Zamanların mozaikası: hadisələr və
şəxsiyyətlər
(Əvvəli
ötən şənbə saylarımızda)
1944-cü ilin yanvarında 900 gün davam edən Leninqrad
blokadasına son qoyuldu. Şəhərdə blokada şəraitində
3 milyona yaxın dinc sakin yaşayırdı. 1941-ci ilin payızından aclıq başlandı.
Blokada dövründə aclıqdan 641.000 adam
öldü.
Həmin ilin martında isə sovet qoşunları
dövlət sərhədinə çatdılar. 1944-cü ilin
oktyabrında SSRİ-nin qərb sərhədi, demək olar ki,
tamamilə bərpa edildi.
İkinci Dünya müharibəsinin gedişində
Almaniya işğal etdiyi bütün ərazilərdə “yeni
qayda” adlanan sərt rejim qoydu. Ölüm düşərgələrinin
sayı 10 dəfə artdı, onlarda 18 milyon nəfər
dustaq saxlanırdı. Milyonlarla dinc adam
fiziki cəhətdən məhv edilir, yaxud da alman sənayesində
və kənd təsərrüfatında işləmək
üçün ora qovulub aparılırdı. Dinc əhalinin
və hərbi əsirlərin kütləvi şəkildə
güllələnməsi, işgəncələr,
bütöv kəndlərin və qəsəbələrin əhalisinin
diri-diri yandırılması, dustaqlar üzərində
aparılan “tibbi təcrübələr”, adamların qaz
kameralarında və sobalarda məhv edilməsi, şəhərlərin
aramsız bombardman olunması, hər bir müqavimət hərəkatının
qəddarcasına yatırılması adi hala
çevrilmişdi.
6 iyun 1944-cü ildə İkinci cəbhənin
açılması məqsədilə Normandiya sahilinə
aviasiyanın və donanmanın köməyilə 8
ingilis-amerikan diviziyası çıxdı, sonralar ona 78 diviziya
da əlavə olundu. Müttəfiqlərin Fransadakı
ekspedisiya qüvvələri 619.000 adama çatdı. Alman qoşunları qızğın müqavimət
göstərirdilər. Lakin ingilislər və
kanadalılar qısa müddətdə alman müdafiəsinin
30 km dərinliyinə irəlilədilər. Müttəfiq qoşunlarının hücum əməliyyatı
uğurla inkişaf edirdi.
İyunun sonunda başlanan Belorusiya əməliyyatının
gedişində bu respublika ilə yanaşı, Litva və
Latviyanın böyük hissəsi də azad olundu. Bir neçə
həftə ərzində Polşanın şərqdəki ərazisi
azad olundu və Sovet ordusu Varşavaya yaxınlaşdı.
Cəbhə artıq qərbə tərəf
600 km-ə qədər irəliləmişdi. Sonra Rumıniya azad olundu, 1944-cü ilin
sentyabrında sovet qoşunları Bolqarıstana girdi. Bolqarıstanın və Yuqoslaviyanın
paytaxtları azad olundu. Qış girəndə sovet
qoşunları Şimali Zapolyariyanı, demək olar ki,
bütün Pribaltikanı, Şimali Norveçi azad edib,
Almaniyanın sərhədinə çox
yaxınlaşdılar, Şərqi Prussiyada isə onu
keçdilər.
1945-ci ilin ilk günlərində almanlar Elzasda hücuma
başladılar. 1.000-dən çox təyyarə müttəfiqlərin
Fransadakı, Belçika və Hollandiyadakı
aerodromlarını bombaladılar. Müttəfiqlər
bu vaxt ağır məğlubiyyətə düçar
oldular. Çörçill, Stalindən
Visla üzərində hücuma keçməyi xahiş etdi.
Qızıl Ordunun Polşada və Şərqi
Prussiyadakı eyni vaxtlardakı hücumu alman komandanlığını
məcbur etdi ki, Qərb cəbhəsində fəal əməliyyatı
dayandırsın və xeyli qüvvəsini şərq cəbhəsinə
göndərsin.
İngilis-amerikan qoşunları ikinci cəbhə
açıldıqdan sonra fransız
döyüşçüləri ilə birlikdə
Fransanın, Qərbi və Mərkəzi Avropanın xeyli hissəsini
azad etdilər.
İtaliyanın azad olunması başa
çatdı. 1945-ci ilin
başlanğıcında anti-hitler koalisiyası Almaniyanın
öz ərazisində güclü hücum əməliyyatlarına
başladı.
Faşizmə qarşı mübarizədə
Rusiyadakı, Ukrayna və Belorusiyadakı partizan hərəkatı
böyük rol oynadı. Avropanın əksər
ölkələrində müqavimət genişlənirdi.
Müqavimət mübarizlərinin
sıralarında müxtəlif siyasi qüvvələr -
kommunistlərdən tutmuş milli burjuaziyanın sağ dairələri
birləşmişdi. Bir çox ölkələrdə
xalqların anti-faşist üsyanları baş verirdi.
Elba çayı üzərində sovet və amerikan
orduları görüşdükdən sonra alman ordusunun
qeyd-şərtsiz təslim olması yalnız zamanın
sualı kimi gündəliyə daxil oldu.
İngilis-amerikan qoşunları Almaniyaya qərbdən və
cənubdan hərəkət edirdi. Qızıl Ordu
döyüşçüləri isə Avstriyaya girdilər və
Üçüncü Reyxin paytaxtı Berlinə hücuma
başladılar. Müttəfiqlərin
komandanı general Duayt Erzanhauer Berlini tutmağı
Qızıl Ordunun öhdəsinə buraxıb, zərbə
qüvvələrini cənuba istiqamətləndirdi. 25 apreldə Qızıl Ordu Berlini mühasirəyə
aldı, doqquz gün əvvəldən isə Berlin əməliyyatına
başlanmışdı. 1 mayda Reyxstaq
götürüldü, sovet əsgərləri onun
üstünə qələbə bayrağı sancdılar.
2 mayda alman qoşunlarının Berlin qrupu təslim
oldu. Almaniyanın qeyd-şərtsiz təslim olmasına
bir həftədən az qalırdı. Berlin uğrunda mübarizənin başlıca
ağırlığı Sovet İttifaqı Marşalları
G.K.Jukovun, İ.S.Konyevin, K.K.Rokossovskinin komandanlıqları
altında olan qoşunların üzərinə
düşmüşdü.
8 may
1945-ci ildə Mərkəzi Avropa vaxtı ilə saat 22.43-də
Karlxorstda (Berlin) Almaniyanın qeyd-şərtsiz təslim olması barədə
qəti Akt imzalandı. Almaniya adından aktı
Vermaxtın Ali Baş komandanlığının qərargah rəisi
general-feldmarşal V.Keytel imzaladı. Alman
hərbi qüvvələrinin quruda, dənizdə və havada
qeyd-şərtsiz təslim olması Aktda xüsusi qeyd edildi.
Almaniyanın
təslim olmasına bir aydan da az
qalmış, 12 aprel 1945-ci ildə ABŞ-ın 32-ci prezidenti
Franklin Delano Ruzvelt 63 yaşında vəfat etdi. Onun 12 illik prezidentliyi dövrü ABŞ-ın həyatındakı
ciddi pozitiv dəyişikliklərlə əlamətdar oldu, bu
dövlətin dünyadakı rolu da dəyişdi. Ruzvelt “izolyatsinizm” siyasətindən, Avropanın və
digər regionların işlərində ABŞ-ın fəal
iştirakına doğru dönüş etdi. Müharibənin
lap əvvəlindən o, Böyük Britaniya və Fransaya,
sonra isə Sovet İttifaqına natsist Almaniyasına
qarşı mübarizədə kömək göstərilməsi
üçün çox şey edirdi. Ruzvelt həm
də anti-hitler koalisiyasının yaradılması və
möhkəmləndirilməsində böyük rol
oynamışdı. O, müharibənin gedişinə
xeyli təsir edən Tehran və Krım konfranslarında
iştirak etmişdi.
1945-ci ilin iyununda San-Fransiskoda 50 dövlət Birləşmiş
Millətlər Təşkilatının Nizamnaməsini
imzaladı. Yeni BMT əvvəlki Millətlər Liqasını
yeni keyfiyyətdə əvəz edəcəkdi. Onun vəzifəsi beynəlxalq sülhü dəstəkləmək
və dövlətlər arasında dinc əməkdaşlığı
möhkəmləndirmək olacaqdı. BMT-nin əsas
orqanları Baş Məclis, Təhlükəsizlik
Şurası, İqtisadi və Sosial Şura, qəyyumluq
üzrə Şura, Beynəlxalq Məhkəmə və
BMT-nin Katibliyi idi. BMT-nin bütün üzvləri hər il Baş Məclisin sessiyasına
yığışıb, yaranan problemləri müzakirə
edirlər. Qərarlar zəmanət xarakteri
daşıyır. Təhlükəsizlik
Şurası mübahisəli məsələlərin dinc həlli
üçün başlıca məsuliyyət daşıyır.
Beynəlxalq Məhkəməyə, bu institut Haaqada yerləşirdi,
yalnız dövlətlər səviyyəsində müraciət
etmək olar və yalnız o hallarda mübahisə həll
edilir ki, əgər hər iki tərəf onun statusuna
könüllü qaydada tabe olduğunu bildirsin.
Yaponiyanın
Hirosima və Naqasaki şəhərlərinə 6 və 9
avqust 1945-ci ildə amerikanlar atom bombası atdıqdan sonra, 14
avqustda Yaponiya imperatoru Hirohito qeyd-şərtsiz təslim olmalarını elan
etdi. Atom bombaları dəhşətli nəticələrə
səbəb olmuşdu, təkcə Hirosimada 140.000 nəfərdən
çox həlak olmuş və yaralanmışdı, Naqasakidə
isə ölənlərin və yaralananların sayı 75 min
nəfərdən çox idi. İmperatorun
çağırışına baxmayaraq, hərbi əməliyyatlar bir
müddət də davam etdi. Yalnız 2 sentyabrda
Yaponiyanın təslim olması barədə qəti Akt imzalandı.
İmperatorun çıxışından sonra
da Qızıl Ordu yapon Kvantun ordusunun müqavimətini
qırıb, Çinin şimal-şərq rayonlarını,
Şimali Koreyanı, Cənubi Saxalini və Kuril
adalarını azad etdi.
Yaponiya
müharibədə 1,8 milyon adam
itirmişdi, ölkəyə milyard dollarla ölçüləcək
hərbi ziyan dəymişdi, sənaye və silahlı qüvvələr,
demək olar ki, tamamilə dağıdılmışdı. Amerikan hərbi hakimiyyət orqanları ölkəni
demokratikləşdirməyə çalışdı. Ordunun və sənayenin “böyük təmizlənməsi”
prosesində hərbi cinayətkarlar cəzalandırıldı.
Yaponiya həm də təzminat ödəməli
idi. Asiyaya hökmranlıq etmək istəyən
Yaponiya özünün militarizm sindromunun
ağrısını çəkməli olmaqla, tarixdə ilk
dəfə yadelli düşmənə uduzdu. Yapon hərbçiləri və hökuməti
ABŞ-ın iqtisadi və hərbi qüdrətini real qaydada
qiymətləndirə bilmədiklərindən, onunla
müharibə başlamasından keçən yeddi aydan sonra
strateji təşəbbüsü əldən verdilər və
ardıcıl olaraq dəniz və hava döyüşündə
məğlubiyyətlərlə üzləşməli
oldular.
Yaponiyanın
qeyd-şərtsiz təslim aktına imza atması ilə
altı il davam edən İkinci Dünya
müharibəsi başa çatdı, bu, ən çox qan
axıdılan və uzun müddət davam edən dünya
müharibəsi idi. Müharibə vuruşan
dövlətlərin iqtisadiyyatına nəhəng
ölçüdə ziyan vurdu. Minlərlə
şəhər xarabalıqlara çevrilmişdi. Dinc əhali arasında verilən qurban heç vaxt
bu qədər böyük olmamışdı.
Milyonlarla insan natsistlərin ölüm düşərgələrində
əzab çəkmişdi. Dünya bu müharibədən
tam başqa cür çıxdı. Qalib
dövlətlərdən ərazisinə müharibənin
toxunmadığı yeganə dövlət olan ABŞ Qərb
dünyasının aparıcı dövlətinə
çevrilmişdi. Avropada müharibənin
əsas ağırlığı çiyinlərinə
düşmüş SSRİ də həmçinin dünyada
öz təsirini gücləndirdi. Krım
və Potsdam konfransları Mərkəzi və Şərqi
Avropa ölkələrinin Sovet təsiri zonasına
düşməsinə yaşıl işıq
yandırdı, həmin ölkələrdə kommunist
yönlü rejimlər yaradıldı. Böyük
Britaniya isə əksinə, dünya siyasətində
özünün aparıcı mövqeyini itirdi.
Fransa da oxşar şəraitə düşdü. Şərqi
Asiyada isə Yaponiyanın təslim olmasından sonra
Çinin siyasi səhnəyə çıxması
üçün perspektivlər açıldı.
Artıq 1945-ci ildə dünya iki fövqəldövlət - ABŞ və SSRİ ətrafında
qruplaşmağa başladı.
İkinci
Dünya müharibəsində 55 milyona qədər adam həlak olmuşdu, bundan yarıya qədəri,
daha dəqiq desək, 27 milyonu SSRİ-nin payına
düşür. İkinci yeri tutan Çinin
itkisi 12 milyon nəfər idi. Almaniyanın
itkisi 5 milyondan bir qədər çox, Yaponiyanınkı isə
2 milyon nəfərə yaxın idi.
Alman yüksək rütbəli hərbi cinayətkarları
beynəlxalq Nyurnberq tribunalı tərəfindən layiqli cəzalarına
çatdılar. 1945-ci ilin noyabrından 1946-cı ilin
oktyabrına qədər keçirilən Nyurnberq tribunalı
Almaniyadakı natsist rejiminin 24 başçısını
mühakimə etdi. Yeddi təşkilatla
birlikdə onlara hərbi cinayətkarlıqda iştirak
ittihamları irəli sürüldü. Məhkəməyə
cəlb edilmişlərin içərisində
natsional-sosialist partiyasının və onun mühafizə dəstələrinin
(SS), təhlükəsizlik xidmətinin (SD), gizli polisin
(gestapo) rəhbər
heyəti var idi. İlk dəfə
idi ki, müttəhimlər kürsüsündə siyasətçilər
və hərbçilər əyləşmişdilər,
onlar təcavüzkar müharibənin aparılmasında təqsirkar
idilər. Müttəhimlərə
sülh əleyhinə cinayətlər, hərbi cinayətlər,
insanlığa qarşı olan cinayətlər irəli
sürülmüşdü.
Tribunal 1945-ci ildə London sazişini imzalayan dörd dövlətin nümayəndələrindən təşkil olunmuşdu. 403 məhkəmə iclası keçirildi, müttəhimlər onlarda izahat verirdilər. Çoxlu şahid dindirildi, 500 sənədli sübutlara baxıldı. 1 oktyabr 1946-cı ildə Beynəlxalq hərbi tribunanın hökmü elan edildi. 12 adam dar ağacından asılmaqla ölüm hökmünə məhkum edildi, 7 nəfərə müxtəlif müddətli və ya ömürlük həbs cəzası verildi. Üç nəfər bəraət aldı.
Natsional-sosialist partiyasının rəhbər heyəti və bu partiyanın mühafizə dəstələri (SS), təhlükəsizlik xidməti (SD), dövlət gizli polisi (gestapo) cinayətkar hesab edildi.
Nyurnberq prosesində tarixdə ilk dəfə təcavüz, bəşəriyyətə qarşı ən ağır cinayət hesab olundu.
Avropada müharibənin başa çatmasından bir il keçməmiş, 1946-cı ilin martında Böyük Britaniyanın görkəmli dövlət xadimi, bu vaxt keçmiş baş nazir olan Uinston Çörçill, Fulton şəhərindəki amerikan universitetində çıxış edərkən SSRİ-ni “müharibənin bəhrələrindən” istifadə etməklə öz qüdrətini və doktrinasını yaymaqda ittiham etdi: “Baltikada Ştattindən Adriatikada Triestədək Avropa qitəsi üzərində dəmir pərdə sallanmışdır”. O, Britaniya imperiyasını və ABŞ-ı hərbi-siyasi ittifaqda birləşməklə SSRİ-nin ekspansiyasına qarşı çıxmağa çağırdı. Beləliklə, Çörçill Qərblə SSRİ arasında soyuq müharibənin başlanılması barədə ilk çağırışla çıxış edib, onun bünövrəsini qoydu.
Bəşəriyyət əsrlər ərzində insanlar üçün ağır və böyük dəhşətlər yaradan qan axıdıcı müharibələrin şahidi olmuşdu. Təəssüf ki, XXI əsrdə də ayrı-ayrı ölkələrdə müharibə alovu sönmək bilmir.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.- 2017.- 23 sentyabr.- S.22.