Sarı simdə yaşanan ömrün misilsiz bəhrələri

 

USTAD TARZƏN VƏ PEDAQOQ ƏHMƏDXAN BAKIXANOVUN 125 İLLİYİ TAMAM OLDU

 

 

Azərbaycan keçmişdən üzübəri dahi musiqiçilərin, xanəndələrin, muğam ustadlarının beşiyi olub.

 

Onların hər biri misilsiz fəaliyyəti ilə mədəniyyətin bu sahəsinə özlərinin dəyərli töhfələrini verib, Azərbaycan musiqi sənətinin inkişafındakı əvəzsiz xidmətləri ilə seçiliblər. Belə sənətkarlarımızdan biri mərhum tarzən, bəstəkar, pedaqoq, musiqi xadimi, Xalq artisti Əməkdar müəllim Əhmədxan Bakıxanovdur.

 

Məşhur tarixçi-diplomat Abbasqulu ağa Bakıxanovun nəvəsi, məşhur Bakıxanovlar nəslinin layiqli nümayəndəsi olan Əhmədxan Bakıxanov 1892-ci ilin sentyabrında dünyaya göz açıb. Ə.Bakıxanov gözəl tarzən, incə duyumlu musiqi bilicisi olmaqla bərabər, həm xalq çalğı alətlərinin yaradıcısı bəstəkarı, dərin muğam bilicisi, böyük bir musiqiçi, bəstəkar nəsli yetişdirən pedaqoq kimi öz adını Azərbaycan musiqi tarixinə qızıl hərflərlə yazdırmağı bacaran sənətkardır.

 

Əhmədxan Bakıxanov fitri istedadı sayəsində ta uşaqlıqdan həvəs göstərdiyi tarda çalmağı öz-özünə öyrənib.

 

Onun həvəsini görən ailəsi bu həvəsini daha da artırmaq inkişaf etdirmək üçün ona yardımçı olublar. Sonralar ustad tarzənlərdən tar ifaçılığının muğamatın sirlərini öyrənib. 1920-ci ildən Ə.Bakıxanov Bakıda musiqi məclislərində konsertlərdə tar çalıb, pedaqoji fəaliyyətlə məşğul olub. 1929-cu ildən Üzeyir Hacıbəyovun dəvəti ilə konservatoriyada dərs deməyə başlayıb. 1933-cü ildən isə Asəf Zeynallı adına Musiqi Texnikumunda (Kollecində) işə başlayıb ömrünün axırına kimi müəllimlik fəaliyyətini davam etdirib.

 

1931-ci ildən etibarən Azərbaycan radiosunun nəzdində fəaliyyət göstərən Xalq Çalğı Alətləri Ansamblının təşkilatçısı rəhbəri olub. Üzeyir Hacıbəyli bu ansamblın inkişafında, repertuar seçimində öz dəyərli tövsiyələrini Ə.Bakıxanovdan əsirgəməyib. Ansamblın hazırladığı proqramların ilk dinləyicisi əksər hallarda Üzeyir Hacıbəyli olarmış.

 

1973-cü ildən həmin ansambl Ə.Bakıxanovun adını daşıyır. Bu ansambl bir çox görkəmli xanəndələri - Cabbar Qaryağdıoğlunu, Seyid Şuşinskini, Hüseynqulu Sarabskini, Zülfü Adıgözəlovu, Xan Şuşunskini, Zeynəb Xanlarovanı, Tükəzban İsmayılovanı, Sara Qədimovanı başqalarını müşayiət edib, geniş konsertlər verib.

Azərbaycan xalq musiqisinin, xüsusilə muğamların təbliğində tarzən Əhmədxan Bakıxanovun böyük xidmətləri var. O, muğam sənətinin dərin bilicisi olmaqla bərabər, ifaçılıq təcrübəsində az ifa olunan "Nəva-nişapur", "Əbu-əta" muğamlarının mahir ifaçısı kimi tanınıb. Ustad tarzən mizrabı simlərə sol əllə vurardı ki, bu da özünəməxsus, qeyri-adi hal idi. Onun yaratdığı bir çox melodiyalar, rənglər xalq ifaçılığında geniş yayılıb, bu gün musiqiçilərimiz tərəfindən istifadə olunmaqdadır.

 

Ə.Bakıxanov 1964-cü ildə "Azərbaycan xalq rəngləri", 1968-ci ildə  "Azərbaycan ritmik muğamları", 1975-ci ildə "Muğam, mahnı, rəng" kimi not nəşrlərini qələmə alıb. Bu məcmuələr xalq musiqisinin tədrisi tədqiqi üçün qiymətli vəsaitdir. Onun musiqi məktəbləri üçün tərtib etdiyi muğam proqramı tar tədrisində bu gün istifadə olunur.

 

Mahir ifaçı pedaqoq Ə.Bakıxanov ömrünün çox hissəsini musiqi kadrlarının yetişməsinə həsr edib. Tanınmış musiqiçilərdən Adil Gəray, Həbib Bayramov, Əhsən Dadaşov, Sərvər İbrahimov, Əliağa Quliyev, Əlikram Hüseynov onun tələbələri olublar. Həmçinin, Arif Məlikov, Hacı Xanməmmədov, Nəriman Məmmədov kimi bir çox bəstəkar muğamla bağlı ilk peşəkar bilgiləri məhz Ə.Bakıxanovdan alıb. İranlı musiqiçilər Əli Səlimi Adil Axundzadə Ə.Bakıxanov məktəbinin yetirmələridir.

 

Ə.Bakıxanovun bir sıra muğamların nota köçürülməsində, bu günümüzə gəlib çıxmasında da əvəzsiz xidmətləri olub. Bəstəkar N. Məmmədov tərəfindən 1950-ci illərdən başlayaraq, "Rast", "Şur", "Bayatı-Şiraz", "Segah-Zabul", "Rahab", "Şüştər", "Hümayun", "Şahnaz" bir çox instrumental muğamlar onun ifasından nota salınaraq Moskva Bakıda çap olunur.

 

Ə.Bakıxanov ifaçı olmaqla yanaşı, həmçinin, zaman-zaman dövrü mətbuatda da sözün qüdrətindən istifadə edərək musiqi sənətinin incəlikləri, gənc nəsil musiqiçilərinin fəaliyyəti, onların yaradıcılıq ənənələri haqqında da fikir düşüncələrini qələmə alıb. Bu məqalələr tarzənin övladları Məmmədrza Tofiq Bakıxanovlar tərəfindən toplanaraq "Ömrün sarı simi" kitabında çap olunub. Kitabda məqalələrlə yanaşı, musiqiçinin xatirələri yer alıb.

 

Tarzən 1973-cü ilin 26 martında gözlərini dünyaya əbədi yumub. Lakin onun milli musiqi sənətimizdəki əvəzsiz xidmətləri indiyə qədər musiqiçilərin yaddaşından silinməyib. Hazırkı dövrümüzdə mərhum bəstəkarın mənzilində Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin filialı yaradılıb. Burada tarzənin Xalq Çalğı Alətlərindən ibarət zəngin kolleksiyası sərgisi nümayiş olunur.

 

Ə.Bakıxanovun böyük oğlu Məmmədrza violonçu, kiçik oğlu Tofiq Bakıxanov isə bəstəkar kimi tanınıb. Xalq artisti Tofiq Bakıxanov da atasının ifaçılıq üslubundan bəhrələnərək, "Dügah", "Nəva", "Şahnaz", "Hümayun", "Rahab" simfonik muğamlarını bəstələyib, atasının xatirəsinə tar ilə simfonik orkestr üçün 1 saylı konsertini həsr edib.

 

Görkəmli sənətkar haqqında Əvəz Rəhmətovun "Əhməd Bakıxanov" monoqrafiyası, Davud Məmmədbəyovun "Muğam ustası Əhməd Bakıxanov", Cabir Səfərovun "Azərbaycan xalq çalğı alətləri" kitabçası, oğlanları tərəfindən tərtib olunmuş "Ömrün sarı simi" kitablarında geniş məlumatlar ala bilirik.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2017.- 15 sentyabr.- S.4.