Bəy qızı
Kənddən gələndən sonra meylimi Bakıya sala
bilmirdim. Məcburən şəhərə nə qədər
yaxın olmaq istəyirdimsə, sanki bir qüvvə məni
doğulduğum yurd yerinə çəkirdi. Qarmaqarışıq düşüncələrin
içərisində əriyirdim.
1991-ci ilin sentyabrında “7 gün”də işə
başlayandan sonra vəziyyətimdə tam olmasa da, azacıq dəyişiklik
yarandı, yazı-pozu adamlarının cərgəsində
geridə qalmamaq üçün daha çox oxumağa,
öyrənməyə və şəhəri tanımağa
başladım. Ləhcənin təsirindənmi, ya da başqa səbəbdənmi,
mətbuatımıza yeniliklər gətirən Emin Eminbəyli
Qazaxla bağlı nə mövzular vardısa,
hamısını mənə tapşırır, israrla
qazaxlı şair və yazıçıların müsahibələrini
“7 günün qonağı”na tələb edirdi. Və beləcə ilk müsahibim şeirlərini
orta məktəb dərsliklərindən oxuduğum,
çöhrəsini AzTV-nin ekranından izlədiyim Mirvarid
Dilbazi oldu. Bu müsahibəyə qədər
həyatda yalnız bircə dəfə Mirvarid xanımı
canlı, üzbəsurət görmüşdüm. Orta
məktəbi qurtarmağımızın sonuncu ili, 1986-cı ilin martında Səməd
Vurğunun Qazaxda keçirilən yubileyində beş-altı
metrlik məsafə ayırırdı bizi. O gün çox
sevinirdim, çox. İsmayıl Şıxlını, Yusif Səmədoğlunu,
boynunda qara qablı fotoaparat gəzdirən Vaqif Səmədoğlunu,
Nəriman Həsənzadəni, Anarı, Cabir Novruzu görmüşdüm,
özü də lap yaxından, bir addım məsafədən
ədəbiyyatımızın kiçik “ordusu”na tamaşa
etmişdim. Nə isə... Redaksiyanın
tapşırığına uyğun Mirvarid xanımın ev telefonunu axtarıb tapdım, müsahibəyə
razılıq alıb ünvanı yaddaşıma yazdım. Həmin vaxt Mirvarid xanım
Yazıçıların binasında ən sonuncu mərtəbədə
qalırdı. Dağ cığırlarında
yorulmazdım, amma indi bu mərtəbələri qalxdıqca təngnəfəs
olurdum. Bəlkə də bu “çətin
vəziyyətim” müsahibə öncəsi
yaradıcılıq stressi idi. Nə sual
verəcəm, necə yazacam, necə qarşılanacam kimi sadəlövh
düşüncələr müsahibəyə razılıq
alandan sonra başlamışdı. Təcrübəsizlikdən
əziyyət çəkən bir yazı-pozu adamının
vəziyyətidir bu.
Artıq sonuncu mərtəbədəyəm. Bu mərtəbələr
məni Azərbaycan poeziyasının bəyzadəsi Mirvarid
Dilbazinin yaradıcılıq dünyasına,
xanım-xatınlığının sirrinə agah olmağa
gətirib. Zəngə qapını
açan şairənin kürəkəni sadə, zahirən
sakit təbiətli bir insana bənzəyirdi. Asta-asta koridora gələn Mirvarid xanım bir
anlıq nənəmi xatırlatdı. Mirvarid
xanımla Avey dağının ətəklərində, yosun
bağlayan iri çal daşlarında, qayalarında
qayğısız uşaq illərinin dadını
çıxarmışdı nənəm. Hərdən könlünə düşəndə
o illəri yada salır, Mirvarid xanımı xatırlayır, ədəbiyyatda
“Ağ yasəmənlər”lə əbədiləşən
Yaqut xanımla bağlı xatirələrini dilə gətirir,
uşaqlaşırdı.
Mirvarid xanım balaca uşaq kimi əlimdən tutub qonaq
otağına aparır məni. Təsəvvürümdə
canlandırdığım bərli-bəzəkli evdən əsər-əlamət
yoxdur. Qədimliyə bürünən bu
qonaq otağı dünyanın ən zəngin evinin qonaq
otağına çevrilir nəzərimdə. Yazı masasının ətrafında əyləşirik.
Gərginliyim sanki bir əsr geridə qalır,
ordan-burdan sual verir mənə. Dodaqlarımın
arasından çıxan hər bir sözə necə diqqət
yönəltdiyinin fərqindəyəm. Əslimi-nəslimi,
nəcabətimi soruşur.
Mirvarid
xanımın babası Mustafa ağanın ən yaxın
dostu, Türkiyədə ali dini təhsil
alan Qazi Əfəndinin qardaşı nəvəsi olduğumu
bilib bir az da kövrəlir. Babasından, Qazi
Əfəndidən danışır. Uzun
qış gecələrində evlərində qurulan
şeiriyyət məclisindən, Qazi Əfəndinin
Füzulinin qəzəllərini saatlarla əzbər deməsindən
söhbət açır. Qazi Əfəndi
də, Mustafa ağa da “37-nin” qurbanlarıdı. Qazaxıstanda sürgün həyatı
yaşayıb, orda da dünyasını dəyişən
babasının məzarını axtardığını,
tapa bilmədiyini və bu acı hissi şeirə
köçürdüyünü deyib, bir kitab göstərir
mənə. Ərəb hərfləriylə çap
olunan, səhifələri az qala əldə
narın toza çevriləcək bu kitabda ulu babası
Əbdürrəhman ağa Dilbazinin şeirlərinin çap
olduğunu deyir. Əbdürrəhman ağa
Xanlıqlar kəndində doğulub, dövrünün ən
mütərəqqi aydınlarından, ictimai-xadimlərindəndir.
1803-cü ildə Sisianovun Gəncə xanı
Cavad xanı qətlə yetirməsinə divan
yazdığı üçün gözləri
çıxarılıb. Qazaxın alov
qülləsi deyilən həmin yerində bir sal daş
üstə oturub, gözləri kor gəlib-gedənləri
dinləyir, Tiflisdə, Gəncədə, Qarabağda nələrin
baş verdiyini soruşur, bədahətən şeirlər deyərmiş.
Azərbaycan ədəbiyyatının Mirvaridi
bu ağsaqqal, ruhani, ruslara qarşı istiqlal savaşı
aparan bəylərin, xanların yanında olub, onlara mənəvi
dayaq olan Əbdürrəhman ağa Dilbazinin nəvəsiydi.
Yazı
masasından bir az aralıda
naxışları göz oxşayan şkafın
üstündə xeyli kitab vardı. Diqqətimin
çəkindiyini görüb kitabların içərisindən
bir neçəsini gətirib masaya yaxınlaşdı. Əlində tutduğu kitab 1880-ci ildə
İstanbulda çap olunan Seyid Nigarinin qəzəlləriydi.
Əlləri titrəyə-titrəyə səhifələdiyi
kitabda “Qarabağ” qəzəlini tapıb oxudu. İşarə bəlliydi. Qarabağda
faciələr törədilir, torpaqlar işğal olunur, yurd
yerləri yağmalanırdı. Erməni məkrindən
xeyli danışandan sonra Bağanıs-Ayrımda erməni
terrorunun qurbanı olan Qaratelin taleyindən, bəxtinin kəmliyindən,
kişi qeyrətindən aram-aram,
üzücü söhbət etdi. Qaratelə
şeir yazmışdı. Əl dəftərçəsindən
oxuyub, ortada içilməyini “gözləyən” stəkandakı
çaya işarə elədi.
İndi növbə mənimiydi. Nə suallar verim, nədən
danışım. Birdən yadıma
düşdü ki, dünəndən kiçik bir vərəqə
bir neçə sual yazmışam, elə onları deyim,
sonrasını Allah gətirər. Əvvəl
yazdıqlarım sualları verib, keçdim siyasi vəziyyətə.
Prezident Elçibəylə
görüşündən o qədər də çox vaxt
keçməmişdi. Elə bunu
soruşdum və nədən danışdıqları da
maraqlıydı. Demə, Elçibəy
Mirvarid xanımın qızı Xatirə ilə birgə
Əlyazmalar İnstitutunda
çalışdığından, prezidenti də gözəl
tanıyırmış. Bəs nədən
danışmışdı ölkənin prezidenti və Xalq
şairi? Ölkə yenidən qurulduğundan kitab
çapında da bir boşluq yaranmışdı, ən
çox bu mövzunu müzakirə etdiklərini deyən
Mirvarid xanım prezidentdən bir xahiş də etdiyini söylədi:
“Yazıçı” nəşriyyatının 2 milyon rubl
borcunu bağışlasın”.
Ömrünün son illərini
yaşadığının fərqində olan xalq şairini ən
çox narahat edən son kitabının çapı idi. Adını
da ömrünün payızına bir işarə olan “Son pillələr”
qoymuşdu. Bilmirəm nəşrini həsrətlə
gözlədiyi bu kitab çıxdı, ya yox. Amma
yaddaşımda qalan o oldu ki, bu kitabın çapını
çox istəyirdi, lap çox.
Bu
müsahibədən sonra Mirvarid xanımla bir neçə dəfə
görüşdük, söhbət etdik, olub-keçənləri
xatırladıq, mənə Səməd Vurğunun başına gətirilənlərdən, Mehdi Hüseynin ürəyinin
partladılmasından da
danışardı.
Elçibəydən sonra Heydər Əliyevin hakimiyyətə
qayıdışına çox sevinirdi Mirvarid xanım. Hərənin
beş-on manat verib öz kitabını çap etdirdiyi bir
dönəmin arxada qaldığını, ədəbi
mühitdə də qayda-qanun yaradılacağını
düşünürdü. Mirvarid xanım
yazıçı və şair həmkarlarının
kitablarının öz hesablarına çap olunduğunu
görməmişdi. Kapitalist sisteminin gətirdiyi
bu yeniliklər nə Mirvarid xanıma, nə də o
dövrün qələm sahiblərinə uyğun deyildi.
Heydər Əliyev hakimiyyətə yenicə gəlmişdi.
Həmin
vaxt Mirvarid Dilbazinin ad günü yaxınlaşırdı. Çox keçmədi ki,
4 səhifədə çap olunan “Şərq” qəzetində
və digər mətbu orqanlarda Heydər Əliyevin Xalq şairi
Mirvarid Dilbazini qəbul etdiyi barədə məlumat çap
olundu. Bu xoş xəbərdən sonra evinə
zəng etdim. Dəstəyi özü
qaldırdı. Təbriklərimi
çatdırdım. Ümidlə
danışan Mirvarid xanıma sanki dünyaları
bağışlamışdılar. Dediyindən
bəlli oldu ki, Heydər Əliyev öz xidməti
maşınını göndərərək
Pirşağıda bağda istirahət edən Xalq şairini
böyük hörmət, ehtiram və sayğıyla Prezident
sarayına gətirdib, ad gününü təbrik etmişdi.
Həmişə maddiyyatdan, puldan, vardan uzaq olan,
sadə, saf olduğu qədər də mənalı şair
ömrü yaşayan Mirvarid Dilbaziyə bundan artıq nə
lazım idi?
Aradan bir müddət keçmişdi. Ustad sənətkar, Xalq
şairi Zəlimxan Yaqub “Şərq”ə
budəfəki gəlişində Mirvarid xanımın xəstə
yatdığını söylədi və qərarlaşdıq
ki, bəy qızı bəyzadəni birgə ziyarət edək.
Ürəyi geniş, qəlbi açıq, hamıya sevgi,
xoş ovqat bəxş edən Zəlimxan Yaqub
sürücü Təyyara “xəstə yanına gedirik, yolu
bazardan sal” dedi. Meyvələrin ən
yaxşılarını bir-bir əli ilə seçən
şair sazını da götürmüşdü...
Yatağından qalxa bilmirdi. Bizi görüb, özünü toparlamağa çalışan, hətta “övladlarımın yanında bu vəziyyətdə qala bilmərəm” deyib ayağa qalxmaq istəyən bu ismətli xanım əsl Azərbaycan qadını, analar anası idi. Axı o, həm də bəy qızı idi. Şəhərin kosmopolit rəngləri və başqa dünyası bu xanımın zadəganlığını, daxili zənginliyini, qürurunu, uca Ana Dilimizin saflığını onun əlindən ala bilməmişdi. Zəlimxanın saz havalarına ağrılarını unutmuşdu, ruhu sanki səmalarda dolaşırdı. Zəlimxan Yaqubun çaldığı bilmirəm hansı havaydı, bu havanın sonunda diqqətlə hamının çöhrəsini süzdü və bir-iki cümlə dedi: “Demişəm Xatirəyə, məni anamın yanında basdırın. Mən anamsız dura bilmirəm. Anamın laylasına möhtacam”. Vəssalam.
Bu kövrək ovqatda Mirvarid xanımın evini tərk etdik. İndi Mirvarid xanım da, Zəlimxan Yaqub da haqq dünyasındadır. Tanrı ruhlarını şad etsin!
Akif
AŞIRLI
525-ci qəzet.- 2017.- 1 sentyabr.- S.10.