"Bitməmiş son"un təəssüratları
Uşaqlıqda hansı bir əsəri oxuyurdumsa, uzun müddət o kitabın təsirində qalırdım. Hətta xeyli vaxt tanış olduğum
qəhrəmanların taleyini
düşünür və
onların həyat hekayələrini unuda bilmirdim.
Etiraf edim ki, bəzi surətlərin
sonda yazıçıdan
fərqli olaraq ömür yolunu da özüm istədiyim məcraya yönəldir və təxəyyülümdə onları
düşündüyüm kimi əbədiləşdirirdim. Sonluğu faciə
ilə bitən əsərin qəhrəmanının
ölüm səhnəsinə
ona görə də qəti təəssüflənməzdim. Çünki bilirdim ki, acı sonluq
yaşamağa haqqı
olan bir müsbət qəhrəmanın
hafizəmə köçməsini
əngəlləyə bilməz...
Yaşımın üstünə yaş gəldikcə, illəri yola saldıqca bir çoxları kimi bədii ədəbiyyata tam fərqli
rakursdan yanaşmağa
başladım. Reallıqda insanların dramatik
həyatını eşitdikcə,
gündəlik rastlaşdığımız
bir-birindən ağır
olayların şahidi olduqca ədəbiyyatdan demək olar ki, yavaş-yavaş uzaqlaşırdım. Ara-sıra oxuduğum
əsərlərdə də
diqqətçəkən məqamlara
az-az rast gəlirdim. Son günlər
oxuduğum bu kitab əlimə düşənə qədər...
Tələbə qızım yay
tətilinə buraxılarkən
sevimli müəllimi
professor Cəlal Qasımov
onlara Seymur Şeydayevin "Bitməmiş
son" kitabını hədiyyə
verib və oxumağı tövsiyə
edib. Alimin nəyə görə əsərə önəm
verdiyini və oxunmasını məsləhət
bildiyini öyrənmək
istəyi ilə kitabı vərəqləmək
qərarına gəldim...
Müəllif "Bitməmiş son" kitabında
eyniadlı povesti və üç hekayəsində həyatda
baş verən gerçək hadisələrdən
söhbət açıb,
onu tam reallıqla oxuculara nəql edir. Hadisə necə baş
veribsə, onu eləcə olduğu kimi bəzəksiz, düzəksiz, bədii boyasız öz təbii fonunda təsvir edib. Onun əsərindəki Qəmər
surəti çoxlarımızın
tanıdığı minlərlə
analarımızdan biri
olan Azərbaycan qadınının ümumiləşdirilmiş
obrazıdır. Övladını
təkbaşına böyüdən
bu ana əri
öləndən sonra
gözünün ağı-qarası
olan bircə balasına atasının yoxluğunu hiss elətdirməyib.
Bir əli torpağında, bir əli də
bağında-bahatında olub,
3 yaşındakı ciyərparasının
sağlam böyüməsi
üçün illərini
ona həsr edərkən bir dəfə də olsun yoruldum deməyib. Ürəyinin
yağını yedirib,
gözünün nurunu
bəxş etdiyi yeganə övladını
Bakıya ali
məktəbə yollayıb.
Oğlu ali
məktəbə girən
gün ananın keçirdiyi həyəcan
və sevinc hissələri bizə nəinki bu əsərdən, eləcə
də hər birimizin ailəsində yaşanılan, canlı şahidi olduğumuz tanış səhnələrdir.
Oğul anasını kənddə
damın altında tək qoyub məlum səbəbdən
şəhərə, yəni
oxumağa gəlir.
Əsərin süjet xətti həyatda olmuş hadisə üzərində
qurulub. Özü də belə
hadisə bir ailənin faciəsi deyil, bir neçə
dəfə eşitdiyimiz
və tez-tez qarşılaşdığımız cəmiyyəti narahat edən olaylardandır.
Real həyatda kənddən şəhərə
oxumağa gələn
bəzi qızların
yolunu azdıqlarının
dəfələrlə şahidi
olmuşuq ki, onların əməlləri
ailəsinə başıaşağılıq
gətirib. El-oba içərisində valideynlərini xəcil ediblər. Ancaq oğul səhv
edəndə daha ağır faciələr
olurmuş. Bir ocağın
işığı sönürmüş,
yurdun qapıları bağlanırmış, nəslin,
soykökün şəcərəsi
kəsilirmiş.
"Bitməmiş son" povestindəki Qəmər
ana obrazı həyatda çoxlarımıza
rast gələn sürətlərdən biridir.
Deyirlər ki, analar övladının
səhvini bağışlamağı
bacarır. Görəsən, bəs niyə
Qəmər ana Rüstəmi əfv etmir? Bir oxucu kimi, özüm də ana olduğum üçün və eləcə də atasız böyüyüb,
Qəmər ananın
taleyi kimi ağır məşəqqətlər
içərisində yaşayan
bir ananın övladı olduğuma görə Rüstəm kimi oğulu bağışlaya bilmərəm.
Çünki nə olursa
olsun, insan öz səhvini düzəltməyi, iradə
nümayiş edirməyi
bacarmalı, anasının
haqqını qaytarmağı
düşünməlidir.
Rüstəm isə aciz insandır. Uğursuz izdivacdan doğulan övladlarına boğazına dolanan kəndir kimi saymasına, ailə qurduğu qadına əfi ilan kimi baxmasına baxmayaraq, onlardan ayrılmağa cürəti çatmayan zəif xarakterli bir obrazdır. Ona görə də acizliyinə görə vəziyyətdən çıxış yolu tapmaqda çətinlik çəkir. Belə tale yaşayan xeyli insan tanıyıram və bilirəm ki, onlarla siz də qarşılaşmısınız. Həyatı boyu nələr çəkdiyini görmüsünüz, öz əli ilə özünə qəbir qazan, ömrünü zindana çevirən fərdlərdən biridir "Bitməmiş son" povestinin qəhrəmanı. Rüstəmin səhvi nədə olub? Qəmər ananı hiddətləndirən və oğlunu bağışlamamasının səbəbi nədir? Bu haqda ətraflı danışıb nələrin baş verdiyini tam açıqlamaq istəmirəm. Yaxşı olar ki, oxucular əsəri özləri oxusunlar.
Povestdəki Zeynəb arvad, Gülgəz, Fidan, Mirpaşa əmi və b. obrazlar da bizə həyatımızda rast gəldiyimiz tanış simalardır. Kənddə birinin yurd yeri oğulsuz qalanda elatın xeyirxah insanları tez kömək əlini uzadar, ev sahibinin köməyinə çatar. Ona kimsəsiz olduğunu hiss etdirməzlər. Qəmər ananın dərdini elin-obanın yaxşı insanları, mehriban və qayğıkeş kənd camaatı ovundurmağa cəhd etsə də, onun ürək ağrısına məlhəm ola bilmirlər.
Professor Cəlal Qasımovun tələbələrə belə bir əsəri tövsiyə etməsi həqiqətən alqışlanmalıdır.
Zənnimcə, bu cür mövzuların bədii ədəbiyyatda əksi və gənclərə təbliği çox gərəklidir.
Gəncliyin ən maraqlı yaddaqalan dövrü tələbəlik illəri hesab olunur. Kənddən şəhərə gələn, bir qarnı ac, bir qarnı tox kirayələrdə, yataqxanalarda yaşayan bir qrup gənc illər sonra keçmişləri nostalji ilə yada salırlar. "Bitməmiş son" kitabında mən də addımladığım yollardakı izlərə, yaddaşımda əbədiləşmiş adlara, məkanlara rast gəldim. Seymurun hekayələrində universitet həyatından bədii lövhələr, yataqxana mühitindən ştrixlər, tələbə şəhərciyindəki ərzaq mağazamızda durduğumuz növbələr, "Kvant" restoranında tələbə yoldaşlarımızın "komsomol toyları", hekayədə fakültədəki müəllimlərin adları dəqiq çəkilməsə də, öz şəxsi keyfiyyətlərinə görə illər sonra da adi bir bədii ifadədən tanımağım insanlar, ali məktəbi bitirib Bakı küçələrində iş axtarmaq istəyi ilə keçirdiyimiz nigarançılıq, daha nələr, nələr...
Ona görə də
"Bitməmiş son" əsərini
həvəslə oxudum və gəncliyimizə
də cəmiyyəti narahat edən aktual mövzularda
yazılmış belə əsərlərin təbliğ
olunmasını istəyirəm. Belə kitablara
milli ehtiyacımız olduğu
üçün müəllifə
yaradıcılıq yollarında uğurlar
arzulayıram.
Şəlalə MƏHYƏDDİNQIZI
Azərbaycan Radiosunun redaktoru
525-ci qəzet.- 2017.- 12 sentybar.- S.8.