Dilindən düşməsin bu saf dualar...

 

LEYLA ƏLİYEVANIN ŞEİRLƏRİLƏ BAĞLI TƏƏSSÜRATLARIM VƏ DÜŞÜNCƏLƏRİM

 

 

 

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Leyla Əliyevanın “Aç pəncərəni” şeiri də qəlbimdə, yaddaşımda dərin iz buraxdı, böyük mənası və mətləbiylə, insanlara çatdırılacaq mesajlarıyla məni uzun müddət öz təsiri altında saxladı.

 

“Sındır o kif basmış boz şüşələri, Açılsın pəncərən azad dünyaya!” çağırışı ilə başlayan şeir gözəldir, düşündürücüdür.

 

Kəpənəklər uçur, aç pəncərəni!

Gör nə qədər rəng var qanadlarında?!

Öyrən böyüklərin tez unutduğu

Uçmaq həsrətini uşaq çağında.

 

Biz niyə dünyanı qara görürük?

Qaradan qaradı bizim qəlbimiz.

İgidlər var... onlar nağıllardadı,

Vaxtları yox, mühakimə edələr bizi.

 

Burda müəllif dünyanı qara görən qara qəlblilərə görə bir az ruhdan düşür, təskinliyi nağıllarda, nağıllardakı qəhrəmanlarda tapır. Amma bu qəhrəmanların hələ bizi mühakimə eləmək üçün vaxtları yoxdur. Bir günsə nağıllardan çıxıb gələcək, bizi mühakimə eləyəcəklər.

 

Məntiq sadə, məna böyükdür. Pəncərəsini açıb qanadlarında sonsuz sayda rənglər olan kəpənəklərə baxanların qəlbi qara ola bilməz. Yoxsa müəllif niyə bunca həyəcanla insanlara müraciət eləməli, onları pəncərələri açıb uçan kəpənəklərə baxmağa çağırmalıydı? Qəlblərinin təmizlənməsi üçün, gözlərindən hisin-pasın silinməsi üçün! Gözlərdən his-pas silinər, dünya yenidən onların gözlərində öz adi, əlvan, solğun, işıqlı rəngləriylə çağlayardı.

İsa İsmayılzadənin də kədəri ilə qəlb titrədən şeiri var: “Silin gözlərimdən bu qüssəni, kədəri, qoy üzə çıxsın kənd evləri”.

 

Bu şeirin misralarını öz-özümə pıçıldayır və deyirəm:

 

- İnsanlar silin gözlərinizdən qaranı, Bakımızı görün, Azərbaycanımızı görün, insanlarımızı görün!

 

lll

 

Gecə yağış yağdı, açıq pəncərədən içəri islanan isti torpağın və yağışın qoxusu dolurdu. Yay ömrünü başa vurur, payız gəlir. Boz təpələr göyərəcək, yollara səpələnmiş qızılı küləşlər çürüyəcək.

Puşkin payızı sevirdi.

 

Bunu çoxları bilir. Amma çoxu Puşkinin yazı, yayı sevmədiyini bilmir. Payız gələndə yazırdı: “İndi mənim zamanımdır: Mən yazı sevmirəm. Mənim üçün mülayim hava, üfunət qoxusu, palçıq cansıxıcıdır. Qanım qaynayır, hisslərimi, ağlımı kədər sıxışdırır”.

 

Payızı, qışı isə sevirdi. Sərt qışda özünü rahat hiss edirdi. Payıza çoxlu şeirlər həsr edilib. Məni ən çox duyğulandıran isə Puşkinin bu misrasıdır: “Artıq səma payızla nəfəs alır”.

 

Leyla Əliyeva üçünsə bütün fəsillər əzizdir. Amma, məncə, ən çox yayı sevir. Yaydan, isti dənizdən yazanda yazıları işıq, fərəh selinə qərq olur, bu şeirlərdə rənglər əlvan, səslər şəndir, işıq ürək oxşayır. Payızın, yağışın keçməsini, yayın gəlməsini səbirsizliklə gözləyir. “Yay” şeirində yazır:

 

Nə qədər qızmar olsa da havası,

Yay fəsli ayrıca aləmdi ancaq.

Onunsa ardınca soyuqlar gəlir,

Payız yetişəcək, yağışlar yağacaq.

 

Payızdan sonra da qış qapını kəsdirəcək. Çöllərimizi qar örtəcək. Sonra qışın da sonu gələcək. Amma qış da elə belə, asanlıqla çıxıb getmir, yazı səbirsizliklə gözləyənləri hələ xeyli həsrətdə saxlayır.

 

Amma bu fevraldan lap zəhləm gedir,

İyirmi doqquz gün uzanır nəsə.

 

Qəribədir. İlin ən qısa ayı fevraldır. Amma mənə də həmişə elə gəlib ki, ilin ən uzun ayı məhz fevraldır.

 

Uzandıqca uzanır, başa çatmaq bilmir, sona çatmaq bilmir.

 

Dəqiq müşahidədir. Bu iyirmi doqquz gün otuz gündən uzundur.

lll

 

Havada balaca çobanların mahnıları uçuşur. Çayın o biri sahilindəki yamacda oxuyurlar. Payız qüssəsi hopmuş bu mahnılar, payızın özü kimi, köçəri quşların ayrılıq nəğmələri kimi kədərlidir. Əyalət qəsəbəsinin küçələrinə səpələnir, qapıları döyür, pəncərələrə çırpılır, hər yerə baş vururlar.

 

Leyla Əliyeva poeziyasından da sevgi ana xətt kimi keçir. Sanki digər bütün şeir faktları, hadisələri bu xəttin ətrafında cərəyan eləyir. Payız çöllərindən havalanan balağa çobanların mahnıları kimi kədərlidilər. Digər şeirlərində olduğu kimi böyük sevgi böyük duyğularla tərənnüm olunub.

 

“Sevgisiz insan - ruhsuz, ölü bir bədən,

Ömürünü qəfəsdə verər o bada”.

Sözlər səssizləşir sevənlər üçün,

Ağaclar dayanıb durur nəfəssiz.

 

Bu poeziyada qəhrəmanlar bir-birlərindən “lal sükutla” soruşurlar: “Mənə olan sevgin ölə bilərmi?” Onların sevgisi sonsuzdur, bir-birinin ayrılığına dözmürlər, qəlblərində yalançı sevgilərə yer yoxdur.

 

Getmə sən yanımdan, nolar, bir dayan...

Yalqız qoyma məni bu tənhalıqda.

Bir az qal yanımda, bir azca ləngi,

Burda ağlım itir kimsəsizlikdən.

 

Məhəbbət haqda çox yazılıb. “Leyli və Məcnun” təkcə Azərbaycanın yox, bütün Şərqin məhəbbət dastanıdır. Məcnün cavabsız, saf məhəbbətin simvoludur. Bizlər bəzən onu qınayırıq, amma Puşkin yazırdı: “Cavabsız sevgi insanı alçaltmır, əksinə, onu ucaldır”.

 

Dahilərin bu mövzuya münasibəti həmişə mənim üçün maraqlı olub. Tolstoy: “Sevgisiz yaşamaq asandır... Lakin onsuz yaşamağın da mənası yoxdur”, S.Moem isə: “Həyatın böyük faciəsi onda deyil ki, insanlar ölür, ondadır ki, onlar sevməyə son qoyurlar”, - deyirdi. Marina Svetayevaya görə isə: “Məhəbbət kasıbçılıqdan və diş ağrısından başqa hər şeyə qalib gəlir”. Ömrünün çoxunu dilənçilik, aclıq həddində yaşayan, əri, qızı həbs olunan, bir qızı xəstəlikdən ölən, oğlu müharibədə həlak olan, əri həbsxanada güllələnən, şeirlərinin çapına icazə verilməyən bu böyük şair sonda yazıçılar ittifaqına onların yeməkxanasında qab yuyan kimi işə düzəlmək üçün ərizə yazır və bu ərizəni yazandan üç gün sonra intihar eləyir. Kilsə Lermontov kimi onu da dəfn eləməkdən imtina elədi, qəbrinin yeri məlum deyil. Bu o Svetayeva idi ki, Brodski onu son yüz ilin ən böyük şairləri sırasında görürdü.

 

Leyla Əliyevanın qəhrəmanlarının sevgiyə münasibəti də maraqlıdır. Onlar üçün konkret ölçü, qəlib yoxdur. Özlərinin azad, fərqli baxışları var. Hətta bütün klassiklərdən fərqli düşünürlər: “Sevgi ki həyattək əbədi deyil, yalnız zəif ürəkləri parçalayır, didir”.

 

lll

 

Bu şeirlər fərəhi, rəngləriylə yaz günəşini xatırladır. Yaz günəşi soyuqdan və tutqun günlərdən bezən, isti günlərin və isti yağışların həsrətini çəkən ürəkləri isindirdiyi kimi, çölü, meşəni canlandırıb dünyanı mavi, yaşıl rənglərlə boyadığı kimi qəlblərimizi isindirir. Dünyanı fərəhi və sevinci aşıb-daşan rənglərə boyayır.

 

Ümid azadlıq vərdişimizdi,

Mavi gözləriylə sığınar bizə.

Elə ki, qəlbimiz qəmdən əzilər,

Biz də sığınarıq ümidlərimizə.

 

Müəllif şeirlərə çox maraqlı tərzdə, izahat vermədən, girişə vaxt itirmədən birbaşa başlayır.

 

Mən bir yuxu gördüm ki,

Balıqlar uçur quştək...

 

Balıqları quştək uçan dənizləri təsəvvür elədim. Mavi suların üzərində balıqlar uçuşurdu, gümüşü, qızılı pulcuqları batan günəşin şəfəqləri altda rəngdən rəngə düşür, günəş tədricən dənizi də, balıqları da qızılı rənglərə boyayırdı.

 

lll

 

“Elegiya” bu şeirlərin içərisində xüsusilə seçilir. Yanğısıyla, həsrətiylə, sonsuz kədəriylə.

 

Dünyanın heç bir ölkəsinin və xalqının qadınları azərbaycanlı qadınlar qədər dərdə, ağrıya, acıya yana, ağlaya bilməzlər. Məktəbə təzə gedirdim. Kəndimizin yuxarısındakı meşəyə tanklar gəlmişdi. Əskərlər meşədə səngərlər qazır, yarpaqlı budaqları qırıb tankların üzərinə düzür, bu zəhmli maşınları gizlədirdilər. Yenə də müharibə olacaq deyə doğmalarını müharibədə itirmiş qadınlar qonşu həyətdəki təzəlikcə çiçəkləməyə başlayan yaz çəmənliyində dövrə vurub oturar, ağlayar, ağı, bayatı deyərdilər. Əvvəlcə biri başlar, ağı deyər, sonra digərləri də səs çəkərək ona qoşulardılar. Tükürpərdən mənzərəydi.

 

Mən əsgərlərin yanına getdim. İlk dəfə idi canlı rus görürdüm. Qoyun yununa bənzəyən saçları qızılı, sarı rəngdəydi. Onlar mənə beş dənə balıq konservi verdilər. Nənəm konservləri evimizin aşağısındakı kolluğa atdı. Böyük qardaşımla axtarıb tapdıq, baltayla tənəkə qabları açıb, konservləri yedik. Nə buna qədər, nə də bundan sonra elə ləzzətli nəsə yediyim olmadı.

 

“Elegiya”nı oxuyanda, çobanyastığı və alayonca ilə örtülmüş həyətdəki çəmənlikdə dövrə vurub oturan qadınların ağlar səsi qulaqlarımda səsləndi. Ağrını, dərdi belə duymaq, hiss eləmək, belə duydurmaq, hiss elətdirmək yalnız bu torpağa bağlı olanlara xasdır, gen, qan yaddaşıyla əsrlərdən süzülüb gəlir, görünməz bağlarla birindən digərinə ötürülür, qorunub saxlanılır.

 

Ulduzlar düzülsə pilləkən kimi,

Dolsa gözlərimə Ayın işığı,

Qalxıb pillə-pillə göyün üzünə

Səni qaytarardım ordan aşağı.

 

Bərk-bərk ürəyimə sıxdıqlarımı

Çatdıra bilsəydi küləklər sənə,

Bax onda bilərdin səninçün necə

darıxıb üzülür ürəyim mənim.

 

Hər bir misradan bir qəlbə sığmayacaq sonsuz qəhər, qüssə yağır.

 

“Sözlərinlə bağlı xatirələri, kaş çaylar özümə qaytara bilə”, “Səni hardan tapım, bilmirəm axı?! Göstərə bilsəydi barı buludlar”, “Niyə göz yaşları dönür dənizə, Söyləyə bilsəydi yağışlar mənə”.

 

Mehriban səsini duyuram hər an,

Məni uzaqlarda sən qoruyursan.

Kaş ki, hisslərimi çatdıra dağlar,

Necə darıxıram, özün duyasan.

 

Bura sözün bitdiyi yer... Bundan o tərəfə duyğuların üsyanıdır.

 

lll

 

Azərbaycanımızın ucqar kəndlərində dünyaya göz açan biz kənd uşaqları səhərin alatoranlığında gözümüzü atalarımızın, babalarımızın dualarıyla açmışıq. Namazdan sonra əllərini göyə açıb Allaha dualar eləyər, balalarına xoşbəxtlik, firavanlıq, süfrələrinə ruzi, bərəkət diləyərdilər.

 

Leyla Əliyeva da Allaha üz tutur, onun da Allahından istədiyi, dilədiyi var.

 

Mənə güc ver, İlahi!

Dilimdən düşməsin bu saf dualar!

Güc ver mənə, səmimi olum...

Məndən uzaq dursun bütün yalanlar!

Güc ver mənə, vida söyləyim

Bu acgöz dünyanın həvəslərinə!

 

Amma onun istəkləri fərqlidir, dilindən saf duaların düşməməsi üçün, pisliklərə yaxşılıq eləyə bilmək üçün, kimsənin arxasınca danışmamaq üçün dualar eləyir. İnsanlar Tanrıya beləcə dualar eləyərək, belə istəklərlə əl açsaydılar yaşamaq necə də gözəl, mənalı olardı. Xüsusilə də belə dualar eləsəydilər:

 

Güc ver, insanları, hamını sevim,

Axı sənin zərrən hamıda var.

 

lll

 

Sən gedəni yağışlar,

Durmadan elə yağır.

 

Bu misraları Leyla Əliyevanın anasına həsr elədiyi şeirdən götürmüşəm. Təbii, ayrılığın yağışa aidiyyatı yoxdur, sadəcə olaraq ayrılığın ağrısını, həsrətini şeirə gətirmək üçün yağış vasitədir, səbəbdir. Burda yağış adi mənasından, mahiyyətindən çıxıb, ayrılığın simvoluna çevrilib. Elə ona görə yağışlar kəsərsə, ayrılığın da sona çatacağını düşünür: “Yağış ki, əbədi deyil, o da kəsəcək...”

 

Yağışlar kəsəcək. Torpaqlarımız yadellilərin işğalından, düşmən çəkmələrinin tapdağından azad olacaq. Ölkəmizə yaz gələcək. Çöl, çəmən göyərəcək. Uşaqlar zəncirotuları üfləyib havada uçuracaqlar. Qapılarda bayram tonqalları yanacaq. Ocaqlardan qalxan tüstü duman kimi qəsəbə və kəndlərimizin üzərinə səriləcək.

 

Leyla Əliyevanın şeirləri küləyin çöllərə, dünya yollarına yaydığı, səpələdiyi zəncirotu ləçəkləri kimi, bayram öncəsi Azərbaycanımızda yandırılan bayram tonqallarının tüstüləri kimi öz doğma ölkəsinin çöllərindən, isti torpaqlarından, kənd və qəsəbələrindən, şəhərlərindən yüngülcə qalxacaq, bütün dünyaya səpələnəcək.

 

lll

 

Mənim ədəbi nəslimin ömrü qüruba doğru gedir. Bizdən sonra gələnlərə əmanət qoyuruq bu ədəbiyyatı. Bir nigarançılıq içində. Leyla xanımın şeirlərini oxuyandan sonra təskinlik tapdım. Təkcə ölkə hüdudlarında tanınan gənc həmkarlarım yox, ölkəmizin sərhədlərindən kənarda da tanınan Leyla xanımın, onun kimi gənclərimizin hesabına ədəbiyyatımız yaşayacaq. Ən gözəl çağlarını!

 

Pəncərədən çölə baxıram. Ay doğur, alov şarı kimi təpələrdən ağır-ağır ayrılır. Ağaclar, çöllər süd kimi bəyaz Ay işığına bürünür. Sanki təpələrin üstündə adamlar bayram tonqalları yandırıblar, əl-ələ tutub ətrafında rəqs eləyirlər.

 

Təki ölkəmizdə bayram olsun!

 

İlahi, sən Azərbaycanımızı qoru!

 

 

Aslan QULİYEV

 

525-ci qəzet.- 2017.- 30 sentyabr.- S.17.