Zamanların mozaikası: hadisələr və
şəxsiyyətlər
(Əvvəli
ötən şənbə saylarımızda)
Müstəmləkə
epoxasının başlanması və müstəmləkəçiliyin
süqutu
Hələ XV-XVI əsrlərdə baş verən
coğrafi kəşflər dünya tarixinin gedişini dəyişdi,
aparıcı Qərbi Avropa ölkələrinin Yer kürəsinin
müxtəlif guşələrində ekspansiyasının
başlanmasının və müstəmləkə
imperiyalarının meydana gəlməsinin əsasını
qoydu.
İlk müstəmləkəçi dövlətlər
İspaniya və Portuqaliya idi. Artıq XV əsrin
sonu və XVI əsrin əvvəllərində Tordessilyas və
Saratoqa müqavilələri Amerikada yeni kəşf edilmiş
torpaqları onların arasında təsir sferalarına
bölünməsini möhkəmləndirdi. Burada Braziliya istisna təşkil edirdi, o,
İspaniyanın torpağı olmalı idi. İspaniya isə öz növbəsində
Portuqaliyanınkı olmalı olan Filippin adalarını tutdu.
Braziliya isə həmçinin Afrikanın,
Hindistanın, Cənubi-Şərqi Asiyanın sahilləri boyu
torpaqlar Portuqaliyaya çatdı.
Fransanın, İngiltərə və Hollandiyanın
müstəmləkəçilik fəaliyyəti, hətta
XVII əsrin başlanğıcına qədər əsasən
Yeni Dünya ərazilərində getməklə, o qədər
də böyük miqyas almırdı.
Yalnız dənizlərdə ispan və Portuqaliya
ağalığının ləğv edilməsi XVI əsrin
sonunda yeni müstəmləkəçi dövlətlərin
sürətli ekspansiyası üçün şərait
yaratdı. Müstəmləkələr uğrunda mübarizə
başlandı. Bu mübarizədə İspaniya və
Portuqaliyanın dövlət siyasətinə qarşı
hollandların və ingilislərin
özəl sahibkarlıq fəaliyyəti dururdu.
Müstəmləkələr Qərbi Avropa dövlətlərinin
varlanması üçün tükənməz mənbəyə
çevrildi, lakin onların rəhmsizcəsinə istismarı
yerli sakinlər üçün bədbəxtliklərə səbəb
oldu. Tuzemləri bəzən hamılıqla məhv
edirdilər, ya da onları özlərinə mənsub
torpaqlardan sıxışdırıb çıxarır, ucuz
işçi qüvvəsi və ya qullar kimi istifadə edirdilər.
Xristian dininə onların cəlb edilməsi də
yerli özünəməxsus mədəniyyətin
barbarcasına məhv edilməsi ilə müşayiət
olunurdu.
Bütün bunlarla yanaşı, müstəmləkəçilik
dünya iqtisadiyyatının inkişafının
güclü bir vasitəsinə çevrildi. Müstəmləkələr
metropoliyalarda kapitalın yığılmasını təmin
edirdi. Onlar üçün yeni
satış bazarları yaradırdı. Ticarətin
görünməmiş genişlənməsi nəticəsində
dünya bazarı əmələ gəldi; iqtisadi həyatın
mərkəzi Aralıq dənizindən Atlantikaya keçdi.
Köhnə Dünyanın Portuqaliyadakı Lissabon,
İspaniyadakı Sevilya, Niderlanddakı Antverpen kimi liman şəhərləri
güclü ticarət mərkəzlərinə çevrildilər.
Antverpen Avropanın ən varlı şəhərinə
çevrildi, burada sövdələşmənin tam sərbəstliyi
rejiminin qoyulması hesabına iri miqyaslı beynəlxalq ticarət
və kredit əməliyyatları həyata keçirilirdi.
XVIII əsrin başlanmasınadək İspaniya Avropada ən
böyük müstəmləkəçi ölkə kimi
qalırdı.
Bu, onunla izah olunurdu ki, birincisi, ispanlar Yeni Dünyadan fəal
surətdə istifadə edirdilər, ikincisi, avropalılardan
onlar ilk olaraq işğal edilmiş müstəmləkələrin
işlək idarə etmə mexanizmini yaratmışdılar. Az gəlir verən ərazilərdə
(Meksikadan şimaldakı Mərkəzi Amerika vilayətlərində,
həmçinin Filippində) ispan ağalığının
dayağı rolunu çox sayda fortlar və katolik
missiyaları oynadı. İspan Amerikasının varlı
vilayətləri isə inzibati cəhətdən iki
vitse-krallığa bölünmüşdü: paytaxtı
Mexiko olmaqla Yeni İspaniya və paytaxtı Lima olan Peru. Onlardakı bütün siyasi, ictimai və kilsə həyatı
Avropa metropoliyası nümunəsi əsasında təşkil
edilmişdi. Dövlət müstəmləkələrin
təkcə inzibati sisteminə deyil, həm də onunla ticarətə
nəzarət edirdi. 1765-ci ilə kimi ispan
müstəmləkə limanlarına əcnəbi gəmilərinin
daxil olması qadağan olunmuşdu, oradan bütün mal
axını Sevilyaya, sonralar isə Kadisə göndərilirdi.
Lakin XVI əsrin sonu, XVII əsrin əvvəllərində
İspaniyanın qüdrəti onun Avropada müxtəlif
silahlı münaqişələrdə iştirakı ilə
zəiflədi. Bundan İngiltərə, Fransa və
Hollandiya istifadə etdilər, onlar
qaçaqmalçılıq ticarəti və dəniz
quldurluğu ilə ispan müstəmləkələrinin
metropoliya ilə əlaqəsini zəiflətməyə
çalışırdılar. XVII əsrdə
həmin ölkələr ispanlar tərəfindən tərk
edilmiş Vest-İndia adalarını və Amerika qitəsindəki
digər əraziləri tutdular.
XVIII əsrin ikinci yarısında kral III Karl ispan
müstəmləkə sistemini islahata uğratdı. İspaniyanın
bütün limanlarına Amerika müstəmləkələri
ilə azad ticarətə imkan verildi,
axırıncıların sakinləri isə ispan
taxt-tacının tam hüquqlu təbəələri kimi
tanındı. Ancaq bu tədbirlər müstəmləkələrin
hindu əhalisinin vəziyyətini heç
də yüngülləşdirmədi. 1780-ci
ildə isə Peruda Tupaka Amarunun rəhbərliyi altında
yerli tayfaların üsyanı qalxdı. Bu,
Cənubi Amerikanın ispan ağalığından azad
olunması uğrundakı güclü bir hərəkata
çevrildi.
Müstəmləkələrin istismarındakı
Portuqaliya sistemi ispan sisteminə çox oxşayırdı. Portuqaliya
müstəmləkəçiləri Braziliyada ispanların
vitse-krallıqlarda istifadə etdikləri qaydaları tətbiq
edirdilər. Hindistanda, Cənubi-Şərqi
Asiyada isə portuqaliyalılar digər şəraitlərlə
üzləşdilər. Portuqaliyalılar Hindistanı,
Çini, bu zonanın digər ölkələrini
işğal edə bilmədilər, lakin güclü donanmaya
arxalanaraq, onlar Hind okeanında və Afrikanın ətrafında
dəniz kommunikasiyalarını özlərinə tabe etdilər
və cənub dənizlərinin tam hökmlü sahiblərinə
çevrildilər.
1510-cu ildə Hindistanda Qoa limanı tutuldu və bu, Şərqdə
Portuqaliyanın müstəmləkə imperiyasının mərkəzinə
çevrildi.
Sonralar portuqaliyalılar Hindistanda Bombeyi
(müasir Mumbay), Persiya körfəzində Ormuzu, Malakkanı,
Çində Makaonu və Tayvanı, həmçinin Molukka
adalarını tutdular. Fort şəbəkəsi tikərək,
onlar yerli sahibləri məcbur edirdilər ki, ədviyyatı və
digər müstəmləkə mallarını onlara ya bac şəklində, ya da çox ucuz qiymətə
satmaq yolu ilə versinlər, onlarla ticarət isə kralın
inhisarında idi. Portuqaliyadan Şərqə və
geri istiqamətdəki bütün dəniz
daşımaları yalnız kral donanmasının gəmilərində
həyata keçirilirdi. Müstəmləkə
limanları arasındakı ticarət hüququ isə yüksək
vəzifəli şəxslərə imtiyaz şəklində
verilirdi. XVII əsrdə bir müddət ispan hakimiyyəti
altında olan Portuqaliyanı cənub dənizlərindən
Hollandiya sıxışdırıb çıxardı. Nəticədə Portuqaliya müstəmləkə
siyasətinin mərkəzi Qərb yarımkürəsinə,
hər şeydən əvvəl Braziliyaya keçdi, orada XVIII
əsrdə qızıl və almaz yataqları tapıldı.
Fransanın
ilk müstəmləkələri tutmaq cəhdləri
Şimali Amerikada baş verdi. Artıq 1535-ci ildə Jan Kartye Kanadanın ərazisini
fransız kralının torpaqları elan etdi. 1600-cü ildə Fransa
kralı IV Henri Kanada və Akadiya kompaniyasına məntəqə
salmaq və ticarət aparmaq barədə müstəsna
hüquq verdi. XVII
əsr ərzində fransızlar Böyük Göllərə,
hətta Meksika körfəzinə qədər Şimali
Amerikanın bütün vilayətini tutdular. Bəzi adaları tutduqdan sonra Cənubi Amerikanın
şimali-şərq sahilində - fransız Qvianasında
möhkəmləndilər.
XVII əsrin ikinci yarısında, kral XIV Luinin
dövründə Fransadan malların ixracını inkişaf
etdirmək məqsədilə inhisarçı ticarət
kompaniyaları - Ost-İndia, Vest-İndia, Levantiya
kompaniyaları yaradıldı. Amerikada 1682-ci ildə
XIV Luinin şərəfinə Luiziana adlanan koloniyanın əsası
qoyuldu. Kanadanın və Karib dənizindəki
adaların məskunlaşdırılması davam etdirildi.
Fransızlar Madaqaskar adasını və
Hindistanda bəzi məntəqələri tutdular.
İspan
irsi uğrunda müharibə (1701-1713-cü illər) nəticəsində
İngiltərə Fransanın rəhbərliyi altında ispan
və fransız müstəmləkələrinin birləşməsinə
yol vermədi, bu isə İngiltərənin Kanadaya sonralar
nüfuz etməsi üçün platsdarm rolunu oynadı. Avstriya
irsi uğrunda müharibə (1740-1748-ci illər) isə
Fransanın dəniz qüdrətini tamamilə laxlatdı.
1756-1763-cü illərin Yeddiillik müharibəsi
isə Fransanın dənizdə və müstəmləkələrdə
tam darmadağın olması ilə nəticələndi.
O, Kanadanı həmişəlik itirdi, Karib dənizində bir
neçə adadan məhrum oldu, Hindistanda isə tamamilə
dağıdılmış cəmi beş
dəniz kənarındakı şəhəri özündə
saxlaya bildi.
Hollandiyada
1602-ci ildə Ost-İndia kompaniyası yaradıldı və
ona 21 il müddətinə Xoş Ümid
Burnundan Magellan boğazına qədər olan naviqasiya və
imtiyaz qaydasında ticarət etmək barədə istismar
hüququ verildi. Bir il sonra bu kompaniya Yavada
faktoriya yaratdı. 1619-cu ildə isə
adanın baş şəhəri Cakartanı tutub
dağıtdı. Onun yerində Şərqdə
holland torpaqlarının gələcək mərkəzi olan
Bataviyanın əsasını qoydu. Hollandlar
tədricən portuqaliyalıları cənub dənizlərindən
qovdular. Çin və Yaponiya ilə
bütün ticarəti ələ keçirdilər və
Hindistanda ingilisləri sıxışdırıb, möhkəmlənmək
istədilər. Hollandiya Şərqdə
müstəmləkəçilik qüdrətinin zirvəsinə
çatdı. 1648-ci il Vetfaliya sülhünə görə,
əvvəllər İspaniya ilə Portuqaliyanın dünya ağalığı
sferasını ayıran sərhəd
xətti artıq İspaniya ilə Hollandiya arasından
keçirdi.
Hollandlar Afrikada bir müddətə Anqolanı və San-Tome adasını aldı, 1652-ci ildə isə Xoş Ümid burnunda ilk koloniyanı yaratdılar. Vest-İndia kompaniyasını yaratdıqdan sonra isə Hollandiya Qərb yarımkürəsinə nüfuz etməyə başladı. Cənubi Amerikada Braziliyanın bir hissəsini tutsa da, 1654-cü ildə onu buraxmağa məcbur oldu. Ancaq Surinamı və Karib dənizində Kyurasao adasını ələ keçirdilər. 1626-cı ildə holland kolonistləri Şimali Amerika sahilində Yeni Amsterdamı (indiki Nyu-York) məntəqəsini yaratdılar. İngilislərlə mübarizədə Yeni Hollandiya adlanan buna bitişik ərazini özlərində saxlamağa çalışdılar. Lakin 1664-cü ildə ingilislər holland torpaqlarını işğal etdilər. Üçgünlük ingilis-holland dəniz müharibələrində hollandların ağalığına son qoyuldu. XVIII əsrin əvvəlində Hollandiya böyük ticarət dəniz dövlətindən, dünyanın dənizlə yük daşıyanından və bankirindən ikinci dərəcəli bir dövlətə çevrildi. Lakin Şimali Amerika torpaqlarından başqa, demək olar ki, bütün müstəmləkə torpaqlarını o, əlində saxladı.
İngilis Ost-İndia kompaniyası 1600-cü ildə Şərqlə ticarət aparmaq üzrə inhisar hüququ barədə kral xartiyası aldı. Hollandlar onu Cənubi-Şərqi Asiyadan sıxışdırıb çıxaranda, kompaniya öz fəaliyyətini əsasən Hindistanda inkişaf etdirdi. Bu dövrdə həmin ərazi Böyük Moğolların imperiyasına daxil idi. Burada 1609-cu ildən başlayaraq ticarət faktoriyaları yaratdılar. 1613-cü ildə padşah Cahangirdən, bütün mallara dəqiq qoyulmuş rüsumları ödəmək şərtilə, onun bütün torpaqlarında ticarət etmək hüququ aldı. İngilis Ost-İndia kompaniyası sonralar Böyük Moğolların xəzinəsinə bir dəfəlik illik pul ödəməklə rüsumlardan tam azad olmağa nail oldu. Vaxt ötdükcə, Hindistandakı ingilis faktoriyaları qalalara çevrildilər. Onlardan birincisi - Müqəddəs Georgi fortu (Madras) artıq 1640-cı ildə tikilmişdi. Belə platsdarmlar hesabına ingilislər XVIII əsrdə tədricən hind knyazlıqlarını işğal etdilər. Öz rəqibləri olan fransızlara və hollandları kənarlaşdıraraq, İngiltərə Şimali Amerikanın məskunlaşdırılmasına başladı. 1606-cı ildə kral I Ceyms Plimut və London kompaniyalarına burada torpağa mülkiyyət hüququ vermək şərtilə yaşayış məntəqələri yaratmağa icazə verdi. Bir il sonra London kompaniyasının birinci partiyası Uolter Relinin vaxtilə Virciniya adlandırdığı vilayətdə sahilə çıxdı. 1607-ci illə 1733-cü il arasındakı dövrdə Şimali Amerikada 13 ingilis koloniyası meydana gəldi. Bunlar ticarət kompaniyalarının yaratdıqları (Virciniya, Massaçusets), kraldan xartiya alan özəl şəxslərin yaratdıqları (Pensilvaniya, Merilend) və ya dini icmaların yaratdıqları (Plimut və Yeni İngiltərə) məntəqələr idi. Onların arasında birlik gücləndikcə, ingilis hakimiyyətləri tərəfindən sərt nəzarət bu koloniyaların inkişafını dayandırırdı və 1775-ci ildə onlar müstəqillik uğrunda mübarizəyə başladılar. 4 iyul 1776-cı ildə qəbul edilən “İstiqlaliyyət Deklarasiyası” yeni dövlətin - Amerika Birləşmiş Ştatların meydana gəldiyini dünyaya elan etdi. Hərbi əməliyyatlar beynəlxalq xarakter aldı, 1783-cü ildə Versalda sülh müqaviləsi imzalananda Böyük Britaniya ABŞ-ı tanımalı oldu. Böyük Britaniya Karib dənizindəki adaları və Kanadanı isə öz əlində saxladı. Ceyms Kukun 1768-1779-cu illərdəki ekspedisiyalarından sonra, ingilislərin əldə etdiyi torpaqlara Avstraliyadakı koloniya da daxil oldu. Britaniya imperiyası dünya müstəmləkəçi dövlətlərindən ən irisi olaraq qaldı.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2017.- 30 sentyabr.- S.22.