Mirzə Kazımbəyin ruhuna
ehtiram nümunəsi
AZƏRBAYCAN DİLİNİN İLK ELMİ QRAMMATİKASININ ANA DİLİNDƏ NƏŞRİ HAQQINDA
(Əvvəli ötən
sayımızda)
Son günlər ölkəmizin
elm və mədəniyyət
həyatında baş
verən ən önəmli hadisələrdən
biri böyük şərqşünas alim,
xalqımızın fəxri Mirzə Kazımbəyin dünya dilçilik elmində məşhur olan "Türk-tatar dilinin qrammatikası" əsərinin
Azərbaycan dilində
işıq üzü
görməsidir.
Azərbaycan dilçiliyinin təxminən
180 il bundan əvvəl ilk dəfə
çap edilmiş bu şah əsərini
ağır zəhmətdən
sonra müəllifin
ana dilinə professor İdris Abbasov çevirib.
Elmi ictimaiyyətin
diqqətini dərhal cəlb etmiş bu kitab, əslində
adi tərcümə faktı deyil, türkologiyanın nadir incilərindən
olan bir əsərin müasir dünya dilçilik elminin nailiyyətləri dalğasında yenidən
təqdimatıdır.
Dilçilik elmimiz üçün müstəsna əhəmiyyəti
olan bu nadir əsərin, dilimizin ilk elmi qrammatikasını özündə əks etdirən bir kitabın indiyədək Azərbaycan dilinə tərcümə olunmaması,
müfəssəl elmi-akademik
tədqiqini tapmaması
təəssüf doğururdu. Düzdür, əsərin yüksək
məziyyətlərə malik
olması haqqında çox danışılır,
xeyli fikir və müddəalar səsləndirilirdi, amma ümumilikdə, bu əsərin tərcümə
edilib nəşrə
hazırlanması üçün
heç bir konkret addım atılmırdı. Nə
yaxşı ki,
professor Tofiq Hacıyev
kimi təpədən
dırnağa qədər
elm fədaisi və iliyinəcən milli düşüncə sahibi
olan böyük bir alim bir
neçə il əvvəl Dilçilik institutuna direktor təyin olundu və nə yaxşı ki, o, hazırda həmin institutda "Nəzəri
dilçilik" şöbəsinin
müdiri vəzifəsində
çalışan professor İdris Abbasovu bu böyük missiyanı boynuna götürməyə razı
sala bildi.
lll
Hələ ötən əsrin
80-ci illərinin sonunda
elmi işlərim üçün Nəsimi
adına Dilçilik institutuna gedib-gəlirdim. O dövrdə
alimlər arasında ara-sıra milli təəssübkeşlik dalğası
kükrəyirdi. Belə
bir vaxtda mən institutun direktor müavini, bir neçə xarici dil bilən,
parlaq zəka sahibi kimi tanıdığım,
həm də aramızda yaxşı münasibətlər olan
professor Vaqif Aslanovdan
"Qrammatika"nın
azərbaycancaya niyə
tərcümə olunmadığını
soruşmuşdum. Professor qısaca belə cavab vermişdi: "Asan iş deyil,
buna bir ömür lazımdır".
Görünür, kitabın spesifik elmi üslubda yazılması, onun çoxcəhətliliyi, terminlərin
mürəkkəbliyi və
çox vaxt anlaşılmaz kimi görünməsi tədqiqatçıları
bu yükün altına girməkdən çəkindirmişdir. Amma nə
yaxşı ki, bu dünyada ən müxtəlif çətinliklər görmüş
və elə indi də bu
çətinliklərlə üz-üzə qalmış
professor İdris Abbasov
üçillik ağır
zəhmətdən sonra,
təkcə Dilçilik
institutuna, təkcə
AMEA-ya yox, ümumən dilçilik elmimizə başucalığı
gətirən möhtəşəm
bir addım atmışdır. Professor ağır zəhmətlər
və hətta əsəblər hesabına
dahi M.Kazımbəyin
"Türk-tatar dilinin
qrammatikası" adlı
kitabı ana dilində və həm də tədqiq, əlavə izah və şərhlərlə
birlikdə elmi ictimaiyyətimizə təqdim
etmişdir.
Hər kitab bir abidədir
və mənim düşüncəmə görə,
professor İdris Abbasov
müasir türkologiya,
Azərbaycan dilçiliyi
və ümumi dilçilik baxımından
xüsusi önəm daşıyan "Mirzə
Kazımbəyin "Türk-tatar
dilinin ümumi qrammatikasının tərcümə,
tədqiq və şərhi" kitabı
ilə biz azərbaycanlıların
şüurunda dahi M.Kazımbəyə bir mənəvi abidə ucaltmışdır. Məncə, İdris müəllim həm də kitabın ana dilində çap edilməsinin təşəbbüsçüsü
və elmi məsləhətçisi, mərhum
Tofiq Hacıyevin nigaran ruhunu xoşbəxt etmişdir.
Çünki bir çox dəyərli alimlər bu fikirdədir ki, Dilçilik İnstitutunun
alim-professorları, elmi
şura üzvləri
və digər elmi müəssisədən
olan alimlər milli-mədəni sərvətimizin
tərkib hissəsi sayılan bu möhtəşəm məxəzin
ana dilimizə tərcümə edilməsini
çox doğru olaraq Azərbaycan dilçilik elmi və türkologiyasına
əvəzsiz töhfə
hesab etmiş, əsərin tədqiq və şərhlərlə
təqdim olunmasını
son onilliklər ərzində
Azərbaycan dilçilik
elmində ciddi hadisə sayırlar.
"Türk-tatar dilinin
ümumi qrammatikasının
tərcümə, tədqiq
və şərhi"
monoqrafiyasını vərəqlədikcə
hər səhifədə
tərcüməçi və
tərtibçi İ.Abbasovun
böyük zəhmətinin
izlərini görürsən. Məlum
olur ki, bu miqyasda əsərin
dərin qatlarına nüfuz etmək, M.Kazımbəy
zəkasının dərin
qatlarına nüfuz etməklə bitmir, həm də dilçilik elminin əsaslarına yiyələnmək,
eləcə də rus dilindən savayı, fransız, ərəb, fars, ingilis, hətta latın və italyan dillərinə də bələd olmaq tələb olunur. Nə gözəl ki,
sadalanan keyfiyyətlərə
yiyələndiyi üçün
tədqiqatçı ortaya
mükəmməl bir
əsər qoymuşdur.
İ.Abbasov sübut etmişdir ki, M.Kazımbəyin "Qrammatika"sını
tərcümə və
şərh etmək üçün ən azından onun bilik səviyyəsinə yaxın bir səviyyəyə malik olmaq, islam elmləri,
ilahiyyat, tarix, ədəbiyyatdan baş çıxarmaq, ümumi dilçilik biliklərinə
yiyələnməli, bundan
əlavə, səbir,
təmkin və iradə nümayiş etdirərək heç bir çətinlikdən qorxmamalısan. Yalnız belə olduğu
halda sən bu möhtəşəm dil abidəsini layiqli şəkildə yenidən canlandıra və adını Mirzə Kazımbəylə
yanaşı, milli elm
tarixinə yaza bilərsən.
Professor İ.Abbasov "Qrammatika" üzərində
işləyərkən M.Kazımbəydən
əvvəl və onun dövründə Türk-Azərbaycan dilinin
qrammatikasına və
ümumi dilçiliyə
dair çap olunmuş əksər məşhur əsərlərdən
faydalanmışdır. İşin gedişində
o, xarici dillərin qrammatikalarının ümumi
qanunauyğunluqlarını nəzərdən qaçırmamış,
dil faktlarına diaxronik-sinxronik və komparativ-kontrastiv aspektdə
yanaşmışdır. Kitaba giriş sözü yazmış akademik Nizami Cəfərovun qeyd etdiyi kimi,
tədqiqat və şərhdə biz yeni, orijinal fikirlərlə rastlaşırıq. İ.Abbasov fransız şərqşünası
S.Sasinin fikir və müddəaları,
Babil, Çin-yapon və ərəb ənənəvi qrammatikalarından,
qədim hind, Roma dilçiliyindən,
modistlərin, humanistlərin,
fransız ensiklopedistlərinin
təlimlərindən, A.Arno
və K.Lanslonun Por-Royal qrammatikasından, N.Bozenin "Ümumi qrammatikası"ndan, kartezian
təlimindən, latın,
ərəb, italyan, fransız, türk, ingilis, rus və
ispan dillərinin qrammatikasını əhatə
edən linqvistik əsərlərdən lazımınca
və yerli-yerində istifadə etmişdir. Bu mənada əsər
mükəmməl və
dolğun material təqdim
edir. Tərcüməçi
bəzi məqamlarda hərflərin spesifik cəhətlərini aydınlaşdırmaq
üçün yunan,
ispan və italyan dillərinin materiallarına müraciət
edərək M.Kazımbəyin
fikirlərini S.Sasi, A.Davids, A.Jober, A.Fayzmayer, K.Komidas, L.Dübö və digər dilçi-alimlərin
yanaşmaları ilə
qarşılaşdırır.
Adətən, belə mürəkkəb tərcümələrdə dil qarşılaşdırmaları zamanı transliterasiya məsələləri problemə çevrilir. İ.Abbasov bu çətinliyi dəf edərək M.Kazımbəyin sırf rusdillilər üçün kiril əlifbası ilə verdiyi transliterasiyanı orjinala yaxınlığı saxlamaq şərti ilə latın qrafikası ilə verib. Əlbəttə, istənilən variantda verilmiş transliterasiyanı azərbaycanlı və digər türk dili daşıyıcıları asanlıqla anlamaq və dəqiq tələffüz etmək imkanına malikdir. Burada tərcüməçi beynəlxalq standartlara uyğunluğu əsas götürərək əsərin gələcəkdə digər Avropa dillərinə tərcümə olunmaq ehtimalını nəzərə almışdır. Buna görə də o, düzgün olaraq əsərdə adları çəkilən məşhur alimlərin türk dilinin materiallarına aid təqdim etdikləri transliterasiyanı olduğu kimi saxlamışdır. Bundan başqa, İ.Abbasov bir təcrübəli tədqiqatçı kimi M.Kazımbəyin ərəb qrafikası ilə yazdığı və bir çox hallarda transliterasiyanı verdiyi morfologiya bəhsində uyğun gələn nümunələrdə K.Komidasın italyan dilində yazdığı "Türk dili qrammatikasının əsas prinsipləri" (1794) əsərindən istifadə edib. Çünki müəllifin fikrincə, tarixiliyi qoruyub saxlamaq baxımından K.Komidasın transliterasiyasının xüsusi önəmi vardır.
Fonetika bəhsində də İ.Abbasovun maraqlı linqvistik-fonoloji müddəaları ilə tanış oluruq. Tədqiqatçının fikrincə, M. Kazımbəyin heca və orfoqrafik işarələr, sadə və mürəkkəb, təbii və süni hecalar haqqında müfəssəl məlumatları Azərbaycan, o cümlədən, digər türk dillərinin fonetikasını öyrənmək baxımından çox faydalıdır. Məsələn, tədqiqatçı göstərir ki, ərəb dilində emfatik artikulyasiya yaradan hərf türk dilində nisbətən yumşaq tələffüz edilir. Bunu aydınlaşdırmaq məqsədilə prof. İ,Abbasov böyük M.Kazımbəyin sələflərinin və onunla eyni dövrdə yaşamış görkəmli dilçi alimlərin fonoloji görüşlərini qarşılaşdırıb səs və hərflərin aydın fonetik mənzərəsini yaratmağa çalışmışdır. Ümumiyyətlə, tədqiq, müqayisə və şərh prosesində İ.Abbasov dil faktlarına orijinal yanaşma tərzini sonadək davam etdirir. Yaxşı cəhət odur ki, kitabın bir çox bölmələrinə, o cümlədən, fonetika, morfologiya, sintaksis və başqa bəhslərə onun verdiyi şərhlər müasir Azərbaycan dilinin qrammatikasının tarixi aspektdə araşdırılması, həmçinin dilçiliyimizin bir sıra aktual problemlərinin öyrənilməsi üçün samballı elmi-nəzəri baza yaradır.
Bütün bunlar isə şübhəsiz ki, professor İ.Abbasovun
təqdim etdiyi "Mirzə Kazımbəyin
"Türk-tatar dilinin
ümumi qrammatikasının tərcümə,
tədqiq və şərhi" kitabının elmi miqyasını və müasir
dilçilik elmimiz üçün dəyərini qat-qat artırır. Əlbəttə, Mirzə
Kazımbəyin adına layiq səviyyəli
bir elmi əsər ortaya çıxardığı, onun ruhunun ahəngini düzgün ifadə etdiyi
üçün İdris
Abbasova da böyük təşəkkürlər düşür.
Qulu MƏHƏRRƏMLİ
Professor
525-ci qəzet.- 2017.- 26 sentyabr.-
S.6.