Nizami və onun tədqiqatçısı haqqında qeydlər  

 

OKSFORD UNİVERSİTETİNİN LONDONDA İNGİLİS DİLİNDƏ VƏ BAKIDA AZƏRBAYCAN DİLİNDƏ NƏŞR OLUNMUŞ “BÖYÜK AZƏRBAYCAN ŞAİRİ NİZAMİ” KİTABINA YAZILMIŞ ÖN SÖZ

 

 

 

 

Nizami Gəncəvi yalnız ədəbiyyatın və sənətin yox, ümumiyyətlə, bəşəri sivilizasiyanın tarixindəki o nadir simalardan biridir ki, onun yaradıcılığına verilən qiymət və ona bəstənilən ehtiram heç bir milli, irqi, dini, coğrafi sərhəd tanımır, bu böyük hərfli Şair üçün zaman çərçivəsi də mövcud deyil və bu gün onun yazıb-yaratdığı dövrdən keçən 850 il - zaman baxımından onun daimiliyinin yalnız bir epizodudur.

 

Nizami Gəncəvi hər hansı ictimai formasiya təzahürlərinin və maraqlarının fövqündədir və bəşəriyyətin addımladığı siyasi-ictimai mərhələlər - feodalizm, sosializm, kapitalizm... - ona münasibətdə və onun qiymətləndirilməsində heç bir rol oynamır, çünki Nizami yaradıcılığı (beş epik poema-romandan ibarət altmış min misralıq “Xəmsə” və lirik şeirlər) öz bədii-estetik və ictimai-fəlsəfi səviyyəsinə və əhəmiyyətinə görə 850 il bundan əvvəl necə müasir və aktual idisə, bu gün də eləcə müasir və aktualdır.

 

Baxın, SSRİ-də qorxunc Stalin repressiyalarının davam etdiyi 1939-cu ildə Azərbaycan kommunistlərinin lideri (və faktiki olaraq Azərbaycanın sahibi!) Mir Cəfər Bağırov Nizaminin 800 illik yubileyinin keçirilməsini şəxsən İosif Stalinlə razılaşdırır və bu barədə dövlət səviyyəsində xüsusi qərar qəbul edilir - paradoksa (və sənətkarın qüdrətinə!) baxın: Stalin sistemi bir tərəfdən hər cürə zorakılığın (terrorun, repressiyanın, işgəncənin, təqibin!) dövlətləri məhvə apardığını bəyan edən Nizami ideyalarını (Nizami humanizmini!) gündəlik həyatda darmadağın edir, o biri tərəfdən isə bu ideyaların carçısının təntənəli yubileyini keçirir.

 

Nizami Gəncəvinin “Xəmsə”si dahi fars şairi Əbdülqasım Firdovsinin “Şahnamə”sindən təxminən iki əsr sonra yarandı və ölməz “Şahnamə”dən gələn epik ənənələri yeni bir mərhələyə qaldırdı. “Xəmsə” Şərq İntibahının təməlini qoyan mənəvi-estetik dəyərlər sırasında ən mühüm (və müəyyənedici!) yerlərdən birini tutur və bu epik poema-romanlarla bərabər, onun lirikası da bəşəri ədəbiyyatın estetik inkişafında mühüm rol oynamışdır.

 

Nizami Gəncəvinin əsərlərindəki coğrafi ünvanlara ötəri bir nəzər salmaq kifayətdir ki, onun yaradıcılığının ehtiva dairəsinin nə dərəcədə geniş oduğunu görəsən: antik Yunanıstan (Aleksandr Makedonskidən bəhs edən “İsgəndərnamə”), yaxud əfsanəvi hökmdar Xosrovun vətəni İran (“Xosrov və Şirin”), yaxud da yeddi gözəlin təmsil etdikləri türk, yunan, slavyan, hind, Xorəzm, ərəb, Çin elləri (“Yeddi gözəl”).

 

Bir mühüm xüsusiyyət də odur ki, bu qəhrəmanlar müxtəlif dinlərə mənsubdur və əlbəttə, bu cəhət Nizami dünyagörüşündə tolerantlığın nə dərəcədə yüksək yer tutmasının ifadəsi və göstəricisidir.

 

Nizami mövzularının genişliyi, məzmun dərinliyi, onun bədii-estetik qadirliyi ilə üst-üstə düşürdü. İ.V.Höte Nizami Gəncəvini “bütün zamanların və xalqların şairi” hesab edirdi. H.Heyne isə emosional bir hissiyatla yazırdı: “Almaniyanın öz böyük şairləri var... Ancaq onlar Nizami ilə müqayisədə kimdirlər ki?”

 

Qədim mənbələrin verdiyi və nüfuzlu tarixçilərin, şərqşünasların da təsdiq etdikləri məlumata görə, Nizami Gəncəvinin iyirmi min beyti (qırx min misra!) müharibələr, qarətlər, yanğınlar, zəlzələlər nəticəsində itib-bataraq dövrümüzə gəlib çatmayıb, ancaq bu kədərli (hətta faciəvi!) itkiyə baxmayaraq, Nizami Gəncəvi dünya ədəbiyyatşünaslığında Homerlə, Vergili ilə, Dante, Şekspir ilə, onun “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” kimi böyük məhəbbət dastanları isə dünya ədəbiyyatının “Dafnis və Xloya”, “İsmin və İsminiya”, “Hero və Leandr” kimi şedevrləri ilə bir sırada durur.

 

Nizami Gəncədə doğulmuş, bu şəhərin adını özünə təxəllüs götürmüş və bütün ömrü boyu da bu şəhərdə yaşamışdır. Böyük hökmdarların dəvətlərinə baxmayaraq, Nizami Gəncəvi heç zaman saray şairi olmamışdır və onun əsərlərindəki azadpərvərlik, görünür, onun şəxsiyyəti üçün də səciyyəvi olub - o, şəxsi azadlığını, sərbəstliyini heç vaxt saray firavanlığına dəyişməmişdir.

 

850 ildir ki, Nizaminin məskəni kitabxanalar, elm mərkəzləri, universitetlərdir və bu gün Oksford universiteti kimi qədim və nüfuzlu bir təhsil və elm ocağında yaradılmış yeni Mərkəzin də Nizami Gəncəvinin adını daşıması - Nizami uzunömürlüyünün xaraktetik və sanballı göstəricisidir.

 

Yeri düşmüşkən deyim ki, Oksford Universitetindəki bu Mərkəz bilavasitə professor Nərgiz Paşayevanın təşəbbüsü ilə yaradılmışdır və Mərkəz onun rəhbərliyi ilə artıq ciddi fəaliyyətə başlamışdır. Yalnız elə bu faktı qeyd edim ki, məşhur şərqşünas alim, professor Y.Bertelsin “Böyük Azərbaycan şairi Nizami” kitabı ilk dəfə 1940-cı ildə Bakıda nəşr olunmuşdu və Nərgiz xanım 80 ilə yaxın bir müddətdə nəşr olunmamış bu kitabı unutqanlıq içindən çıxararaq, ingilis dilinə tərcümə etdirib, Mərkəzdə nəşrinə nail olmuşdur. Nizaminin məhz Azərbaycan şairi kimi ingilis dilli nəhəng bir auditoriyaya təqdim olunması və bu təqdimatın Oksford Universiteti ilə bağlılığı çox mühüm bir hadisədir.

 

De Erbel, X.Purqştal, E.Braun, F.Erdman, F.Şarmura, A.Krımski, Y.Marr və başqaları kimi şərqşünaslar, tarixçilər, eləcə də görkəmli Azərbaycan alimləri Həmid Araslı, Mirzağa Quluzadə, Əkbər Ağayev, Rüstəm Əliyev, Azadə Rüstəmova və başqaları Nizami yaradıcılığını dərindən tədqiq və təhlil etmişlər - oxucunun qarşısındakı bu kitabı isə dediyim kimi, professor Yevgeni Bertels yazmışdır.

 

Kitabı oxucu özü oxuyacaq, ona görə də mən yalnız müəllif haqqında bir neçə söz demək istəyirəm.

 

1890-cı ildə həkim ailəsində anadan olmuş, üç ali təhsil almış (o, Peterburq universitetin şərqşünaslıq fakültəsindən sonra hüquq fakültəsini, eyni vaxtda da konservatoriyanı bitirmişdi) və 66 illik dramatik, keşməkeşli bir həyat yaşamış professor Yevgeni Eduardoviç Bertels Sovet İttifaqında, həm də əsas etibarilə repressiyalar dövründə tədqiqatlar aparmış, yazıb yaratmışdır.

 

Bütün həyatı kitabxanalarda, arxivlərdə keçən, 30-a qədər Qərb və Şərq dillərini bilən (!), Nizamidən başqa, Firdovsi, Cami, Nəvai və Şərq ədəbiyyatının başqa böyük nümayəndələrini tədqiq etmiş, elmi yaradıcılığı böyük diapozona malik bu alim heç bir əsas olmadan ilk dəfə 1922-ci ildə “əksinqlabçı” kimi, ikinci dəfə 1925-ci ildə “Fransa casusu” kimi, 1941-ci ildə - Hitler Almaniyasının SSRİ-yə hücum etdiyi qorxunc bir dövrdə isə ölümcül “alman cəsusu” ittihamı ilə həbs olunmuşdur və hər dəfə də bir neçə ay çəkən fizki işgəncə və mənəvi terrorla dolu istintaqdan sonra azad edilmişdir.

 

Stalin sisteminin represiyaları üç faciə ilə nəticələnirdi: repressiyaya məruz qalmış insan ya güllələnirdi, ya Sibirə göndərilir və orada məhv olurdu, ya da ruhən sındırılırdı və sistem professor Y.Bertelsin də şəxsiyyətinin sındırılmasına nail olmuşdu - fiziki və mənəvi əzablara dözməyən bu elm adamı KQB-yə donoslar yazmağa məcbur edilmişdi və bu donoslar da öz növbəsində, onun başqa həmkarlarının - şərqşünasların, tarixçilərin repressiyaları üçün münbit zəmin yaratmışdı.

 

Y.Bertelsin donosları onun qələm dostlarının faciəsinə səbəb olmuşdu və bu baxımdan onun bəraəti yoxdur, ancaq eyni zamanda, onun özünün böyük insani faciəsi - mənəvi sarsıntıların, mənəvi gecə iztirablarının yaratdığı faciə var.

 

Və bu gün professor Yevgeni Bertelsin donosları donosbazlıqdan daha artıq, həmin böyük insani faciədən xəbər verir və bu gün yaşayan, oxunan və öyrədən isə onun əsərləri, o cümlədən, oxucunun qarşısındakı bu kitabdır.

 

Mən Y.Bertelsin nizamişünaslıqdakı nüfuzu barədə təsəvvür yaratmaqdan ötrü yalnız bir faktı xatırlatmaqla bu qısa yazını bitirmək istəyirəm.

 

Nizami Gəncəvinin portreti yox idi və onun portretini yaratmaqdan ötrü müsabiqə elan olunur. Üç böyük Azərbaycan ziyalısı (filosof Heydər Hüseynov, ədəbiyyatşünas Həmid Araslı və “Leyli və Məcnun” operasının, Nizami sözlərinə bəstələnmiş iki ölməz romansın müəllifi, bəstəkar Üzeyir Hacıbəyli) ilə birlikdə professor Y.Bertels də bu işə cəlb edilir və şairin əsərlərinin onlarda yaratdığı təəssürat nəticəsində, məhz bu dördlüyün təsəvvürü əsasında rəssam Qəzənfər Xalıqov Nizaminin bu gün bütün dünyada məşhur olan portretini yaradır.

 

Ancaq əlbəttə, sənətkarın şəxsi sifət cizgilərindən asılı olmayaraq, onun əsl portreti - onun yaradıcılığıdır.

 

Professor Y.Bertels Nizami Gəncəvi kimi nəhəng bir varlığın mənəvi portretini yaratmaq iqtidarına malik səlahiyyətli bir alim idi.

 

lll

 

Bu kitabın 1940-cı il ilk nəşri SSRİ Elmlər Akademiyası Azərbaycan Filialı (o zaman bizim Akademiya hələ təsis edilməmişdi) Rəyasət Heyətinin qərarı ilə çap olunmuşdu və redaktoru Məmməd Arif idi.

 

Biz dövrdən gələn bir sıra sosioloji müddəaları cüzi redaktə etdik, bəzi yanlış tarixi faktlarla bağlı düzəlişlər apardıq, ancaq bütöv halda bu nəşrin də əsl redaktoru Arif müəllimdir.

 

ELÇİN

 

525-ci qəzet.- 2017.- 23 sentyabr.- S.15.