Ziyalı borcu
"Səhər-səhər"
rubrikasında
Avqustun 31-də köhnə
dostum, görkəmli türkoloq alim Tofiq Məliklinin 75 yaşı tamam oldu.
Tofiq üç mədəniyyəti
- türk, rus və Azərbaycan mədəniyyətini öz
varlığında üzvi şəkildə
birləşdirən nadir şəxsiyyətlərdəndir.
Bakıda
və sonralar Moskvada mükəmməl türkoloji təhsil alan T.Məlikli ümumtürk abidələri - Orxon-Yenisey daş kitabələrindən üzü
bəri klassik ədəbiyyatımızı - Orta əsrlərdə bir axarda gəlişən
Azərbaycan və Türkiyə ədəbiyyatını
dərindən bilməklə
və tədqiq etməklə yanaşı,
araşdırmalarında çağdaş
yazıçılara da
geniş yer verir. Böyük Nazım Hikmət haqqında Moskvada, İstanbulda, Bakıda nəşr olunan kitabları, şəxsi tanışları, dəfələrlə
görüşdüyü və yazışdığı Fazil
Hüsnü Dağlarca,
Əziz Nesin, Yaşar Kamal, Oktay Akbal kimi
şair və nasirlər, “Qəribçilər”
- Orhan Vəli, Məlik Cövdət Anday, Oqtay Rifət,
“İkinci Yeni”nin təmsilçiləri, ortaq
dostumuz Ataol Bəhramoğlu azərbaycanlı
türkoloqun
kitabları, məqalələri,
esseləri, tərcümələri
vasitəsiylə keçmiş SSRİ-də daha çox tanındılar. Özü
də istedadlı
şair olan Tofiq Məlikli çağdaş türk
şairlərini çevirməklə, Orxan Pamukun “İstanbul” romanını tərcümə
etməklə rus oxucusunda da bu
müəlliflərə maraq oyatmışdı.
Azərbaycan Dövlət Televiziyasıyla
“Poeziya” verilişini apararkən istər klassk, istərsə də müasir Türkiyə şairlərindən danışan
zaman mütləq Tofiq Məliklini dəvət edirdim, ən müxtəlif müəlliflər
haqqında mötəbər, mükəmməl
söhbətlər edirdi.
Eyni zamanda, Tofiq doğma Azərbaycan ədədibiyyatının
də ardıcıl araşdırıcılarındandır. Hələ
sovet dönəmində
bir çox əngəllərə, hətta
təhlükələrə rəğmən Bakıda
ilk dədə “Kitabi Dədə Qorqud”a həsr olunmuş (o cümlədən, görkəmli
qorqudşünas Orxan
Şaiq Kökyayın
da iştirak etdiyi) beynəlxalq elmi simpoziumun keçirilməsi
Tofiq Məliklinin möhkəm iradəsi və yorulmaz səyləriylə baş tutdu.
Uzun illər Moskvada yaşayan alim bu şəhərdə həmyerlilərimizin müxtəlif
təşkilatlarının rəhbərliyində təmsil
olunub, özü da “Ocaq” cəmiyyətini yaradıb, Azərbaycan Yazıçılar
Birliyinin Moskva şöbəsinin sədri kimi də çox önəmli işlərə
imza atıb. Onun fəal təşkilatçılığıyla keçirilən
bir sıra tədbirlər
- elə son
illərdə
“Molla Nəsrəddin”
jurnalına həsr olunmuş tədbir, böyük Səməd Vurğunun yubileyi, Azərbaycan yazıçılar
təşkilatının 80 illiyiylə bağlı toplantılar çox uğurlu oldu.
Son vaxtlar daha çox doğma vətənində
yaşayan Tofiqin elmi, ədəbi, ictimai fəallığı
səngimir. O, rusca yazan müəlliflərin
Yazıçılar Birliyinin
nəzdində yaranmış
“Luç” dərnəyinə
rəhbərlik edir, Birliyin ədəbi orqanlarında mütəmadi
yazılar yazır, müsahibələr verir, çağdaş
ədəbi prosesdə
aktiv iştirak edır.
Tofiqin şəxsiyyətində yüksək
peşəkarlıq, çalışdığı
sahənin kamil uzmanlığıyla bərabər
dünyada baş verənlərə biganə
qalmamaq, özəlliklə
doğma xalqının
ictimai, ədəbi problemlərinə həssas
münasibət çox
bəyəndiyim və
bizi daha da doğmalaşdıran keyfiyyətdir.
Müstəqil dövlətimizin hər sahədə uğurlarına
övlad qüruruyla sevindiyi kimi, həllini tapmamış elmi və ədəbi
məsələlərə də laqeyd qalmaması Tofiqin vətəndaş narahatlığından
doğan bir cəhətdir. Birliyimizin ədəbi orqanlarının
fəaliyyəti, onların
uğurları və ara-sıra üzə çıxan qüsurları,
dilimizin saflığıyla
bağlı qayğılar,
orta və ali təhsil məsələləsiylə əlaqədar problemlər,
humanitar elmlərin, o cümlədən,
türkologiyamızın qarşısında duran vəzifələr T.Məliklini
daima düşünüdürən
məsələlərdir. Bu məsələlərin
vaxtlı-vaxtında və
ən optimal şəkildə
həlli üçün
o, biliklərini, bacarığını,
enerjisini əsirgəmir.
Ara-sıra mətbuatda yer alan səviyyəsiz, kökündən yanlış
yanaşmalar hamımız
kimi Tofiqi də narazı salır, həyəcanlandırır.
Dilimizin orta məktəblərdə tədrisi,
dərs kitablarının
gənclərimizin yetişməsində
oynaya biləcəyi rol -
çıxışlarında, yazılarında
daima diqqət mərkəzində tutduğu
məsələlərdir. Təsadüfən
yazıçı adlandırılanların,
yaxud ədəbiyyata heç bir dəxli olmayan adamların gündəmdə
qalmaq naminə “şok”, “sensasion” bəyantları
mənəviyyatımızın təəssübünü çəkən
hər kəs kimi Tofiqi də narahat edir. Klassiklərimizi dərsliklərdən çıxarmaq kimi absurd təkliflər irəli sürən ədəbi marginalların sözünü
ciddi qəbul etməyə dəyməz.
Amma guya ki, bu çağırışlara
cavab verən bir təhsil ekspertinin, “qaş düzəldən yerdə
vurub göz çıxarması” təəccübdən
çox hiddət doğurur. Bu təhsil eksperti dərsliklərə
klassiklərin salınmasına
guya ki, bəraət qazandırmaqçün
yazır ( sitatı olduğu kimi gətirirəm):
“Müasir Azərbaycan
ədəbiyyatı yoxdur. Ona görə də məcburuq ki, dərsliklərimizdə Azərbaycanın
qədim dövrlərini
göstərək, düşünülməsin
ki,
bu gün Azərbaycan ədəbiyyatı yoxdursa, keçmişdə də
olmayıb”.
Vəssəlam! Nə deyəsən? Görəsən, bu ekspert “olmayan” müasir Azərbaycan ədəbiyyatı deyəndə hansı dövrü nəzərdə tutur, Cəfər Cabbarlının, Səməd Vurğunun və nəsildaşlarının adlarıyla səciyyələnən dövrü, ya onlardan sonra gələnləri - İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, İsa Muğanna, Sabir Əhmədli, Qabil, Əli Kərim, Məmməd Araz, Yusif və Vaqif Səmədoğlular, Maqsud İbrahimbəyov, İsi Məlikzadənin yazıb yaratdıqları dövrü... yaxud əsərləri ölkəmizdən çox-çox uzaqlarda da maraq doğuran, tərcümə və nəşr olunan, təqdim və tədqiq edilən “altımışıncıları”? Onlardan sonra gələn və artıq özlərini təsdiq etmiş neçə-neçə yeni ədəbi nəsilləri? Bütün bunlar müasir Azərbaycan ədədiyyatı deyilsə, nədir? Ya ekspertin rəyincə, sanki bütün bunlar yerli-dibli yoxdur. Deməli, bir söz - müasir Azərbaycan ədəbiyyatı yoxdur, nəşr olunan kitablar, tamaşaya qoyulan pyeslər, çəkilən filmlər, ədəbi jurnallarımızda, qəzetimizdə çap olunanlar ədəbiyyat deyil. Odur ki, əlac ancaq klassikləri dərslərə salmaqdır.
Müasir Azərbaycan ədəbiyyatından yazmaq istəməyən ekspertin ədəbiyyatımız haqqında təsəvvürü isə belədir: “Bəs nəyi göstərək? Bu gün hansısa qızın ayağından yazan şairin yaradıcılığını göstərək, ya içib xəstəliyə düşməsindən yazaq?”
Budur ekspertin düşüncəsində müasir Azərbaycan ədəbiyyatı!
Bərəkallah belə ekspertə!
Əlbəttə, belə-belə fəsadları məntiqsiz və mənasız söz yığımı kimi də qiymətləndirmək olar. Amma həqiqi Azərbaycan ziyalısının bu sayaq ifrat “şok” iddiaları cavabsız qoyması acı nəticələr verə bilər.
Nəsil-nəsil insanları yetişdirən doğma ədəbiyyatımıza “nankor münasibətə” münasibət bildirmək hər bir vicdanlı ziyalının borcudur.
75 yaşını təbrik etdiyimiz Tofiq Məlikli də məhz bu vicdan borcuna daima sadiq qalan görkəmli alimimiz, tanınmış yazıçımız, həqiqi ziyalımızdır...
ANAR
Xalq
yazıçısı, Azərbaycan Yazıçılar
Birliyinin sədri
525-ci qəzet.- 2017.- 9 sentybar.- S.9.