Səsimi unutma
Dünya
ilə bağların bir-bir qırılar... Dünən
qutsal bildiyin, ilahi saydığın, aşağıdan
yuxarı baxdığın yerə enər, qorxa-qorxa
yanaşarsan, ürkək-ürkək toxunarsan. “Bu ki adidən adidi” - deyib təəccüblənərsən.
Gözünü qamaşdıran sadəcə, gur
işıqmış, günəş deyilmiş. Kiminsə bir
kəlməsi, kiminsə yersizliyi, başqa birinin
qorxaqlığı, onun paxıllığı, bunun hərisliyi
soyudar səni dünyadan. “Bura niyə belə
soyuqdu?” - deyib ovuşdurarsan əllərini...
Sakitlikdən qulağın tutular. Səssizlikdən vahimə alar canını.
Zamanla alışarsan buna da... Təkliyi gündəlik
halın, yalqızlığı növbətçi
ovqatın sayarsan.
Bütün
miflər bircə-bircə dağılar,
Yenə
qallam təkcə özüm özümlə...
Kamal
Abdulla poeziyasının əsas qayəsi, təməli kədərdi,
itirilmişlərə görə hüzündü... Fərqi yoxdu kimi, ya nəyi itirmisən. Sevdiyin
adamı, dostunu, əzizini, hətta düşmənini...
İnamını, ümidlərini, sevgini! Ya da bütöv
dünyanı! Fərqi yoxdu... Həyatın
qaçılmaz qaydası var; qazana-qazana itirmək oyunundan
heç vaxt qalib çıxa bilməzsən. İtirdiklərini dəqiq dərk edirsən. Amma bəs qazandıqların sənindirmi?
Heç kəs bilmir... Tərəddüdlərlə gəmirirsən
içini! Dəyərdimi?
Kağızdan
evcik qurub
Qızıl
saray bilmişik
Nahaqdan
incitmişik
qüssəli ürəkləri...
Kamal Abdulla yaradıcılığından yüzlərlə
bu cür sitat gətirmək olar. İnsanın
özü ilə baş-başa qalması, suallar içində
qovrulması, labirintdə azması, çıxış yolu
tapmayanda iztirab çəkməsi. Amma yenə bir
işıqdan, bir səsdən, bir hənirdən, bir
pıçıltıdan tutub yaşamağa
çalışması... Nar çiçəkləri soldu,
amma sabah nar yetişəcək axı!
Hardansa uzaqdan, lap uşaqlığından belə zorla
eşidə biləcəyin səs gəlirsə, o səsdən
yapışıb zülmətini işıqlandıra bilirsənsə,
YAŞA-ÖL! Çünki “Həyat əslində
ölümün içində, həyat ölümün
davamıdır”.
...Bunu,
Kamal Abdullanın “Bir, iki, bizimki” pyesinin qəhrəmanı
deyir. YUĞ teatrında adını çəkdiyim
pyes əsasında rejissor Gümrah Ömərin quruluş
verdiyi “Səsimi unutma” tamaşasına baxdıqca ən fərqli
hissləri keçirirdim. Qəribə də
burasındadı ki, Kamal Abdulla şeirlərindən müxtəlif
misralar beynimdə dolaşırdılar. Tamaşa
bitəndə də bunun səbəbini
düşündüm. Sonra pyesi bir də
oxudum, təəssüratlarımı arıtladım və
anladım ki, günah mənim beynimdə deyil. Tamaşanın ideyası şeir kimi duyğular
oyadır. Əsərin təməlində poetik
ağrı var...
Bircə
onu bildim
Pıçıltı
dinməz-söyləməz
çıxıb gedir,
Mən özüm-özümlə danışıram.
Bircə
onu bildim
dumanlara
qarışıram
üz
tuturam göy üzünə,
Sən də
özün özünə
qalırsan
tək!
Ürkək-ürkək...
Kövrək-kövrək...
“Pıçıltı”
şeirindən gətirdiyim yuxarıdakı misralar
tamaşanın kişi qəhrəmanının
monoloquna bənzəyir. “Bir, iki, bizimki” iki nəfərin -
Kişinin və Qadının oyunudu, dialoqudu; onların
mübahisəsi, davası, qısqanclığı, sevgisi
haqqındadı... Kişi qəhrəmanı əməkdar
artist Məmməd Səfa, Qadını əməkdar artist
Gülzar Qurbanova canlandırıb. Aktyorlar Amid Qasımov və Ləman Novruzova isə bu
adamların uşaqlığını, daha doğrusu, uzaqda
qalmış uşaqlıqlarından gələn səsi ifa
edirlər. Və deyəsən, qəhrəmanın həyatında
yeganə işıqlı olan da elə bu səsdir:
Bir, iki
bizimki,
Üç-dörd,
qapını ört!!!
Rejissor Gümrah Ömərin quruluş verdiyi
tamaşaları ümumi səciyyələndirsək, mütləq
cəsarətdən danışmalı olarıq. YUĞ teatrının
baş rejissoru olan Gümrah bəyi “Naməlum Axundzadə”si ilə
kəşf etmişəm. O zaman dahi Mirzə Fətəlinin
ölməz əsərləri ilə eksperiment, tamam başqa
və yeni yanaşma, YUĞ təbiri ilə desək,
yuğlama məni yaxşı mənada təəccübləndirmişdi.
Həm də rejissorun cəsarətini bəyənmişdim... Elə o tamaşada Məmməd Səfa - Gülzar
Qurbanova duetinin təsirindən uzun müddət çıxa
bilməmişdim. “Səsimi unutma”
tamaşası isə bu birliyin növbəti uğurudu.
Tamaşanın uğurundan danışanda Rəşid
Şerifin səhnə tərtibatını da qeyd etmək istərdim. Çünki
hələ oyun başlamamış pərdələnmiş səhnə,
qəbiristanı xatırladan dekorasiya, iki dünya
arasındakı çəkisizliyi simvolizə edən elementlər
adamı öz sehrinə salır.
Və Məmməd
Səfa gəlir! Dünyasını dəyişmiş
qadını ilə söhbətə. Birgə
qərar verməyə. Hamletin “olum, ya ölüm”ü
kimi qəlizdi hər şey... Çətindi, qorxuludu! Geyim üzrə rəssam Leyla Əliyevanın
seçimləri xarakterləri tamamlayır.
Uşaqların qayğısız qırmızısı
(Doqquz-on, qırmızı don!), Qadının qara tüllə,
matəmlə pərdələnmiş
qırmızısı, Kişinin isə qaradan
çıxmazlığı... Axı qırmızı don
sadəcə “doqquz-on”un qafiyəsi deyil.
Qırmızı don həm də nikbinliyin,
işığın ifadəsidir. O nikbinlik də, işıq
da çox uzaq keçmişdə qalıb. İndi isə:
Yır-yığış
etmək vaxtıdı,
Dur ayağa, getmək vaxtıdı.
Dünyadan
itmək vaxtıdı,
Bu vaxt bir də ələ düşməz.
Bir
daş altda, bir daş üstdə...
Kişi qəhrəman da dünyadan itmək, getmək qərarına
gəlib. Həm də tam zamanıdı. Çünki
bir vaxt söz veribmiş... Deyibmiş ki - “Sən get, mən də gələcəyəm”. İndi isə təzad, tərəddüd, qorxu
içindədi. Hər şey
düşüncəsində, xəyalında baş verir.
Axı pərdənin o üzündə,
dünyanın o üzündə olan qadını ilə
ayrı necə danışa, hətta qucaqlaşa bilər?
Qadın onu pərdənin o tayına çəkir,
“Səni bu dünyada saxlayan heç nə yoxdusa, gedək” -
deyir. Yeganə təmas səslədi.
Kişi səsdən yapışıb, hənirə
uyub getməlidi. Amma istəyirmi getmək?
Məncə, tamaşanın əsas uğuru elə
budur. Getməklə qalmaq arasında,
bir-birini əvəz edən, bəzən də biri o birisinə
macal verməyən ziddiyyətli hallar, fikirlər.
Məmməd Səfanın oyununu dörd gözlə
seyr edirəm.
Az qala, hər hərəkəti rəsmdi,
fotodu, sənət əsəridi. Həm də
bu qədər fərqli vəziyyətləri, sürətlə,
anbaan dəyişən durumu necə oynamaq olar axı?
Qorxur, ürəklənir, sevir, hirslənir, ehtiraslanır,
qısqanır, sonra yenə ürəklənir, sonra yenə
vahimələnir, gülür, ağlayır,
pıçıldayır, qışqırır və s. Sanki
insanın hər üzünü, hər hissini, hər
halını göstərməkdi məqsəd. Bu qadın niyə ölüb? Bu kişi niyə qorxur?
Əhdinə nə üçün xilaf
çıxıb, bilinmir. Çünki mənə
görə Kamal Abdullanın niyyəti hadisə
danışmaq deyil, hadisənin-həyatın “fəsadlarından”
danışmaqdı. Amma bununla belə, Qadın-Kişi
arasında ola, yaşana biləcək
çox şeyləri tamaşadan almaq, duymaq olur...
Gülzar xanımın oyununda da bir neçə
qadın var. Biri pərdənin bu üzündə qoyduğu
sevgilisini aparmaq istəyir, hər cür şirin dillər
töküb, gözəlliyindən, cazibəsindən istifadə
edib yoldan çıxarmağa hazırdı. O biri küskündü,
nifrət edir bu yalançıya, qorxağa... Üçüncüsü
kövrəkdi, ana kimi nəvaziş göstərib qorumaq,
ovutmaq istəyir qarşısındakını. Və
bütün bu hallar o qədər təbiidir ki... Daha
doğrusu, bütün bu qadınları Gülzar xanım
öz oyununda elə üzvi, orqanik şəkildə birləşdirib
ki...
“Sən...
sən o qədər soyuqsan ki, o qədər uzaqsan ki... Başdan ayağa qeyri-müəyyənliksən.
Həmişə də beləydin. Bax,
deyirəm: səndən heç vaxt
heç nə gizlətməmişəm. Bilirdim
ki, indi də elə belə deyəcəksən.
Getmirsən getmə. Sənin yanında
olanda bəyəm sən mənim yanımdaydın?! Onda da tək idim. Bəli, bəli,
əzizim.
Tək idim. Ömür boyu məndən nəyinsə
acığını çıxmısan. Amma nəyin? Nəyə, kimə
görəydi bunlar?”
Qadının dilindən verilmiş bu sözləri dinləyəndə
başa düşdüm ki, bu əsər kişinin yox,
qadının faciəsi haqqındadı.
Ömrü
boyu aldadılmış, incidilmiş, təklənmiş, amma
sevən bir qadının... Və ən dəhşətlisi,
müəlliflərin əsas göstərmək istədiyi
faciə, ağrı məhz budu: Yanında olanın
yadlığı, bir addımlığındakının səsini,
əzab dolu hıçqırığını eşitməməsi,
qorxaqlığı, hələ üstəlik səndən
acıq çıxması, özünün
bacarmadıqlarına görə qisası!!!
Gümrah
Ömərin tamaşalarında çox sevdiyim cəhət
dinamikadı, plastikadı... Ən monoton hadisəyə,
gedişata da o qədər sürət, gərginlik qata bilər
ki, nəfəsini çəkmədən baxarsan. Hələ üstəlik uğurla seçilmiş
musiqilər də oyunun təsir gücünü yüz qat
artırır. Ennio Marrikonedən, Cuzeppe Tornatorenin filmlərindən
seçilmiş musiqilər, ələxsus “Ən yaxşı
təklif” filminin soundtreki daha da həyəcanlandırır
tamaşaçını. Axı necə həyəcanlanmayasan?
Bu Kişi çətin seçim
qarşısındadı. Getmək, ya
qalmaq? Ömrünün tək xoş,
qayğısız anı uşaqlığındakı “Bir,
iki bizimki”di, yeganə güvəndiyi arabir şikayətlər
edib çətinə düşəndə köməyə
çağırdığı Sara müəllimədi.
Uşaq səslərini ifa edən Ləmanın
şıltaqlığı, Amidin dəcəlliyi tamaşaya
ayrı bir ovqat gətirir... Amma hər şey
şərtidi burda. “Doqquz, on -
qırmızı don” - deyib şirin-şirin gülən
uşaq birdən birə üz döndərə bilər səndən,
əlini-qolunu bağlayıb qəbirə qoyar. Əslində, yazımın əvvəlindən
seçimlərdən danışıram, qəhrəmanın
tərəddüdlərini vurğulayıram, amma bir yandan da
düşünürəm - məgər həyat seçim
qoyurmu? Əvvəl-axır getməlisən! Zamanı gələndə heç kəs səndən
soruşmayacaq. Nazınla oynayıb başını
sığallayan olmayacaq... Sadəcə, özünü
aldadırsan bir müddət, elə bilirsən ki, səndən
asılı nə isə var. Elə ki sonun
qaçılmazlığını anladın, hər şey
asanlaşır... Əlin-qolun yanına düşür, Kamal
Abdulla dediyi kimi:
Yol getməyə taqət qalmadı,
Danışmağa dil qalmadı,
Sevməyə ürək qalmadı,
Ölməyə həvəs qalmadı- necə oldu?
Dəxi mən
də durum gedim,
gec
oldu...
Tamaşada son dərəcə təsirli səhnə Məmməd
Səfanın şərti keçidi, qəbirə girməsi,
ordan da pərdənin o üzünə addım
atmasıdı. Rejissorun uğurlu həlli, aktyorun dəqiq oyunu nəticəsində
az qala yaşayır insan o halı. Məlum olur
ki, insanı yaşadan, insan olduğunu anladan yaddaş
imiş. Yaddaş isə yalnız bu
dünyada mövcuddu. Kişi ilə
Qadın pərdənin müxtəlif taylarında belə birgə
imişlər. Çünki Kişinin yaddaşı
vardı, düşüncələrində
ayrılmamışdı, itirməmişdi bu Qadını...
O üzə keçincə bütün əlaqələr kəsilir:
“Hara, hara itdin sən? Qayıt. Mən tək qalmaq istəmirəm. İstəmirəm. Niyə yox
oldun? Sən məni aldatdın. Sən məni aldatdın. Mən
səni görmürəm. Sən... sən
yoxsan! Bura niyə
belə soyuqdu? Axı biz belə
danışmadıq. Mən geri qayıtmaq
istəyirəm. Yol, yol, bir yol
olmalıdı burda, ya yox? Bu tərəfə
gedim? Yox. Bu tərəfə
gedim. Yox, o da yol deyil. Yol.
Hanı bu yol? Bir əvvəli
var, bir də sonu. Bəs bu yolun özü
hanı?”
Və
soruşur: Bu, sənin nəyinə lazım idi? Qadının Kişiyə təmənnasız, dərin,
hüdudsuz sevgisi haqqındadı bu əsər. Elə
onu, ora, pərdənin o üzünə dartmağında niyyət
öz yanına gətirmək yox, sadəcə,
iztirablarına son qoymaqdı!
PƏRVİN
525-ci qəzet.- 2017.- 23 sentyabr.- S.14.