qohumlarımızdandırlar, amma
İraqdakı türkmanlar
dilləri etibarıyla
o türkmənlərə yox,
bizə daha yaxındırlar. Hətta
dil etibariylə Türkiyə türklərindən
daha artıq bizə, Azəri türklərinə doğmadırlar.
Yadıma
gəlir, hələ sovet dönəmində İraqdan gələn
bir alim (yanılmıramsa Məhfuz) addaşlarıyla
tanış olmaqçün
Türkmənistana getmişdi,
sonra Bakıya qayıdanda onlardan çox bizimlə yaxın olduqlarını deyirdi. İraqda yaşayan soydaşlarımızın
yazılı mətnləri
Türkiyə türkcəsinə
uyğun olduqları halda - şifahi ədəbiyyatları - yəni
sadə xalqın danışdığı dildə
yaranmış örnəklər
- bizim bayatıların
əkiz qardaşları
xoyratlardır. Xoyratlar
isə qeydsiz - şərtsiz bizimlə eyni dildədir. Qəzənfər Paşayevin dönə-dönə
nəşr etdirdiyi İraq türkman folkloru nümunələri
bunu mübahisəsiz təsdiq edir. Mənimçün qəribə
bir kəşf oldu ki, uzun
illər Türkiyədə
yaşayan, burda universitet açan, həkim kimi də, iş adamı kimi də, maarifçi kimi də şöhrətlənən
İhsan Doğramaçı İraq
türklərinin dilinin
özəlliyini
xüsusi vurğuladı.
Füzulinin yubileyiylə bağlı
Qəzənfər Paşayevin
də iştirak etdiyi İraq səfərimizdən sonra
yenə də Füzuli tədbirləriylə
bağlı Türkiyəyə
getmişdim. Tədbir İhsan
Doğramaçının yaratdığı Bilkənd
universitetində keçirilirdi.
Yubiley gecəsi ərəfəsində
İhsan bəylə görüşdüm, onun
vətəninə - İraqa,
Kərkükə getdiyimizi
söylədim. O vaxt İraq blokadada idi.
Uçaqla getmək mümkün
deyildi. İhsan bəy: Bəs İraqa necə getdiniz- deyə xəbər aldı.- Arabayla dedim.
İhsan
bəyin gözlərində
şıltaq bir təbəssüm gördüm.
- Arabaya nə qoşmuşdular at, ya öküz-dedi. Başa düşdüm ki, İhsan bəy Türkiyə türkcəsində olduğu
kimi avtomobilə araba deyilməsini qəbul etmir.
Kərkükdə isə Qəzənfər müəllim İraq türklərinin başqa bir dəyərli ziyalısıyla əta Tərzibaşıyla görüşdürdü
bizi. Qəzənfər müəllimlə və nümayəndə heyətimizin
bir sıra başqa üzvləriylə
birlikdə bu nurani ağsaqqalı evində ziyarət etdik. Mənimçün bu görüşün
özəl əhəmiyəti
vardı. Axı
hələ çox illər bundan qabaq Rəsul
Rza İraq səfərindən böyük
bir mənəvi sərvətlə qayıtmışdı,
Əta Tərzibaşının
tərtib etdiyi üç cildlik Xoyratlar kitabını gətirmişdi və bu səfəri haqqında “Uzaq ellərin yaxın töhfələri” adlı
məqalə yazmışdı.
O vaxt gənc araşdırmaçı olan
Qəzənfər Paşayevlə
birlikdə Xoyratları ayrıca kitab şəklində də nəşr etdirmişdilər. Haşiyə olaraq onu da
qeyd edim ki, türk dünyası
yazarları toplantısında
Əta Tərzibaşıya
ödül verilməsini
təklif etdim və təklifim qəbul olundu. Eşitdiyimə görə,
bu ödül rəhmətlik Əta bəyi ömrünün
son illərində çox
sevindirmişdi.
Sonralar
Qəzənfər Paşayev davamlı araşdırmalar nəticəsində
Xoyratlar kitabının yeni, daha genişləndirilmiş
və əlavələr
edilmiş nəşrini
hazırladı. Atam da artıq dünyasını
dəyişmişdi. Qəzənfər müəllim yanıma gəldi, belə bir kitabı atamın məqaləsini ön söz verməklə çapa hazırladığını
bildirdi, buna görə məndən bir növ icazə,
ya xeyir-dua almaq istədiyini söylədi. Doğrusu, təəccüb
qaldım. Bizim zamanda nadir alicənablıq örnəyi idi bu. Təbii ki, Qəzənfər müəllimə təşəkkür
etdim və böyük uğurlar dilədim. Bundan sonra da
Qəzənfər müəllim
İraq türkmanlarına
marağın oyanmasında
xidməti olan, onların folkloru haqqında
ilk soraq verənlərdən
Rəsul Rzanın adını daima sayğıyla anır. Bu günlərdə “Ədəbiyyat qəzeti”ndə dərc olunmuş söhbətində
də Rəsul Rzanı bu sahədə
etdiklərini unudan, ya unutdurmağa çalışanlara atamın
xidmətini bir daha xatırladır. Heç kəs heç kəsin yerini dar etmir. Heç kəsin görduyü işlər başqasınınkına
kölgə salmır.
Dünyadan gedənlərin əməllərini
yaddan çıxarmamaq
- ədəbi nəcabətin
göstəricisidir. Qəzənfər müəllimin bu rəftarı da həqiqi ziyalıya, alimə, xas olan qədirşünaslıq
örnəyidir.
Bu gün qan qardaşlarımız İraq
türkləri çətin sınaqlar
qarşısındadırlar, bu ölkədə
də, Suriyada da fəlakət
fəlakəti izləyir, silahlı toqquşmalar,
partlayışlar, dinc əhalini qıran bombardmanlar hamımızı sarsıdır. Bu ölüm-dirim
savaşında İraq
türkləri də milli
varlıqlarını, mənliklərini, dillərini qorumaq mücadiləsi verirlər. Bizim də ən
azı mənəvi borcumuz bu doğmalarımızı, onların problemlərini,
dərd-sərlərini bilmək və bildirmək, ədəbiyyatlarında,
o sıradan şifahi
yaradıcılıqlarında
ifadə olunmuş
duyğularını, ağrı-acılarını
xalqımıza çatdırmaqdır. Bu
müqəddəs vəzifəni böyük
alimimiz, Kərkükün Azərbaycanda mənəvi
elçisi
Qəzənfər Paşayev ləyaqətlə
yerinə yetirir. Yazarlar
Birliyində İraq Türkman
ədəbiyyatı üzrə müşavir
vəzifəsinin Qəzənfər Paşayevə həvalə
olunması da təsadüfi deyil. Bu yubiley
günlərində Qəzənfər müəllimə möhkəm can
sağlığı, uzun ömür, gələcək çox-çox
illərdə son
dərəcə önəmli fəaliyyətini davam etdirməyi
diləyirəm. Səksən yaşınız mübarək,
əziz Qəzənfər müəllim!
ANAR
Xalq
yazıçısı, Azərbaycan Yazıçılar
Birliyinin sədri
525-ci qəzet.- 2017.- 1 sentyabr.- S.11.