Atama etiraf
Əziz
atam, həyat yoluna həsr olunmuş “Fotodastan”nın
başlanğıcına qəlbimdən
keçən bir neçə xoş kəlmə yazmaq üçün sakitliyə
çəkilmişəm. Amma
həmişə olduğu
kimi, səninlə
bağlı duyğularımı
hətta bu sakitlikdə, özümlə
bölüşməyə belə çətinlik çəkirəm. Çünki sənə olan sonsuz istəyimi ifadə eləməyə
qüdrəti çatan
söz tapa bilmirəm.
Ata, sən böyük
filoloq alimsən, fikrimi anlayarsan, bəlkə də övladın ataya olan məhəbbətini ifadə edən söz dünya dillərinin lüğət
tərkibində yoxdur. Hər halda, illər uzunu ürəyimdə qalan və hər
dəfə yadıma düşdükcə məni
həyəcanlandıran duyğuları
gücüm çatan
dərəcədə dilə
gətirmək istəyirəm.
Bəlkə də etiraf üçün bir qədər gecikmişəm,
amma yenə də sənin səksən illik böyük ad günündə
danışmağı özümə
borc bilirəm.
Nədir bu etiraflar? Əvvələn, deyim ki, zamanında
səni dərindən
anlaya bilməmişdim.
Hələ bu azmış kimi, səni hamıdan çox istədiyimdən
hamıya qısqanmışam...
İcazənlə, fikirlərimə bir qədər aydınlıq gətirim.
2017-ci ilin yayında
mənim 36 yaşım
oldu, sən isə 80-nə çatdın.
Hesablayıram, aramızda
nə az,
nə çox, düz 44 yaş fərq var. Kitablarından
birində yazırsan ki, insanın ən ağıllı övladı müdrik çağda doğulanıdır.
Demək
istəmirəm ki, övladlarının içərisində
ən ağıllısı
və ən çox sənə bənzəyəni mənəm.
Hərçənd ki,
belə söyləyənlər
də var. İllər
sonra sənin əsərlərini oxuduqca
keşməkeşli uşaqlığın,
yeniyetməliyin, gəncliyinlə
bağlı xatirələrlə
tanış olduqca, bir
həqiqəti dərk
elədim ki, mənim atam bu qocaman dünyaya
ilkin başlanğıcdan
müdrik olaraq gəlib. Bu nə
yaşla, nə də başqa bir səbəblə bağlıdır.
Bilirsənmi, lap balaca olanda daha
çox nəyə həsəd aparmışam? Başqa
ataların uşaqlarını
qucaqlayıb öpməsinə, atalarla
balaların hay-küylü,
deyib-gülən
sevinclərinə. Mən də
başqa ataların uşaqları kimi öz atamın boynuna sarılmaq istəmişəm. Yəqin yadındadı, dərslərimizdən
razı qalanda sadəcə başımızı
sığallayıb alnımızdan
öpərdin, indi də elədi. Hərdən
mənə elə gəlirdi ki, bizi başqa atalar öz uşaqlarını istədiyi
qədər istəmirsən.
Ona görə də imkansız qohum-əqrəbanın
uşaqlarına qayğı
göstərəndə, onların
ailəsinə maddi-mənəvi
kömək eləyəndə,
sözün düzü,
acığım tuturdu.
Elə bilirdim, sən onları bizdən çox istəyirsən.
Bilirsən, bunları nə
ilə bağlayırdım,
düşünürdüm ki, biz dörd bacıyıq, qardaşımız
yoxdu, bəlkə ona görə atam bizimlə belə məsafəli, ciddi davranır. O zaman mən Allaha yalvardım ki, bizə bir qardaş
versin, atamın muradı gözündə
qalmasın. Deyirlər ki, Allah uşaqların
dualarını tez eşidir. Sənin oğlun oldu,
bizim qardaşımız.
Adını mən qoydum, Murad! Sən azca gülümsədin, başımı
sığalladın, alnımdan
öpüb, sən deyən olsun, qızım, söylədin.
Və sən oğlandı deyə Muradı bizdən üstün tutmadın, aramızda zərrə qədər fərq qoymadın.
Anam sanki duyğularımı gözümdən
oxuyurmuş. Artıq ağlım kəsən
yaşda idim. Bir gün ana-bala dərdləşirdik. O dedi
ki, bilirsənmi, Təriş, sən doğulanda atan iki erkək toğlu kəsdirib kasıb-kusuba payladı. Sözünün davamında anam
sənin körpəlik
illərindən, anasız
böyüməyindən danışdı.
Sən gözümdə böyüdükcə
böyüdün! Ana oldum, anamı anladım, iş adamı oldum, sənin bizə
şəxsi nümunəndə
göstərdiyin işgüzarlığın,
böyük məsuliyyətin,
ən başlıcası
geniş ürəkli
və xeyirxah, başqalarının, daha
doğrusu, xalqın maraqlarını öz maraqlarından üstün
tutmağın nə demək olduğunu anladım.
Bilirəm ki, sözümü qəribçiliyə salmayacaq,
qəbahətim olsa, bağışlayacaqsan, çünki
sənin ciddiliyinin arxasıda mərhəmət
dolu kövrək ürəyin var. Bunu hamı bilir!
Mən səni
kitablara, yazı masana, balaca yazı otağına çox qısqanmışam. Bəzən o kitablara paxıllığım
tutub, bəzən onları görən gözüm olmayıb.
Çünki sən işdən
evə gələn kimi yeməyini yeyib kabinetinə keçirdin. Biz isə səninlə danışmaq, deyib-gülmək
istəyirdik. Budur, aradan
illər keçib, yenə də zahirən atamın davranışlarında hər
şey dəyişmədən
qalır. Amma indi mən əvvəlki
illərdən fərqli düşünürəm
və deyirəm, nə yaxşı ki, bu, belədir. Dəyişən sadəcə mənəm,
mənim duyğularım,
düşüncələrimdi. Əsl həqiqəti görə
bilməyimdədir.
Yadımdadı, beşinci, ya da altıncı sinifdə oxuyurdum. Ad günüm idi. Anam dedi ki, sənə bir sürprizim var. Əlində sənin tərcümə etdiyin “Necə yaşayasan yüzü haqlayasan” kitabı vardı. Dedi ki, bu kitab atanın sənə hədiyyəsidi. İncidim. Ürəyimdə bu nə hədiyyədi, dedim, evin hər yanı kitabdı, neynirəm mən bunu? Anam, ay qızım, kitabın arasını bir aç bax, dedi. Ümidləndim, bəlkə sürpriz kitabın arasındadır? Açdım. Atamın imzası ilə bu sözlər yazılmışdı: Sevimli qızım Təranəyə. Bir zaman kitabın dəyərini biləcəyinə əminliklə. Tarixə baxdım. 13 iyul 1982-ci il. Atam bu avtoqrafı kitaba mənim bir yaşım olanda yazıbmış.
Ata, 35 il əvvəl, ayağımın yer, dilimin söz tutmadığı, ağlımın kəsmədiyi zamanda öz əlinlə avtoqraf yazıb mənə doğum günü hədiyyəsi etdiyin kitab indi evimin şah əsəridir, ən zəngin xəzinəmdir!
Biz balaca olanda sənin günün Tovuzun yollarında keçirdi. Biz bunu istəmirdik. Sənə elə hey acığım tuturdu. Nə var axı bu kişi qalıb yollarda, filankəsin oğlunun toyudu, bir adamdan nəmər göndərsin, hüzürü düşən var, kömək eləsin, bu qədər iş-gücün arasında gedir-gəlir, yorulur. Bizə zaman ayırmağa vaxt tapmır, amma Düzqırıxlını su yolu eləyib, deyə düşünürdüm. Bağışla, ata, sənin ürəyinin genişliyinə, mərhəmətinin, xeyirxahlığının tükənməzliyinə heyranam indi. Sən kitab adamısan, ata, sən torpaq adamısan, sən insan sərrafısan və bütün varlığın el-obaya, insanlara sevgidən yoğrulub, ata!
Doğru deyirsənmiş, insanın xasiyyəti onun qan yaddaşıdı. Uşaq vaxtı ayağımı sürüyə-sürüyə getdiyim o kənd - baba yurdu bu gün məni maqnit kimi özünə çəkir. Vaxt tapan kimi gedirəm. Mütləq məzarlığa baş çəkirəm. Kənd adamları səliqəli məzarları bircə-bircə göstərib deyəndə ki, bunlar kimi-kimsəsi olmayan rəhmətliklərindi, bu məzarların üstünü Qəzənfər müəllim öz xərci ilə götüzdürüb, ürəyim köksümə sığmır, ata. Xeyirxah əməllərinin şahidi olduqca, səni dönə-dönə bağrıma basıb öpmək və uşaq düşüncələrimə görə məni bağışlamanı diləmək istəyirəm. Nə qədər kimsəsizə əl tutmusan, nə qədər imkansızı oxutmusan. İndi anlayıram, sən bizə ayrılan vaxtı almamısan, əksinə bəzən biz şıltaqlıq eləyib sənin hər anı yaxşılıq hissi ilə dolu zamanından oğurlamışıq.
İndi mən təməlini qoyduğum və inkişaf etdirdiyim “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəriyəm. Paytaxtda və onun rayonlarında, eləcə də Gəncə, Lənkəran, Xaçmaz və s. şəhərlərdə şirkətin filiallarında artıq yüksək ixtisaslı psixoloqlar, psixopedaqoqlar, loqopedlər çalışır. Xalqın sağlam həyat tərzi naminə zəhmət çəkən iş adamıyam, işimlə, insanlara az-çox xidmətimlə tanınıram. Amma hara getsəm, hansı böyük mərtəbədə olsam, mənim yeganə statusum var: Qəzənfər Paşayevin qızı Təranə Məmmədova! Bu statusu daşımaq böyük məsuliyyətdir, bunu yaxşı bilirəm. Bu status təkcə mənim yox, bütün ailəmizin, nəslimizin, gələcəyimizin tanınma nişanıdır. Sənin insanlığınla, yaradıcı əməyinlə, xalqa xidmətinlə qürur duyuram!
Hədiyyə verməyi sevirsən, amma kimdənsə hədiyyə almağı xoşlamırsan, bunu bilirəm. Səni azacıq da olsa sevindirmək istədim. Və səni nəyin daha çox sevindirə bilcəyinə əmin olduğum üçün bu “Fotodastan”ın yaradılması ideyasını səksən yaşına hədiyyə olaraq dəstəklədim. Dünyaya gəlişin mübarək, Qəzənfər müəllim! Hər bir azərbaycanlı kimi biz də səninlə fəxr edirik!
Qızın Təranə MƏMMƏDOVA
Bakı, avqust, 2017-ci il
525-ci qəzet.- 2017.- 9 sentybar.- S.19.