“525-ci qəzet”
barədə bir neçə söz -
“525”-25
“525-ci qəzet”in qarşıdan
gələn 25 illik yubileyi ilə bağlı Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədlinin rəhbərliyilə
xüsusi nəşr layihəsi həyata keçirilir.
Bununla əlaqədar
hazırlanan kitabda Azərbaycanın dəyərli
qələm adamlarının
fikirləri, yazıları
yer alacaq.
Həmin yazılar ardıcıl şəkildə qəzetimizdə
də dərc olunacaq.
“525-ci qəzet” qarmaqarışıqlıq
dövründə çıxan
ilk nömrəsindən başlayaraq
Azərbaycan ədəbiyyatına,
ümumiyyətlə, mədəniyyətimizə,
ictimai fikrimizə göstərdiyi xidmətlərə
görə, onun 25 illik yubileyi, elə bilirəm ki, mənəvi dünyamızın bütün
bu sahələri üçün
də əlamətdar
bir hadisədir.
Mətbuatımız sovet ideoloji çərçivələrindən
azad olduqdan sonra Azərbaycan mətbuat tarixindən, milli jurnalistika ənənələrimizdən, hətta sadəcə olaraq mətbuatın və jurnalistikanın mahiyyətindən xəbəri
olmayan adamlar belə, qəzet nəşr etməyə başladılar və çap etdikləri şayiələrlə, çayxana
söhbətləriylə, bəzən açıq-aşkar
böhtanlarla, “şok
xəbərlərlə” sarı
mətbuat ajiotajı yaratdılar.
Belə
bir vaxtda “525-ci qəzet” müstəqil Azərbaycan quruculuğunun
ciddi və aktual problemlərini işıqlandırmaqla, 70 illik
fasilədən sonra, dediyim həmin mətbuat ənənələrinin
unudulmadığını göstərdi, bu ənənələri davam
etdirdi.
“525-ci qəzet” ictimai-siyasi qəzetdir, ancaq ədəbiyyat mövzusu
(və ədəbiyyatın
maraqları!) onun ən prioritet mövzularından biridir və o vaxt ki, bir çox
mətbuat orqanlarında
dərc olunan naşı və avam müəlliflərin
“bədii”, eləcə
də “tənqidi” yazıları bədii-estetik
zövqü korşaldırdı,
“525-ci qəzet” özünün
professional müəlliflər aktivini yaratmağa nail oldu, istedadlı gəncləri özünə
cəlb etdi, bədii ədəbiyyatla,
onun problemləri ilə bağlı vacib bir tribunaya
çevrildi, bununla da son 25 ildə ədəbiyyatımızın inkişafında əhəmiyyətli
rol oynadı.
Mənim yazı-pozu işlərimdə
də “525-ci qəzet”in
xüsusi yeri var.
Bu 25 ildə mənim
yazdığım hekayə
və povestlərin demək olar ki, hamısı (!) Azərbaycan dilində
ilk dəfə “525-ci qəzet”də
dərc olunub, eləcə də məqalələrimin, prinsipial
hesab etdiyim müsahibələrimin bir
çoxu “525-ci qəzet”də
çap edilib.
O vaxt ki, o qəzetcikdə-bu
qəzetcikdə mənim
haqqımda bəsit, səviyyəsiz qeybət və dedi-qodular, bəzən isə nadan yazılar, ağ yalanlar
yazılırdı (inersiya
ilə hələ də adda-budda davam edir), “525-ci qəzet” onlara ən yaxşı cavabı mənim hekayələrimi, məqalələrimi
dərc etməklə
verirdi. Mən həmişə bunu demişəm ki, əgər mənim yaradıcılığım
avam dedi-qodusuna davam gətirməyəcəksə,
onda yaxşı edirlər bu işlə məşğul
olurlar. Onlara ən tutarlı
cavab - əsərdir.
Bu 25 ildə bizim Mirzə Fətəli, yaxud Sabir, yaxud
da Mirzə Cəlil kimi klassiklərimiz səriştəsiz
və primitiv tənqidə məruz qalanda “525-ci qəzet”in obyektiv mövqeyi bu qələm sahiblərinin effektli müdafiəsinə qalxıb.
“525-ci qəzet” sovet
dövrü ədəbiyyatımıza,
bu ədəbiyyatın
(və yazıçıların!)
keçdiyi keşməkeşli
sənət yoluna, məruz qaldıqları böyük faciələrə
və eyni zamanda, elə həmin dövrdə qazanılmış böyük
də uğurlara həmişə obyektiv yanaşıb və obyektiv qiymət verib.
Bütün bu dediklərimin ilkin səbəbi, əlbəttə, bu qəzeti yaradan amal, zövq və səriştədir.
O zaman ki, az-çox
bacarığı və
imkanı olan adamların çoxu restoran açmağa, şadlıq evi tikməyə, biznesin başqa sahələrinə
əl atmağa çalışırdı, Rəşad
Məcid “525-ci qəzet”i
yaratdı və bu “yaratdı” ifadəsini mən təsadüfi yazmıram,
çünki məhz
həmin amal, zövq və səriştə qısa vaxt ərzində bu qəzeti çox az saylı
əsas (və nüfuzlu!) mətbuat orqanlarından biri etdi.
O amal, zövq və səriştə
“525-ci qəzet”in ən
ağır sınaqlardan
çıxmasında ona
dayaq oldu.
Və mən buna
şübhə etmirəm ki, “525-ci qəzet”
qarşıda hələ çox yubileyləri
bu cür
açıq alın və sanballa
qarşılayacaq.
ELÇİN
525-ci qəzet.- 2017.- 9 sentybar.- S.8.