108 illik sənət və sevgi tarixçəsi
Teatr
bilicilərinin qənaətinə görə, yeni
mövsümün açılışına təkcə
aktyorlar, rejissorlar, dirijor, rəssam, baletmeyster, tamaşanın
uğuruna cavabdeh olan bütün texniki heyət və təbii
ki, həm də rəhbərlik deyil, tamaşaçılar da
eyni həyəcan, eyni məsuliyyət və eyni həvəslə
hazırlaşmalıdır.
Birincilər
yaradacaqları obrazların, oynayacaqları rolların, araya-ərsəyə
gəlməsinə əmək sərf etdikləri
tamaşanın necə qarşılanacağını
düşünərək səhnə ilə
tamaşaçı salonu arasındakı gözəgörünməz
ünsiyyət və anlaşma bağlarının möhkəmliyini
bir daha sınaqdan keçirməyə, ikincilərsə, bu sənət
məbədinin foyesindən başlayaraq ta tamaşa salonunadək
gördükləri hər detalı, onları real həyatdan
ayırıb sənətin sehirli və cazibədar aləminində
bütün qayğılarını unutduracaq, bəzi
suallarını cavablandıra biləcək tamaşalar
seçməyə, aktyor oyunundan, rejissor yozumundan, musiqi və
rəng sintezindən yaranan sənət və səhnə əsərlərini
təfəkkür və mənimsəmə süzgəcindən
keçirərək dəyərləndirməyə
çalışmalıdılar. Çünki
yaradıcılıq qarşılıqlı anlaşma
müstəvisi, zövq söhbəti, müəlliflə-oxucu,
tamaşa ilə tamaşaçı arasında fərdi
ünsiyyət körpüsüdür. Məncə,
hər bir səhnə və ekran əsərinə ilk növbədə
çox hazırlıqlı bir tərəf
müqabili-tamaşaçı auditoriyası lazımdır
ki, o toplum - yəni oxucu, tamaşaçı, dinləyici bəzən
aylar və bəzənsə, hətta illər boyu çəkilən
zəhmətin mənəvi dəyərini, qiymətini verə
bilsin. Yalnız bu tandem baş tutanda ortaya
maraqlı və yaddaqalan yaradıcılıq nümunələri
çıxa bilər.
108 illik sənət
təcrübəsi və sevgi tarixçəsi olan Azərbaycan
Dövlət Musiqili Teatrının kollektivi də yeni
mövsümə bu ümidlərlə gəlib; yaddaşlarda
yaşayan, qeyd etdiyim o qarşılıqlı
anlaşmanın, səmimi münasibətlərin 108 illik məhək
daşından keçən əsərlərə yeni nəfəs
vermək, onların bütün dövrlər və
sivilizasiyalar üçün məqbul və aktual
sayıldığını, tamaşaçıların maraq
cazibəsində qalmaqda davam edən, dahilərin
yaratdığı incilərin bütün bəşəriyyətə
aid bir mədəni sərvət, millətin mənəvi irs xəzinəsi
olduğunu bir daha sübuta yetirmək (dahi Üzeyir bəy
Hacıbəylinin əsərlərinin timsalında) və həmçinin
çağdaş dünyanın, yeni cəmiyyətin köhnə,
ancaq köhnəlməyən dərdlərini,
narahatlıqlarını musiqinin və sözün dili ilə
müasir tamaşaçıya təqdim etmək.
Əlbəttə,
ötən mövsüm teatr üçün çox məhsuldar
olub demək, əslində görülən işlərin necə
böyük və əhəmiyyətli olduğunu tam ifadə
etməyəcək qədər sadə bir cümlədir.
Ondan başlayım ki,
ötən mövsümdə teatr məşhur macar bəstəkarı
İmre Kalmanın "Silva" əsərini tamaşaya qoydu
və şəhərin teatr ictimaiyyəti üçün
bu, yaddaqalan hadisə oldu. Musiqili Teatrın
rus bölməsi tərəfindən hazırlanan yeni
tamaşanın quruluşçu rejissoru əməkdar artist
Boris Lukinski idi. Xatırladım ki, "Bayadera",
"Sirk şahzadəsi", "Monmartra bənövşəsi"
operettaları ilə dünya şöhrəti qazanmış
bəstəkarın əsərləri zaman-zaman bizim teatr səhnələrimizdə
də ayrı-ayrı kollektivlərin təfsirində
tamaşaya qoyulub və musiqili teatrın yeni təqdimatı da
orijinal rejissor yozumu və fərqli aktyor oyunu ilə ötən
mövsümün ən yaxşı tamaşaları
sırasına daxil edildi.
Yeni
mövsümdə də sənətsevərlərin həvəslə
baxacaqlarına əmin olduğum digər bir tamaşa isə
xalq yazıçısı, Dövlət mükafatı
laureatı İlyas Əfəndiyevin lirik-psixoloji üslublu məşhur
pyesinin dünya şöhrətli bəstəkar, SSRİ Xalq
artisti Qara Qarayevin əbədiyaşar musiqilərinin sintezindən
yaranmış "Mənim günahım"
balet-tamaşasıdır. Əsərin məhz
bu səhnədə oynanılmasının ideya müəllifi
və bədii rəhbəri teatrın direktoru, Əməkdar
incəsənət xadimi, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Əliqismət Lalayev oldu.
Sevgi haqqında pritça-balet-tamaşanın
minimalizm üslubunda işlənməsi, fərqli bir rakursdan təqdim
edilməsi üçün yeni bir dəst-xəttə ehtiyac
duyulduğundan Gəncə Dövlət Dram Teatrından
baş rejissor İradə Gözəlova dəvət edildi.
Rejissor da tərəf müqabili və həmşəhərlisi-rəssam
Elnur Axundovla birgə bədii tərtibat işində daha
müasir texniki üsullardan, çağdaş texnoloji vasitələrdən
istifadə etməyi bacardı. Xatırladaq
ki, əsər sənətini sevən, bütün
varlığıyla səhnəyə bağlı olan balerina
xanımın faciəsindən bəhs edir. Nurcahan yaşlandıqca səhnə
üçün gərəksiz olduğunu və
unudulduğunu qəbul edə bilməsə də, hadisələr
elə bir məcraya yönəlir ki, o təkcə səhnəni
deyil, həm də sevdiyi insanı itirmək təhlükəsi
ilə göz-gözə qalır. Bir vaxtlar səhnədəki
mükəmməl ifasına valeh olub aktrisanı sevən və
onunla ailə quran Sahib də illər sonra
o böyük eşqdən yalnız xatirələr, əsəbi
və qısqanc bir xanım qaldığının fərqindədir...
Hər kəs Əlahəzrət Səhnənin gənclik,
gözəllik, zəriflik tələb etdiyini bilir. Böyük səhnədə
Nurcahanı əvəz etməyə qadir olan, istedadı ilə
baş döndərib, göz qamaşdıran Ayqız da bunu
bilir, şöhrət tacını başından
götürmək istəməyən balerina da, Sahib də... Sahibin ürəyini fəth edəcək
qədər qüdrətli və güclü görünən
gənc qəhramansa zirvəyə can atır, yeni
uçuşlara hazırlaşır...
Tamaşa daha bir riskli cəhdi ilə yadda qaldı. Teatra dəvət olunmuş
iki dramatik yönlü sənətkar - Xalq artisti Şükufə
Yusupova və Əməkdar artist İlham Hüseynov öz
obrazlarını şahanə yaratmaqla yanaşı, gənc
balerina Cəlalə Novruzluya da obrazının öhdəsindən
gəlməkdə yardımçı oldular.Tamaşa yeni
mövsümün də repertuar planına daxil edilib.
Teatr yay istirahətinə yollanan ərəfədə
daha bir premyera oldu. Özbək yazıçısı
İbrahim Sadıqovun "Molla Nəsrəddinin beş
arvadı" iki hissəli komediyasına quruluşçu
rejissor Əsgər Əsgərovun çəkdiyi
böyük zəhmətin, yaradıcılıq
axtarışlarının nəticəsi göz
qabağındadır. Türk dünyasında
müdriklik, hazırcavablıq, kamillik simvolu kimi tanınan
Molla Nəsrəddinin 5 zövcəsi ilə macəraları əslində
insanların, ayrı-ayrı fərdlərin, bir damın
altında yaşasalar da, eyni havanı, çörəyi-suyu
paylaşsalar da, fərqli xarakterlərə malik
olduqlarını və yeri gəldikdə müxtəlif kələklərə
əl atıb ərlərini belə barmaqlarına dolamağa
qadir olan zənən məkrinə sadiq qaldıqlarını
sübuta yetirməklə sübut edirlər. Bütün
tamaşa boyu komik oyun ortamının cazibəsini həm əsərin
müəllifinin təsvirindən, həm də lazımi məqamlarda
bizim xalqın da dilinin əzbəri olan Molla Nəsrəddin lətifələrindən
məharətlə istifadə etməklə əsərin təsir
gücünü bir az da artıran, lap sona
qədər tamaşaçını gülməli vəziyyətlərdən
qəhrəmanın necə çıxış yolu
tapacağının marağında saxlamağı bacaran
rejissor, Əməkdar incəsənət xadimi Əsgər
Əsgərovun uğuru saymaq olar. Quruluşçu
rəssam Nabat Səmədovanın, baletmesterlər Zakir və
Yelena Ağayevlərin əməyinin bəhrəsi də
tamaşa boyu rəngarəng səhnələr və gözəl
rəqslərlə yadda qalacaq.
108-ci mövsümü yeni tamaşalarsız təbii ki,
təsəvvür etmək qeyri mümkündür. Xalq artisti, ustad sənətkarımız
Cənnət Səlimovanın məşqlərini
tamamlamağı hazırlaşdığı əsər,
fransız yazıçı Antuan de Sent Ekzüperinin
"Balaca şahzadə"si, yəqin ki, bu mövsümdə
tamaşaçıların mühakiməsinə veriləcək.
Bu əsəri beynəlxalq bir heyət
hazırlayır, onun məşqlərindən geniş
yazı yazdığımdan təfərrüatına
varmıram. Yeri gəlmişkən, bu
mövsümdə balaca tamaşaçılar da
unudulmayıb. C.Barri və Qrimm
qardaşlarının "Bremen musiqiçiləri və
Piter Pen" əsəri də (quruluşçu rejissorlar Zaur
Əliyev, Elməddin Dadaşov, Anar Sadıqov) yeni
mövsümün tamaşaları arasındadır.
Təqdim olunacaq digər bir əsərsə rejissor Loğman Kərimovun quruluş verdiyi M.F.Axundzadənin "Hacı Qara" tamaşasıdır ki, artıq daxili baxışda qəbul olunub və yeni mövsümdə sənətsevərlər bu əsərə də baxmaq imkanı qazanacaqlar. İstedadlı rejissor, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə də ilk bu teatrda öz qüvvəsini sınaqdan keçirəcək. Gələcək tamaşasında üç dahi bəstəkarın Üzeyir Hacıbəyli, Soltan Hacıbəyov və Niyazinin musiqilərindən istifadə edən Mehiban xanım dramaturq Əli Əmirlinin "Nuri Didəm Ceyhun" əsərini tamaşaya hazırlayacaq. Əsər Ceyhun Hacıbəylinin 125 illik yubileyinə həsr olunub.
Ötən mövsüm teatrın tarixində həm də qastrol səfərləri, müxtəlif festival və müsabiqələrdə ayrı-ayrı ifaçıların iştirak etməsi və uğur qazanması ilə də yadda qaldı.
İran İslam Respublikasında keçirilən 35-ci Beynəlxalq Fəcr Teatr Festivalı bu dəfə Təbriz şəhərində gerçəkləşdi və Musiqi Teatrının kollektivi bu sənət bəhsləşməsinə Üzeyir Hacıbəylinin "Ər və arvad" əsəri ilə qatıldı. Təbrizlilərin xahişi ilə tamaşa iki dəfə oynanıldı və baş rolların ifaçıları xüsusi mükafatlara layiq görüldülər. İyun ayında isə bu əsər Tehranda ilk dəfə keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində göstərildi.
- Mən istəyirəm ki, teatrımızın səhnəsi yaxşı tamaşaların, riskli və uğurlu yaradıcılıq eksperimentlərinin meydanı olsun, - deyir teatrın direktoru Əliqismət Lalayev, - çünki axtarış aparmaq, hansısa yeni ideyaları həyata keçirmək və bu iddiada olan insanlarla bərabər çalışmaq həmişə maraqlıdır.
Sentyabrın 16-da Azərbaycan Dövlət Musiqi Teatrı növbəti mövsümünə başlayır. İlk tamaşa yenə yaddaşlarda yaşayan "Ər və arvad" əsəri olacaq. Üzeyir bəy Hacıbəylinin parlaq istedadının məhsulu, 108 illik sənət və sevgi tarixçəsi olan əsərlə! Yeni mövsümünüz, teatr və sənət bayramınız mübarək olsun!
Telli
PƏNAHQIZI
525-ci qəzet.- 2017.- 14 sentybar.- S.8.