Günəbaxan ömrü
İSTEDADLI YAZIÇI BÖYÜKXAN BAĞIROV ÜÇÜN ELEGİYA
Yoox,
vallah, biz dostları itirəndə daha çox tapırıq
axı, deyəsən...
Ölüm, sanki insanların əsl qiymətini verir,
onların kimliyini bir daha yada salır. Bunu heç də
mistik qəbul etməyin. Sözsüz,
ölüm anlayışında bir mistik ovqat, ha desək də,
yenə var. Amma bu mistikada həqiqət payı, mənə
görə, kifayət qədərdir. Ölüm, hər
halda, insanlara qiymət və dəyər anıdır: yəni,
həqiqət anı... Ölüm həm də
bir yaddaşdır, yaxud yaddaşın sınaq momentidir.
Kim qalır, kim gedir? Qalan
daha çox canlıdır, yoxsa gedən? Qalan
urvatlıdır, ya da ki, gedən? Dirilər
gərəklidir, yoxsa dünyasını dəyişənlər?
Dirilərə daha çox güvənmək olar, yoxsa ləyaqətli
ad qoymuş ölülərə?.. Çox vaxt diri olanlar tamam-kamal unudulur,
görüşəndə, rastlaşanda diksinirsən,
axı, sən onu ölmüş bilirdin. Vallah-billah, elə
bil bu fani dünyada belə bir adam
yoxmuş. Rastlaşmasaydın, heç
ağlına da gəlməyəcəkdi, yatıb yuxuna da girməyəcəkdi.
Onda belələrinə niyə diri deyirik?
Amma bu dünyada ləyaqətlə
yaşamış və əbədi dünyaya urvatlı
köç etmiş insanlar var ki, öz əbədiyyətiylə
bizə kədərdən daha çox nikbin bir ovqat
aşılayır. Nə əcəb?..
Bəlkə elə böyük Şeyx Nizaminin
anlayışınca: “Ölmək ölmək deyil, yer dəyişməkdir”,- fikri əbədiyyətin simvolu,
açarıdır? Yəqin elə buna görə də
yaxşı insanlara, ömrü fani yaşamayıb puça
verməyənlərə, adətən, “öldü”, demirlər,
“dünyasını dəyişdi”, - deyirlər. Mənimçün (və eləcə də
çoxları üçün) Böyükxan Bağırov
belə insanlardandır.
Bəzən ən yaxın adamlardan belə, handan-hana
soraq tuturuq. Hər kəs dünyanın bir guşəsində
oturub öz işiylə məşğul olur.
Sağ-salamatdır, bu, bəsdir, insana bundan artıq nə
lazımdır?.. Ən
acısı isə odur ki, günlərin bir günü onun
ölüm xəbərini alasan. Bax, onda
özünü danlayırsan ki, gərək vaxt eləyib ona
bir baş çəkəydim. Heyhat...
gecdir. Sarsılırsan, titrəyirsən,
tufan vurmuş ağac kimi kökündən qopursan, sərsəri
bir aləmə düşürsən. Nə
olsun... əlin hara çatar? Əziz dostum
Böyükxan Bağırovun ölüm xəbəri məndə
bu duyğuları oyatdı.
Böyükxan Bağırov bir əyalət şəhərində
günəşsizlikdən, işıqsızlıqdan
(başqa sözlə, mühitsizlikdən) acı çəkə-çəkə
sadə, təvazökar bir ömür yaşadı. Bəzən
işıqsızlıqdan boynubükük günəbaxan kimi
yumağa dönüb içində gizləndi,
öz-özünə sığındı, öz
dünyasında öz mühitini yaratdı. Bəzən də özü işığa
dönüb yazılarında bərq vurdu. İlahi, onun
hekayələrində nə qədər işıq var, nə
qədər parlaq ümid, yaşıl pöhrəli inam var!.. Bu qədər işıq
qıtlığı yaşaya-yaşaya bu qədər
işıqlı yazılar, hekayələr yazmaq olarmı?.. Bu qədər işığı və
ümidi o, hardan tapıb yazılarına hopdururdu?.. Görünür, içindəki
olan-qalan işığı səxavətlə, “uf” demədən
əsərlərinə səpələyirdi. Bu əsl fədakarlıqdır. Çətin,
əzab-əziyyətli, ziqzaqlı ömrün içində
bu qədər işıq bolluğu yaratmaq, bu qədər
ümid göyərtmək, sabaha və insanlığın gələcəyinə
bu dərəcədə inam bəsləmək, olsa-olsa
böyük mətanət, dəyanət və heç
şübhəsiz ki, sarsılmaz bir iradənin işidir.
Əyalətin boz-bulanıq sosial ab-havasında təmizlik,
saflıq, rəngarənglik eşqiylə yaşamaq, müqəddəslik
axtarmaq (və onu çox zaman tapmaq), bəzən kəndin ən
adi, primitiv, şəxsi mənafe və işgüzarlıq
mühitində bu dünyanın gözəl sifətlərini
kəşf edib ortaya qoymaq, mürəkkəb “kəndçi
bicliyi” fonunda da ali insani dəyərləri göstərmək,
bunu bitkin insan modelinə çevirmək... Bütün
bunlar yazıçıdan nə qədər güc, enerji,
ehtiras, hər şeydən də öncə həyata və
insana sonsuz məhəbbət tələb edir. Böyükxan bunları bacarırdı. İşığını və məhəbbətini
əsirgəməyərək öz ömrünü əridə-əridə,
öz qəlbinin yağında qovrula-qovrula uydurduğu (və
yaxud yaratdığı) nağıllara özü də
ürəkdən inanırdı. İnanmasaydı,
bu qədər aydın, işıqlı, təmiz və saf
hekayələr yaza bilməzdi. Böyükxan
alaq otunun içindən barlı sünbülləri
yaxşı seçirdi, xeyirxahlığı xəsislikdən
ustalıqla ayırırdı, düzü dünyanı
bürümüş yalanın, riyanın,
ikiüzlülüyün, nakəsliyin, xudpəsəndliyin
içində yaşaya-yaşaya onları həyatına
yaxın buraxmırdı. Yəqin elə
buna görə də Böyükxan çirkablardan
özünü həm də bu çirkablar içində də
saflıq, təmizlik, ilahi bir müqəddəslik tapmaqla
qoruya bilirdi. Yazdığı əsərlərində
bu duyğular bolluğundan aşıb-daşma səbəblərini,
çox güman ki, elə burda axtarmaq lazımdır.
“Sovet kəndi” qəzetində işlədiyim dövrdə
tez-tez Cəlilabadda ezamiyyətdə olur və təbii ki, hər
dəfə də olmasa, əksər vaxtlarda Böyükxanla
görüşürdüm. Onun dərrakəsinə,
ağlına, erudisiyasına həmişə qibtə edirdim.
Aramızda bitib-tükənməyən ədəbiyyat
söhbətləri, ədəbi diskusiyalar olurdu. Tez-tez də o günlərə, o əziz və
şirin tələbəlik illərinə
qayıdırdıq. Böyükxan istəsəydi,
Bakıda bir iş tapıb başını girləyərdi
(Elə ilk iş yeri də Respublika Teleradio Şirkəti olmuşdu).
Amma o, rayonu seçdi. Rayon qəzetində
işləyə-işləyə öz sadə, təmənnasız
və iddiasız günəbaxan ömrünü
yaşadı. Günəşə də zərif-zərif,
ehtiyatla boylandı, işığı da zərrə-zərrə
uddu, cəmiyyətlə də çox ehtiyatla dolandı,
uzaqdan-uzağa, yad və soyuq. Onun öz
içində öz aləmi, heç kimə dəxli olmayan
öz cəmiyyəti vardı. Amma
yazılarında bu günəş işığını
bol-bol yaşadı və yaşatdı, öz
dünyasında, özünəməxsus cəmiyyətdə,
öz ədəbiyyat Vətənində əmin-arxayın
ömür sürdü. Bütün əyalət
istedadları kimi...
Onunla görüşlərimiz uzun çəkirdi,
söhbətlərimiz şirin keçirdi. Kimləri, nələri
xatırlamırdıq?.. Kimdən
danışmırdıq?.. Camal Yusifzadədən,
Nüsrət Kəsəmənlidən, Vidadi Məmmədovdan,
Səyavuş Sərxanlıdan, Şamxal Rüstəmdən,
Rəhim Rəvandan, bir də ki, Qasid Nağıoğlundan...Rəhimlə,
Qasidlə Böyükxan bir dövrün adamlarıydı, deyəsən,
hələ həmyaşdılar da - bir-iki il
aşağı-yuxarı... Malik Fərrux da, hakəza...
Onların əksəriyyəti dünyasını dəyişib:
Allah haqqa çatdırsın, hər biri öz haqqına
qovuşsun, ruhları rahatlıq tapsın, daim
xatırlansınlar (Qalanlara cansağlığı, uzun
ömür arzulayırıq). Elə Rəhim Rəvan
da, Qasid də və adını çəkmədiyimiz
onlarla, yüzlərlə başqaları da bu dünyada
haqqını almamışlardandır - Böyükxan kimi.
Onlar ədəbiyyat adlanan Vətənin uzaq bir
küncünə çəkilib vurnuxur, mənəvi
buxovları qırıb gözdən-qulaqdan uzaq, ədəbi
redaksiya dəhlizlərindən kənar, mədəniyyət
saraylarının təmtəraqlı salonlarından fərqli
sakit hücrələrdə özlərinin söz
dünyalarını yaratmaqla məşğul idilər.
Onlar əkinçi səbri və əkinçi
inadıyla, bəzən unudulmaq, atılmaq xofu, səksəkəsilə
üz-üzə öz mənəvi toxumlarını səpir,
onu tənhalığın zərif ürək
ağrısı, həssas qəlb
çırpıntılarıyla bəsləyib cücərdirdilər.
Onlar öz mənəvi balaları olan bu
toxumları ədəbiyyat adlı Vətənin quru
çöllərinə səpələyir, bitib-bitməyəcəyinin
fərqinə varmadan ümid işartısıyla
yaşayırdılar. O dövr, beləcə, bizim
jurnalistika fakültəsinin dar köynəyini yırtıb
çıxan bu oğullar təzə toxum səpə-səpə,
şitil əkə-əkə dünyaya yeni məhsul vermək
həvəsilə, əslində özlərini, öz qəlblərini,
ruhlarını, canlarını, qanlarını göyərdirdilər.
Bu məhdud, qısır dünyaya yeni mənəvi
övladlar bəxş etmək istəyilə... Heyhat,
heç nə alınmadı!.. Belə demək
olarmı?.. Yox,
alındı. Onlar ömürlərini ərpimiş,
kiflənmiş, ideoloji bataqlıqlar içərisində xirtdəyədək
çamura batmış rayon qəzetlərinin ucqar bir
küncündə zərrə-zərrə əritsələr
də, özlərini çarmıxa çəkə-çəkə
həyatlarını naxışladılar, öz
yığcam dastanlarını, öz səmimi və möhtəşəm
əfsanələrini, axır ki, yarada bildilər. Öz ətlərini, qanlarını, ürəklərini,
ruhlarını bu ideologiya burulğanında çabalayan
ruznamələrə qatmadılar, özləri olaraq
qaldılar. Cəmiyyəti, həyatı,
soydaşlarını, yoldaşlarını, vətəndaşlarını
dəyişə bilməsələr də, özləri
özlərini yaratdılar, formalaşdırdılar. O
dünyaya da sakit, ləkəsiz vicdanlarıyla, rahat
ruhlarıyla baş-başa köç etdilər...
Böyükxan həyata incə və zərif tellərlə bağlı idi. Əvvəla, böyük istedad sahibi, coşğun təbli yazıçı-publisist idi. Bütöv şəxsiyyəti, ləkəsiz vicdanı vardı. Mərd idi, məğrur idi, ömrü boyu kiməsə əyildiyini, kiməsə yarındığını bir kimsə görmədi. Hamı ona hörmət edir, ləyaqəti qarşısında müntəzir dayanırdı. Cəmiyyət onu qəbul edirdi, lakin eybəcərliklərlə dolu mühitdə o, ağrısız yaşaya bilmirdi. Partiya-sovet nomenklaturası deyilən bir zümrənin sıxıntılı basqısıyla üz-üzə, üzülə-üzülə yaşayırdı. Cüzi məvacib və qonorar hesabına böyük bir ailənin yükünü öz çiyinlərində daşımaq qayğıları da bu yandan. Sonralar o, Cəlilabadda çıxan “Yeni gün” qəzetinin redaktoru da oldu, rayonun elitar partiya-sovet nomenklaturası deyilən o yüksək təbəqənin sıralarında da yer aldı. Lakin bütün bunları həzm eləyə bilmədi. İstedadı, qəlbi, ürəyi, ədəbiyyat və sənət əqidəsi karyera deyilən və çoxları üçün təbii ki, cazibədar görünən o dünya ilə barışa bilmədi, daim müxalifətdə olaraq qaldı (İçində olsa da belə). O işıqsızlıq, o mühitsizlik, o naçarlıq, o tənhalıq onu heç vaxt tərk eləmədi. Və böyük ədəbiyyat nəhrindən uzaqda, ucqar əyalət qəzeti redaksiyasının bir küncünda öz ömrünün də, istedadının da axırına çıxdı... Bəlkə bir az mübaliğəli oldu?.. Axı, Böyükxan yazdıqlarını yazıb, elədiklərini eləyib. Düzdür, şəhər mühiti, mərkəz, qaynar ədəbi həyat bəlkə də ona müəyyən stimul verə biləcəkdi, beş-üç kitabı da artıq çap olunacaqdı... Amma...Bu da, sözsüz, şərtidir. Bu şəhər axı kimi vərəzan günə çıxardı, kimi xoşbəxt elədi?.. İsi Məlikzadənimi, Camal Yusifzadənimi, Fərman Kərimzadənimi, Vidadi Məmmədovumu, Nüsrət Kəsəmənlinimi, Səyavuş Sərxanlınımı, Malik Fərruxumu, Eldar Baxışımı, Şahmarımı?.. Fərqi yoxdur, ya nəhəng meqapolis olsun, ya kiçik bir əyalət şəhəri, istedad hər yerdə qəribdir, lap doğma evinin içində də. Böyükxan da bu ömrü yaşadı.
Dilimizdə belə bir ifadə var: günəbaxan ömrü. Hər kəs belə bir ömrü - təmiz, sadə, təmənnasız həyatı yaşaya bilməz. Belədə, ömrün aydın və duru həqiqətlərinə gərək sığınıb yaşayasan. Təbiətdən, həyatdan aldıqlarını səxavətlə paylaya biləsən. Böyükxan belə bir həyata, belə bir taleyə imza atdı. İçindəki nuru, ziyanı təmənnasız payladı - hamıya, dosta da, düşmənə də, doğmaya da, yada da. O, şərəfli həyatında heç vaxt keçmişindən qırılmayıb və sabahından nigaran olmayıb. Keçmişi olanın mütləq gələcəyi də olmalıdır. Eləcə, tərcümeyi-halı olan əsərləri və təmiz, şərəfli adı onun həm dünənidir, həm də sabahı. Onun ailəsinə, uşaqlarına, nəslinə, nəcabətinə, ən nəhayət, doğma Alar kəndinə qoyduğu müqəddəs miras da elə budur. Günəş, işıq ömrü yaşayan bir insan bundan başqa nə qoyub gedə bilərdi?.. Bəlkə, pul, mal, var-dövlət?.. Yer üzündə pula, mala, dövlətə Böyükxan qədər laqeyd olan ikinci adam təsəvvür eləmək olmaz... O, gözəl bilirdi ki, bunlar ötəridir, necə ki, hiss olunmadan da ötüb keçir. Böyükxan bu dünyada heç nəylə ölçülə bilməyəcək bir ad qoyub getdi, hamımızın fəxarətlə andığı bir ad...
P.S. Yaxın dostum Elçin Kərimov söyləyir ki, Böyükxan müəllim xəstə olanda tez-tez ona baş çəkirdim. Hər dəfə səni soruşurdu və həzər-əlbət tapşırırdı ki, xəstə olduğumu ona bildirmə. Gəlib məni belə görməsin.
Əziz qardaşım! Ömrüboyu beləcə, həssas, duyğulu, deyim ki, lap emosional səviyyədə ürkək, qədirşünas yaşadın. Heç kimi incitmək, narahat etmək istəmədin. Təbiidir, sənin o çabalarını anlayıram. Sağ olsaydın, özünə deyərdim, amma nə etmək olar, incimə, bu gün ruhunun qulağına pıçıldamaq məcburiyyətindəyəm: sənin işıqlı simanı, aydın, bütöv obrazını mənim nəzərimdə heç nə dəyişə bilməz, nəinki xəstəlik, hətta ölüm belə...
Loğman RƏŞİDZADƏ
yazıçı-publisist
525-ci qəzet.- 2017.- 30 sentyabr.-
S.23.