Tarix və ədəbiyyat aynasında
qadın obrazları
MUSTAFA ÇƏMƏNLİNİN "ÖLÜM MƏLƏYİ" ROMANINA BİR BAXIŞ
Ədəbiyyat mahiyyətinə görə müxtəlif
sahələr - incəsənət, tarix, psixologiya, fəlsəfə
- arasında bir körpü rolunu oynayır.
Birləşdirmə, əlaqələndirmə
gücünə malik təbliğ edən və informasiya verən
ədəbiyyat tariximiz, həyat tərzimiz, gələcəyimiz,
əldə etdiklərimiz və itirdiklərimiz,
gümanımız və inamımızı əks etdirir. Əsas qəhrəmanı
insan olan ədəbiyyat bütün vasitələrlə həyatın
dərkini öyrənməyə, həm də öyrətməyə
çalışır. Beləcə, ədəbiyyat
öz obrazlar sistemi, sujeti, ideyası, qoyduğu konflikt ... ilə
birgə cəmiyyətin güzgüsünə çevrilir.
Buna görə də hər zaman
yazıçı və şairlər ədalətlilik
prinsipini qorumalıdırlar. Yazıçı və
şairlərin mənsub olduqları milliyyət, tarix, cəmiyyət,
din onların düşüncəsinə,
yaradıcılıqlarına güclü təsir edir. Bu təsirin nəticəsini biz ideya, xarakter, konflikt,
forma və məzmun seçimində görürük. Məsələn, ədəbiyyatda qadınların
rolu və yeri hər bir xalqın, cəmiyyətin daxilində
gedən proseslərlə bağlı dəyişir. Əgər Avropa ədəbiyyatında XVIII əsrdən
başlayaraq qadınlar dinamik bir obraza çevrilməyə
başlayırsa, Şərqdə qadının passivlikdən
dinamikliyə doğru inkişafını XX əsrdə
müşahidə edirik. Həmin
dövrün ictimai-siyasi dəyişiklikləri xalqın
dünyagörüşünə, yaşam tərzinə təsir
edir və maarifçilik meyilləri güclənir. Xalqın və cəmiyyətin yeni sosial-siyasi mahiyyəti
qadına olan münasibəti də dəyişir. Bu hadisələr zəminində ədəbiyyatda da
fərdiləşdirmə və tipikləşdirmə prinsipi
ilə qruplaşdırılan qadın xarakterlərinin
çoxalmasını müşahidə edirik. Nəticədə, daxilən və zahirən gözəl
olan ənənəvi qadın obrazları dərin mürəkkəb
xarakterlərə çevrilir. Deməli,
qadının cəmiyyətdə və ədəbiyyatda arxa
planda qalmasının səbəbi, Otto Veyninger
vurğuladığı kimi, zəka geriliyi yox, cəmiyyətdəki
mentalitet, bərabərsizlik, savadsızlıqdır.
Özündən əvvəlki obrazyaratma
üsullarından bəhrələnən Mustafa Çəmənli
də əsərlərində maraqlı insan surətləri
yarada bilmişdir. Onun əsərləri dilinin,
obrazlarının rəngarəngliyi ilə seçilir. Yazıçı tarixiliyə, milli kökə
bağlılığı ilə diqqəti çəkir.
Onun Səfəvilər xanədanının I
Şah Təhmasib və II İsmayılın
dövrünü əhatə edən "Ölüm mələyi"
tarixi romanında yaratdığı qadın
obrazlarının daxili dünyası səciyyəvi hadisələr
fonunda açılır. Yaşadıqları
tarixi mühit qəhrəmanların şəxsiyyətini
formalaşdıran vasitə kimi təqdim olunur.
Lermontovun
gözəl bir sözü var: "Bir qəlbin tarixi bir
xalqın tarixi qədər zəngindir". Həqiqətən
də, insanın iç dünyasını bədii formada
ifadə etmək üçün yazıçının da
bu hissləri duyması, təxəyyülünün
güclü olması vacibdir. M.Çəmənlinin
"Ölüm mələyi" əsəri də bu keyfiyyəti
özündə əks etdirir.
Mustafa Çəmənli yaratdığı obrazlar vasitəsilə
dövrün hakimiyyət və şəxsiyyət, şəxsi
maraqlar və əxlaqi borc, atalar və oğullar problemlərini
əks etdirməyə çalışmışdır. Burada kişilərlə
çiyin-çiyinə dura bilən qadın obrazları nəzəri
xüsusilə cəlb edir. Müəllif tarixdən
qaynaqlanan yüksək təbəqənin qadın nümayəndələrinin
- əsərin aparıcı obrazlarından olan I Şah Təhmasibin
qızı Pərixan bəyim, sadə qadın xoşbəxtliyini
simvolizə edən şahbanu Sultanbəyim, Gövhər bəyim
(Şah Təhmasibin qızı), xislətində kin-hikkə
yetişdirən Məhdi-Ülya, II İsmayılın ilk hərəmi
Səkinə sultanın və b. cəmiyyətdəki yerini,
idarəetməyə (pərdəarxası belə olsa da) təsirini
incəliklə təsvir edə bilmişdir. Müəllif
onları sosial, etik, milli, mənəvi, psixoloji mahiyyətli
mürəkkəb bir kompleks kimi qəbul edir və təhlil
obyekti kimi təqdim edir.
I Şah Təhmasibin hərəmxanasının
şahbanusu Sultanbəyim əsərdə sevgi, qayğı, sədaqət
və mərhəmət mücəssiməsi kimi təqdim
edilib. Şah öz ilk hərəmi olan bu qadına
ağlına, ədalətinə, həlimliyinə görə
xüsusi sevgi bəsləyir. Sultanbəyim
Tanrıya və ərinə pərəstiş edir, dövlət
işlərinə müdaxilə etmir, ərini hər zaman
anlamağa və dəstəkləməyə
çalışır, şahın ürəyinə,
ağlına nüfuz etməyi bacarır, sevgisi ilə
şahın qəlbini qəddarlaşmağa qoymur, ədalət
və mərhəmət tərəzisini nizamda saxlamağa
kömək edir. Saray
çaxnaşmasından uzaq durmağa çalışan
Sultanbəyim hətta onu sıxışdırmağa,
gözdən salmağa çalışan saray
qadınlarına qarşı da hər zaman ədalətli
olmağa, onlara qayğı göstərməyə
çalışır. Dünyaya gətirdiyi
varis şahzadələrin (Məhəmməd bəy Xudabəndə
və II İsmayıl mirzə) yerinə keçmək istəyən
Heydər mirzəyə və onun anasına qarşı belə
mərhəmətli davranır, insafın gücünə
inanır və inandırır. Ümumiyyətlə,
Sultanbəyim düşünən və müdriklik yolunda
ucalmağa doğru gedən qadındır.
Çıxılmaz situasiyada belə, Sultanbəyim şaha asi çıxmır. O, yenə səbirlə
itaət göstərir. Lakin şahdan sarayı
tərk edə bilməsi üçün icazə istəyir.
Bu qərarda gündə şahı, onun dəyişməyən
həyat tərzini görüb öz ağrısını, dərdini
daha da böyüdüb qəlbini nifrətlə doldurmaq istəməyən,
buna görə də saraydan uzaqlaşmaq, ağrıdan
qaçmaq məqsədi ilə tək qalmaq üçün
Qum şəhərinə müqəddəslərin ziyarətinə
getmək istəyən qadının məğrurluluğunu
görürük.
Süjet
boyu inkişaf edən hadisələr onun həm
gücünü, həm də gücsüzlüyünü
göstərir:
- "Qəddarlıq
heç zaman örnək ola bilməz. Sənin xəbərin varmı, mən qətlə
yetirdiyin şahzadələrin analarının gözlərinin
içinə düz baxa bilmirəm?
Çox nahaq, ana, sənin onların yanında heç
bir suçun yoxdur.
Var! Səni dünyaya mən gətirməmişəmmi?
Belə çıxır ki, qəlbində mərhəmət
hissi daşımayan bir qatil yetişdirmişəm. Mən öz övladımı şah paltarında
görmək istəyirəm, cəllad qiyafəsində
yox".
Oğlunun qəddar əməlləri ədalətli və
mərhəmətli ananı qorxudur. O, əli qana batmış oğlunu
xilas etmək istəsə də, bacarmır. Gücsüzlüyünü
qəbul edən ananın övladının
günahlarını bağışlanması
üçün Quma - müqəddəslərin ziyarətinə
gedişi onun narahatçılığını əks
etdirmək, "Taxt-tacını qan üstündə qurma,
axırı yaxşı olmaz" fikrinin təsdiqi vasitəsinə
çevrilir.
Əsərin aparıcı qadın obrazlarından biri də
Pərixandır. Mürəkkəb xarakterə malik bu
qız I Şah Təhmasibin sevimli qız övladıdır.
Dəyər verdiyi, hörmət bəslədiyi
bacısının adını daşıyan
qızının ağlı, dərrakəsi onu valeh edir.
Qızına güvənən şah onunla
söhbət etməyi sevir, hətta dövlət işlərində
belə onunla məsləhətləşir.
Pərixan atasının sevgisindən, inamından
şövqlənərək daha çox bilməyə,
öyrənməyə çalışır. Anlayır ki,
hər bir şeydən xəbərdar olması onun atası ilə
münasibətini daha da dərinləşdirə bilər.
Pərixanın bu cür yanaşması onu
sevimli atası ilə daha çox vaxt keçirə bilməsi
ilə bahəm arzuladığı hakimiyyətə yaxın
olmasını labüdləşdirir.
Hakimiyyət ehtirası Pərixanı həqiqət
axtarışlarından uzaqlaşdırır, onun mənəvi
yüksəlişə gedən yoluna sədd çəkir. Bəzi məqamlarda insana elə
gəlir ki, Pərixan qəlbində sanki iki insan
yaşadır: biri sevgi və qayğı dolu, musiqi,
şeiriyyat və təbiətdən duyğulanan, ətrafa
xoş ovqat yayan qızcığaz, digəri isə şahmat
oyunçusu kimi soyuqqanlı, sərt, ruhən
dayanıqlı, qərarlı bir qadın. Pərixan
atasından sonra da dövlət işlərindən
uzaqlaşdırılmaması üçün planlar qurur,
özünə tərəfkeşlər yığır.
Bu onun atasının davamçısı ola
biləcək siyasət adamı kimi formalaşmasına zəmin
yaradır. Əsər boyu biz Pərixanın
hakimiyyətdən uzaq düşə bilmə qorxusu ilə
üz-üzə gəlirik. Bu qorxu onu daha
sərt və qərarlı olmağa təkan verir. O, 19 il həbsdə yatmış qardaşı II
İsmayılı taxta çıxartmağı
planlaşdırır. İsmayılın qəhrəmanlığı,
şücaəti, cəsarəti haqda gedən söhbətlər
onu daha da ruhlandırır. Lakin bu istəyin
içində gizli bir istək də yatır. O, məhbusu
şah etməklə onun çiyninə minnət
qoymasını və bir borc olaraq özünün dövlət
işlərindən uzaqlaşdırılmamasını təmin
etmək istəyir. Ona elə gəlir ki, məhz
bu halda bacı-qardaş əl- ələ dövləti idarə
edəcək, xalqın rifahı üçün
çalışacaqlar.
Pərixan öz eqosuna, zəkasına həddən
artıq aludə və çılğın bir xarakterdir. Buna görə
də verdiyi qərarların törədə biləcəyi nəticələr
haqqında dərindən düşünə bilmir. "Şamxal sultan hərəmxana
bağçasının açarlarını əlində
görəndə gözləri parıldadı. Pərixan bəyim dayısının gözlərindəki
bu parıltıdan diksindi. O, Heydər mirzənin
öldürülməsini istəmirdi, sadəcə, onu
şahlıq taxtına layiq görmürdü". Bu parçadan görürük ki, o, hər gün
ünsiyyətdə olduğu rəhimdil, ədalətli, əməlisaleh,
mehriban Heydərin aqibəti haqqında heç fikirləşməyib.
Heydərin ölüm anını izləməli olan Pərixanın
içindəki ağrını müəllif bütün
çalarları ilə ifadə edə bilmişdir... Heydərin
başı kəsiləndə Pərixan anlayır ki,
günahsız qanın axıdılmasına səbəb olub
və Allah heç zaman onu bağışlamayacaq: "Heydər
mirzə, biz sənin ölümünün baiskarıyıq. Allah bizi bağışlamayacaq!"
Bütün bu hakimiyyət davasının, qardaş
qırğının səbəbini isə Pərixan
çoxnikahlılıqda görür. Ona elə gəlir
ki, övladlar bir ata və bir anaya məxsus olarlarsa, qardaş
məhəbbəti daha da güclü olar, ədavətə
yer qalmaz.
Pərixan
Bədiüzzamanla söhbətində bildirir: "Qan
özünü göstərməlidir. Bu qan bir
günün yox, minillərin qanıdır. Mən də Heydər mirzəni sevmirdim. Onun ölümündə mən də təqsirkaram.
Yəqin Tanrım bir gün buna görə cəzamı
verəcək. Özümə min kərə
sual verirdim, axı, bu Heydər mirzə sənə neyləyib,
niyə onu sevmirsən? Bu barədə
çox düşündüm. Bəlanı
bu çoxnigahlılıqda gördüm. Bax, buna görə
də ailə qurmağa can atmıram".
Bizə elə gəlir ki, müəllif öz fikrini -
"Bəlanın bir çoxu
çoxnikahlılıqdadır. Bir də bizim kişilər
qadının necə gözəgörünməz bir qüvvə
olduğunu görmürlər. Sən nə yollasa, onu
alıb gərdək dalına sala bilərsən, bədəninə,
bağışla məni, sahib çıxa bilərsən,
amma ürəyindəkilərə, beynindən keçənlərə
sahib ola bilməzsən" - şəklində,
Pərixanın vasitəsilə verməyə
çalışıb.
(Ardı var)
Aynurə BABAYEVA
Sumqayıt Dövlət Universitetinin əməkdaşı
525-ci qəzet.-2017.- 29 sentyabr.- S.6.