Dilindən düşməsin
bu saf dualar...
LEYLA
ƏLİYEVANIN ŞEİRLƏRİLƏ BAĞLI
TƏƏSSÜRATLARIM VƏ
DÜŞÜNCƏLƏRİM
Sizə də
“əlvida” deyirəm, dostlar,
Getmək
zamanıdır, salamat qalın!
Tezliklə
geriyə qayıdacağam!
Hər
şey qayıdacaq... buna inanın!
Leyla
Əliyeva
Yay. Günəş yandırır, otları,
yarpaqları qovurur. Gecələr
dağlardan əsən külək solan çiçəklərin,
qızmar daşların qoxusunu gətirir. Təpələr
bozarır, çöllərdə yetişmiş buğda zəmiləri
dalğalanır.
Cökə ağacının öləziyən
yarpaqlarının üstündə hava min illərin həsrətiylə
ilğımlanır. İlğımlardan o tərəfdə
dağlar xəyal kimi görünüb yoxa
çıxırlar.
Əyalətin
sakitlik, dinclik havası na köklənmiş
isti yay günündə cəbhə bölgəsindən iki
yaşlı Zəhranın hamımızı sarsıdan xəbəri
gəldi. XXI əsr... Sivilizasiya bütün inkişaf mərhələlərini
keçib, ən kamil dövrünə qədəm qoyur... Erməni deyilən etnik qrup isə hələ də
babalarının əməllərinə sadiq qalaraq
qadınları, uşaqları, körpələri qətlə
yetirir.
Təsadüfən Leyla Əliyevanın Zəhraya
yazdığı şeir virtual aləmdə qarşıma
çıxdı. Oxudum və sarsıldım. Faciənin ağrısı, acısı qəlbimi
sıxdı. Yanğısıyla, kədəriylə
düşüncələrimi alt-üst elədi. Bu mövzuda yazılan ən gözəl, saf
şeirdi, məncə.
Niyə öldürdülər, de, səni axı?
O körpə
canına necə qıydılar?
İki
yaşlı qızın nəymiş günahı -
Aparıb
soyuq bir qəbrə qoydular!
Dağları,
düzləri sevirdin yəqin,
Qaçırdın
otluqda ayağıyalın...
Poeziyamızda belə şeirlərə ehtiyac var. Səs
güclə eşidilir, rəng tutqundur, qüssəli
çalarlar bir-birini əvəzləyir; işıq
solğundur, misralar həsrət, xəyal içində,
ağrı, qəzəb içində ilğımlanır. Səs, rəng,
işıq bir-biriylə uyuşur, şeirin təsir
gücünü artırır. Şeiri
oxuduqca hər misrası cökə ağacının
yarpaqlarının üstündəki ilğımlanan havaya
daxil olur, orda yırğalanır, yellənir, havanın
özü kimi ilğımlanıb yoxa çıxırdı.
Bu misranın yerini bir azdan ilğımlara
qarışacaq yeni misra tuturdu.
Zərif
izlərini kim sildi sənin -
O
hansı cəlladdı, o hansı zalım?!
Heç
mavi dənizdə çimmişdinmi sən,
Durub baxmışdınmı uçan quşlara?
Dənizdə yəqin çimməmişdi Zəhra, dənizdən
uzaqda yaşayırdı. Onu öldürən
tayfanın adamları illərdir Zəhranın əcdadlarının
torpaqlarındakı bütün insanları
öldürüb, özlərinə dənizə gedən
yolu açmaq istəyirlər. Uçan
quşları isə yəqin görmüşdü. Novruz bayramı öncəsi müqəddəs Azərbaycanımızın
kəndləri, şəhərləri bayram tüstülərinə
qərq olanda balaca əllərini gözlərinin üstünə
qoyub, cənubdan uçub gələn quşlara
baxmışdı. Quşlar uçaraq gəlir,
onun üçün yazın gəlişi xəbərini gətirirdilər.
Güllələr də uçaraq gəldilər
və onun üçün ölüm gətirdilər.
Səmimi
etiraf eləyim ki, Leyla Əliyevanın, - sifətində həmişə
mələk təbəssümü olan bu qızın
şeirləri yalnız o gündən sonra düşüncələrimi
məşğul eləməyə başladı.
Bu şeirləri digərlərindən fərqləndirən
cəhətlər adilik, sadəlik, böyük mətləblər
və bütün bunların soyuqqanlı, sadə, amma gözəl
təsviri, ifadəsidir. Əlbəttə, bunda anadan olduğu,
yaşadığı, ali təhsil
aldığı mühit, xarici dilləri bilməsi də
mühüm rol oynayır. Yaradıcı adam
üçün təkcə istedad şərt deyil. Mühit də şərtdir. Həm
də əsas şərt.
Şərq poeziyası əsrlərdir öz
yatağında özünə məxsus hay-küylə
axır. Köhnə, yeni düşüncələri də,
köhnə, yeni həsrəti, dərdi, ağrını da,
köhnə üsulda təqdim eləyir. Qapılarını
yeniliyə açmır. Əsrlər
öncəsi necə yazıblarsa, bu gün də cüzi fərqlə
elə yazırlar. Amma Qərb mədəniyyətinə,
Qərb sivilizasiyasına yaxın olanlar Şərq
bünövrəsi üzərində Qərb şüuruna,
hisslərinə köklənəndə gözəl nümunələr
yaradırlar. Leyla Əliyeva kimi.
lll
Rəssam olması onun şeirlərində
özünü aydın büruzə verir. Fırça
və boyalarla rəsm tablolarını çəkdiyi kimi,
sözlərlə də şeir tablolarını çəkir
Leyla Əliyeva. Hər şeiri bir tablodur.
Hisslərin tablosu, duyğuların, kədərin
tablosu, dənizin, çölün, insanlığın
tablosu. Kədərin tablosunu daha
yaxşı çəkir. Kədərin səsini,
işığını, rəngini ustalıqla tabloya gətirə
bilir.
Çərçivəyə
salınıb
Bir bəzəkli
kəpənək -
Qanadları
çırpınmır...
Ürəyindən
iynəylə
pərçimləyiblər onu
şüşəli çərçivəyə...
Ölü
gözəlliyi ilə
bəzək verir divara...
Boş, yalqız bir otağa.
Gözəl tablodur. Boş kimsəsiz otaq,
divardakı çərçivəyə ürəyindən
iynələnərək sancılmış kəpənək.
Hər sətirdən kədər yağır.
Və ya:
Romada
çirkli oturacaqda
Noyabrda
sakitcə oturmuşam
Yanımda
maskasız bomj,
Onun qəlbindən nələr keçir?
Spirtin
qoxucunu hiss edirəm,
Çirkin,
tütünün qoxusunu
Aramızda doğma nə var?
Deyəsən, həyat onu yorub.
Sadə,
gözəl mənzərədir! Çirkli
oturacağıyla, spirt və tütün qoxusu verən
bomjuyla, bomjla yanaşı oturan mələk təbəssümüylə
işıq saçan qızla. Qız
düşünür, bomjla onun arasında doğma,
oxşarlıq nə ola bilər? Düşünür və tapır, bomjun da dilində
yalan yoxdur, hiyləgərcəsinə yalan danışmaq
üçün səbəbi, nə tapılası, nə də
itiriləsi bir şeyi, nə də riyakarlıq eləməyə
ehtiyacı yoxdur.
Ayaq saxlamadan yanlarından keçdiyimiz, çoxumuzun
ikrahla baxdığımız bomjlar haqda bunca
düşünməmişik. Çoxunun görə
bilmədiyini görmək və göstərmək. Ən əsası da şeirə gətirmək.
lll
Leyla Əliyeva Lermontova həsr elədiyi “Şair”
adlı şeirində də gözəl bir tablo yaradıb. Mövzu duel səhnəsidir:
Amansız
döyüşdə öldürdün onu,
Alnından vurmadın... yazığın gəldi.
Olsun ki,
gözlərdə qorxular gördün
İçində qalibtək sevgi dikəldi.
Vurmadın
dostunu sən dueldə də,
Ayıra bilmədin dostdan düşməni.
Düşmənə
də keçdin, zəifdi deyə,
Bağışlaya bildin miskin bəndəni.
Lermontov ehtiyatda olan mayor Martınovla duelə
çıxmışdı. İlk atəşi o
açmalıydı. Nişan aldı və
bilərəkdən Martınovun başı üzərindən
atəş açdı. “Yazığı
gəldi, miskin bəndəni bağışladı”, amma
miskin bəndə onu bağışlamadı. Sinəsinə atəş açdı və bu atəşlə
də həyatına son qoydu. Tufan və
yağış olduğundan həkim hadisə yerinə gələ
bilmədi, öldürülmüş şair uzun müddət
yerdə, yağış sularının içində
qaldı.
Dəfnində, dostlarının təkidinə baxmayaraq,
kilsə ayinləri icra olunmadı. Peterburqda onun ölüm xəbərini
bu sözlərlə qarşıladılar: “Onun yolu elə
orayaydı”. Çar isə daha kəskin, təhqiramiz reaksiya verdi. Lakin çariçanın məzəmmətindən
sonra sözünü dəyişdi: “Bizim üçün
Puşkini əvəz eləyə biləcək adam ölüb”.
Lermontovun
“Dağ zirvələri” şeiri var:
Yollardan
toz qalxmır,
Yarpaqlar
titrəşmir....
Gözlə,
bir qədər,
Sən də dincələrsən.
İlahi kədərlə və ilahi sükutla
yazılıb.
Lermontovun həyatına və
yaradıcılığına yaxşı bələd olan
Leyla Əliyevanı onun faciəli ölümü, saf
poeziyası təsiri altına almışdı. Bu
mövzuya sonralar da müraciət eləyib:
Son da öz yerində. Gələcək o
vaxt.
Allaha
üz tutub yalvaracağam...
Qoy həsrət
duelə çağırsın məni!
Atəş açmayacam, bağışlayacam.
Atəş
açmayacam! Lermontov kimi!
Qoy məni
öldürsün bu miskin həsrət!
Böyük
rus şairi Yevgeni Yevtuşenko qəlb ağrısıyla
yazmışdı: “Şairlər doğulur rus
torpağında, doğulantək sinələrində güllə
yeri”. Bu o Yevtuşenkoydu ki, Şərqi Almaniyanın rəhbərliyi
Xruşşova şikayətlənəndə ki, Yevtuşenko
şeirində Almaniyanın birləşəcəyini
yazıb, Xruşov çiyinlərini çəkmişdi: “Mən
onunla neyləyə bilərəm, Sibirə göndərim? O
onsuz da orda yaşayır”.
Həyat bu. Yevtuşenko Amerikada vəfat elədi. Onun
haqqında ən yaxşı şeirlərdən birini də,
“Şairdimi, peyğəmbərdimi və ya adi insan?” deyə
soruşan Leyla Əliyeva yazdı.
lll
Puşkinin
romansı var: “Mənim səsim oxşar səni, yorar səni...”. Təbii, o, Puşkin. Qıvrım, qara saçlarıyla, zəncilərə
xas qarayanız çöhrəsiylə əsrlərdir rus
poeziyasının üzərindən boylanır. Dahiyanə deyib.
Poeziyamızda çatışmayan, oxucunu özünə
cəlb eləməyən məhz bizi oxşayan və yoran səslərin
azlığı, olmamasıdır.
Leyla xanımın şeirlərindəki səs oxucunu
oxşayır, amma yormur. Ruhu dincəlir oxucunun. Bəzən sözlər o qədər rahat,
yüngül, səssizcə uçub şeirdə öz
yerini tapır ki, oxuduqca sözlərin səssiz və
yüngül uçuşunu seyr edirsən. Sözlərin uçuşunu! Şairin gücü, istedadı, sözlərdən
istifadə eləmək bacarığı, sözlərdən
ayrı-ayrı tablolar çəkmək bacarığı,
bu uçuşu oxucuya göstərə bilməsidir.
Çırpınır yazıq ruhum,
Qəfəsində quş kimi.
Çırpınır dənizlərdə
Batmış əzizim kimi.
Sözlər saf, yüngül, səs bir az qüssəlidir, işıq rəngləri yalnız görünə, diqqəti çəkə biləcəkləri qədər işıqlandırır.
Vaxt! Məni
burda qoyma,
Hara
uçursansa uç,
Götür
qanadlarına
uzağa
apar məni...
Az qala hər
birimizin nə vaxtsa arzuladığımız, may böcəklərindən,
zəncirotu ləçəklərindən istədiklərimiz:
“Məni burda qoyma, hara uçursansa, uç, götür
qanadlarına, uzaqlara apar məni”, arzuları şair təxəyyülündə
süzgəcdən keçib, sözlərdən çəkilmiş
bu tabloda öz yerlərini rahatlıqla tapır.
Mövzuları şeirlərinin rəngləri kimi
müxtəlif və rəngarəngdir. Ətrafında
hər nə varsa, Leyla Əliyeva üçün mövzudur.
İnsanlar, dəniz, sevgi, yay, bomj, sevdiyi şairlər,
müğənni, vətən, ayrılıq, tənhalıq...
Kətanı molbertə taxıb, tələsmədən,
fırçanı boyalara batıraraq, ara-sıra bir qədər
kənara çəkilib, öz işinə baxaraq rəsm
çəkərkən olduğu kimi, şeirlərini yazanda
da sanki mövzuları beləcə çərçivəyə
keçirib, sözləri qabağına səpələyir.
Ona lazım olan sözləri diqqətlə
seçərək bir-bir çərçivədə yerinə
qoymağa başlayır. Arada kənara
çəkilib baxır, yenidən işinə davam eləyir.
Kiçik bir uyğunsuzluğu belə gözdən
qaçırmır, qarşısındakı minlərlə,
yüz minlərlə sözlərdən yalnız mövzuya
doğma olan sözü seçir. Ən kiçik
detallara belə ciddi diqqət yetirir, nəsə yerində
deyilsə, narahat olur:
Tələsik
yazıram bu sətirləri
Deyirlər, vaxtın var beşcə dəqiqə.
Nöqtə
qoymaq bəlkə çıxır yadımdan,
Nöqtə gərəkdirmi bu sətirlərə?
Nöqtə gərəkdirmi, bunu yalnız müəllif
özü bilə bilər. Amma
qarşısındakı yüz minlərlə sözləri
axtarıb, seçib, bircəciyini belə unutmadan
mövzudakı yerinə qoyub, şeiri tamamlayıbsa, yəqin
nöqtəni də unutmayb.
Bu mövzularda səs bəzən yüksəlir, haraya
çevrilir.
Amma yuxarıda xatırlatdığım kimi, bu
haray oxucunu yormur, onu oxşayır,
düşündürür.
Göy dəniz...
yenə də Günəş və külək...
Göy dəniz... hər tərəf sakitdi bu gün.
Ürəyim
qışqırır, ruhum çırpınır,
Çırpınır tək-tənha qalmamaq
üçün.
lll
“Dünya yuxutək əriyir...” şeirlər
kitabında bəzi səhifələrdə müəllifin
şəkli də verilib. Dumanlı, tutqun, xəyali fon arxasından baxır oxucularına. Amma onsuz da bu şeirləri oxuyan hər kəs sətirlərin
arxasından müəllifi görür, eşidir, müəllif
işıq saçan təbəssümü ilə ona
gülümsəyir.
“Sağ
olun”, - deyirəm oxuculara,
Kim ki, xoş söz deyib - mənə güc verib.
Sağ
olsun acıqlı şərh yazanlar da,
Acıqlı sözlər də çox kömək
edib.
Gənc şairin oxucularına münasibəti budur,
şeirləri haqda nə demələrindən,
yazmalarından asılı olmayaraq, bütün oxucularına
sağ ol deyir.
Onlara minnətdarlığını bildirir.
Şeirlərində sətiraltı məna
güclüdür, ilk baxışdan adi sözlərdən
ibarət olan adi misralarda böyük mənalar, həqiqətlər
gizlənir. Bu şeirləri oxuduqca dəfələrlə anidən
qarşıma çıxan misralar məni hədsiz heyrətləndirirdi.
Dostlar
arasında kölgəm rəqs edir
Qəlbim
qəm içində can verə-verə...
Və ya
Qaranlıq
küçədə yanır fənərlər,
Bu işığı, nuru unutmaq olmaz.
Onlar
ürəklərə nur çilər, ancaq,
Öz sınıq qəlbləri heç vaxt ovunmaz.
Qəlblərimizə nur çiləyən, ancaq öz
sınıq qəlbləri heç vaxt ovunmayan fənərlərin,
bu cansız əşyaların küçələrimizə
işıq səpmələrinə alışmışıq,
amma onların da qəlblərinin sınıq olduğu
ağlımıza gəlməyib. Bu haqda
düşünməmişik.
lll
Leyla
Əliyeva Vladimir Vısotskiyə həsr elədiyi şeirdə
yazır:
Vladimir
Vısotski, sağ ol ki, varsan,
Sağ ol
ki, həmişə hər yerdəsən sən!
Vısotski,
mən sənə “sağ ol” deyirəm,
Sən nəyi sevmədin, mən də sevmirəm.
İmperiya
ab-havasına uyuşmayan, boğuq, xırıltılı səsiylə
milyonlarla dinləyicisini ovsunlayan, üz cizgilərindən mərdlik,
nəciblik yağan müğənni, aktyor, şair, rejissor
Vısotski yalanı, tənhalığı sevmirdi, sovet
simvollarına az qala nifrət edirdi. Rejissor Qovoruxin, hətta
SSRİ-nin mədəniyyət naziri “Görüş yerini dəyişmək
olmaz” filmində, nə qədər təkid eləsələr
də, ona milis paltarını geyindirə bilmədilər. Yalnız bir yerdə zorla milis kitelinin əyninə
ölçülməsinə razılıq vermişdi.
Leyla xanım da yalanı, tənhalığı sevmir,
çərçivələrə sığmaq istəmir. Şeirlərinin
çoxunda tənhalıqdan uzaqlara qaçmağa, tənhalıqdan
qurtarmağa çağırış var. Təkliyi, tənhalığı
elə təsvir eləyir ki, özündən asılı
olmadan yaxınlaşan təkliyin ayaq səslərini
eşidirsən, sonsuz qüssəsi qəlbinə
çökür.
Gecə,
Günəş səni tərk eləyəndə,
Bulud
arxasına keçəndə Ay da,
Qəlbinə
süzülən qəmi dinləyib,
Bir daha duyarsan - təksən dünyada.
Vısotskiyə
də onu tənhalıqdan, təklikdən
qurtardığına görə “sağ ol” deyir:
Vısotski,
mən sənə “sağ ol” deyirəm,
Sağ
ol, itkin ruhda yuva salmısan.
Heç
nə lazım deyil bundan savayı,
Nə qədər
ki, burda, lap yaxındasan.
lll
Azərbaycanımız söz adamlarıyla zəngindir. Təbii, istedadsızları az deyil, amma istedadlıları da çoxdur. Mən belə birisini tanıyıram. Ərəb səhralarından tutmuş, Rusiyanın şimalına qədər gedib çıxmışdı. Vətənə gələndə sifətində şimal torpaqlarının soyuqluğunu və isti torpaqların hənirtisini, ilğımlarını gətirmişdi. Nə oldusa, hənirti və ilğımlar sifətindən yoxa çıxdı, yalnız soyuq, şaxta qaldı. Onunla ədəbiyyat haqda çoxlu müzakirələrimiz olurdu. Bir dəfə mənə dedi: “Dünyanın yarıdan çoxunu gəzmişəm. Harda öz həmyerlilərimizə rast gəlirdimsə, onlara deyirdim, Azərbaycanımızı sevin!”
Sifətindəki soyuqluğun altından qərib ölkələrdəki həmyerlilərimizin üz-gözündə dolaşan ifadəni gördüm, Elə həsrətlə, yanğıyla dedi ki, qəhərləndim. Azərbaycanımızı sevək və sevdirək. Buna çox ehtiyacımız var.
Leyla Əliyeva uzun zaman ölkəmizdən kənarda yaşayıb, təhsilini xaricdə alıb. Amma öz ölkəsinə, vətəninə sevgisi sonsuzdur, harda olursa, vətəni üçün darıxır, həsrətlə vətəninə qovuşacağını gözləyir. Sanki sətirlərin arxasından boylanıb oxucularına deyir, Azərbaycanımızı sevin və sevdirin!
Bəzən oxucuya elə gəlir, mövzunun obyekti sevgidir, konkret şəxsdən söhbət getdiyini, qəhrəmanın ondan ötrü darıxdığını düşünərkən, müəllif gözlənilməz gedişlər eləyərək, böyük məhəbbətinin obyektini birdən açıb oxucuya göstərir və onu heyrətlər içində buraxır.
Gecə-gündüz, həmişə,
Darıxıram sənin üçün.
Burda bir müəmma yox -
Bakıyçün darıxıram
Özü də lap çox, lap çox...
Ümumiyyətlə, mövzu vətən olunca, şair sevgisi, həsrəti sərhəd tanımır, misralara sığmır. Digər mövzulardan fərqli olaraq vətən mövzusunda səs güclü, işıq bol, rənglər əlvandır. Oxucuya eşitdirdiyi yazdıqlarının səsi yox, qəlbinin səsidir, müəllifin öz səsidir.
Yuxarıda Vısotskidən söz açdıq, Vısotski də vətənini sevirdi. Vətən sevgisini özünə xas tərzdə qələmə almışdı.
Gənclik illərimdə mən vətənimi, oğul-
doğma anasını, şair-təbiəti,
Cavan oğlan nişanlısını, vətəndaş -
h əqiqəti və azadlığı,
sevən kimi sevirdim.
Vısotskinin vətən sevgisi ilə Leyla Əliyevanın vətən sevgisi arasında fərq var. Vısotski vətənini yalnız gənclik illərində belə sevdiyini deyir, qocalıq illərində isə belə sevə biləcəyini bilmir. Leyla Əliyevanın sevgisi isə qəti və birmənalıdır. Necə sevirsə, həmişə də elə sevəcək!
Qərib ölkələrdə xatırlayarkən,
Olur ki, tökürəm göz yaşı sənsiz.
Səni dərk etmədən heyran qalıram...
Əyər dərk eləsəm, dözmərəm sənsiz.
Guya öyrəşmişəm mən qəribliyə,
Belə yaşamağı sayıram hədər.
Bəlkə də, alışıb vərdiş etmişəm,
Səni sevəcəyəm, ölənə qədər.
Belə misraları gənc qələm sahibi, həm də ölkənin ən yüksək elitasından olan cavan həmkarım yazanda, qəlbim riqqətə gəlir.
lll
Çılpaq təpəliklərin üstündəki balaca kəndimizdən İkinci Dünya savaşına gedənlərdən yalnız biri geri qayıtmışdı. Barmaqlarını mərmi qırmışdı onun. Savaşdan, orda araq, spirt paylarını verərək maxorka alıb çəkməklərindən elə danışardı, mən o döyüş səhnələrini aydın görər, yaralıların iniltilərini, mərmilərin uğultusunu, çovuyan güllələrin vıyıltısını eşidər, ən qəribəsi də, heç vaxt görmədiyim maxorkanın qoxusunu duyardım. Adamda maxorkaya alışqanlıq yaranmışdı, dükandan siqaret almaz, tütün yığıb qurudar, salamat barmaqlarıyla ovub qəzetin arasına tökər, eşmə düzəldər, acı, kəsif qoxulu tüstünü saralmış bığlarının arasından çölə üfürərdi.
Söz adamı da təsvir elədiyi mövzunu, səhnəni cod saçlı, qarayanız sir-sifətli, bığlarını tənbəki saraldan o keçmiş sövet döyüşçüsü kimi dinləyicisinə, oxucusuna çatdırmalıdır. Rəngləri görməli, səsləri eşitməli, qoxuları duymalısan. Leyla Əliyeva bunu bacarır.
Qu quşunu yalnız şəkillərdə, ekranda görmüşəm. Müəllifin “Qu quşu” şeirini oxuyandan sonra qu quşunu, “Özgə həyatına qıymaqla sanki, öz həyatının heyfini alan” ovçunu gördüm, atəş səsini, “ağlayan küləy”in uğultusunu eşitdim. Qu quşunun “təmiz, kövrək hissləri qızıl qan kimi bəyaz lələklərə” çilənirdi, əzab çəkərək həsrətlə ölür, “gülləyə dönən dərd, sinəsini deşirdi”:
Cəmi bircə atəş... bir dərya kədər...
Qu uca göylərdən axdı ulduztək.
Qeyb oldu... amma öz istəklisini
Qoymadı heç zaman qəlbində ölə.
Sevgilisi - hissiz, duyğusuz bir ovçunun atəşiylə - “Göylərə çəkilib gedən” qu quşunun keçirə biləcəyi hallar gözəl təsvir olunub. Müəllif özünün gəldiyi nəticəylə də şeirə nöqtə qoyur:
Silindi yaddaşdan açılan atəş,
Hər şeyi yoluna zaman qoyacaq.
Amma insan oğlu heç vaxt
dünyada
Qu quşu kimi sevməyi bacarmayacaq.
Müəllifin fırçanı və boyaları bir tərəfə
qoyub hissləri, duyğularıyla çəkdiyi tablo rənglərinə,
aydınlığına, gözəlliyinə görə
heç də fırçayla çəkdiyi tablolardan geri
qalmır. Sanki tablonun əsas cizgilərini çəkib, amma
ümumi mənzərədə boşluqlar var və hər
bir oxucu öz təxəyyül gücünə, xəyallarına
və duyğularına görə bu boşluqları istədikləri
rənglərlə boyamalıdırlar.
lll
Bu şeirləri xarakterizə eləyən ən
qabarıq cəhətlər şəfqət, mərhəmət,
xeyirxahlıq duyğularına köklənməkdir.
Müəllif insanları duyur, onlara həssaslıqla
yanaşır, hallarına acıyır, dərdlərinə
şərik olur. Hər kiçik fürsətdə belə
onlara köməyə, yardıma tələsir, bir xeyir mələyi
kimi onların yanında olmaq istəyir. Uşaq evinin kimsəsiz
körpələrinə həsr elədiyi şeir onun bu
uşaqlarla bağlı hansı hissləri keçirdiyini
gözəl ifadə eləyib:
Bilirəm,
axşamlar çox qəmlənirsən,
Divarlardan o yanda nələr var deyə.
Bütöv
bir dünya var orda,
gözəldən gözəl...
Sənsə inanmırsan möcüzələrə.
Körpələr evi, kimsəsiz uşaq. Uzanıb
yatağında, baxır, ancaq divarları görür və
qüssəylə düşünür, görəsən
divarlardan o yanda nə var? Bu misraları
oxuduqca kədər yükünün altında əzilirsən.
İsti ev görürsən, gözünü yumub,
Eşidirsən gülüş, musiqi səsi.
Üstünə
yorğan tək çəkib buludu,
Sən nəfəs
alırsan, nəfəsin əsir...
Buludu
üstünə yorğan tək çəkib uzanan körpə:
“Gecələr düşəndə, sükut çökəndə,
Köməyə səsləyir ana səsini”. Körpə ana
səsinin bal daddığını bilmir,
“O səs ona heç zaman cavab vermir, qəlbindəki buz
parçasını əritmir”. “Çünki
yalqız qalmaq üçün” doğulub.
İnsanı sarsıdan, qəlbini didən həqiqət. Bu məsum,
günahsız körpənin əlindən başqa nə gələ
bilər?
Kiçik
əllərinlə sığal çəkirsən,
Hər an yanındakı körpə mələyə.
Acı reallıq. Böyüklər onların səsinə
səs verə, onları şəfqət və mərhəmətlə
əhatə eləyə bilərlər. Eləmirlər.
Körpələr isə yalnız yanlarındakı
körpə mələyə kiçik əlləriylə
sığal çəkər, divarlardan o yanda nələr
olduğu haqda düşünərlər.
Sığal çəkir və düşünürlər.
Müəllifin çatdırmaq istədiyi, eşitdirmək istədiyi həqiqət budur. Böyüklər körpələri sevgi və mərhəmətlə əhatə eləsələr, onların qayğısına qalsalar, onları yalqız qoymasalar, körpələr hansısa soyuq divarlar arasında uzanıb, buludu üstlərinə çəkərək, divarlardan o yanda nələr olduğu haqda düşünməzlər.
Divarlardan bu tərəfdə, “gözəldən gözəl” dünyada yaşayarlar.
lll
Hər gün günortaya yaxın hardansa bir qaratoyuq uçub gəlir. Həyətdəki ardıc koluna qonur. Qara dimdiyini meyvələrə vurur, başını qaldıraraq qətran qoxuyan ləzzətli meyvələri udur, sonra uçub lap yuxarıdakı budağa qonur, şən səslə cikkildəyərək verdiyi ruziyə görə ardıc kolunamı, Tanrısınamı şükranlar eləyərək, qanadlarını çırpır, uçub gedir. Qaratoyuq gedəndən sonra sanki ardıc kolu silkinir, bir az da yaşıllaşır, bir sevinc, fərəh donuna bürünür.
Leyla xanımın şeirləri də beləcə, həm fərəhli, həm qüssəlidir, həm sevinc, həm də kədər işığına bürünüb:
Ərisin zülmətdə, qoy bütün şamlar,
Ulduzlar nur saçsın biz gedən yola.
(Ardı var)
Aslan
QULİYEV
525-ci qəzet.- 2017.- 23 sentyabr.- S.16-17.