Mirzə Kazımbəyin ruhuna ehtiram nümunəsi

 

 

 

Son günlər ölkəmizin elm və mədəniyyət həyatında baş verən ən önəmli hadisələrdən biri böyük şərqşünas alim, xalqımızın fəxri Mirzə Kazımbəyin dünya dilçilik elmində məşhur olan “Türk-tatar dilinin qrammatikası” əsərinin Azərbaycan dilində işıq üzü görməsidir.

 

Azərbaycan dilçiliyinin təxminən 180 il bundan əvvəl ilk dəfə çap edilmiş bu şah əsərini ağır zəhmətdən sonra  müəllifin ana dilinə professor İdris Abbasov çevirib.

 

Elmi ictimaiyyətin diqqətini dərhal cəlb etmiş bu kitab, əslində adi tərcümə faktı deyil, türkologiyanın nadir incilərindən olan bir əsərin müasir dünya dilçilik elminin nailiyyətləri dalğasında yenidən təqdimatıdır.

 

“Bütün dillər bizim intellektual qabiliyyətlərimizin təbiətindən əmələ gələn ümumi qaydalardan ibarətdir” - fransız filosofu Antuan D.Trasinin bu fikri dil nəzəriyyəsi ilə məşğul olan alimlər arasında geniş yayılıb.  Ona görə də belə hesab edilir ki, istənilən dilin qaydalarını elmi cəhətdən araşdırıb-öyrənmək, həmin dilin daşıyıcısı olan xalqın intellektual imkanlarını, dünyagörüşünü, elmi düşüncə və təfəkkür tərzini, həmin dilin daxili enerjisini və gerçəyi ifadə etmək gücünü müəyyənləşdirmək baxımından çox önəmlidir. Təbii ki, bu halda həm dilin özünə, həm də onunla bağlı aparılan araşdırmalara müəyyən tələblər də verilir: əvvəla,  həmin dilin qrammatikası mütləq fəlsəfi mahiyyət daşımalıdır, ikincisi isə belə araşdırmalarda metafizika ilə məntiqin vahid doktrinada birləşməsi zəruri şərt  olmalıdır. Rus şərqşünaslığının patriarxlarından biri, şəxsiyyəti ilə qürur duyduğumuz M.Kazımbəyin “Türk-tatar dilinin qrammatikası” əsəri, məhz bu fundamental tələbləri ödədiyinə görə dünya dilçilik elminin ən yaxşı əsərləri ilə bir sırada dayanır.

 

lll

 

Təbii ki, M.Kazımbəyin “Qrammatika”sına maraq həm müəllifin parlaq şəxsiyyəti, həm də onun yüksək elmi nüfuzu ilə bağlıdır. Onu rus elminin parlaq siması və böyük mütəfəkkir kimi qiymətləndirən o dövrün tanınmış şərqşünası, professor B.V.Qriqoryev yazırdı ki, M.Kazımbəy islam fəlsəfəsinin, müsəlman elmlərinin dərin bilicisi, biliklərini Avropa elmi ənənələri ilə birləşdirən, ərəb, fars və türk dillərinə bələd olduğu kimi, ingilis, fransız və rus dillərini də gözəl bilən asiyalıdır. Bu “asiyalı” XIX əsrdə ümumən çiçəklənməkdə olan Rusiya elminin mühüm bir istiqamətinin - türkologiya və şərqşünaslığın əsasını qoymuş, Kazan Universitetində Şərq dilləri kafedrasının müdiri, Sankt-Peterburq Universitetində Şərq fakültəsinin ilk dekanı olmuşdur. Bu fakültə 1854-cü ildə müvafiq şöbə əsasında təşkil ediləndə M.Kazımbəyin təklifi ilə burada qədim ərəb, yeni ərəb, fars, osmanlı türkcəsi, Azərbaycan-türk, cığatay, monqol, kalmık, mancur, Çin, qədim yəhudi, yeni yəhudi, gürcü dili və s. dillərin tədrisi başlamışdı. O, eyni zamanda bu fakültədə əlavə olaraq xarici əlaqələr, siyasi-iqtisad, mülki hüquq və cinayət hüququ məsələlərinin, latın dilinin və pedaqogikanın tədrisinin aparılmasına nail olmuşdu.

 

Böyük elm fədaisi həmin illərdə universitetdə çalışmaqla kifayətlənməyib, Hərbi Akademiyanın zabitləri üçün türk dilindən mühazirələr oxuyurdu. O, İmperator Hərbi Akademiyasında keçilən türk dili kursu üçün dərs vəsaiti də hazırlamış və bu əsərinə görə ona Demidov mükafatı verilmişdi. Ruslar professor Mirzə Kazımbəyi özlərinin qabaqcıl ictimai fikrinin görkəmli nümayəndəsi hesab edirdilər. Əslində isə M.Kazımbəy çoxşaxəli yaradıcılığı ilə Rusiya çərçivəsindən çıxaraq dünya elminin ciddi hadisəsinə çevrilmişdir.  Dərin biliyinə, elmi təfəkürünə, düşüncə miqyasına və dil bilgisinə görə fenomenal alim sayılan M.Kazımbəy Avropanın elmi dairələrində də yaxşı tanınır, dünya şərqşünaslığının fenomeni hesab olunurdu. Böyük Britaniya, Fransa, Almaniya, Hollandiya və ABŞ-ın elmi cəmiyyətlərinin adlı-sanlı üzvü olmuş M.Kazımbəy elm aləmində tarix, fəlsəfə, siyasət, hüquq, Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatını tədqiq edən, islamın və müsəlman hüquq elminin böyük bilicisi kimi tanınmışdır.

 

Rusiyada XIX əsrin siyasi fəlsəfəsinin təşəkkül tapması da M.Kazımbəyin adı ilə bağlıdır. Xalqların milli özünüdərki və azadlıq ideyalarının  əsas yer tutduğu bu fəlsəfə indiyədək də öz müasirliyini itirməmişdir. Onun siyasi görüşləri daha çox “Müridizm və Şamil” (1859) və “Bab və Babilər: 1848-52-ci illər İranda dini və siyasi təlatümlər” (1865) əsəridir. M.Kazımbəyin  islam tədqiqatları mövzusunda olan “Qurani-Kərimdə ahənglik” (1859) və “İslam tarixi” (1860) kimi əsərlərində də ciddi ictimai problemlərə toxunulmuşdur.

 

Mütəfəkkir alimin müsəlman Şərqinin tarixi, fəlsəfəsi və ədəbiyyatı ilə bağlı əsərləri Rusiya və Avropada şərqşünaslığın mükəmməl nümunələri kimi qəbul edilirdi. Buna görə də araşdırmaçılar tez-tez  onun əsərlərinə istinadlar edir, həyatı və çoxşaxəli yaradıcılığı haqqında yazırdılar. Təbii ki, bu gün biz  Q.Düqo, İ.Kraçkovski, M.İvanov, V.Bartold kimi şöhrətli alimlərin tədqiqatlarında M.Kazımbəy haqqında yazılanları iftixar hissi ilə oxuyuruq. Və M.Kazımbəy haqqında bu geniş məlumatları ona görə yazıram ki, onun yaradıcılığının məhsulu olan “Türk-tatar dilinin qrammatikası”nın Azərbaycan dilinə tərcüməsinin əhəmiyyətini lazımınca təsəvvür edək.

 

Böyük alimin bütün bioqrafları xüsusi olaraq qeyd edirlər ki, o, nüfuzlu bir türkoloq kimi öz əsərlərində Avropa ilə Şərqin dil və qrammatik ənənələrini birləşdirməyi bacarırdı. Fərqli dillərin ortaq cəhətlərini elmi baxımdan izah etməyin öhdəsindən yalnız M.Kazımbəy kimi elmi ənənəni və dillərin təbiətini gözəl bilən bir mütəfəkkir gələ bilərdi. Bu mənada elmi ənənələrin və tədqiqat üsullarının mürəkkəb şəbəkəsi daha çox onun “Ümumi qrammatika”sında öz əksini tapırdı. Dilçi alimlərin qənaətinə görə,  A.Joberin “Qrammatika”sına məxsus latın və ənənəvi ərəb dili qrammatikası sxemləri və terminologiyasını özündə birləşdirən “Ümumi qrammatika”da, hətta Lomonosovun dilçilik ideyalarının da təsirini görmək mümkündür. Yəni, M.Kazımbəyin əsərləri o dövrlərdə dünya dilçilik elminin istər Qərb (ingilis, alman, fransız), istərsə də Şərq (daha çox türk, ərəb, fars) qollarında üzə çıxmış ən mühüm nailiyyət və tendensiyaları özündə əks etdirirdi. Bir sıra elmi məziyyətləri ilə yanaşı, həm də nailiyyət və tendensiyaları dolğun əks etdirdiyinə görə böyük alimin “Türk-tatar dilinin qrammatikası” əsəri bu qədər böyük maraq doğurmuşdur.

 

lll

 

M.Kazımbəyin filologiyaya dair əsərləri içərisində müstəsna yeri olan  Türk-tatar dilinin qrammatikası” kitabı ilk dəfə 1839-cu ildə işıq üzü görmüş və uğurlu dərslik kimi şöhrət qazanmışdır. Kitab ikinci dəfə 1846-cı ildə “Türk-tatar dilinin ümumi qrammatikası” adı altında təkrar nəşr olunmuşdur. Paris Asiya Cəmiyyətinin üzvü,  fəlsəfə doktoru Y.T.Senker bu əsəri 1848-ci ildə alman dilinə çevirəndən sonra “Qrammatika” Qərb ali məktəblərində mötəbər dərslik kimi geniş istifadə olunmağa başlanmışdır.

 

Dahi M.Kazımbəyin dilçilik görüşlərini dolğun bir şəkildə əks etdirən “Türk-tatar dilinin qrammatikası” üç hissə və iyirmi iki fəsildən ibarət dolğun monoqrafik tədqiqatdır. Burada əlifba və hərflərin tələffüzü məsələlərindən tutmuş, nitq hissələri, nitqdə sözlərin sintaktik əlaqəsi və cümlə konstruksiyalarının ümumi sisteminə kimi dilçiliyin ən ümdə problemləri əks olunmuşdur. Ən başlıcası müəllif bu əsərini o dövr üçün ən müasir sayılan metodika əsasında işləmiş, dünya  Avropa dilçiliyinin ənənələrindən bəhrələnmiş, bir çox dilçilik hadisələrinin nəzəri təhlilini vermiş, gələcək tədqiqatlar üçün elmi-nəzəri baza formalaşdırmışdır. Təbii ki, o dövr üçün, elə bu gün üçün də önəmli sayılan bir sıra yeniliklər etmişdir. Məsələn, XVII-XIX əsr türkoloqları J.B.Holderman, J.V.Preindl, K,Komidas, M.Viqye, A.Jober, L.Davids, A.Fayzmayer və başqaları türk dilində altı halın olduğunu qeyd etdikləri halda M.Kazımbəy 7-ci halı, yəni yerlik halı da buraya əlavə etmişdir. Bütün halların rus dilindəki adı ilə yanaşı, ərəb dilində ekvivalenti də verilmişdir. Bu, həm də ənənəvi ərəb dili qrammatikasının o dövrdə Şərqdəki üstün mövqeyindən xəbər verir. Çünki göstərilən müəlliflərin əksəriyyəti türk dilində ismin hallarını öz dillərində verməklə yanaşı, ərəb dilinə xas istilahlardan da istifadə etmişlər.

 

M.Kazımbəy türk dillərində nitq hissələrinə ənənəvi yanaşma sərgiləmiş, hər bir nitq hissəsinə ayrıca fəsil həsr etmişdir. Bu fəsilləri maraq doğuracaq özəl bir struktur və üslubda işləmişdir. Məsələn, “Sifət” fəslində M.Kazımbəy mövzuya birbaşa sifətin dərəcələrindən başlayır. Göstərir ki, türk dilində sifətin müqayisə dərəcəsini düzəltmək üçün latın dilinin qrammatik qanunlarından istifadə olunur. O, Türk-Azərbaycan dilindəki nümunələri latın dili ilə müqayisəli şəkildə nəzərdən keçirir və bu qaydaların həm də monqol və çuvaş dilləri üçün də xarakterik olduğunu göstərir. Burada böyük alimin məsələyə A.Jober və A.Davids kimi şöhrətli dilçilərdən daha müfəssəl yanaşdığının şahidi oluruq. M.Kazımbəy haqlı olaraq qeyd edir ki, şərq dillərində çox işlənən sifətin üstünlük dərəcəsi müqayisə dərəcəsinin düzəldiyi üsulla əmələ gəlir və belə olan halda üstünlük ideyası frazanın mənasından aydın olur. Müqayisə olunan ismi yiyəlik halda işlətməklə onu çox nadir hallarda izafətin birinci tərəfi kimi sifətə əlavə edirlər.

 

Əsərin ən unikal cəhətlərindən biri də burada irəli sürülən müddəaların müasir linqvistika nəzəriyyələri ilə, çağdaş dünya dilçiliyinin paradiqmaları ilə həmahəng səslənməsidir. Məsələn,  M.Kazımbəyin qənaətinə görə, türklər istər leksik, istərsə də fonetik səviyyədə baş verən və müasir dilçiliyin başlıca tədqiqat obyekti olan hiatus və dissonansdan uzaq durmağa çalışıblar. Analoji fikri A.Jober də irəli sürüb. Bu zaman XXI əsr dilçilərindən Berd Senturiyanın “dünya dillərinin əksəriyyəti ya vokalik hiatusdan yayınır, ya da tamamilə imtina edir” müddəası yada düşür.

 

Əlbəttə, belə bir xəzinənin, dilçilik elmimiz üçün müstəsna əhəmiyyəti olan bu nadir əsərin, ana dilimizin ilk elmi qrammatikasını özündə əks etdirən bir kitabın indiyədək Azərbaycan dilinə tərcümə olunmaması, müfəssəl elmi-akademik tədqiqini tapmaması təəssüf doğururdu. Düzdür, əsərin yüksək məziyyətlərə malik olması haqqında çox danışılır, xeyli fikir və müddəalar səsləndirilirdi, amma ümumilikdə, bu əsərin tərcümə edilib nəşrə hazırlanması üçün heç bir konkret addım atılmırdı. Nə yaxşı ki, professor Tofiq Hacıyev kimi təpədən dırnağa qədər elm fədaisi və iliyinəcən milli düşüncə sahibi olan böyük bir alim bir neçə il əvvəl Dilçilik institutuna direktor təyin olundu və nə yaxşı ki, o, hazırda həmin institutda “Nəzəri dilçilik” şöbəsinin müdiri vəzifəsində çalışan professor İdris Abbasovu bu böyük missiyanı boynuna götürməyə razı sala bildi.

 

(Ardı var)

 

Qulu MƏHƏRRƏMLİ

Professor

 

525-ci qəzet.- 2017.- 23 sentyabr.- S.12.