Əlimərdan bəy Topçubaşovun İstanbul görüşləri

 

 Azərbaycan Xalq Cümhuriyyəti - 100

 

 

 

 

Diplomatiyada bu gün də aktuallığını saxlayan “söhbət yazısı” adlı özünəməxsus janr mövcuddur.

 

Nazir, səfir, yaxud hər hansı başqa ranqlı diplomat ölkəsini maraqlandıran, yaxud mövqeyimizi bildirməyə, qarşı tərəfin mövqeyini öyrənməyə xidmət edən rəsmi görüş keçirirsə, dərhal onun “söhbət yazısı” hazırlanır. Materiala görüşün müxtəsər stenoqramı da demək olar. Burada həm nazir, yaxud səfirin özünün söhbət əsnasında səsləndirdiyi fikir və təkliflər, həm də qarşı tərəfin verdiyi cavablar əslinə uyğun şəkildə öz əksini tapır. Gələn il Azərbaycan Cümhuriyyəti ilə birlikdə 100 yaşını qeyd edəcək müstəqil xarici siyasətimizə bu “diplomatik” janrı ilk dəfə Əlimərdan bəy Topçubaşov gətirib.

 

1918-ci il sentyabrın 28-dən 1919-cu il aprelin ortalarına qədər o, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fövqəladə və səlahiyyətli naziri kimi Osmanlı paytaxtında qalıb. Bu müddət ərzində Azərbaycan nümayəndə heyətinin Paris sülh konfransında iştirakı uğrunda son dərəcə gərgin mübarizə aparmaqla bir sırada etimadnaməsini sultana təqdim edib, Osmanlı rəsmiləri, İstanbuldakı müxtəlif diplomatik missiyaların rəhbərləri və təmsilçiləri, ayrı-ayrı dövlət adamları, ictimai xadimlər və hərbçilərlə görüşüb. Təyin edildiyi vəzifəyə yüksək məsuliyyət hissi ilə yanaşan, millət və tarix qarşısında cavabdehlik duyğusunu bir an da olsun itirməyən Əlimərdan bəy  keçirdiyi görüşlərin, apardığı danışıqların xalqın gələcək tarixi üçün əhəmiyyətini qiymətləndirərək onların böyük əksəriyyətinin əhatəli yazısını hazırlayıb. Xoşbəxtlikdən həmin sənədlərin  hamısı olmasa da, mühüm bir qismi bizim günlərə çatıb, yeni dövr siyasi tariximizi, Azərbaycan diplomatiyasının təşəkkülünü işıqlandıran  qiymətli məxəzlərə çevrilib.

 

Osmanlı imperiyasına yola düşərkən Əlimərdan bəyin qarşısına iki əsas vəzifə qoyulmuşdu: 1) Azərbaycan türklərinin imperiyanın bir hissəsi deyil, parlament  respublikası  tipli müasir və müstəqil dövlət qurmaq iradəsini qarşı tərəfə çatdırmaq və Babi-Alini bunun daha doğru seçim olduğuna inandırmaq; 2) Bakıya mümkün qədər tezliklə Osmanlı diplomatik nümayəndəsinin göndərilməsinə nail olmaq. Ancaq o, fəaliyyətini tək göstərilən iki məsələnin yoluna qoyulması ilə məhdudlaşdırmamışdı. Müstəqilliyini yenicə elan etmiş milli dövlətinin bütün dərdlərinə, ehtiyaclarına çarə axtarmaqdan bir an da olsun kənara çəkilməmişdi. Milli ordunun təchizatı, hökumət üçün maliyyə, anadilli məktəblər üçün müəllim axtarışı, əcnəbi səfirlik və nümayəndəliklər arasında yeni dövlətin tanıdılması istiqamətində təbliğati işlər, azərbaycanlı tələbələrə və müharibə zərərdidələrinə mümkün yardım, milli valyutanın tədavülə buraxılması ilə bağlı qayğılar,  beynəlxalq vəziyyətin ardıcıl, sistemli təhlili və dövlət quruculuğunun müxtəlif sahələri ilə əlaqədar əqidə dostlarına davamlı məsləhətlər - Əlimərdan bəyin 1918-1919-cu illərdə İstanbuldakı fəaliyyətinin bəzi sahələri bunlar idi...

 

Müasir dövrdə diplomatların yaşaması və işləməsi üçün yaradılan (kimi üçün az, kimi üçün çox!) hərtərəfli  şəraiti göz önünə gətirəndə Əlimərdan bəyin demək olar ki, təkbaşına, quru yerdə gördüyü işlərin miqyasına heyrətlənməmək olmur. Bu fədakar, titanik əməyin yalnız bir mənbəyi, bir izahı ola bilərdi: vətəninə, millətinə tükənməz məhəbbət, milli dövlətçilik təşnəliyi, uca səslə “Var millətimin xətti bu imzalar içində!” - deyə bilmək qeyrəti...

 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində böyük dövlət xadimi və görkəmli diplomat Əlimərdan bəy Topçubaşovun orijinalı rus dilində qələmə alınmış maraqlı, ibrətamiz “söhbət yazılarının” bəzilərini ana dilimizə tərcüməsini “525-ci qəzet”in oxucularına təqdim edirəm. 

 

Əlimərdan bəy Topçubaşovun Türkiyə sədrəzəmi Tələt Paşa ilə  söhbətinin yazısı

 

Yazı masasının yanında ayaq üstdə, başını aşağı salmış halda qarşıladı. Özümü təqdim edəndən sonra gülümsəməyə çalışaraq adımın sonunda hansısa əlavənin də olduğunu yada saldı. Bildirəndə ki, Rusiyada mövcud ənənəyə əsasən Topçubaşov soyadını daşıyıram, Tələt Paşa soyadımı təkrarlayıb “Evet, evet, Topçubaşov” - deyə məni qiyabi tanıdığını, müsəlman xadimlərindən biri kimi haqqımda müəyyən məlumata malik olduğunu,  adımı tez-tez, həm daha çox Rusiyadan gələn siyasilərdən  eşitdiyini dedi. “Sizi deyəsən Rusiyada çox narahat edirlər. Bu axır vaxtlarda da bolşeviklər. - deyə əlavə etdi. - Amma nə etmək olar? Siyasətçi üçün qaçılmaz vəziyyətdir. Mən də 27 ay həbsxanada oturmuşam”.

 

Batumda gəmi gözləyərkən çox ləngiməyimdən təəssüfləndiyimi  bu vəziyyətin sədrəzəm Berlinə gedənə qədər məni onunla görüşmək imkanından məhrum etdiyinə görə heyfsiləndiyimi bildirdim. Bəlkə də Berlinə birlikdə getməyimizin ümumi işə faydası ola biləcəyini dedim. Cavabında Tələt paşa bildirdi ki, o, Berlində həm Azərbaycan, həm də Türkiyə adından danışıb və fikrincə, mümkün olan hər şeyi edib.

 

“Siz yəqin ki, iki gün əvvəl səfərimin nəticələri barədə məlumat verdiyim Azərbaycan heyətinin üzvləri ilə (M.Ə.Rəsulzadənin başçılıq etdiyi Heyəti-Mürəxxəs - V.Q.) görüşmüsünüz. Bir daha təkrar edirəm: indiki məqamda nə Avstriya-Macarıstan, nə də Almaniya Azərbaycan dövlətinin müstəqilliyini tanımaq istəyirlər. Hazırkı rus hökuməti də eyni fikirdədir. Bu hökumət Berlindəki səfiri İoffe vasitəsi ilə belə bir iddia irəli sürürdü ki, Qafqazdakı müsəlmanlar yalnız Türkiyənin təzyiqi ilə müstəqil dövlətdə birləşdiklərini elan edirlər. Əgər  biz, yəni  türklər olmasaydıq, onlar yenə də əvvəlki kimi Rusiyaya meyllənməkdə davam edərdilər. Həm də İoffenin dediyinə görə, mövcud vəziyyət Qafqazda bəylərin və zəngin təbəqənin kəndliləri daim zülm altında saxlaması ucbatından yaranıb. Digər tərəfdən, sizin müsəlmanların şiə, bizim isə sünni olmağımızı yada saldı.  Səfirin sonuncu iddiasının müqabilində (Tələt paşa deyirdi) ona belə cavab verdim: “Baxın, mən türkəm, həm də şiəyəm”.

 

“Paşa həzrətləri, əla cavab vermisiniz. İcazə verin əlavə edim: əgər sizinlə birlikdə c-b İoffenin görüşünə getmək zövqü  mənə müəssər olsaydı, öz növbəmdə deyərdim: “Baxın, mən Qafqaz müsəlmanıyam, həm də süniyəm (baxmayaraq ki, valideynlərim şiə olublar”). Bunlar hamısı keçmiş Rusiyanın oyunlarıdır. Rus dövlət adamları ortalığı qarışdırmaq məqsədi ilə müxtəlif millətlər arasındakı dini və milli ədavətləri hər vasitə ilə qızışdırırdılar. Həmin məkrli oyunlardan ən çox zərər çəkən isə biz müsəlmanlar olmuşuq. Rus bolşevizminə müəyyən qədər bələd olduğumdan sizi inandırmağa cəsarət edirəm ki, indiki  Rusiya hökuməti də müsəlmanlara münasibətdə düşmən mövqedə dayanır.   Onlar bir gecənin içində bolşevikə çevrilən erməni daşnakları kimi qatı millətçi-şovinistlərin köməyi ilə Bakıda törətdikləri vəhşiliklərlə də bunu sübuta yetirdilər. Belə qeyri-təbii ittifaq ona gətirib çıxardı ki, bolşeviklər müsəlmanlara qarşı  mübarizə apararkən ermənilər də müharibədə uğradıqları milli məğlubiyyətin heyfini Bakıdan çıxmaq üçün fürsətdən yararlandılar”.

 

Tələt paşa: “Bəli, indiki müharibə çox bəlalara səbəb oldu, ortaya çoxlu problemlər çıxardı. Biz uğurlu nəticələrə böyük ümid bəsləyirdik, amma indi, xüsusən də axır günlərin  hadisələrindən də gördüyünüz kimi, ümidlərimizin cüzi hissəsi özünü doğrultdu. Amma heç şübhəsiz, bir arzumuz çin oldu - bu da çar Rusiyasının süqutudur.. Rusiyanın çökməsi türklərə doğrudan da qazancdır. Bu hadisənin həm bizim, həm də sizin - keçmiş Rusiyanın bütün xalqları, xüsusən də Qafqaz üçün yaxşı nəticələri olmalıdır. Bu tarixi qazancdan uğurla yararlanmaq üçün həm siz, həm də gürcülər və ermənilər var qüvvənizi sərf etməlisiniz, bütün ağıl və bacarığınızı dinc yanaşı yaşamaq yolunda qoymalısınız, sərhədlər və s. məsələlərlə bağlı mübahisələrin həllini özünüz tapmalısınız.

 

Fikrimcə, dediyim məsələlərin həlli hər üç xalqın buradakı təmsilçilərinin əsas vəzifəsi olmalıdır. Əlbəttə, danışıqlar zaman 5-6 sərhəd kəndi ilə bağlı mübahisələrdə güzəştə getmək lazım gələcək. Çünki yalnız bu yolla yeni dövlətlərinizi qurmağa nail ola bilərsiniz. Yalnız bu şərtlər daxilində biz də Qafqaz xalqlarının nümayəndələri ilə əl-ələ verib Sülh konqresinə birgə gedə bilərik. Qafqazda müstəqil Azərbaycan dövləti görməklə bağlı çoxdankı arzumuzu gerçəyə çevirmək üçün bu məsələdə sizə dəstək verməyə çalışacağıq”.

 

Mən: “Paşa həzrətləri! Qafqazda müstəqil Azərbaycan dövləti görmək niyyəti ilə bağlı sizin simanızda böyük müttəfiqimiz və himayəçimiz Tükiyəyə səmimi minnətdarlığımı ifadə etmək üçün söz tapa bilmirəm.  Bizim bütün gələcəyimiz müstəqilliyə bağlıdır. Azərbaycan türklərinin olum, ya ölüm seçimi, həyatda qalıb yaşaması, yaxud dünyadan yox olub  getməsi yalnız müstəqillik məsələsinin həllini tapmasına  bağlıdır.

 

Türk bahadırların - əsgərlərin dövlətimizin paytaxtı Bakının azad edilməsi uğrunda apardıqları qəhrəmancasına savaş - qalibiyyətlə başa çatan bu mübarizə xalqımıza böyük ümid verir və qəti olaraq inandırır ki, Azərbaycan dövlətinin müstəqil mövcudluğunu təmin edəcəyik. Bu mənada artıq kiminsə bizi tanımasına xüsusi ehtiyac duymadan  sakit yaşaya bilərik”.

 

Tələt paşa: “Siz türkcə gözəl danışırsınız”.

 

Mən: “Axı özüm də türkəm. Azərbaycan müsəlmanları özlərini türk sayırlar. Ümid edirik ki, millətimizin adı ilə bağlı seçimimiz də tam etiraf olunacaq. Siz Azərbaycan türklərini öz qonşuları - gürcülər və ermənilərlə sülh, dinclik şəraitində yaşamağa çağırırsınız. Dövlətimizin yarandığı ilk gündən Türkiyə siyasəti ilə həmahəng addımlamağı özümüzə borc saymışıq. Dediyiniz məsələdə də təbii ki, çağırışınıza əməl edəcəyik. Üstəlik, ermənilər və gürcülərlə qurduğumuz qarşılıqlı münasibətlərdə də həmin prinsiplər əsas götürülür. Lakin xeyirxah niyyətə çatmağın çox böyük çətinliklərlə bağlılığını da açıq etiraf etməliyəm. Çünki gürcülərlə ümumi dil tapmağı bacarsaq da, ermənilərlə eyni işi görmək olduqca çətindir. Məsələ buradadır ki, insanlarımız  erməni qonşuların səmimiyyətinə inamı artıq çoxdan itiriblər. Dediklərimin həqiqət olduğuna  inanmaq üçün onların indiki davranışına diqqət yetirmək kifayətdir. İnanın ki, dünyada nə qədər dövlət varsa, ermənilərdə də o            qədər təmayül mövcuddur. Onlar İstanbulda sizi məhəbbət və sədaqətlərinə inandırır, Berlində almanları! Ona görə hökumətimiz məni fövqəladə və səlahiyyətli nazir kimi Avstriya-Macarıstan və Almaniya paytaxtlarına göndərməyi də vacib sayıb. Təbii ki, üzərimə qoyulan missiyanın icrasına bütünlükdə türk hökumətinin, ilk növbədə isə sədrəzəm kimi sizin razılığınız və xəbəriniz olmadan başlamayacağam”.

 

Tələt paşa: “Sizə çox minnətdaram. Lakin istənilən halda qonşularla daxili mübahisələrə son qoymaq arzu ediləndir. Ermənilərə biz də bələdik. Onlarla razılığa gəlmək olar. Əlbəttə, hər halda inam hüduduna qədər. Əgər öz aranızda dil tapa bilməsəniz, o zaman bizi və almanları həkəm sifəti ilə dəvət edərsiniz.

 

Sizin Berlinə səfərinizə gəldikdə isə indi buna  xüsusi ehtiyac olduğunu düşünmürəm. İstənilən halda bir də fikirləşmək lazımdır. Təbii, sizinlə yenə görüşəcəyik. Yəqin ki, xarici işlər nazirini də ziyarət etməli olacaqsınız. Çünki gəlişinizdən xəbərdardır. Görüşünə elə bu gün də gedə bilərsiniz.

 

Adieu! (hələlik - fr.) Xarici işlər nazirinin yanına buradan keçmək olar”.

 

Əlimərdan bəy Topçubaşovun Türkiyənin xarici işlər naziri Ə.Nəsimi bəylə söhbətinin yazısı

 

2 oktyabr 1918-ci il

Saat 12.15

 

Kabinetinin qapısında, çox xoş təbəssümlə qarşıladı.

 

Mən: “İcazə verin özümü təqdim etmək şərəfinə nail olum - Azərbaycan hökumətinin üzvü Əlimərdan bəy Topçubaşov. Hökumətimizin qərarına əsasən fövqəladə və səlahiyyətli nazir kimi Azərbaycanın maraqları ilə bağlı bütün məsələlər ətrafında tam səlahiyyətlə müzakirələr aparmaq üçün İstanbula, Vyanaya, Berlinə, habelə Gürcüstan və Ermənistan paytaxtlarına göndərilmişəm. İndi Azərbaycan hökumətinin müvafiq mandatını Sizə təqdim etmək şərəfinə də nail olacağam.  Eyni zamanda, mövcud protokol qaydalarını pozduğuma, əvvəldən bəlli bir vaxt təyin edilməsi ilə bağlı razılıq almadan ziyarətinizə gəldiyimə görə üzr istəməyi də özümə borc bilirəm. Lakin belə etməyə məcbur idim. Çünki cənab sədrəzəmin  tapşırığı idi. Az öncə onunla görüşmək şərəfinə nail oldum, iltifat göstərib sizi ziyarət etməyimi  buyurdu”.

 

Nazir: “Mandatınızı təqdim etməyə tələsməyin. Sizinlə yenə bir araya gələcəyik. Burada olduğunuza çox şadam. Özüm də görüşmək istəyirdim. Sədrəzəm haqqınızda danışdı. Ümidvaram, yoldan sonra bir az dincəlmisiniz, səfər zamanı, ələlxüsus da bolşevik əsirliyində keçirdiyiniz çətinliklərdən  sonra özünüzə gəlmisiniz. İndi ümid etmək olar ki, sizdən - azərbaycanlılardan ötrü daha yaxşı günlər yaxınlaşır və dövlətinizin qurulması ilə məşğul ola bilərsiniz. Türkiyə Azərbaycanı sabit və güclü  ölkə kimi görmək istərdi. Bildiyimiz qədər, bu işlərin öhdəsindən gəlməyə gücünüz çatar, elə deyilmi?”

 

Mən: “İlk öncə xidmətinizə ərz etmək istərdim ki, yaşadığımız indiki çətin zamanda əvvəllər başımıza gələnlər nə qədər ağır olsa da, onlar barədə düşünməyə lüzum qalmır. İndi bütün ziyalılarımız, ictimai xadimlərimiz xalqın öz inamında yanılmadığını göstərmək üçün vətənin mənafeyi naminə gecə-gündüz çalışıb-vuruşmaq şövqü ilə alışıb-yanırlar. Eyni zamanda, Türkiyənin etibarını doğrultmaq barədə düşünürük. Çünki şübhə etmirik ki, yalnız Türkiyənin himayəsi altında müstəqil Azərbaycan dövləti qurulub möhkəmlənə bilər. Gücümüzün çatıb-çatmayacağı ilə bağlı sualınıza gəldikdə isə izninizlə deyə bilərəm ki, fəaliyyətə qabil gücümüz var - az-çox  təcrübəli hüquqşünas, mühəndis, publisist, həkim, ümumiyyətlə, siyasi xadimlərimiz yetişib. Onların arasından Dövlət Dumasına, Zaqafqaziya Seyminə seçilənlər olub. Əlbəttə, dövlət idarəçiliyində təcrübəmiz hələlik azdır. Çünki rus hökuməti müsəlmanları idarəçilik məsələlərinə yaxın buraxmırdı. Tarix boyu Rusiyanın təcrübəsində elə bir nümunə yoxdur ki, müsəlman nazir demirəm, hətta mütəsərrif (burada: qəza rəisi mənasında - Tərc.) vəzifəsinə təyin olunsun. Amma baxın, Türkiyədə nə qədər erməni və başqa millətlərin  nümayəndələri nazir vəzifəsi tutub.

 

İstənilən halda, hansısa bir sahədə lazımi adamlarımız çatışmasa, təbii ki, ilk növbədə sizə - böyük Türkiyəyə üz tutacağıq. Artıq hərbi və maliyyə xarakterli məsələlərdə bu təcrübədən yararlanmışıq”.

 

Nazir: “Əsla şübhəniz olmasın ki, türk hökuməti hər zaman yardımınıza hazırdır. İndi ordunuz qurulur, maliyyə təminatının təşkili ilə bağlı tədbirlər görülür. Qarşıda sizi gürcülər və ermənilərlə sərhədlərin müəyyənləşdirilməsi işi gözləyir. Bu baxımdan gərək öz aranızda sərhəd mübahisələrinə son qoyasınız. Bu isə təbii ki, qonşularınızla dostluq münasibətlərinə yol açacaq. İndi belə münasibətlər bütün Qafqaz xalqlarının dincliyi və rifahı üçün olduqca vacibdir. Sülh konqresinə hazırlaşmaq üçün dediyim işə mümkün qədər tez başlamanız lazımdır. Azərbaycanlıların, erməni və gürcülərin nümayəndələri ora vahid, ümumi niyyətlə getməlidirlər. Xüsusilə indi, nəzərdə tutulan konfederasiya ilə bağlı ümidlərin doğrulmadığı, vəziyyətin bir qədər başqa səciyyə aldığı zamanda buna daha böyük ehtiyac var”.

 

Mən: “Cənab nazir, qonşularımızla belə əlbir, dostcasına fəaliyyətə can atırıq. Bu həm onların, həm də bizim mövcudluğumuzun zəruri şərtidir. Lakin qorxuruq ki, ermənilərlə dil tapmaq mümkün olmasın. Çünki istədiklərini başqalarının - indiki halda bizim hesabımıza təmin etmək baxımından onların iştahası həddən artıq böyükdür. Dünyanın bütün mühüm paytaxtlarında maraqlarımız əleyhinə fəaliyyətə başlayıblar. Bizi dövlət həyatına qabil olmayan, başqa xalqlarla dinc şəraitdə yaşamağı bacarmayan toplum kimi qələmə verirlər. Ona görə  mühüm Avropa mərkəzlərində nümayəndələrimizin olması bizdən ötrü çox vacibdir”.

 

Nazir: “Qonşularla bağlı dediklərinizin məğzini başa düşürəm. Lakin dinc yanaşı yaşayış indi həm onlar, həm də sizin üçün mövcudluğun mühüm şərtidir. Berlin və Vyanada nümayəndə kimi təmsilçiliyinizə gəldikdə isə, məncə, bu da gerçəkləşdirilməsi zəruri addımdır. Toxunduğunuz mövzuda İstanbuldakı nümayəndə heyətinizlə də danışdım. Hesab edirəm ki, çox düzgün fikirdir. Çünki xaricdə qaldığınız müddətdə daim Azərbaycanı yada salacaqsınız, bunun işə böyük faydası olar. Mən belə düşünürəm. Amma təbii ki,  yenə məsləhətləşmək lazımdır. Yəqin, hələ dəfələrlə görüşəcəyik. İcazə verin, danışdığımız məsələ ilə bağlı sizi bir az sonra yenə narahat edim”.

 

Mən: “Nə zaman istəsəniz. Artıq sədrəzəmin də diqqətinə çatdırmaq şərəfinə nail olmuşam ki, Vyana və Berlin səfərimi Türkiyə siyasətinin istiqaməti ilə uzlaşdırmağı özümə borc bilirəm. Bu, eyni zamanda, hökumətimin də istəyidir”.

 

Əlimərdan bəy Topçubaşovun Türkiyənin hərbi naziri Ənvər paşa ilə söhbətinin yazısı

 

3 oktyabr 1918-ci il

Saat 12. 50.

 

Qapının ağzındakı arakəsmənin yanında, görüşmək üçün uzadılmış əli və xoş təbəssümü ilə qarşıladı. Özümü təqdim etmək, ad və soyadımı tam demək istədim. Lakin Ənvər paşa “Bilirəm, bilirəm” - deyə sözümü kəsdi. Məni kresloda  oturtdu, özü də yanımda əyləşdi. Sifətindən əskik olmayan təbəssümlə “Xoş gəlmisiniz” - dedi. - İstanbul necədir, bəyəndinizmi?”

 

Səmimi qəbuldan təsirlənib təşəkkürümü bildirir və ilk növbədə Qafqaz İslam ordusunun komandanı, dərin hörmət bəslədiyimiz Nuri paşanın salamını çatdımağa izin istəyirəm. Nuri paşa ilə görüşdüyümüz zaman (söhbət 1918-ci ilin avqust ayından gedir - V.Q.) sağ-salamat olduğunu və iki arzu ilə yaşadığını - özünün qurduğu Azərbaycan hərbi hissələrinin mümkün qədər tez bir zamanda paltar və silahla təmin edilməsi, habelə Bakının düşmən əsarətindən qurtarması haqda fikirləşdiyini bildirirəm. Ənvər paşaya salam göndərərkən Nuri paşanın Gəncədə lətif su, dadlı üzüm və alma olduğunu dediyini sözlərimə əlavə edir və imkan tapdığı təqdirdə, bizim tərəflərə təşrif gətirməsini xahiş edirəm.

 

Ənvər paşa: “Çox təşəkkür edirəm. Dünən atamız Gəncəyə yola düşüb. Məni hər şeydən çox sevindirən isə Azərbaycanın belə böyük sevgi ilə yanaşdığı qardaşımın komandası altındakı ordunuzun uğurlardır. Siz onu görmüsünüz. Camaatın münasibəti necədir? Eşitdiyimə görə, əyalətlərə çıxıb”.

 

Mən: “Ölkəmizin əhalisi Nuri paşanın Azərbaycana necə bir ordu qurduğunu görüb ona böyük hörmət və məhəbbət bəsləyir. Mən yola düşməzdən əvvəl o, Şamaxı və Zaqatala bölgələrinə tanışlıq səfərindən qayıtmışdı. Əhali hər yerdə ordusunun baş komandanını çoşqu ilə qarşılayır, dar məqamda göstərdiyi yardıma görə minnətdarlığını bildirirdi. Çünki hər kəs başa düşür ki, Nuri paşa gəlməsəydi, Qafqazda vəziyyətimiz  çox çətin olardı. Əsla şübhəm yoxdur ki, Nuri paşanın komandanlığı altında ordumuzun Bakını azad etməsi bütün müsəlmanlar tərəfindən dərin minnətdarlıqla qarşılanacaq, onun adı ətrafında bir qəhrəmanlıq haləsi yaradacaqdır. Paşa həzrətləri! Hər şey üçün sizə borclu olduğumuzu çox gözəl anlayırıq. Ona görə də çəkinmədən, heç bir mübaliğəyə yol vermədən hüzurunuzda ərz etməyə cəsarət göstərirəm ki, belə çətin bir müşkülün həlli üçün qardaşınızın yardımımıza göndərilməsi Qafqaz müsəlmanlarının qəlbində Zati-alinizə məhəbbəti qat-qat artırıb. Türk dühasının parlaq ulduzu kimi onlar sizi əvvəl də ilahi dərəcədə sevirdilər. Bu faktda isə azərbaycanlı əqrabalarınıza böyük qayğı və məhəbbətin nişanəsini görürlər”.

 

Ənvər paşa (füsunkar təbəssümlə, hələ də gözlərindəki parıltı çəkilmədən): Çox təşəkkür edirəm. Mən sadəcə borcumu yerinə yetirmişəm. Adi əməlimin qardaşlarıma belə böyük təsir göstərməsindən çox məmnunam. Əlbəttə, burada sizin - yerli əhalinin, camaat ağsaqqallarının, hökumətin də böyük xidmətləri var və olmalı idi. Bildiyim qədər, ordu təşkilində elə böyük çətinlikləriniz olmayıb, gənclər ordu sıralarına həvəslə qoşulurlar. Belə də olmalıdır. Qafqaz müsəlmanları indiyə qədər hərbi işə cəlb edilməyib, hərbi qaydalarla tanış deyillər. Lakin görünür, ürəklərində döyüş ruhunu yaşada biliblər. Bu isə çox mühüm şərtdir”.

 

Mən: “Tamamilə doğru buyurursunuz. Burada Bakı cəbhəsinin komandanı Mürsəl bəyin sözlərinə istinad edə bilərəm. O, başçılıq etdiyi Azərbaycan hərbi hissələrinin Kürdəmir, Şamaxı və Bakı cəbhələrindəki bir sıra döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan şövqlə danışırdı. Təcrübəli təlimatçıların köməyi ilə bizim camaatdan da həm say, həm də bacarıq etibarı ilə sanballı ordu qurmaq olar. Lakin silah-sursatımız, hərbi geyim, ordu üçün zəruri olan digər müxəlləfatımız çatmır. Sizin diqqətli münasibətiniz sayəsində indi bunlardan bəzilərini əldə edə bilmişik. Hətta ağır artilleriyamız da var. Amma yenə də kifayət deyil.  Ona görə ümid edirik ki, bütün hərbi hissələrimiz - istər artıq mövcud olanlar, istərsə   gələcəkdə qurulanlar bizdə çatışmayan hər şeylə təchiz ediləcək. Hərbi sursat hazırlanması üçün çoxlu mütəxəssisə ehtiyacımız var”.

 

Ənvər paşa: “İndi, artıq Bakı məsələsi öz həllini tapandan sonra bu işlər asandır. Lakin ordumuzun bəzi hissələri Bakı cəbhəsindən geri qaytarılacaq. İki diviziyadan biri. Yeri gəlmişkən, müsəlmanlar Bakıda çoxmu əziyyətə qatlaşıblar? Deyəsən, siz özünüz də bolşeviklərdən az çəkməmisiniz.

 

(Mən Bakı haqda məlumat verirəm, bolşeviklərin, xüsusən də heç kəsin gözləmədiyi halda bolşevikə çevrilən ermənilərin törətdikləri əməllərdən danışıram, onların əlindən güclə qaçıb qurtardığımı deyirəm).

 

Ənvər paşa (xüsusən şəxsi xarakter daşıyan məlumatlarıma təbəssümlə qulaq asaraq): “Deməli, Bakıda zəngin adamlar Rusiyanın həqiqi dəhşət yaşanan  başqa şəhərlərində olduğu kimi böyük zərər görməyiblər. Ən əlamətdar hal isə neft mədənlərinin və zavodların salamat qalmasıdır. İndi çoxlarının, xüsusən də qonşularınızın (bolşevik Rusiyası nəzərdə tutulur - V.Q.) gözü həmin mədən və zavodlara dikilib. Dəmir yollarının işləməməsi yanacağın başqa yerlərə çox yavaş  çatdırılmasına səbəb olur. Azərbaycan dəmir yolları nə vəziyyətdədir?

 

Mən: “Yollarımız nisbətən pis işləmir. Mazut ehtiyatımız var, lakin parovoz və vaqonlarımız çox azdır. Düşünmək olar ki, indən sonra Bakıda onların sayı daha artacaq. Təbii ki, qonşularımızı da yanacaqla təmin edəcəyik. Çünki hamı ilə dinc şəraitdə yaşamaq və dövlətimizin qurulması işinə başlamaq istəyirik. Amma təəssüf ki, bizi istəməyən çoxdur, lap çoxdur. Daha dəqiq desəm, qonşularımız da, qonşu olmayanlar da istəmirlər. Məsələn, Almaniya ölkəmizi hələ də tanımır. Almaniyanın Qafqazdakı nümayəndəsi fon Kresse bizi inandırır ki, müstəqil Azərbaycan dövləti yaranmasının tərəfdarıdır. Gəncədə (Hacıkənd) Xəlil paşanın iştirak etdiyi naharda bu dövlətin paytaxtı Bakı şəhərinin tezliklə işğaldan qurtarması zərurətini səmimi şəkildə dilə gətirir. Amma yenə də onun təsiri altında olan gürcü hökuməti uzun müddət Bakıya göndərilən hərbi sursatın öz dəmiryolları ilə daşınmasına icazə vermirdi.

 

Berlində və digər Avropa mərkəzlərində qonşumuz ermənilərin nümayəndələri bizi hər vasitə ilə Avropa dövlətlərinin gözündən salmağa çalışırlar. Bu təbliğatın zərərli nəticələrini az da olsa dağıtmaq üçün hökumətimiz həmin ölkələrin paytaxtlarında, - ilk növbədə Berlin və Vyanada təmsilçilərimizin olmasını vacib sayıb. Ona görə də missiyamı türk dövlət siyasətinin ümumi istiqaməti ilə tənzimləmək üçün türk hökumətinin rəhbərliyi ilə ilkin və gərəkli məsləhətləşmələrdən sonra mənə ora getmək səlahiyyəti verilib. Bu barədə sədrəzəm və xarici işlər naziri ilə görüşlərimdə də demişəm”.

 

Ənvər paşa: “Azərbaycan nümayəndəsinin həmin paytaxtlara getməsini mən də zəruri sayıram. Həm də düşünürəm ki, tək Berlin və Vyanada deyil, neytral ölkələrdə - İsveçrə və Hollandiyada da təmsil olunmaq lazımdır. Burada həm döyüşən ölkələrin, həm də neytral dövlətlərin səfirləri ilə ünsiyyət saxlamaq, şəxsi ziyarətlər, görüşlər, mətbuatda təbliğat vasitəsi ilə hər imkan düşəndə tam müstəqil bir dövlət kimi Azərbaycan haqqında söz açmaq lazımdır. Uzun müddət, hətta deyərdim, ümumi sülh əldə olunana qədər İsveçrədə məskən salmaq, tez-tez Berlinə səfər etmək zəruridir. Əgər şəxsən sizin  çox  qalmağınız mümkün deyilsə, qoy, rəhbərlik etdiyiniz heyətdən bir nəfəri ora göndərsinlər. Lozannada, yaxud Cenevrədə bütöv bir Azərbaycan nümayəndəliyinin işləməsi daha yaxşı olardı.

 

Bu barədə düşünmək lazımdır. Mənə elə gəlir ki, sizinlə yenidən görüşüb müzakirələr aparmağa imkanımız olacaq.

 

Hələlik, görüşənə qədər! (Bu sözlərlə Ənvər paşa yerindən qalxdı, lütfkar təbəssümlə əlimi sıxıb qapıya qədər ötürdü)

 

Rus dilindən tərcümə: Vilayət Quliyev

525-ci qəzet.- 2017.- 30 sentyabr.- S.18-19.