“525”in 25-i
“525-ci qəzet”in qarşıdan
gələn 25 illik yubileyi ilə bağlı Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədlinin rəhbərliyilə
xüsusi nəşr layihəsi həyata keçirilir.
Bununla əlaqədar
hazırlanan kitabda Azərbaycanın dəyərli
qələm adamlarının
fikirləri, yazıları
yer alacaq.
Həmin yazılar ardıcıl şəkildə qəzetimizdə
də dərc olunacaq.
Geridə
qoyduğumuz ildə “Kaspi” qəzeti olaraq 135 illik yubileyimizi keçirəndə,
bu qəzetə 135 ilin ötəsindən baxanda bu mətbu
orqanın tarixiliyi, keçmişimizə söykəkliyi,
vaxta dayaqlığı
bizlərə bir daha media nümayəndəsi,
vətəndaş kimi
qürur verdi. Aradan sovuşan illərə görə çox vaxt heyfislənirik, belədə
ömrün faniliyi, vaxtla birgə ərimək hardasa kədərləndirir bizi,
ancaq o illərin bağışladığı təcrübə, gücümüzə
güc qatan zəka yatırı, zənginləşən fikir,
tərcümeyi-hal, ən
əsası millətə
qazandırdıqlarımız qurban verdiyimiz ömrümüzün xiffətini
ürəyimizdən sıyırmağa
bəs edir - ləyaqətlə görülən
işlərin alın
açıqlığı, könül xoşluğu
ötən illərdən
də artıq ömür calayır ömrümüzə.
“525-ci qəzet”in bu il 25 yaşı
tamam olur, müstəqilliyimizlə yanaşı
yol gələn, onun zaman-zaman ifadəçisinə çevrilən
bu qəzet mətbuat tariximizdə özəl yeri olan, öz nəfəsi
duyulan bir mətbu ünvandır.
Qəzetin 25 ildəki fəaliyyəti bir mətbu orqan kimi gözümüzün
qarşısında keçib. Bu gün
- azad medianın inkişaf dövründə,
mətbuatın uğur
həddinin indiki sərhədinə yetişməsində
bu qəzetin də müstəsna rolu var. Peşəkar jurnalist kollektivi, redaktor heyəti ilə diqqət çəkən bu qəzet püxtə kadrların, səriştəli,
işini bilən qələm adamlarının
yetişməsində də
az rol oynamayıb.
Bu gün imzası
möhkəmlənmiş, adı
rəğbət doğuran
neçə-neçə jurnalistin,
redaktorun, ədəbi
gəncliyin ilk soraqları
“525-ci qəzet”dən gəlib.
Gəncliyə meydan vermək, təcrübə
sınaqlarına dözümlülük
sarıdan bu qəzetin mətbuatımızda
rolu danılmazdır və nə yaxşı ki, qiymətqananlar, keçmişin
mübarəkliyini, əzizliyini
unutmayanlar, gəldiyi yola hörmət qoymağı bacaran fikir adamları, jurnalistlər həmin qəzetdə keçdikləri
yolu, qazandıqları
uğurları və iş həyatı boyunca onlara əldənalınmaz xəzinəyə
çevrilmiş təcrübəni
zaman-zaman xatırlayırlar.
Böyük Füzuli
deyirdi ki:
İlahi
bir feyzdən xəznədir söz,
Tükənməz, sərf qıldıqca dəmadəm.
Məcazi
şahların gənci
deyil bu
Ki, bir həbbə götürdükdə ola kəm.
Yəni söz elə bir xəzinədir ki, sərf elədikcə,
xərclədikcə (təcrübə
qazandıqca) azalmaq əvəzinə artır,
yatırdakı qızıldan
birini götürsən
azalar, ancaq söz xəzinəsindən
yararlandıqca saysızlaşır. Mətbuat da
belədir. Çox çalışdıqca
güc azalmır, əksinə artır, adi bilgilər təcrübəyə çevrilir,
nəticədə qələm
məşqləri zamanla
örnək yazıların
yaranmasına səbəb
olur. “525-ci qəzet” məhz peşəkar kadrlar yetişdirməklə də
mətbuat xəzinəmizi
zənginləşdirmişdir.
“525-ci qəzet” seçilən
format, dizayn ilə də 2000-ci illərin əvvəllərindən zövq
aşılamağı, fərqliliyə
qapı açmağın
üsullarını göstərməyi
özünə yol seçdi, qəzetin bu gün elektron
variantının çevikliyi
də məhz həmin yeniliklərin çalarları kimi diqqətdən yayınmır. Adilikləri
guya ənənəyə
çevirib axarsız
su kimi bir
yerdə lilənməkdənsə,
hər vəchlə yeniliyə can atmaq, zamana uyğunlaşa bilmək, çağdaşlıqla
yanaşı olmaq müasir mediamızın ehtiyac duyduğu məsələlərdəndir və mətbuat tariximizə nəzər salanda, bu gün
məktəb saydığımız
qəzet və jurnalların öz zamanında çağdaşlıqla,
dövrlə ayaqlaşması
faktı, nümunəsi
diqqətimizdən yayınmır.
“525-ci qəzet” həm
də humanitar düşüncəmizin, bədii
zövqümüzün yetkinləşməsində
rol oynayıb və bu ağır
yükə çiynini
hələ əl-ələ
çatmayan, bugünkü
sayt-qəzet bolluğu
olmayan vaxtlarda verib. Qəzetin Ədəbiyyat
əlavəsində həmişə
çağdaş dövrün
ziyalı heyətinin,
zövq formalaşdıranların,
usta qələm adamların yazıları
dərc olunub. Ziyalıların “525-ci qəzet”ə canatımı, bu qəzeti nəşr ünvanına çevirmələri
digər qəzetlərə
də örnək olub. Neçə-neçə romanlar, araşdırmalar,
silsilə məqalələr
hələ kitablaşmamış
bu qəzetin səhifələrindən mütaliə
edilib, ilk oxucularını
tapıb. Kitab nəşrinin
indiki həddə, sayda olmadığı vaxtlarda, hər yetənin kitab nəşr etdirmədiyi dönəmdə qəzet
sonralar kitablaşacaq əsərləri vaxtında
dərc edərək oxucuların zövqündə
boşluq yaranmasının
qarşısını alıb.
“525-ci qəzet”in sonralar
oxucularına ünvanladığı
“525-ci kitab” seriyası
da məhz ədəbiyyatımıza olan
marağın ifadəsidir. Qəzetlə birgə oxucuların ünvanına yollanılan
bu seriya nəşrlər müəllif
və əsər seçiminə görə
də diqqət çəkirdi. Mişel
Uelbek, Söhrab Sipehri, Boris Pasternak, Anar, Elçin, Afaq Məsud, Çingiz Abdullayev, Qismət, Aysel Əlizadə və başqalarının
bu seriyadan işıq üzü görən kitabları ədəbiyyata dəyərli
xidmət kimi xatırlanmaqdadır.
Yaxşı xatırlayıram ki,
“525-ci qəzet”in Ədəbiyyat
əlavəsində seçilən
imzalarla yanaşı,
hələ ilk kövrək
addımlarını atan
gənclərimizə də
oxucuları ilə görüşmək imkanı
qazandırılıb. Birinci və
İkinci Gənc Ədiblər Məktəbinin
üzvlərinin ilk qələm
məşqləri, diqqətçəkən
yazıları, məqalələri
və şeirləri məhz “525-ci qəzet”də
nəşr olunub.
Ciddi bir mətbu orqanda dərc olunmaq isə müasir ədəbi gəncliyə verilən şans deməkdir.
“525-ci qəzet” müstəqillik
dövrü mediasında
öz dəsti-xətti
ilə seçilən,
jurnalistika peşəsinə
peşəkarlığın, sənət sevgisinin ucalığından baxan bir qəzetdir. Müstəqil Azərbaycanın dövlət
siyasətinə, dövlətçiliyimizin
inkişafına media orqanı
kimi bu qəzet
də xidmətlər
göstərib. Ulu
Öndər Heydər
Əliyevin, cənab Prezident İlham Əliyevin rəhbər tutduqları demokratik prinsiplər, söz azadlığı üçün
yaradılan şərait,
kütləvi informasiya
vasitələrinin müstəqilliyinin
və jurnalistlərin
sərbəst fəaliyyətinin
təmin edilməsi yönündəki islahatları
“525-ci qəzet”in bugünkü
səviyyəyə çatmasına
səbəb olub. Çünki müstəqil
media, azad söz olmadan mətbuatımız
bu qədər peşəkar ola
bilməzdi. Dövlətçilik yolunu tutması,
xalqa xidmətə istiqamətlənməsinin nəticəsidir
ki, “525-ci qəzet” bir çox qəzetlərin uzun illərə əldə etdiyi inkişaf pilləsinə daha tez yetişə bildi. Xalqa xidmət, dövlətə
sədaqət ucalığa
aparan işıqlı
yoldur.
Qəzetin təsisçisi, hazırda
həm də baş redaktoru olan Rəşad Məcid bu illər
ərzində “525-ci qəzet”in
uğurlu fəaliyyətinə,
sözün həqiqi
mənasında, ömrünü
həsr edib. Öz sahəsində
saç ağardan,
media kapitanlarından birinə
çevrilən, istedada,
səriştəyə, zəhmətə
qiymət verməyi bacaran, zamanı duyan R.Məcid müstəqillik dövrü
mətbuatının inkişafında
xidmətləri olan şəxslərdəndir. O, mətbuat sahəsinə cavan yaşlarında atılsa da, daim ağsaqqallarla, sahələrinə ömür
həsr edənlərlə
bir cərgədə durmağı, öyrənməyi
və tətbiq etməyi bacaran biri kimi tanınır.
Təbii ki, “525-ci qəzet”in inkişaf rolunda yürüməsi, indiki səviyyəyə çatması təkcə
onun əməyinin bəhrəsi deyil, bu yolda onun
çiyindaşları, əqidədaşları,
sözün rəmzi mənasında silahdaşları
da böyük rol oynamış, bu il 25 yaşını
təbrik etdiyimiz qəzetə ömürlərinin
böyük bir hissəsini bağışlamışlar.
“525-ci qəzet” həm də ardıcıllığı, çətinliklər qarşısında sınmaması ilə də seçilən qəzetdir. Çünki bu qəzet kağız qıtlığı, mətbəə bahaçılığı, mətbuatın ağır vaxtlar keçirdiyi dönəmlərdə də, bu gün dövlətimizin, dövlət başçımızın mətbuatımıza hər cür köməklik göstərdiyi vaxtda da ardıcıl nəşr olundu və oxucularının gözünü yolda qoymadı. Elektron medianın nəşrləri üstələdiyi dönəmlərdə də bu qəzet oxucularını itirmədi, ardıcıllığından qalmadı, aparıcı olmağı bacardı.
“525-ci qəzet”in təqdir etdiyimiz prinsipiallığından biri də klassiklərimiz zaman-zaman atılan böhtanlara vaxtında layiqincə cavab verməsi, klassik irsimizə hörmət qoyulmasını bir meyar kimi göstərməsi yolundakı əzmkarlığıdır. Vaxt-bivaxt böyük söz sənətkarlarımıza, əsərlərinin ziyası ilə boya-başa çatdığımız uca şəxsiyyətlərə qarşı iftiralar püskürüləndə, riyalar yağdırılanda bu qəzet səhifələrini sipər etməyi bacarıb. Bu, qətiyyən alternativ fikrə dözümsüzlük, birağızlılıq deyildi, haqqı ədalət naminə müdafiə etmək, bir missiya idi. Xalqımızın dəyərlərini gündəmə gəlmək, şöhrət qazanmaq üçün vasitəyə çevirənlərə qarşı qəzetin barışmazlığı, vətəndaş mövqeyi alqışa layiqdir.
25 il yaşamış bir insan haqqında düşünürük və eyniləşdirməmizi də məhz bu kontekstdə aparırıq - 25 il yaşamış bir gənc ilk baxışdan hələ həyatın bərkinə-boşuna düşməmiş, üzündə gənclik təravəti əskilməmiş, arzulu günləri irəlidə olan bir kəsdir, eyni zamanda o, artıq ömrünün öyrənməli, bilginləşməli dövrünün xeyli hissəsini geridə qoyub - bağça, məktəb, bakalavr, magistr, hərbi xidmət yolu keçib. Keçdiyi bu yol, öyrəndikləri bütün ömrü boyu onunla olacaq. “525-ci” qəzet də müəyyən bir yol keçib, öyrənə-öyrənə, öyrədə-öyrədə... Artıq “525-ci qəzet” öyrəndikləri ilə cavan, öyrətdikləri ilə qocaman bir qəzetdir... Dünənə çevrilib baxsaq qocamandır, tarixin zirvəsindən nəzər salsaq, yaxud mətbuatımızın yaşından boylansaq cavandır... Mən də “525-ci qəzet”ə hər yaşda ədalətli və bənzərsiz olmağı arzulayıram!
Sona VƏLİYEVA
“Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2017.- 23 sentyabr.- S.9.