Dədə Şəmşirin sənət dünyası

 

 

 

Azərbaycan folklorunun əsasını təşkil edən ən qədim, zəngin, mənəvi irslərdən biri də aşıq yaradıcılığıdır.

 

Xalq içərisində böyük hörmətlə qarşılanmış aşıq sənəti bu günümüzdə də əbədiyaşarığı ılə diqqət cəlb edir. İstedadı və şəxsiyyəti ilə xalq içərisində "el atası" və dədə adlandırılan ustad aşıqlar əməkçi insanların arzu və istəklərini, işğalçı düşmənlərə qarşı mübarizəsini, mənəvi-əxlaqi keyfiyyətlərini, qəhrəmanlıq şücaətlərini tərənnüm edib, ədəbiyyatımızın və musiqimizin inkişafında misilsiz xidmətlər göstərib. Böyük maarifçi mütəfəkkir Həsənbəy Zərdabi aşıq yaradıcılığına yüksək qiymət verərək yazırdı: "Bir baxın bizim aşıqlar toylarda oxuyanda onlara qulaq asanlara! Bu zaman bu qulaq asanlar elə hala gəlirlər kı, bə istilahi-türk ətin kəssən də xəbəri olmaz. Elə ki sonra toy qurtardı, aşıqlar evlərinə getdi, beş-on gün uşaqlar gecə-gündüz küçələrdə gəzəndə aşıqdan eşitdiyi qafiyələri oxuya-oxuya gəzirlər və bir-birinin qələtlərini düzəldirlər". Aşıq sənəti xalqımızın mənəvi aləminin tərcümanıdır. Bu incəsənət növündə poeziya, musiqi, rəqs, ifaçılıq sintezi özünü göstərir. Ustad aşıqlar həmişə xalqın arzu və istəklərini tərənnüm edib. Ustad sənətkarların fikrincə aşıq hər şeydən öncə xalqın dərdi ilə, kədəri ilə, sevinc və fərəhi ilə bağlı geniş dünyagörüşünə malik şəxsiyyət olmalıdır. Aşıq Ələsgər ustadnamələrinin birində aşıqlıq sənətinə yüksək qiymət verib:

 

Aşıq olub tərki-vətən olanın,

Əzəl başdan pürkəmallı gərəkdir.

Oturub durmaqda ədəbin bilə,

Mərifət elmində dolu gərəkdir.

 

Xalqa həqiqətdən mətləb qandıra,

Şeytanı öldürə, nəfsin yandıra,

El içində pak otura, pak dura,

Dalısınca xoş sədalı gərəkdir.

 

Akademik Həmid Araslının elmi qənaətinə görə? "Aşıqlıq sənəti əsl mənada şairlikdən fərqli olaraq saz çalmaq, rəqs etmək, oxumaq, şifahi xalq ədəbiyyatının nağıl, dastan və başqa növlərini toylarda, məclislərdə ifa edərək yaymaq deməkdir".

 

"Kitabi-Dədə Qorqud" dastanının boylarında adı çox çəkilən qopuzdur. Türklər qopuzu müqəddəs hesab etmiş, onu çala bilməyənləri özlərindən saymamışlar. Qopuzu ilk dəfə Anadoluya həmin bölgənin "gəzəri" aşıqları gətirmişlər. Tədqiqatçıların fikrincə? Qorqud ilk  şaman, ilk şair və ilk ozandır. Qazax əfsanələrində deyilir ki, Qorqud vətənə qayıdandan sonra dəvəsini kəsdi, onun gönündən qopuz hazırladı, bu qopuzla qaldı, uzun illər ölümü özünə yaxın buraxmadı. Deməli, ilk musiqi alətinin yaradıcısı, həm də ilk musiqini yaradandır. Bir sözlə, Dədə Qorqud "mifi təmsil edən varlıqdır". Dədə Qorqud qəhrəmanları düşmən əlində qopuz görərkən "Dədə Qorqud eşqinə çalmadım" - deyə onu bağışlayarmışlar. 

 

Əsl sənət əsəri o əsərdir ki, dərin ideyaya, güclü bədii-estetik səviyyəyə və aktual mahiyyətə malik olsun.

 

Zaman-zaman yüksək peşəkarlığı ilə seçilən ustad aşıq sənətkarlarımız xalqın mədəni həyatının inkişafında böyük rol oynamışlar. Toy şənliklərində, ədəbi-musiqili məclislərdə, bayram və mərasimlərdə el sənətkarları yüksək ifaçılıq  məharəti göstərmiş və böyük məhəbbət qazanmışlar. Ozan daim hərəkətdə olan, səyyar, gəzərgi sənətkardır. Onun bu əlaməti "Kitabi- Dədə Qorqud" da "Eldən-elə,bəydən-bəyə ozan gəzər"-cümləsiylə təsdiqlənir.

 

Ozanlar hələ Atilla dövründə (eranın V əsri) və Atilla sarayından başlayaraq Səlcuqilər də daxil olmaqla XV əsrə kimi qopuzları ilə saraylarda, şənlik və toplanışlarda bahadırları tərənnüm etmiş, onları tanıdıb yaşatmışlar...

 

Qədim türk dövlətlərinin saraylarında, həmçinin Alp Ər Tonqa, Atilla kimi xaqan-sərkərdələrin, xalq gəhrəmanlarının ordusunda ozan-şairlər və musiqiçilər yaxından fəaliyyət göstərmişlər. Türklər "ozanları hayqırmayan millət yetim kimidir"-deyirlər. Çünki hər bir xalqın formalaşması milli-mənəvi dəyərlərimizin qorunması  yaşadılmasında ustad aşıqların  böyük xidmətləri olmuşdur. Görkəmli folklorşünas, Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Azad Nəbiyev aşıq sənətinin özəlliklərindən bəhs edərək yazmışdır: "Aşıq sənəti özündə Allaha aşiqliklə Allahın yaratdıqlarına aşiqliyi birləşdirib vəsf etdi, cəmiyyət içərisində islam dəyərlərinə xidmət edən bir ifaçılıq sahəsi kimi şöhrətləndi".

 

Aşıq sənətinin mahir ifaçıları öz musiqiləri ilə insanın mənəvi dəyərlərini tərənnüm edirlər. Aşıq sənətinin əsas mövzuları məhəbbət və təbiət gözəlliyi, insan və onun əməlləridir. Aşıq sözü ərəb mənşəli "eşq" sözündən götürülüb, mənası "sevən" deməkdir. Bu sözün etimologiyası Varsaq, Yanşaq, Uzan-Ozan adlarından ibarətdir.

 

Aşıq sənəti, əslində bir fərdin yaratdığı teatrdır. Aşıq-şairdir. Aşıq-yazıçıdır (dastanlar yaradır). Aşıq-bəstəkardır ("Dilqəmi"dən tutmuş "Ruhani"yəcən, "Yanıq Kərəmi"dən tutmuş "Keşişoğlu"nacan yüzlərlə havacatı kim yaradıb? Naməlum aşıq!) Aşıq-müğənnidir. Aşıq, bugünkü ifadə ilə desək, bədii qiraət ustasıdır. Aşıq instrumental ifaçıdır.

 

Bütün bunların hamısı da bir nəfər, bir fərddir". Aşıq yaradıcılığı, aşıq sənəti barədə tədqiqatçı alimlər bir sıra fundamental monoqrafiyalar yazıblar. Milli Elmlər Akademiyasının müxbir üzvlərindən Azad Nəbiyev "Azərbaycan aşıq məktəbləri", Qara Namazov isə "Azərbaycan aşıq sənəti" adlı tədqiqat əsərləri yazıb çap etdirmişlər. Bu gün aşıq sənətimiz artıq dünyada tanınır. Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın səyi və zəhməti sayəsində bu gün bir çox mədəniyyət nümunəsi YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilmişdir. Azərbaycan aşıq sənəti də həmin  mədəni incilər siyahısına daxil edilmişdir.

 

Aşıq  yaradıcılığının Dirili Qurbani, Abbas Tufarqanlı, Sarı Aşıq, Xəstə Qasım, Aşıq Valeh, Ağ Aşıq, Aşıq Alı, Aşıq Ələsgər, Molla Cümə, Aşıq Hüseyn Bozalqanlı, Aşıq Əsəd, Aşıq Hüseyn Saraclı, Əmrah Gülməmmədov, Mikayıl Azaflı bə başqa bu kimi onlarla ustad sənətkarları olmuşdur. Aşıq yaradıcılığında xüsusi yeri olan ustad aşıqlardan biri də istedadlı xalq sənətkarı Aşıq  Şəmşirdir. Aşıq Şəmşir 1893-cü ildə Kəlbəcərin Dəmirçidam kəndində məşhur şair Ağdabanlı Qurbanın ailəsində dünyaya göz acıb. El şairi Ağdabanlı Qurban Azərbaycan və fars dillərində mükəmməl mədrəsə təhsili almışdı. Onun çoxlu qoşma, gəraylı, müxəmməs, divani, təcnis və digər formalarda şeirləri dillər əzbəri olub. Saz-söz ustadının Aşıq Ələsgər, Növrəs İman və Bimar Əli ilə maraqlı deyişmələri yaddaşlardan yazılı ədəbiyyata köçürülüb.

 

Aşıq Şəmşir Aşıq Ələsgərdən sənət dərsi alıb. Onun aşıqlıq sənətinin inkişafında Göyçə və Kəlbəcər mühitinin və bu yerlərdə yaşayan ustad aşıqların böyük təsiri olub. Aşıq Şəmşir üç dastanın,iki yüzdən çox qoşmanın, yüzə yaxın təcnisin, otuzdan çox deyişmənin, iyirmi gəraylının, on dörd ustadnamənin, yeddi divaninin, altı qəzəlin, onlarla bayatının,bir sıra dodaqdəyməzin müəllifidir. Aşıq Şəmşirin yaradıcılığında qoşmaları xüsusi yer tutur. Bu goşmalar orijinallığı, gözəlliyi və obrazlılığı ilə diqqəti cəlb edir:

 

Bir ocaq qalasan palıddan qala,

Samandan heç zaman köz düşə bilməz.

Namusa deyiblər alınmaz qala

Qorusan səmtinə iz düşə bilməz.

 

Mayasına haram qatmayan insan,

Kəsalət yuxusu yatmayan insan,

Məsləkini pula satmayan insan,

Elin nəzərindən tez düşə bilməz.

 

Aşığın ustadnamələri dərin fəlsəfi tutumu və yüksək şeiriyyəti ilə seçilir. Onun "Olmaz", "Eylər", "Demək olmaz", "Yərək", "Yaraşmaz"  kimi ustadnamələrində yüksək mənəvi keyfiyyətlər və mənəvi-əxlaqi dəyərlər təbliğ olunur.

 

Aşıq Şəmşir həm də məhşur aşıq havalarının - "Kərəm şikəstəsi", "Göyçə gulu", "Şahsevən","Güllü qafiyə", "Qaragöz bala", "Təcnis" və sairənin gözəl ifaçısı olub. Ümumiyyətlə, Aşıq eyni zamanda sənətin sinkretizmini davam etdirib yaşadan, söz qoşub saz çalan, qoşulan nəğmələri məharətlə oxuyan, dastan qoşan, saz havaları yaradan, bütün havacatı öz sazında çalıb-çağıran, söylədiyi nağılı, dastanı müxtəlif rəqslər, pantomim mizanlar-qaş, göz, bədən hərəkətləri ilə bəzəyən, sazla sözün vəhdətini yaradan,öz dinləyicisinə yüksək mənəvi-əxlaqi və estetik dəyərlər aşılayan improvizatordur. Ustad sənətkar həm də gözəl səsə malik aşıq olub. Onun şaqraq zilə malik böyük səs diapazonu, qüclü səsi, dürüst və səlis tələffüzü sənətkara el içində böyük hörmət qazandırıb. O, "Şərili", "Baş Sarıtel", "Qaytarma", "Kərəm şikəstəsi" və digər havaları böyük məharətlə ifa edib.

 

Ustad sənətkar mahnılar da qoşub. Onun "Şəmşiri" və "Səmədi" adlı iki mahnısı vardır. Aşıq  həm də "Şəmşir və Sənubər" dastanının müəllifidir. Aşıq Şəmşir çox sayda aşıq havalarını lentə yazdırmışdır. 1956-cı ildə o, aşıq musiqisinin tədqiqatçısı Əminə Eldarovanın dəvəti ilə konservatoriyada olub, 73 aşıq havasını lentə yazdırıb. Hər bir ustad aşıq kimi Aşıq Şəmşir də çoxlu sayda - 39 şagird yetişdirib. O, öz şagirdlərinə övladları kimi baxıb, öz evində saxlayıb,  onlara təmənnasız müəllimlik edib.

 

Azərbaycan şeirinin bayraqdarı, Xalq şairi Səməd Vurğun Kəlbəcər dağlarında bu istedadlı el sənətkarı ilə tanışlığını sənət aləmində nadir tapıntı hesab etmişdi. Onun 1955-ci ildə S.Vurğunla görüşü şirin bir xatirə kimi bu gün də dillərdə dolaşmaqdadır. Aşıq Şəmşir Səməd Vurğuna həsr etdiyi "Xoş gəlib", "Səni", "Bir də gəl", "Gələndə" şeirlərində ölməz sənətkara dərin məhəbbətini obrazlı poetik misralarla ifadə edib. Aşığın S.Vurğunun "Məni"və özünün "Səni" rədifli qoşmaları təbiiliyi və səmimiyyəti ilə oxucuların qəlbini riqqətə gətirir.

 

Səməd Vurğun:

 

Aşıq Şəmşir, Dəlidağdan keçəndə

Kəklikli daşlardan xəbər al məni!

Ceyran bulağından qızlar içəndə

Saz tutub, söz qoşub yada sal məni!

 

Aşıq Şəmşir:

 

Qoşqarla yanaşı duran adın var,

Bizim el tanıyır uca dağ səni!

Elimin-günümün böyük şairi,

Bilirik şeirdə bir mayak səni!

 

Aşıq Şəmşir yaradıcılığının ana xəttini vətən və torpaq sevgisi, doğma yurda, elə, obaya dərin məhəbbət hissləri tutur.

 

Kəlbəcər ustad sənətkarın doğulub-böyüdüyü Vətən torpagının bir hissəsi, müqəddəs bir məkandır. Doğma vətəni müqəddəs sanan sənətkar "o bir ana, mən də ona bir oğul" - deyərək yazır:

 

Könül, aşıqisən, dolan, yorulma,

Hey başına, ayağına Vətənin.

Bu çəməndən qeyri yana vurulma,

İsin  isti ocağına Vətənin.

 

Ata yolu saxlayarmı hər oğul.

Öz yurdunun qurbanıdı nər oğul,

O bir ana , mən də ona bir oğul,

Sığınmışam qucağına Vətənin.

 

Dədə Şəmşir poeziyasında "Dağ"obrazı vətəndaşlığın simvoluna çevrilir, doğma torpağa, elə ümumiləşdirmə vasitəsi kimi səciyyələnir. Çünki "Dağ" təbiətin şah əsəridir. Dağın qəlbindən axan sular daha təmiz, daha şəffaf olur. Sənətkarın təbi və hümməti ilə dağlar arasında yaxınlıq və doğmalıq var (M.Şəhriyar). Xalq şairi S.Vurğunun İstisuya gəlməsi münasibətilə yazdığı "Dağlar" şeirində el sənətkarı yazmışdır:

 

Vurğun sənə gəldi gonaq,

Uzun oldu dilin , dağlar.

Dərə-təpə al geyindi,

Açdı əlvan gülün, dağlar!

 

İlin yayını, yazını,

Çəkin şairin nazını.

Məclisdə şadlıq sazını

Bayram edib çalın,dağlar!

 

Və yaxud başqa "Dağlar" şeirindən nümunə:

 

Suyun sərin, havan təmiz,

Qucağında gəzirik biz,

Bir tərəfin lalə, nərgiz,

Bir tərəfin çəmən, dağlar!

 

Quzu mələr ətəyində,

Arı sızlar çiçəyində,

Çobanların tütəyində,

Mahnılardır ötən, dağlar!

 

 Dədə Şəmşirin yaradıcılığı çoxşaxəlidir, onun qoşmaları, təcnisləri, gəraylıları xalq yaradıcılığı üstündə köklənib. Ustad sənətkar üçün söz onun varlığıdır. O, öz ana dilinin vurğunu olmuş, vətənimizi, doğma dilimizi məhəbbətlə tərənnüm etmişdir. "Dədəmdən öyrəndim sözü, sənəti, Şəmşirə əfsundur elin hörməti" - deyən sənətkarın söz çələngi bu gün də sevilir, sazından qopan havacatlar elimizi oba-oba, oymaq-oymaq dolaşır.

Aşıq Şəmşir Vətən məcnunudur:

 

"Mərd ata - mərd oğul"-el misalıdı,

İgidin ürəyi öz mahalıdı.

Kişinin əzası qarışmalıdı

Ölən günü torpağına vətənin!

 

Aşıq Şəmşir təbiət vurğunudur:

 

Demə dağlar bahar fəsli xoş olur,

Aşıq dostum, o həmişə gözəldi.

Qışda geyinir, yayda yamyaşıl,

Payızda da gəlir xoşa, gözəldi.

 

Söyüd sular üstə tökər telini,

Mən bilirəm çeşmələrin dilini.

Gəlinqaya, Dəlidağın dilini

Lalə, nərgiz düzər döşə, gözəldi.

 

Aşıq Şəmşir filosofdur:

 

Üzü gülüşlüsən,ürəyi düşman,

İmdad istəyənə vermirsən aman.

Gəldi-getdi neçə şahi Süleyman,

Necəsən suala cavaba dünya?

 

Aşıq Şəmşir gözəllik nəğməkarıdır:

 

Bizim tərəflərin ellər oylağı,

Nə gözəl görünər gözə, Çiçəkli!

Könlüm fərəhləndi səni görəndə,

Dost kimi gülürsən üzə, Çiçəkli!

 

Aşıq Şəmşir aşiqdir:

 

Səni qarı gördüm, bağrım qan oldu,

Mənim saqqalımın çal vədəsində.

Qəlbimə dəydiyin yadıma düşdü,

Çox dedim: könlümü al vədəsində.

 

Və ya:

 

Məhəbbətə, sədaqətə, ilqara,

Bir çörəyə, bir də duza aşiqəm.

Bir qoca yarım var, min qıza dəyər,

Nə gəlinə, nə də qıza aşiqəm.

 

Dədə Şəmşir 1938-ci ildə Azərbaycan  Aşıqlarının  II qurultayında iştirak edib. Sənətkarın ilk şeirlər kitabı 1959-cu ildə Xalq şairi Osman Sarıvəllinin ön sözü ilə nəşr olunub. 1996-cı ildə "Ozan" nəşriyyatında Aşıq Şəmşirin "Öyüdlər" kitabı çap edilib. Sonralar müəyyən fasilələrlə Dədə Şəmşirin "Qoşmalar", "Seçilmiş əsərləri", "Dağ havası" və digər kitabları çıxıb. Bu gün Azərbaycanın hər yerində Dədə Şəmşirin  şeirləri dillər əzbəridir.

 

Aşıq Şəmşirin çoxşaxəli zəngin irsi təkcə Azərbaycanda deyil, digər türk xalqları tərəfindən də maraqla öyrənilir və tədqiq edilir. Öncə qeyd etdiyimiz kimi ilk dəfə musiqişünas Əminə Eldarova Aşıq Şəmşirin ifasında 75 aşıq  havasını lentə köçürüb. Dədə Şəmşir 1980-ci ildə, 87 yaşında vəfat edib. Ustad sənətkarın müqəddəs qəbri doğma Kəlbəcərdə qalib. 1992-ci ilin aprelində Ağdaban kəndi erməni faşistləri tərəfindən işğal olunanda el nəğməkarının əlyazmaları da vəhşicəsinə yandırılaraq məhv edilib.

 

Bu il martın 28-də Heydər Əliyev sarayında Mədəniyyət və Turizm Nazirliyi, AzTV və Azərbaycan Aşıqlar Birliyinin  birgə layihəsi əsasında Əməkdar İncəsənət Xadimi Dədə Şəmşirin xatirəsinə həsr olunmuş "Dədə Şəmşir ucalığı" adlı konsert keçirildi. Xaçmaz şəhərində açıq səma  altında yaradılan "Şəxsiyyətlər muzeyi"ndə Dədə Şəmşirin büstü ucaldılıb. Xalq şairi Səməd Vurğunun "kəşfi" adlandırdığı gözəllik nəğməkarı Dədə Şəmşirin sənət dünyası əbədiyaşardir. İstedadlı el nəğməkarı qoşmalarının birində yazır: "Şəmşir qocalsa da, sözü təzədi..." İllər keçəcək, nəsillər dəyişəcək, Dədə Şəmşirin qəlbləri ehtizaza gətirən sənət dünyası həmişə könüllərə sevinc və fərəh gətirəcək. Ustad sənətkarın özü demiş: " İnsan gedərgidi, söz yadigardı".       

 

 

Sevinc RZAYEVA

Sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2017.- 28 sentyabr.- S.7.