Akademik Məmməd Cəfər Cəfərovun dram əsəri: “Get dolangilən, xainsən hələ”

 

“Plyus bədii yaradıcılıq” silsiləsindən

 

 

Azərbaycan elminin tarixində akademik Məmməd Cəfər Cəfərovun xüsusi yeri və böyük xidmətləri var.

 

İlk növbədə onu qeyd etmək lazımdır ki, XX əsr Azərbaycan humanitar və ictimai  elmlərinin tarixində Məmməd Cəfər Cəfərov qədər universal dünyagörüşə malik olan elmi və ədəbi şəxsiyyət göstərmək çətindir. Məmməd Cəfər Cəfərov   ədəbiyyatşünaslıq elminin inkişafında mühüm bir mərhələ yaratmış görkəmli elm xadimi olmaqla bərabər, fəlsəfə-estetika, dilçilik, pedaqogika, teatrşünaslıq istiqamətlərində də yüksək professional səviyyədə qiymətli elmi irs qoyub getmiş görkəmli mütəfəkkir şəxsiyyətdir. Məmməd Cəfər müəllim ədəbiyyatşünaslıq elmini də demək olar ki, bütün sahələri üzrə tam genişlikdə və yüksək səviyyədə təmsil etmişdir. Məmməd Cəfər Cəfərovun ədəbiyyat nəzəriyyəsi, ədəbi tənqid, ədəbiyyat tarixi, ədəbi əlaqələr, folklorşünaslıq istiqamətlərinin hər birində akademik səviyyədə yazılmış qiymətli elmi əsərləri onun müəllifinə filologiya elminin tarixində əbədi yaşamaq haqqı qazandırmış sanballı örnəklərdir. Yəni Məmməd Cəfər Cəfərov ali elmi rütbə olan akademik anlayışına fərqli bir nəzəri səviyyə gətirmiş görkəmli elm xadimidir.

 

Akademik Məmməd Cəfər Cəfərov bədii yaradıcılıqla da demək olar ki, fəaliyyətinin bütün dövrlərində məşğul olmuşdur. Lakin görkəmli elm xadimi bədii yaradıcılıq sahəsindəki xidmətlərini uzun illər ərzində arxa planda saxlamışdır. Əslində isə bu iş onun çoxcəhətli fəaliyyətinin əhəmiyyətli bir istiqaməti idi. Məmməd Cəfər müəllim ilk hekayələrini hələ Böyük Vətən müharibəsi ərəfəsində “Ədəbiyyat qəzeti”ndə çap etdirmişdir. Onun 1942-ci ildə çap olunmuş “Snayper İlyas” adlı kitabındakı hekayələrdə müharibə hadisələri təsvir edilmişdir. Məmməd Cəfər Cəfərovun “Əntiqə adamlar” kitabındakı (1981) bədii nümunələr elmi-ədəbi mühitdə satirik nəsrin orijinal nümunələri və xarakter hekayələri kimi qəbul olunur. Bizim akademik Məmməd Cəfər Cəfərovun vəfatından sonra onun arxivindən üzə çıxarıb kitab halında nəsr etdirdiyimiz “Xatirələr” memuarı (2010) həm Azərbaycan xatirə ədəbiyyatının, həm də müasir bədii nəsrin inkişafında xüsusi yer tutmağa layiq əsərdir. Anadan olmasının 100 illik yubileyi ərəfəsində arxivindən əldə edib çap etdirdiyimiz “İnsanlar və talelər” kinodramı (2009) akademik Məmməd Cəfər Cəfərovun ssenariçilik və dramaturgiya sahəsindəki böyük istedadını da üzə çıxardı. Bu, böyük demokrat ədib Cəlil Məmmədquluzadənin həyatı və mühitinə, mübarizəsi və ideallarına, əməl və məslək dostlarına həsr olunmuş mükəmməl bir bədii sənət nümunəsidir. Əsərin kinodram janrında yazılmasından görünür ki, Məmməd Cəfər müəllim Mirzə Cəlilə həsr olunmuş film çəkdirmək arzusunda olmuşdur. Əsərin 2012-ci ildə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında uğurla tamaşaya qoyulması ilə böyük müəllimimizin sağlığında çata bilmədiyi arzusu təxminən həyata keçmiş oldu.

 

Azərbaycan oxucusuna akademik Məmməd Cəfər Cəfərovun daha bir dram əsərini təqdim edirik. “Get dolangilən, xainsən hələ” adlanan bu komediyada elmi-tədqiqat institutlarından birində  baş verən hadisələrdən bəhs edilir. Həcm etibarilə 4 pərdə və 7 şəkildən olan bu komediyada ayrılıqda götürülmüş bir elmi kollektivin timsalında əslində, geniş mənada keçmiş sovet cəmiyyətinin daxili ziddiyyətlərindən söz açılmışdır. Dövrün ideoloji çətinliklərini nəzərə alsaq, əsərdə cəmiyyətin içəridən çürüməsinin real vəziyyətinin təsvir edilməsi və dəyişmək, yeniləşmə zərurətinin irəli sürülməsi zamanına görə böyük cəsarət nümayiş etdirmək demək idi. Sovet hakimiyyəti illərində yazılmış bu əsər onun müəllifi olan böyük mütəfəkkir şəxsiyyətin nə qədər uzaqgörən alim-ədib olduğunu göstərir.

 

“Get dolangilən, xainsən hələ” komediyasını müəllif “Molla Nəsrəddin guşəsindən” ümumi başlığı ilə qələmə almışdır. “Molla Nəsrəddin guşəsi” Məmməd Cəfər Cəfərovun elmi və ədəbi fəaliyyətini əhatə edən əsərlər silsiləsini özündə birləşdirir. Fikrimizcə, görkəmli elm xadiminin hələ 1948-ci ildə yazıb Azərbaycan Elmlər Akademiyasının “Xəbərlər” jurnalında çap etdirdiyi “Molla Nəsrəddin, yoxsa Molla Xəsrəddin” məqaləsi bu elmi və ədəbi əsərlər silsiləsinin proqramını təşkil edir. Böyük demokrat ədib Cəlil Məmmədquluzadə haqqında bir neçə dildə: - Azərbaycan, rus, ingilis və ərəb dillərində çap etdirdiyi kitab, Mirzə Ələkbər Sabirə həsr olunmuş sanballı məqaləsi Məmməd Cəfər müəllimin “Molla Nəsrəddin güşəsi”nin əhəmiyyətli elmi hadisələridir. Bədii yaradıcılıq sahəsində isə onun “Əntiqə adamlar” kitabına daxil olan satirik hekayələri mollanəsrəddinçilik ənənələrinin yaradıcı şəkildə davam etdirilməsindən yoğrulmuş ciddi, maraqlı və təsirli ədəbi örnəklərdir.

 

Azərbaycan mollanəsrəddinçi realist ədəbiyyatın banisi Cəlil Məmmədquluzadənin əməl və məslək dostlarının mübarizəsinə həsr olunmuş “İnsanlar və tatelər” kinodramı mollanəsrəddinçi ədəbiyyata böyük ehtiramı ifadə edən qiymətli ədəbi abidədir. Fikrimizcə, “Get dolangilən, xainsən hələ” komediyası Məmməd Cəfər Cəfərovun əsl vətəndaş mollanəsrəddinçi mövqedən xalqın və ölkənin inkişafına, böyük və işıqlı gələcəyinə xidmət edən bədii əsər yazmaq idealının konkret əməli ifadəsidir. Elmi əsərlərində mollanəsrəddinçi realist-demokratik ədəbiyyatın dərin mahiyyətini yüksək nəzəri səviyyədə açıb göstərən və bu ədəbi təlimin qarşısında dayanan ümummilli vəzifələri cəmiyyətin diqqətinə çatdıran alim “Get dolangilən, xainsən hələ” komediyası ilə həmin çağırışın konkret ədəbi nümunəsini  meydana qoymuşdur. Tərəddüd etmədən deyə bilərik ki, “Get dolangilən, xainsən hələ” komediyası ideya-məzmunca və sənətkarlıq etibarilə, xüsusən xalqın və ölkənin mövcud mürəkkəb vəziyyətini təqdim etməklə onun böyük gələcəyinə işıq salmaq baxımından Azərbaycan dramaturgiyasının ən qiymətli əsərləri ilə yanaşı dura biləcək sanballı dram əsəridir.

 

Məmməd Cəfərin “Get dolangilən, xainsən hələ” əsəri xarakterlər dramıdır. Pyesdə iştirak edən bütün obrazlar fərdi simaları ilə fərqlənirlər. Burada bir-birini təkrar edən heç bir surət yoxdur. Hətta eyni cəbhəni təmsil edən, idealları və hədəfləri bir olan obrazların da hər biri özünəməxsus xarakteri ilə fərdiləşir. Burası da qiymətlidir ki, müəllif obrazların xarakteri ilə onların cəmiyyətdəki sosial funksiyasını tarazlı şəkildə eyniləşdirir. Hətta bəzi məqamlarda obrazların adlarından alim-dramaturqun onlara tənqidi münasibət bəslədiyini hiss etmək mümkündür. Bütün bunlar Məmməd Cəfər Cəfərovun “Get dolangilən, xainsən hələ” pyesində elmi-tədqiqat institutlarından birində çalışan fərqli baxışlara malik əməkdaşların fəaliyyətlərinin fonunda nəinki bir institutun, geniş mənada həmin dövrün real mənzərəsini bütün reallıqları ilə, əhatəli şəkildə dərindən təsvir etməsinə imkan yaratmışdır. Əsərdəki fərdi xüsusiyyətləri ilə seçilən obrazlar əməl və rəftarları, dünyabaxışlarındakı fərqli xüsusiyyətləri ilə sosializm cəmiyyətində, bu quruluşun ziyalı mühitində, elmi dairələrindəki dərin ziddiyyətləri, şəxsi maraqların ümumi mənafelərdən uca tutulmasından doğan gərgin dramatik vəziyyətləri bir neçə bucaqdan və obyektiv mövqedən açıb göstərməsinə meydan açır.

 

“Get dolangilən, xainsən hələ” sözün əsl mənasında elmi mühitin komediyasını ifadə edən düşündürücü və ibrətamiz dram əsəridir. Əsərdəki əsas konflikt fəaliyyətini yalnız öz vəzifəsini qoruyub saxlamağa həsr edən elmi-tədqiqat institutunun direktoru Əbil Əbilovla yenilikçi baxışlara malik olan elmi katib Fikrət,  baş elmi işçi Ağa Əmi və onların tərəfdarları arasında cərəyan edən hadisələr vasitəsilə davam etdirilir. Lakin müəllif çox böyük ustalıqla, necə deyərlər, konflikt içində konfliktlər yaratmaqla mühitin mürəkkəbliyini diqqət mərkəzinə çəkir.

 

Elmi mühitə saxta yollarla təsadüfən gəlmiş direktor müavini Məmiş Veysəllinin çoxplanlı məkrli gedişləri direktorla kollektiv arasındakı gərginliyi daha da dərinləşdirir. Əbilovun dediyi kimi, “intriqaçının, materialbazın biri” olan, “bir neçəsini yıxa-yıxa gəlib bura çıxan” Məmiş Veysəllinin direktorun institutda ixtisar aparılacağı haqqında yaratdığı qalmaqaldan öz xeyrinə faydalanmaq məqsədilə məharətlə adamları bir-birinə qarşı qoyması onu konfliktin hərəkətverici qüvvəsinə çevrilir.

 

Əbilovun şəxsi mənafelərini qorumaq üçün institutun bölünməsi və əməkdaşların otuz faizinin ixtisara salınacağı haqda yaratdığı süni vahimə, elmi katib Fikrətin və baş elmi işçi Ağa Əmi Seyidzadənin sağlam qüvvələri ixtisardan qorumaq səyləri açıq və örtülü daxili toqquşmaların, mənəvi böhranın şiddətini daha artırır. Hətta eyni mövqedə olan elmi işçilərlə - Mənsurə və Şərqiyyə arasında da gərginlik yaradılır. Məmməd Cəfər Cəfərov əsər boyu baş verən hadisələrin axarında həm də təqdim etdiyi obrazların fərdi xarakterini açmaq üçün müxtəlif vasitələrdən istifadə edir.

 

Baş elmi işçilər Salovay Miskərli və Cəbi Heydərlinin münasibətlərindəki çoxillik konfliktin yeni məcrada daha da gərginləşməsi institutun mürəkkəb mənzərəsini təsəvvür etməyə imkan verir. Əsərdə müsbət qütbü təmsil edən Mənsurənin əri elmi işçi Qeysərin sentimentallığı həm hadisələrin daha da gərginləşdirilməsinə, həm də aydınlaşdırılmasına xidmət edir. Müəllif Qeysərin sentimental əhvali-ruhiyəsindən istifadə edərək əsərdə cərəyan edən hadisələrə və insanlara fərqli baxışları ifadə etməyə nail olur. Dörd min səhifədən ibarət olan roman yazıb, rəy üçün institutun əməkdaşlarından heç bir reaksiya ala bilməyən, həyat yoldaşı Mənsurə ilə elmi katib Fikrətin elmi əməkdaşlıq sahəsində və vahid mövqeyi müdafiə etməkdə birlik nümayiş etdirmək səylərini qısqanclıqla qarşılayan Qeysər əsərdəki əsas ideyanın açılmasında mühüm rol oynayır.

 

Fikrimizcə, müəllifin hadisələrin mərkəzində dayanan, lakin əsas ideyaları ifadə etməkdə zəiflik göstərərək intihar etməyə cəhd göstərən Qeysər obrazından da konfliktin açılışında istifadə etməsi bədii ədəbiyyatda yeni addımdır. Qeysərin özünə sui-qəsd etdiyini zənn edib, sanki o dünyada ayılmasını təqdim edən altıncı səhnə Azərbaycan dramaturgiyasında bənzəri olmayan fərqli bir tamaşadır. Bir qədər mübaliğəli görünsə də, Qeysərin “intihardan” sonra o dünyada yaşadığı düşüncələrin bədii ifadəsi və qaibanə monoloqu Cəlil Məmmədquluzadənin “Ölülər” tragikomediyasındakı məşhur qəbirstanlıq səhnəsini xatırladır.

 

Məmməd Cəfər Cəfərov yaşadığı cəmiyyət haqqındakı əsas fikirlərindən bir çoxunu bu düşündürücü səhnədə ifadə etmişdir. Bu səhnədə istedad və mühit, ləyaqət və dəyanət, mənəviyyat və ümidsizlik kimi təzadların fonunda təkcə bir institutun kollektivinin deyil, bütövlükdə keçmiş sovet cəmiyyətinin iç üzü açılıb göstərilir. Bu, çox dərin, psixoloji cəhətdən əsaslandırılmış ibrətamiz dramatik səhnədir. Qeysərin dilindən deyilmiş o dünyaya aid edilən “deyəsən mizan-tərəzi yox imiş”, yaxud “başımızın üstündəkilər necə də qorxuncdurlar” - kimi fikirləri əslində alim-dramaturqun sovet cəmiyyətinə kəskin tənqidi münasibətinin ifadəsidir. Bu sentimental adamın o dünyadan gələn monoloqu əslində real dünyanın cəhənnəmə bənzədilməsindən ibarətdir: “Bunlar nədir... Görəsən, cənnətə düşmüşəm, ya cəhənnəmə? Ciyərim od tutub yanır. Deyəsən, cəhənnəmdir. Bu, başımın üstündəkilər nədir? Necə də qorxuncdurlar? Ağızlarını necə də açmışlar. Elə bil məni də udacaqlar... Nahaq intihar etdim, lap nahaq. Gör özümü gətirib hara saldım. Görəsən, bunun dalısı nə olacaq? Axı o dünyada deyirdilər öləndən sonra sorğu-sual olacaq, nizam-tərəzi olacaq. Taqətim də yoxdur tərpənəm... Bir qələm də yoxdur. Deyəsən, mizan-tərəzi məsələsi yalan imiş”.

 

Bu, “Get dolangilən, xainsən hələ” komediyasında Məmməd Cəfər Cəfərovun yaşadığı dövrün dərin ziddiyyətləri haqqında “o dünyadan danışmaq” mənasında düşünülmüş orijinal və ədəbiyyatımızda analoqu olmayan bədii priyomudur. Aspiranturaya qəbul imtahanı verən istedadlı gənc Hörmüzün suallara cavabı kimi biletinə düşən “Onlar bir neçə nəfər idilər” adlı bədii əsərin surətlərini təhlil etmək vasitəsilə institutdakı mənasız çəkişmələri, bu fonda dövrün anlaşılmazlıqlarını tənqid etməsini də dramaturji cəhətdən müəllifin tapıntısı saya bilərik. Burada Cəlil Məmmədquluzadənin “Ölülər” əsərində Şeyx Nəsrullahın istifadə etdiyi “Get, sən də fikirləş” priyomuna bənzəyən, lakin ondan fərqli olan bir üsuldan istifadə olunmuşdur.

 

Hörmüzün “Onlar bir neçə nəfər idi” romanındakı Dərgahqulu obrazının əxlaqi-mənəvi kasadlığı, əliəyriliyi, “özünə ali məktəb diplomu düzəltməsi, hətta namizədlik dissertasiyası müdafiə edib, elmi müəssisələrin birində mühüm vəzifə tutması” haqqında dedikləri ilə imtahan komissiyasının sədri, institutun direktor müavini Məmiş Veysəllinin sosial-mənəvi siması tam üst-üstə düşdüyü üçün o, “keç ikinci surətə” - deyə mətləbi özündən yayındırmağa çalışır. Hörmüzün əsərdəki Əsmərov surətinin təhlilindəki cəsarətsiz, müstəqil düşünmək qabiliyyəti olmayan, masabaz-vəzifəpərəst, arvadından və demaqoqlardan qorxduğu üçün ağa qara deyən kimi səciyyələndirdiyi xüsusiyyətlərdə özünü görən institutunun direktoru da “keçin o biri surətə” - deyə müraciət etməli olur.

 

Cavan aspirantın növbəti surətlərin təhlili zamanı müraciət etdiyi əsərdə “otuz il əvvəl arvadları hamamda tas üstə deyişmiş, bir-birinin ərlərini söymüş” qadınların başladığı ailə münaqişəsini davam etdirən Hətəmov və Həkəmovun məişətin xırdalıqlarından irəli gedə bilmədikləri, “qanlı-bıçaq” olmaları, bu səbəbdən də institutda daim pozuculuq rolunda çıxış etmələri haqqındakı fikirləri imtahan komissiyasının üzləri elmlər namizədləri Heydərli ilə Mişgərlinin həyat yoluna çox uyğun gəldiyi üçün onlar da “məsləhətdirsə, keçsin o biri surətlərə” deməli olurlar.

 

Beləliklə, Məmməd Cəfər Cəfərov elmi-tədqiqat institutunun imtahan komissiyasını yaşadığı dövrün obıvatel ziyalı cəmiyyətinin ümumiləşmiş obrazı kimi canlandırmış və ifşa etmişdir. “Get, sən də fikirləş”dən “keç, o biri suala”nın əsas fərqi ondan ibarətdir ki, birincidə mənfi obraz bu yolla avamlığın, cəhalətin qurbanı olan diri ölüləri aldadıb, məqsədinə çatmaq istəyirsə, ikinci halda əsərin müsbət qəhrəmanlarından olan Hörmüz necə deyərlər, imtiyazlı  “müzrür tipləri” ifşa etdiyi üçün onlar “keç, o biri suala” deməyə məcbur olurlar. Hədəf, məqsəd xalqı ayıltmaq, müxtəlif ictimai quruluşlarda olsa da, mövcud vəziyyətdən qurtuluş yolları tapmaqdan ibarətdir. Lakin ifşa üsulları fərqlidir. Cəlil Məmmədquluzadənin məqsədi “diri ölüləri” ayıltmaq, Məmməd Cəfər Cəfərovun qayəsi isə “ölü canlardan” yaxa qurtarmağa çağırışdır. Geniş mənada “Ölülər” tragikomediyasında Şeyx Nəsrullahların əsarəti altında inildəyən cəmiyyəti darmadağın etmək, “Get dolangilən, xainsən hələ” komediyasında isə sovet cəmiyyətini kökündən dəyişmək ideyası dayanır. Doğrudur, Cəlil Məmmədquluzadə kimi Məmməd Cəfər Cəfərov da baş verməsini arzu etdiyi dəyişikliklərin yollarını göstərməmişdir.  Məmməd Cəfər Cəfərovun təqdimatında bu dəyişmə bir qədər ehtiyatla “yeniləşdirmə”, “yeni qüvvələrin meydana çıxması” zərurəti kimi ifadə olunmuşdur. Buna baxmayaraq, “Ölülər”də olduğu kimi, “Get dolangilən” əsərində də artıq cəmiyyətin mövcud qaydalarla yaşaya bilməyəcəyi, dəyişməyə möhtac olduğu isbat edilmişdir.

 

Fikrimizcə, Məmməd Cəfər Cəfərov “Get dolangilən, xainsən hələ” əsərini komediya adlandırsa da, pyesin ideya-məzmunu, konfliktin xarakteri, ictimai mühitin faciəvi hallarının təqdimatına işıq salınması əsərin tragikomediya janrında yazıldığını göstərir. “Get dolangilən, xainsən hələ” pyesi elmi mühitin komediyasını və təsvir edilən dövrün və cəmiyyətin faciəsini əks etdirir. Sovet cəmiyyətində faciə janrı rəsmi şəkildə qadağan olunmasa da, ədəbi mühitdə mütləq şəkildə bədii əsərlərin faciə adlandırılmasına yol verilməməsi müəllifin pyesi komediya kimi təqdim etməsinə səbəb olmuşdur.

 

Tragikomediya janrında yazılmış digər mükəmməl əsərlərdə olduğu kimi, “Get dolangilən, xainsən hələ” pyesində də estetik idealı ifadə edən, eybəcər mühitə qarşı mübarizə aparan qüvvələrin təqdimatı özünəməxsus yer tutur. Əsəri diqqətlə izləsək, pyesdə cəmiyyəti geriyə çəkən, şəxsi mənafelərə üstünlük verən, insanlığa zərbə vuran qüvvələrlə xalqın gələcəyini düşünən, ədaləti müdafiə edən qüvvələrin nisbəti zahirən demək olar ki, eynidir. Elmi-tədqiqat institutunun direktoru Əbil Əbilov, onun müavini Məmiş Veysəlli, baş elmi işçilər Salavay Miskərli və Cəbi Heydərli, əyri yollarla aspiranturaya daxil olmaq istəyən gənc Əlmurad dövrün cəhalətini təmsil edirlər. İnstitutun elmi katibi Fikrət, istedadlı tədqiqatçı Mənsurə, haqq-ədalət üçün çalışan baş elmi işçi Ağa Əmi Seyidzadə, fotoqraf Əli, işlər müdiri Məsumə, aspirant Hörmüz dövrün işığının daşıyıcılarıdırlar.  Professor Səlimzadə obrazı “yarım ştat” gücündə olsa da, müəllif tərəfindən ağsaqqal, yeniliyin müdafiəçisi və bələdçisi funksiyalarını həyata keçirən obraz kimi pyesdə mühüm yer tutur. Romançı-tədqiqatçı Qeysər Almuradoğlu isə müxtəlif qütblər arasında tərədüd keçirən qüvvələrin obrazıdır. Lakin birincilərin arasında birlik və etibar olmadığı üçün və eyni zamanda, onlardan hər birinin şəxsi maraqlarının daha güclü olmasına görə “cəhalət fədailəri” fəndgir, müəyyən qədər imtiyazlı olsalar da, əslində, miskin və gücsüzdürlər.

 

Yeniliyi və ədaləti müdafiə edənlər isə çalışdıqları mühitdə ikinci təbəqə olsalar da, ideallarında həmrəy olduqları üçün irəliyə baxmaq, birgə səy göstərmək, birləşmək imkanlarına malikdirlər. Əsərdə onlar irəliyə doğru çağırışları mühitin sərt üzünə açıq-aydın deməkdən çəkinmirlər. İşıqlı qüvvələrin fəaliyyətini əlaqələndirən institutun elmi katibi Fikrətin imtahan komissiyasının iclasında dediyi aşağıdakı sözlər mühitin eybəcərliyinə sərt ittiham kimi səslənir: “Bütün xalqa məlum olan bir cinayəti niyə ört-basdır edirsiniz? Elmin, mədəniyyətin, tərəqqinin düşmənlərini, xalq, vətən, partiya, dövlət düşmənlərini niyə camaatın nəzərindən yayındırmaq istəyirsiniz? Tələbədən rüşvət alan müəllim yoxdur? Neçəsini məhkəməyə veriblər? Neçəsini iti qovan kimi ali məktəblərdən qovublar... Heç bilirsinizmi bu nə deməkdir? Bu, xalqın elm, maarif, mədəniyyət sahəsində bu qırx bel ildə əldə etdiyi bütün nailiyyətləri kökündən baltalamaq deməkdir... Bu, istedadları, ləyaqətliləri məhv etmək, ümidləri, arzuları, xəyalları puça çıxarmaq, həvəsləri öldürmək, söndürmək, aferistliyə, fırıldağa yol açmaq, imkan yaratmaq deməkdir. Niyə bu canlı həyat faktını görmək istəmirsiniz? Niyə demirsiniz ki, bu afiristləri tanıyın! Və hamımız bir yerdə deyin ki, Tfu, sizin üzünüzə!”

 

Gəncliyi-gələcəyi təmsil edən aspirant Hörmüzün qəbul imtahanında suallara verdiyi cavablar kimi düşünülmüş mühakimələrində elmi mühitin qaranlıqlarına işıq salınır və cəmiyyəti yeniləşdirməyə kimlərlə getməyin mümkünlüyünə inam qüvvətləndirilir. Onun “Onlar bir neçə nəfər idi” əsərindəki Zakir obrazının dilindən səsləndirdiyi aşağıdakı fikirlər əgər cəmiyyət bu şəkildə davam edərsə, “onda nə olar” kimi siyasi xarakterli ciddi salının cavabı haqqında düşünməyə çağırır: “Ey mənim iş yoldaşlarım, qardaşlarım, ey mənim vətəndaşlarım! Bir mənə deyin görüm, siz nə vaxta qədər bir-birinizin ayağından çəkəcəksiniz? Nə vaxta qədər bir-birinizin ətini yeyib, qanını içəcəksiniz?

 

...Siz eyni bir vətəndə yaşamırsınız?.. Bəs niyə bir-biriniz üçün bu gözəl havanı zəhərləyirsiniz? Bu geniş Vətən niyə sizə darlıq edir? Niyə biriniz yüksələndə, irəli gedəndə o birinin başına daş düşür? Məgər siz bir ananın övladları deyilsiniz? Niyə bu ananın hala südünü bir-birinizə haram edirsiniz? Siz mənə elə bir-iki istedadlı adam göstərin ki, onlardan biri o birini əvəz edə bilsin! Hansı axmaq deyər ki, iki nəfər yaxşı dilçidən biri artıqdır... Hansı axmaq düşünə bilər ki, beş nəfər yaxşı bəstəkardan biri artıqdır? Hansı axmaq deyər ki, beş nəfər yaxşı mühəndisdən biri artıqdır?

 

...Təsəvvür edin elə bir Vətən ki, orada yaxşı rəssamı-rəssamın gözü götürməyə, yaxşı mühəndisi-mühəndisin, hüquqşünası-hüquqşünasın, ...yaxşı həkimi-həkimin gözü götürməyə?! ...Yaxşı müəllimi-müəllimin gözü götürməyə, yaxşı ministri-ministirin gözü götürməyə... Onda nə olar?”

 

Göründüyü kimi, Məmməd Cəfər Cəfərov bu monoloqda əslində, cəmiyyətin demək olar ki, əksər təbəqələrini dargözlükdə, paxıllıqda, bir-birinin ayağından çəkməkdə, dövrünə görə nadanlıqda ittiham edir. Bununla əsərdə ayrı-ayrı fərdlərin deyil, geniş mənada mövcud cəmiyyətin acınacaqlı mürəkkəb mənzərəsi canlandırılır. Problemin oxuculara, yaxud tamaşaçılara bütün kəskinliyi ilə çatdırılması üçün real gerçəkliklərin cavan bir tələbə tərəfindən bədii əsərdən gətirilmiş “sitat” kimi səsələndirilməsi sovet dövrü senzurasının diqqətindən yayınmaq məqsədi daşıyır. Eyni zamanda, Hörmüzün ittiham etdiyi cəmiyyəti bir qədər sonra bir xalqın adını batıran “bir ovuc paxılların murdar hərəkətləri” miqyasında şərh edilərək, səhnəyə çıxarılacaq bir əsərdə zahirən kiçiltməsi də dövrün sərt ideoloji tələblərini aşa bilmək məqsədi daşıyır.

 

Bir məsələyə də diqqəti cəlb etməyi zəruri hesab edirəm. Həmin dövrdə Azərbaycan ədəbiyyatında yazıçıların qaldırdıqları problemlər daha çox ümumi tərəqqi ilə, yaxud da konkret fəaliyyət sahəsi ilə (məsələn “Abşeron” (Mehdi Hüseyn), yaxud “Tərsanə” (Həsən Seyidbəyli), “Həyat bizi çağırır” (Vidadi Babanlı) və sair romanlarda, dram əsərlərində olduğu kimi) əlaqədar olaraq formalaşdırılmışdır. Böyük Vətən müharibəsindən sonra “altmışıncılar”a qədərki dövrün ədəbiyyatının əsas formatı belə idi. “Get dolangilən, xainsən hələ” tragikomediyasında isə demək olar ki, cəmiyyətin bütün təbəqələrini əhatə edən ittihamlar, suallar, dərin, ağıllı mühakimələr nəzərə çarpdırılır. Fikrimizcə, bu, əsərin yazıçı yox, istedadlı bir elm adamı tərəfindən yazılmasından irəli gələn mühüm bir fərqli cəhətdir. Aşkar görünür ki, “Get dolangilən, xainsən hələ” tragikomediyasında həyatın vəsf edilməsi yox, dərk olunması və təhlildən keçirilərək gəlinmiş yekun qənaətlərin xalqa çatdırılması cəmiyyətdə gedən proseslərlə alim gözü ilə baxmağın nəticədir.

 

Dərin mütəfəkkir düşüncəsinə malik olmadan yalnız istedadın gücü ilə “Get dolangilən, xainsən hələ” tragikomediyası kimi dərin ictimai mahiyyət daşıyan əsərin yazılması mümkün ola bilməzdi. Bu əsər yazıldığı dövrün mövcud cəmiyyətinin mütəfəkkir səviyyəsində dərk edilməsi və böyük gələcəyin uzaqgörən bir ağılla proqnozlaşdırılması əsasında yaranmışdır. Əsərdə elmi idrakla bədii istedadın üzvü sintezi cəmiyyətdə gedən proseslərin dərindən təhlilinə və irəliyə doğru çıxış yollarının müəyyən edilməsinə yol açır.

 

Bu mənada “Get dolangilən, xainsən hələ” tragikomediyası elm ağırlıqlı bədii əsərdir. Əsərdə heç bir fakt və informasiya dialoqda özünə yer almasa da, hadisələrin ağıllı, uzaqgörən məntiqlə və bədii vasitələrlə təsvir edilməsi Məmməd Cəfər Cəfərovun “Get dolangilən, xainsən hələ” pyesinin özünəməxsusluğunu müəyyən edir.

 

Bundan başqa, əsərdəki öz əksini tapmış çox ciddi ictimai mətləblərin senzuranın gözündən qaçırmaq üçün düşünülmüş bədii priyomlar yazıçı fəhmi ilə tapılması çətin olan, alim qavrayışı vasitəsilə düşünülən, dərk olunan yaradıcılıq özünəməxsusluğunun uğurlu bədii ifadəsidir. Həmçinin, elmi mühitin hadisə və adamlarının bədii ədəbiyyata, dram əsərinə gətirilməsi də yazıçı təsvirindən çox, alim müdaxiləsini və yanaşmasını tələb edir. Buna görə də Azərbaycan ədəbiyyatında həyatın digər sahələri ilə müqayisədə elmi mühitin problemlərindən, elm adamlarının mənəvi dünyasından, onları narahat edən məsələlərdən bəhs edən ciddi əsərlər çox deyildir. Məmməd Cəfər Cəfərovun “Get dolangilən, xainsən hələ” tragikomediyası alimlərin həyatını, elmi mühitin qayğılarını, düyünlərini bədii ədəbiyyata gətirən ciddi və əhəmiyyətli əsərdir.

 

“Get dolangilən, xainsən hələ” pyesi nə vaxt yazılmışdır? Bu barədə əlyazmasında konkret bir tarix göstərilməmişdir. Əsərin ümumi ruhu, burada qaldırılan kəskin problemlər, açıq və cəsarətli ideyalar pyesin XX əsrin səksəninci illərinin axırlarında, sovet cəmiyyətində “aşkarlıq və demokratiya dövrü” adlandırılan mərhələdə yazıldığını düşünməyə əsas verir. Lakin “Get dolangilən, xainsən hələ” tragikomediyasının üçüncü pərdəsinin beşinci səhnəsində əsərin aparıcı obrazlarından Fikrətin mükaliməsində ifadə olunan “Bu, xalqın elm, maarif, mədəniyyət sahəsində qırx beş ildə əldə etdiyi bütün nailiyyətləri kökündən baltalamaq deməkdir” - cümləsindəki tarix pyesin 1965-ci ildə, yəni sovet hakimiyyətinin qurulmasının qırxbeşinci ilində qələmə alındığını göstərir. Həmin dövrdə Azərbaycan ədəbiyyatında belə tənqidi ruhlu, ciddi ictimai məzmuna malik olan dram əsərinin meydana çıxması son dərəcə cəsarətli hadisədir.

 

Belə düşünmək mümkündür ki, o zaman 56 yaşında olan Məmməd Cəfər Cəfərov Sovet cəmiyyətində baş vermiş “Xruşov istiləşməsi”ndən cürət taparaq bu səviyyədə cəmiyyət həyatına dərindən müdaxilə edən dərin ictimai məzmuna malik obyektiv bir əsər yazmağa qərar vermişdir. Öz ideya-məzmununa, cəmiyyətin yeniləşdirilməsi, hətta dəyişdirilməsi ideyasını irəli sürməsinə görə Məmməd Cəfər Cəfərovun “Get dolangilən, xainsən hələ” tragikomediyası zamanını qabaqlamış bədii əsərdir. Bu, Azərbaycan tarixində görkəmli dövlət xadimi Heydər Əliyevin şərəfli adı və böyük mübarizəsi ilə əlaqədar olan möhtəşəm epoxanın baş verməsi zərurətini, SSRİ adlanan imperiyanın, xüsusən də ölkəmizin yeniləşməsinə və dəyişməsinə olan ciddi həyati tələbatı realist şəkildə əks etdirən cəsarətlə yazılmış uzaqgörən və sanballı bədii əsərdir. Heç bir mübaliğəyə yol vermədən Məmməd Cəfər Cəfərovun “Get dolangilən, xainsən hələ” tragikomediyasını Azərbaycan dramaturgiyasının tarixində mühüm ədəbi hadisə sayıla biləcək qiymətli əsərlərdən biri hesab edirəm. Fikrimizcə, əsərin yazıldığı vaxt çapa təqdim edilməməsinin və ya tamaşaya qoyulmasına cəhd göstərilməməsinin əsl səbəbi əsərin birmənalı qarşılanmayacağına qəti inamdan irəli gəlmişdir. Sonralar isə görünür ki, akademik çevrələrdə əsl elm adamlarının bədii əsərlərlə çıxış etmələrinə qeyri-ciddi münasibət bəslənilməsini hiss edən Məmməd Cəfər Cəfərov özünü elm cəbhəsində gördüyü üçün belə bir təşəbbüsə təvazökarlıqla və ehtiyatla yanaşmışdır.

 

Məmməd Cəfər müəlim “Get dolangilən, xainsən hələ” tragikomediyasında ümumiyyətlə bədii əsər üçün, xüsusən də səhnə vasitəsilə tamaşaçı ilə ünsiyyətdə olan dramaturgiya üçün mühüm əhəmiyyət kəsb edən katarsis məsələsini də yaradıcılıqla həll etmişdir. Belə ki, pyesin altıncı pərdəsində Qeysərin onu əhatə edən mühit və iş yoldaşları haqqında mühakimələri ilə məsələlər aydınlaşmağa başlayır.

 

Bu mənada altıncı səhnə Qeysərin katarsisidir. Fotoqraf Əlinin dirijorluq etdiyi bu səhnə ilə “Get dolangilən, xainsən hələ” pyesinin razvyazkası, hadisələrin düyün nöqtəsinin açılışı başlanır. Əsərin razvyazka və epiloqdan ibarət olan son yeddinci səhnəsi vaxtilə böyük yunan filosofu Aristotelin kəşf etdiyi katarsisin tam ifadə olunduğu möhtəşəm  finaldır. Aydınlaşdırma və mənəvi təmizləmə proseslərinin hər ikisi bu ibrətamiz səhnədə bütün təbiiliyi ilə baş tutur. Mənsurənin doktorluq dissertasiyasının müdafiəsindən sonra öz evində təşkil etdiyi qonaqlıq səhnəsi əsər boyu inkişaf edib gərginləşən dramatizmin açılmasına, mətləblərin və münasibətlərin aydınlaşdırılmasına vasitə olur. Ziyafətdə ustalıqla yaxın ətrafında əl-ayağa dolaşanları bir daha aldadaraq institutun bölünməsindən sonra Veysəllinin, Misgərli və Heydərlinin irəli çəkiləcəyinə inandırmağa çalışan Əbilovun məqsədi və məramı aydınlaşır. Yeni institutlara direktor və ya müavin təyin olunmaq vədi zəminində otuz illik küsülülüyə son qoyub süni surətdə barışıb, bölünmə planının Əbilovun uydurması olduğunu bildikdən sonra isə tez də yenidən düşmənə çevrilən Misgərli və Heydərlinin mənəviyyatca simasızlığı sona qədər açılır. Donosçuluğu açılandan sonra da “yolundan” dönməyən Veysəllinin nə qədər mürəkkəb xarakterə malik olması, bundan sonra düzəlməsinə imkan yeri qalmaması tam müəyyən olunur. Müəllifin ustalıqla kəşf etdiyi Misgərlinin və Heydərlinin bir-birlərinə bərk sillə vurmaları da onların ayılmalarına, tutduqları pis yoldan peşiman olub geri çəkilmələrinə təsir göstərə bilmir. Böyük Mirzə Cəlil Məmmədquluzadə demişkən, “qalada yatmış idim, top atdılar oyanmadım”. Oxucu və tamaşaçı üçün bütün bunlar Aristotelin sözləri ilə desək, “mərhəmət və qorxu hissi sayəsində belə hisslərin və onlara bənzər ehtirasların təmizlənməsinə kömək edir”.

 

“Get dolangilən, xainsən hələ” tragikomediyasının ən mühüm aydınlaşdırma məqamı “məzzür tiplərin” ifşaçı ilə bağlı səhnədir. Elmi mühitdə ağsaqqallıq missiyasını həyata keçirən, müdrikliyi və yeniliyin müdafiəçisi olması ilə irəliyə doğru inkişafa təsir göstərən professor Səlimzadənin rəsmi iclasda aparılmış müzakirələr qəbul olunmuş qərarlar haqqındakı açıqlamalarında institutun bölünməsinin, ixtisar aparılmasının direktor Əbiloun uydurması olmasının bəyan edilməsi ilə elmi-ictimai mühitin mürəkkəbliyinin aydınlaşdırılması prosesi başa çatır. İclasda “institutu qüvvətləndirmək, yeni elmi qüvvələr cəlb etmək” haqqında qərarların qəbul edilməsi haqqındakı məlumat isə elmi kollektivin rəhbərliyinin dəyişdiriləcəyini diqtə edir. Dramaturq Məmməd Cəfərin işıqlı qüvvələrin mərkəzi siması kimi təqdim etdiyi Fikrətin dilindən ifadə etdiyi aşağıdakı fikirlər mənəvi təmizləmə prosesinin yekun müddəaları kimi səslənir: “Əgər ixtisara bu qədər həvəsiniz varsa (institutda 30 faiz ixtisarın aparılması məsələsi nəzərdə tutulur - İ.H.), mənə qulaq asın! Birinci növbədə təbiətimizdə, şüurunuzda olan zəhərli maddələri ixtisar edin, xudpəsəndliyi, eqoizmi ixtisar edin. Paxıllığı, xəbisliyi ixtisar edin. Yalançılığı, ikiüzlüyü ixtisar edin, saxtakarlığı, demaqoqluğu ixtisar edin. Məfkurəsizliyi, prinsipsizliyi ixtisar edin. Materialbazlığı, dedi-qodunu, fitnəkarlığı, şeytançılığı ixtisar edin. Rüşvətxorluğu, tamahkarlığı, qorxaqğılı, çarəsizliyi, şöhrətpərəstliyi, avamlığı, cəhaləti, mövhumatı, xurafatı ixtisar edin. Əgər belə olsa, həyat da gözəl olar, institut da, ömür xoş keçər”.

 

Məmməd Cəfərin “Get dolangilən, xainsən hələ” tragikomediyası Azərbaycan sovet ədəbiyyatında sosialist realizmi dövründə yaranmışdır. Lakin sosialist realizmi yaradıcılıq metodunun prinsipləri ilə səsləşən xüsusiyyətlər, yəni  hadisələrə sinfilik baxımdan yanaşılması, proletar beynəlmiləlçiliyi, mövcud ideologiyaya müsbət tendensiya və sairəyə pyesdə rast gəlmək mümkün deyildir. Əksinə, əsərdə hadisələrə tənqidi yanaşma, tipik şəraitin reallıqlarının dərindən açılması və ümumiləşdirilməsi, acı gülüş və sarkazm daha qabarıq ifadə olunmuşdur.

 

Bu mənada “Get dolangilən, xainsən hələ” pyesi yaradıcılıq metodu baxımından tənqidi realizmin xüsusiyyətlərinə cavab verən əsərdir. Pyesin yazıldığı 1965-ci ildə Azərbaycanda ədəbiyyat meydanına çıxmış “altmışıncılar” hələ özlərinin ilk debütlərini edib, əsasən kiçik həcmli əsərləri ilə çıxış etmişdilər. Bu mənada Məmməd Cəfərin “Get dolangilən, xainsən hələ” əsəri sovet hakimiyyəti illərində Azərbaycan ədəbiyyatında sosialist realizmi yaradıcılıq metodunun buxovlarını qıran, çərçivəsini, sədlərini aşaraq obyektiv reallıqları əks etdirən ilk iri həcmə malik mükəmməl sənət nümunəsidir.

 

“Get dolangilən, xainsən hələ” tragikomediyası partiyalı ədəbiyyat da deyildir. Əsərdə bir yerdə cümlə daxilində “partiya” sözü işlədilsə də, xalqın “qırx beş ildə əldə etdiyi nailiyyətlər” ifadəsinə rast gəlinsə də, bütövlükdə müəllifin hadisə və insanlara partiya mövqeyindən yanaşma meyli yoxdur. Yuxarıda göstərilən müəyyən dərəcədə ideoloji xarakterli sözlər isə dövrün koloritini əks etdirməkdən başqa hər hansı bir ideoloji tendensiyaya rəğbəti ifadə etmir. Məmməd Cəfər həmin ifadələrin işlədildiyi mətndə ölkədə partiya-prinsiplərinin, əldə olunan nailiyyətlərin “kökündən baltalanmasından” bəhs edir ki, bu da mövzuya tənqidi münasibətin ifadəsi idi.

 

Məmməd Cəfər Cəfərovun təqdim etdiyi ixtisar fəlsəfəsi müəllifin mövcud cəmiyyətdə aparılmasını zəruri saydığı islahatlardan ibarətdir. “Get dolangilən, xainsən hələ” pyesinin əsas ideyasını bütün gücü və enerjisi ilə diqqət mərkəzinə çəkən ixtisar məsələsi əslində tam mənası ilə məntiqi baxımdan insanları mənəvi cəhətdən buxovlayan və qarşıdurmalara geniş yol açan ictimai quruluşun özünün ixtisar olunmasını nəzərdə tutur. Bu motivin əsas ideyanın daşıyıcısı olduğunu nəzərə almaqla əsəri “İxtisar” da adlandırmaq olardı. Lakin əsərdə ixtisar məsələsini həddindən çox qabartmaq yazıldığı dövrdə hakimiyyətin qəzəbinə səbəb ola bilər, müəllifə hansı acı aqibəti yaşatmaqla bərabər, ən azı “Get dolangilən, xainsən hələ” tragikomediyasının ixtisarına, səhnədən, yaxud mətbəədən çıxarılmasına gətirib çıxarardı. Ona görə də Məmməd Cəfər müəllim məsələyə daha geniş və ümumiləşdirici gözlə baxmağı bacarmış, yekun sözünü əsərin finalında epiloq əvəzi kimi təqdim etdiyi remarka ilə aşağıdakı kimi ifadə etmişdir: “Səhnənin Əbilov, Veysəlli, Misgərli və Heydərli oturan tərəfi qaranlıqlaşır. Onlar başlarını aşağı dikmişlər. Qalanları (Fikrət, Ağa Əmi, Mənsurə, Əli, Hörmüz - İ.H.) səhnənin işıqlı tərəfinə toplaşır”. Səhnəyə düşən işıqdan və qaranlıqdan oxucunun və ya tamaşaçının müstəqil olaraq çıxaracağı nəticə ibrətamizdir. Ağa Əminin dirijorluğu ilə oxunan xalq mahnısı işığın qaranlıq üzərindəki qələbəsinin təntənəsini ümumiləşdirir:

 

Get dolangilən

Xainsən həmiz.

Püxtə olmağa

Çox səfər gərək.

Müğli-qafilə

Həmzəban olub

Dövrə burmağa

Balü-pər gərək.

 

Bu mahnının sözləri yalnız səhnədə qaranlığa qərq olanlara yox, bütövlükdə həmin qüvvələrə meydan verən dövrə, zamana qarşı ittiham aktıdır.

 

Yazıldığı vaxtdan 52 il keçməsinə baxmayaraq, müəllifin böyük uzaqgörənliyinin işığında meydana çıxmış bu düşündürücü əsər müasir dövrümüz üçün də aktual və əhəmiyyətlidir. “Get dolangilən, xainsən hələ” tragikomediyası dövlət müstəqilliyi dövründə ölkəmizdə xalqımızın milli mənafeyinə və dövlətçilik maraqlarına xidmət edən böyük yeniliklərin, ictimai-mədəni sahədəki dəyişikliklərin mahiyyətini daha dərindən dərk etməyə, qədrini-qiymətini bilməyə və bu davamlı prosesin fəal iştirakçısı olmağa çağırır. Ona görə də bu əsər təkcə yazıldığı dövrün deyil, üzə çıxarılıb nəşr olunduğu hazırkı, yeni zamanın da ciddi, aktual və əhəmiyyətli bədii nümunəsidir. Qələmə alındığı vaxtdan sonra cəmiyyətdə ciddi ictimai-siyasi dəyişikliklərin baş verməsinə baxmayaraq, “Get dolangilən, xainsən hələ” pyesinin mətnində bir sətir, hətta bir söz də dəyişmədən, olduğu kimi çap olunması bu ibrətamiz əsərin Azərbaycan dramaturgiyasının tarixində əhəmiyyətli yer tutacağının göstəricisidir.

 

İnanırıq ki, akademik Məmməd Cəfər Cəfərovun müasir ideyalar və çağırışlarla zəngin olan “Get dolangilən, xainsən hələ” tragikomediyası Azərbaycan teatrlarının repertuarında özünün layiq oluduğu yeri tutacaqdır.

 

10 avqust 2017-ci il

Soçi, “Çernomorye”

 

 

 

İsa HƏBİBBƏYLİ

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik

 

 

525-ci qəzet.- 2017.- 9 sentybar.- S.16-17;23.