Çan kiminçün
çalınır, saz kiminçun
çalınır?
"Səhər-səhər"
rubrikasında
Yazıçılar Birliyiylə bağlı mənasız və yersiz qalmaqalın tüğyan etdiyi günlərdə məni
həqiqətən sarsıdan
və ağrıdan xəbər böyük sənətkar Ədalət
Nəsibovun ölüm
xəbəri oldu.
Ədalətlə dəfələrlə görüşmüşdük,
söhbət etmişdik. Təkrarsız
çalğısını canlı ifasında böyük
zövqlə dinləmişdim.
Sevdiyim ifaçıların
- Qədir Rüstəmovun,
Habil Əlityevin ölümləri kimi Ədalətin vəfatı
da sənətimizçün
də, şəxsən
mənimçün də ağır itkidir. Ədalət bizim nəslə mənsub idi və ingilis şairi Con Donnun sözləri yadıma düşdü: bir kəs ölərkən soruşma ki, əcəl çanı kiminçün çalınır?
Çan
səninçün çalınır.
O da yadıma düşdü ki, düz qırx bir il bundan
qabaq “Ulduz” jurnalında (1976, ¹12) Ədalət
haqqında yazı yazmışdım,
o vaxtkı əlifbamızla
- kirillə
çap olunmuş bu yazını sonralar heç yerdə nəşr etməmişəm. Ədalətə
Allahdan rəhmət diləyərək həmin
yazını 41 il qabaq yazıldığı şəkildə,
bir sözünü dəyişmədən oxuculara
təqdim edirəm.
Məlumdur ki, aşıq sənəti vəhdətdir
- söz - şeir, musiqi - bəstə və ifaçılıq. İfaçılıq deyəndə biz ilk növbədə
oxumağı, yəni
insan səsinin ifasını nəzərdə
tuturuq. Bu ifanı saz müşayiət edir.
Ədalət də oxuyur: aşıq havaları ifa edir. Amma mənim
fikrimcə, onun aşıq sənətimizdə
xüsusi yeri - sözsüz ifaçılığı,
saz çalmasıdır.
Ədalətin xidməti ondadır
ki, o, sazın - müşayiət aləti
olan tək bir sazın, aşıq sənətinin
bütün zənginliyini
ifadə etməyə
qadir olduğunu sübuta yetirmişdir.
Ədalət sazının heç
bir sözə, oxumağa ehtiyacı qalmır. Bu saz öz-özlüyündə, təkbaşına
bütün duyğuları
- yanıqlı kədəri
də, həzin qəmi də, məğrur nikbinliyi də öz diliylə, doqquz teliylə canlandıra bilir. Sazı muğam sənətində
tarın, kamançanın
tutduğu mövqeyə
Ədalət çatdıra
bilmişdir. Bu məharət isə ondan doğur ki, ifaçı bütün varlığı
ilə çaldığı
alətə qovuşur.
Ədaləti dinləyərkən ifaçıyla sinəsindəki sazın sərhədini təyin etmək olmur - insan barmaqları çaldığı alətin tellərinə harada keçir, saz harda insan qəlbinin ən dəruni titrəyişlərinə səs verir? İş onda deyil ki, Ədalət sazı istədiyi şəkildə, hətta nümayişkaranə ədalarla çala bilir: boynunun ardında, qoltuğunun altında - sazdan yalnız simli alət kimi yox, yeri gələndə zərb aləti kimi də istifadə edir. İş ondadır ki, Ədalət bu aləti ram etmiş, öz iradəsinə tabe etmişdir. Çünki o, sazın hər bir sirrinə vaqifdir, bütün imkanlarına bələddir.
Əkinçi şumlayıb əkdiyi torpağın hər sirrinə - isti-soyuğa dözümünə, çovğun-qar sınağına, bərəkətinin gücünə və verimliliyinin həddinə bələd olan kimi, əfsanəvi, yaxud real igidlər atının hər addımını - yerişini, yürüşünü, duruşunu, yorğasını, dördnalasını, yoxuşu çıxmasını, enişə enməsini bildiyi kimi, susuzluğunu, aslığını, sürətini və etibarını duyduğu kimi - Ədalət də sazın bütün mahiyyətini, məğzini, həddini hiss edir. Sədaların, pərdələrin ahəngini, aralarını, sükutların müddətini o qədər dəqiq ölçüb-biçir ki, bir səs sönməmiş, amma sönə-sönə ikinci səs onun rezonansına, əks-sədasına calanır, səslərin uğultusu havada əriməmiş yeni melodik naxışlar ilmələnir. Adama elə gəlir ki, çalınan təkcə bir saz deyil, çoxsəsli orqandır, ya da çox alətli orkestr.
Qarasaoğlandan, Qurbanidən aşıq Ələsgərə qədər aşıq şeirinin minlərlə incisi gəlib bizə çatıb. Koroğlunun, Kərəmin, Dilqəmin, Hüseynin adları aşıq havalarının neçə-neçəsində yaşayır. Bəs tarix hansı saz çalanın adını qoruyub hifz edib? Sazın ulu babası qopuz ustalarından bu günə qədər hansı ifaçının sənəti bizə gəlib çatıb? Ədalətin xoşbəxtliyi ondadır ki, lent yazıları ixtira olunan bir zamanda yaşayır. Onun ifasının yalnız sədaları deyil, zahiri görümü də, tamaşası da maraqlıdır. Yaxşı ki, axır vaxtlar Ədalət sənəti kinomuza daha sıx-sıx cəlb olunur. Bu sənətkar haqqında xüsusi film çəkilməlidir. Onun sənəti bütün cəhətləriylə əks olunmalı və çox uzaqlarda belə yayılmalı, tanıtdırılmalıdır. Bu həm indiki, həm də gələcək nəsillər qarşısında nəsib xidmət olardı.
41 il qabaq yazılmış bu sözlərə yalnız onu əlavə etmək istəyirəm ki, çan ölülərçün, Ədalətin sazı dirilərçün çalınır.
ANAR
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri
525-ci qəzet.- 2017.- 23 sentyabr.- S.11.