Vətən yanğılı, sənət
qayğılı qələm əhli
Ömrü uzunu sadə
həyat dünyasını yazı-pozu ilə bəzəmiş,
saya ailə-məişət aləmini halal qələm-iynə
ilə gözəmiş Çəmənli!..
Hə, 45
illik dostum, bu da sənin 70-in!..
Tələbəlik
illərimizdən keçən bu uzun dövrdə, birində
səs-küydən, o birində hüzndən macal tapılmayan
xeyir-şər məclislərindən savay bir əməlli-başlı
görüşüb-söhbətləşə bilmədiyimiz
aydan arı insan, gün aydın!
Çağdaşı
da olduğumuz ulu Məmməd Araz deyirdi: "Nazim qırx il, düz qırx il dünyanın şeir-sənət
limanlarına Türkiyə yükü boşaltdı, bəs
ondan şairə nə çatdı? Bir ovuc torpaq..."
Sən isə
- dörd onillikdən çoxdur sənətsevər qəlblərə
bəxş etdiyin mədəniyyət-mənəviyyat-bədiiyyat
məhsulları qarşılığında az
barındırılıb-yarıdılmasan da, o şeirdə
"bir ovuc"undan danışılan müqəddəs təbii
nemətimizin (öz doğulduğun yurd da daxil) "iyirmi
faiz"i ağrı-acısında...
Belə...
Başı
Vətənkeş kitablar yazmağa qarışan Mustafa
Çəmənli! Yetkin yetmişinin
tamamında altmış beşindəki fövri müsahibəmizdə
tamamlaya bilmədiyimiz məqamlardan danış. O
söhbətimizdə "İctimai-siyasi yönümdən
bu sakit, əmin-aman dövr ilə on il sonrası
doğulduğun repressiya illərini" müqayisə edir,
valideynlərindən, yazdıqlarından qat-qat çox
oxuduğun kitablardan nəqli-elmi "sitat"lar gətirir, bu
barədə "Burdan bir atlı keçdi" kitabında
xeyli bəhs etdiyindən danışırdın: "O illər
anamın dayısı Musa kişi Sibirə sürgün
edilib, bağ-bağatının yerində pambıq əkilib,
kəndimizdə silah axtarışına çıxanlar ellər
ağsaqqalı Məşədi Mahmud kişini günün
günorta çağı güllələyib (və məhz
onun qanı tökülən nöqtədə Stalinin nəhəng
heykəli qoyulub), Qarabağın adlı oğullarından
Çəmənli Bahadur bəy Vəlibəyov 1937-ci il
repressiyasının qurbanı olmuş, 1940-cı ildə
güllələnmişdir". "O vaxtlar ayrı-ayrı
qoçaq, milli vətəndaşlarımız məhv
edilirdi, indilər bütöv bir Vətən guşəsi! Hər
dəfə bu haqda düşünəndə, telekanallarda
Ağdamın "o yan-bu yan" mənzərələrini
"seyr" edəndə, özüm də o dünya-bu
dünyalıq oluram..."
- Hə, əfəndim,
indi, bir vaxt orada doğulub, müxtəlif məkanlarda 70-ə
yetmiş Mustafa Çəmənli böyük ədəbiyyata
gələnəqədərki "balaca" günlərindən
nə deyərdi?..
- Kənddə
doğulan bütün uşaqlar kimi, mən də lap
balacalıqdan zəhmətə alışmışam. Atamı bir yaşım olanda itirdiyimçün həyatın
hər yükünü özüm çəkməli, buna vərdiş
etməli olmuşam. Amma həmişə oxumağa, təhsil
almağa can atmışam. Sovet dövründə mən taledə
olanları "hörmətli sovet professorları"
imtahanlarda "kəsər", müsabiqələrdə
"konkurs"a salardılar. Ancaq mən də
- bir çox inadkar, özünəinamlı gənclər
kimi, dayanıb-durmadım. Ədəbiyyata
uşaqlıqdan can atır, Mingəçevirdə
yaşadığım illərdə "Kür" ədəbi
dərnəyində hekayələrlə
çıxış edirdim. İlk hekayəm də
"Mingəçevir işıqları" qəzetində
çap olunub.
- Fərqinə
varmısanmı, sən indiyədək 5945 səhifəlik ədəbiyyat
yazıb, 2938 səhifəlik redaktorluq etmisən. Təxminən,
15 min gündə 10 minə yaxın səhifə!
-
Düzü, hesablamamışdım... Amma mətbuatda
dərc etdirdiyim yazı-pozunu da üstünə gəlsək,
məncə, daha çox olar. Hələ
tərtibçisi olduğum kitabları demirəm.
- Şübhə etmirəm ki, belədi. Amma bundan xəbərdarsan
ki, kitablarının təqdimatı tədbirlərində
tanınmış tarixçilər, fəlsəfə
doktorları, tədqiqatçılar, ədiblər sənin
özün və əsərlərinlə bağlı
maraqlı fikirlər söyləyiblər. Məsələn,
"Mustafa Çəmənli "Ölüm mələyi"ndə
bu günə qədər heç bir tarixçinin
araşdırıb ortalığa
çıxarmadığı II Şah İsmayılın
"Qəhqəhə" qalasına salınma səbəblərini
və digər vacib tarixi həqiqətləri oxucuya, bədii
süzgəcdən keçirərək, çox maraqlı
şəkildə çatdırıb", "Son zamanlar
bizim qarşılaşdığımız ciddi problemlərdən
biri də nəşriyyatlarda yaxşı, savadlı redaktorlar
olmaması problemidir. Düşünürəm ki, bu
baxımdan, Mustafa Çəmənlinin bir redaktor kimi də
öyrənilməsi vacibdir"...
- Bu qədir-qiymət
ifadələrinə görə onlar da sağ olsunlar, bu məqamda
bunu qeyd etməklə mənim yaradıcılıq nəbzimə
qüvvət verən də!..
- Növbəti
suallara qədər bir "haşiyə"-sual":
"Yazıçı" və "Gənclik" kimi
baş qaşımağa macalverməz nəşriyyatlarda
çalışa-çalışa, qaçqın qohum-əqrəbanın
filçəkməz problemlərinə
qarışa-qarışa, "sağ-sol"suz dostların,
indilərin "uğurlu yol" təkanından məhrum ədəbi
gəncliyin yollarında alışa-alışa bu qədər
kitabı yazmağa necə macal tapmısan, canım?..
-
(Özünəməxsus təbəssümlə) Bu
"eyham"lı suala qıs-qıvraq cavab olaraq deyim ki,
adamın işi çox olanda daha məhsuldar işləyir,
qardaşım! Vaxtımı, enerjimi, bir
sözlə, ömrümü boşa verməməyə
çalışmışam. Qələm
əhli hər gün, heç olmasa, 2 saat işləməlidir.
Yaradıcılıqla məşğul
olmağın başqa yolu yoxdur. Sözün fəhləsi
olmadınsa, heç nə...
- Bir
ömürdə yüzlərlə sənətkar-ifaçılar
haqda neçə-neçə məqalə və kitablar,
xeyli kino-tele ssenarilər yazmısan ki, oxuyanlar oxuyub, baxanlar
baxıb. O kitab və lentlərdən qısdığın
elə bir gizlincin qalmışmı?..
- Deyim ki,
məndə sənin bu sualına bir qəzetlik yox, bir kitablıq
söz var. İntəhası, bu başıqarışıq
zəmanədə hər şeyin bəzək-düzəyinə
yox, yalnız özəyinə, hər olayın mət-məğzinə
vaxt tapan "qəzet auditoriyası"na
başağrısı vermək istəməzdim.
Sağlıq olsun, bu "gizlinc"ləri də səbrli
oxucularıma kitab halında çatdıraram...
- Həm
mənim öz sualıma, həm sənin indicəki
cavabına qüvvət; ölməz müğənnimiz
Şövkət Ələkbərovaya həsr etdiyin (və
iki dəfə nəşr olunan) "Oxu, gözəl",
qırx iki nəfərin xatirələrini qələmə
aldığın "Muğam dünyasının
Xanı", 91-ci ildən bu günə kimi 4 dəfə nəşr
olunan "Xallı gürzə" tarixi romanın
ovaxtdan-buvaxta böyük oxucu marağı-nostaljilərilə
qarşılanmada. Bəs müəllif özü necə, -
"gərək o kitablarda onu da yazaydım, bunu da deyəydim..."
xiffətlərin yox ki?..
- Mən,
necə yazıram, - deyə bilmərəm, amma nə
yazmışamsa, ürəkdən yazmışam. Bu sarıdan elə bir ciddi xiffətim yoxdur. Mən özümü sənət adamları haqda
yazılarında söz oyunu ilə, "və sair və
ilaxır" qeyri-müəyyənliklərilə məşğullar
cərgəsində hesab etmirəm. Mən
"Leyli və Məcnun" - 100 il səhnədə" kitabımla
əlaqədar arxivlərdə işləyəndə
proqramlarda adlarına rast gəldiyim, lakin barələrində
yazılı bir mənbə tapmadığım
üçün heyifsiləndiyim anlar çox olub. Bu baxımdan, inanıram ki, sənət adamları
haqda yazdığım kitabların dəyəri zaman
keçdikcə daha da artacaq.
-
Yaxşı, bəs ədəbiyyata, mədəniyyətə
50 ilə yaxın xidmət eləyən, yüzlərlə
kitabın redaktoru, tərtibçisi, "ön söz"
müəllifi olan Mustafa Çəmənli öz əməyini
lazımınca dəyərləndirilmiş hesab edirmi?
-
Artıq sadaladığım mükafatlardan əlavə,
2010-cu ildə Prezident təqaüdçüsü
olmuşam...
-
Yaşın yetmişinə - əqlin, zəkanın tamam-kamal
yetişmişinə gəlib çıxdın və bir son (əlbəttə,
hələlik), amma az qala sənin ömrün uzunluğunda
"bioqrafik-memuar"ik bir sual: Viki-məlumata görə,
Mustafa Şura oğlu Mustafayev 1947-ci il sentyabrın 10-da
Ağdamın Çəmənli kəndində doğulub, əmək
fəaliyyətinə Mingəçevirdə qəlibçilikdən
başlayıb, ADU(BDU)-nun Jurnalistika fakültəsini bitirib,
"Kommunist" nəşriyyatında çapçı
köməkçisi, nəşriyyatlardan -
"Yazıçı"da böyük redaktor, şöbə
müdiri, "Gənclik"də baş redaktor işləyib,
milli musiqi ifaçılığı sənətinin (sənədli
və bədii) təbliğinə, ön cəbhə
çıxışlarına, hərbi vətənpərvərlik
ruhlu məqalələrinə görə "Dan ulduzu",
"Yaddaş", Mədəniyyət və Turizim Nazirliyinin
"Qızıl kəlmə" mükafatlarına, AYB-nin
diplomuna, 2010-cu ildə Prezident təqaüdünə layiq
görülüb, 100-dən artıq tele-radio verilişinin,
Heydər Əliyev Fondunun təşəbbüsü ilə
hazırlanmış (görkəmli muğam
ifaçılarının yubileyləri münasibətilə)
"Albom"ların mətn müəllifi, aktual mövzulu
publisist, hazırda "Təhsil" nəşriyyatının
şöbə müdiridir. Bəs, səncə, geniş oxucu
kütləsinin "Mustafa Çəmənli"si kim?..
-
(Gülümsünərək) Ellim, təbii ki, belə bir
uzun sualın cavabı da füzun olasıdı...
Əvvəla
deyim ki, "işgüzar-kargüzar mən" ilə
"qarşı-qarşıya" qoyduğun "ədəbi-bədii
mən" - Mustafa Çəmənli - 30 kitabın müəllifi
olsa da, hələ də yazıçı adını, tələbəliyimizdən
üzübəri ağırladığımız
görklü-görkəmli klassiklərimizin böyük
yaradıcılıq görəvlərini ehtiva edən "ədib"lik
məsuliyyətini öz üzərinə götürməkdə
tərəddüd edir... Mən yazıçılığa
inşa yazarlığı kimi baxanlardan deyiləm...
Ancaq, bu
"təvazökarlıq"dan sonra əlavə edim ki,
gümanımca, diqqətli və ədalətli oxucular məni,
heç də az iş görmüş,
"düşünməkdən çox yazan"
yazıçılardan hesab etmirlər. Məsələn,
1982-ci ildə 10 min tirajla nəşr olunan "Mənim
dünyamın adamları" adlı ilk kitabım 10 gün ərzində
satıldı, tapılmadı. O dövrlərdə
böyük maraqla qarşılanmış
"İtirilmiş səs" (povest və hekayələr),
"Ruhların üsyanı", "Üçyaşlı
əsir", "Oxu gözəl", "Xallı gürzə",
"Ölüm mələyi" tarixi romanlarının yeri
hələ də "oxunaqlı"lar cərgəsindədir.
2008-ci ildə çap olunan (respublikada ilk bədii-sənədli
ensiklopedik nəşr hesab edilən) "Leyli və Məcnun-100
il səhnədə" kitabım görkəmli sənət
adamları, ümumən ədəbi ictimaiyyət tərəfindən
layiqincə dəyərləndirildi. Əlbəttə,
bu "layiqincə" ifadəsi mənim müəllifliyimə
işarətdən çox, həmin nəşrin faktoloji əhəmiyyətinə
qiymət kimi anlanmalıdır. Belə ki, bu kitabda - səhnəyə
qoyulduğu gündən dövrümüzə qədər
"Leyli və Məcnun" tamaşasında iştirak
etmiş bütün müğənnilər, bu möhtəşəm
əsəri müxtəlif quruluşlarda səhnəyə
qoymuş rejissorlar, habelə dirijorlar, rəssamlar, xormeyster,
baletmeyster, konsertmeysterlər haqqında ensiklopedik məlumatlar
toplanıb.
Cari onillikdə Mədəniyyət və Turizm Nazirliyi "Ölüm mələyi" tarixi romanımı "Qızıl Kəlmə" mükafatı ilə dəyərləndirib, "Xallı gürzə" romanıma görə "Yaddaş", "Uğur-2008" mükafatlarını almışam.
Qarabağ hadisələrinin başlanğıcında "Yazıçı" nəşriyyatının planında olan 15 çap vərəqi həcmində sırf bədii (yəni xeyli asan) bir əsərin çapından imtina edib, Qarabağ Xanlığının banisi Pənah xanın həyatı barədə tarixi roman yazmışam.
Daha sonra, Azərbaycanın Milli Qəhrəmanlarından - Asif Məhərrəmovun və adı çağımızın qorxmazlıq, igidlik, fədailik simvoluna çevrilmiş Mübariz İbrahimovun həyat və döyüş yollarını əks etdirən "Fred Asif" romanımla, "Mübariz" povestim haqda geniş danışmağa ehtiyac hiss etmirəm.
- Sən danışmasan da, mən son müsahibələrinin birində dediklərindən bir fraqmenti "Mədəniyyət" qəzeti oxucularına da çatdırmaq qərarındayam:
"Mən "Mübariz" povestimin ilk oxucusu olmuş oğluma "bu kitabın Mübarizgilin kəndində keçiriləcək təqdimatına sən də get" təklifi edərkən, nəzərlərini məchul bir nöqtəyə zilləyib dedi: "Mən onların həyətinə getməyə utanıram, ata. Mübariz məndən yaşca kiçik idi, amma o cür qəhrəmanlıq göstərərək şəhid olub..."
Bu qədər yazı-pozudan macal tapıb, belə bir etirafa malik bir övlad yetişdirməyə macal tapmış dostum, üzü 100-ə doğru uğurlar!..
Tahir ABBASLI
525-ci qəzet.- 2017.- 14 sentyabr.-
S.6.