Kamal Abdulla və onun
Dastan poetikası
Orta əsrlər Yaxın Şərq (türk-oğuz) ədəbiyyatının
nadir incilərindən biri olan “Kitabi-Dədə Qorqud”
dastanı aşkar olunduğu vaxtdan bu günə qədər
fasiləsiz olaraq dünyanın bir sıra görkəmli
şərqşünaslarının dərin tədqiqat obyekti
olmuşdur.
Hazırda şərqşünaslıq (türkologiya) səhəsinin
çox geniş sahələrindən biri olan
qorqudşünaslıq özünün yeni araşdırma həyatını
yaşayır.
İstər-istəməz
adamda elə təsəvvür yarana bilər ki, H.Dits, E.Rossi,
T.Nyöldeke, N.Konrad, V.Bartold, V.Jirmunski, O.Ş.Gökyay,
M.Ergin, H.Araslı,
Ə.Sultanlı, Ə.Dəmirçizadə,
X.Koroğlu kimi dünyanın korifey
qorqudşünaslarının, eləcə də müasir
qorqudşünas, akademik Kamal Abdullanın özünün və
neçə-neçə çoxsaylı digər müasir tədqiqatçısınının
apardıqları çoxsaylı və dərin məzmunlu
araşdırmalardan sonra bu sahədə yeni heç nə demək
olmaz. Amma Kamal Abdullanın bu yaxınlarda
çapdan çıxmış “Kitabi-Dədə Qorqud”
poetikasına giriş. Dansökülən
variant” monoqrafiyası bir daha sübut etdi ki, bu mövzu tükənməzdir,
kainatın özü kimi sonsuzdur. Kamal Abdulla bu kitabı
ilə bir məlum həqiqəti də sübut etdi ki, bu kimi
möhtəşəm, böyük ədəbi abidələr
sonsuza qədər araşdırma obyekti ola bilər və elə
yazıçı, elə bədii əsər nümunələri
var ki, onları tədqiq etməklə, öyrənməklə
qurtaran deyil, hər yeni günün, hər yeni mühitin belə
abidələrə yeni yanaşması, yeni araşdırma
metodologiyası olur və olacaqdır. “Kitabi-Dədə
Qorqud” dastanına həsr edilmiş, haqqında bəhs edilən
bu kitab da məhz həmin arqumenti bir daha təsdiq etməkdədir.
Kamal
Abdullanın bu kitabını “Kitabi-Dədə Qorqud”
dastanı sahəsində az qala əlli ilə
yaxın apardığı linqvopoetik,
mifyaradıcılığı və bədii-poetik
araşdırmalarının və elmi-bədii ümumiləşdirmələrinin
məntiqi nəticəsi hesab etmək olar. Ümumiyyətlə
götürüldükdə isə bu möhtəşəm
türk-oğuz epik abidəsi onun elmi və bədii
yaradıcılığında mühüm yerlərdən
birini tutur və demək olar ki, hətta onun intellektual
yaradıcılıq həyatının ana xəttini təşkil
edir desək, səhv etmərik (Yeri gəlmişkən: kim
ki, “Kitabi-Dədə Qorqud” dastanı ilə dərindən və
ürəkdən məşğul olmağa başlayır,
ömrünün sonuna qədər ondan ayrıla bilmir). Kamal
Abdulla sadəcə olaraq bir alim kimi bu dastanın filoloji
araşdırılması ilə kifayətlənməyib, yeni
yanaşma yolu ilə gedərək, bu əsərin motivləri
əsasında demək olar ki, həm də tam postmodernist
üslubda və formada “Yarımçıq əlyazma” (roman),
“Casus” (pyes) kimi dərin məzmunlu, orijinal bədii əsərlər
də yazmışdır.
Bu monoqrafiyanın
ideya-məzmunun xüsusiyyətlərini obyektiv və hərtərəfli
təhlil etmək üçün alim və
yazıçı Kamal Abdullanın mənsub olduğu ədəbi
cərəyana, onun Azərbaycan ədəbiyyatında və ədəbiyyatşünaslığında
tutduğu yerinə, eləcə də onun bədii
yaradıcılığına ötəri də olsa nəzər
salmaq lazımdır.
Azərbaycan
bədii ədəbiyyatınada (həm nəsr, həm poeziya,
həm də
dramaturgiya sahələrində) Kamal Abdulla postmodernist ədəbiyyatın
yaradıcılarından biri (bəlkə də birincisi)
olduğu kimi, elmi araşdama sahəsində də postmodernist,
poststrukturalist-semantik nəzəriyyəçi alim kimi
tanınmışdır. Onun “Kitabi-Dədə
Qorqud” poetikasına giriş” kitabı da Azərbaycan filoloji
elmində bu istiqamətdə yaranmış qiymətli bir elmi
hadisədir. Bu kitabın yeniliyi həm onun
elmi metodologiyasında, həm ideya-məzmununda, həm
formasında, həm də dil və üslubunda
(qrammatikasında) özünü göstərir.
Filologiya elmində (üslubiyyat səhəsində) belə
bir ənənə-tendensiya formalaşıb ki, bir elmi
üslub, bir ədəbi üslub, bir də şifahi nitq
(danışıq) üslubu var. Sanki bunları bir-birinə
qarışdırmaq olmaz. Məlum olduğu kimi,
hələ lap qədim dövrlərdən (antik dövdən)
başlayaraq həm Qərb (qədim Yunanıstan və qədim
Roma), həm də klassik Şərq üslubiyyatında belə
bölgü, bu sayaq “üslubi” ayrılma-parçalanma
olmayıb. Homerin “Iliada” və “Odisseya”
dastanları bədii əsər olmaqla yanaşı, həm də
əsl bir elmi mənbədir (tarixdir, fəlsəfədir,
mifologiyadır, sosiologiyadır və s.), Hesiodun “Zəhmətlər
və günlər”, “Teoqoniya” poemaları həm bədii, həm
də elmi əsər nümunələridir. Təsadüfi
deyil ki, Herodotun “Tarix” əsəri “poema”, Lukretsi Karın
“Şeylərin təbiəti haqqında” fəlsəfi poeması
isə ən ciddi fəlsəfi risalədir. Plutarxın
“Müqayisəli həyatların təsviri”, Svetoninin “On iki
Sezar”, M.Montenin “Təcrübələr” (“Esselər”) və
neçə-neçə bu qəbildən olan əsərlər
elmiliklə bədiiliyin kəsişdiyi nöqtədə,
sintezində yaranmışdır. Qərbin
klassik dövrünün və bütün sonrakı dövrlərinin
ədəbiyyatlarında (həm bədii ədəbiyyatda, həm
də ədəbiyyatşünaslıqda) bu tendensiyanın
bariz nümunələri istənilən qədərdir. Eyni fikri çoxsaylı Şərq ədəbiyyatı
(ədəbiyyatşünaslığı) sahəsinə də
aid etmək olar (Konfutsinin, Ö.Xəyyamın, N.Gəncəvinin,
M.Füzulinin, C.Ruminin əsərləri, Fərabinin,
Ibn-Haldunun, Ibn-Sinanın, Ibn-Rüştün fəlsəfi
risalələri, Ö.Çələbinin “Səyahətnamə”si
və s.).
Həm
klassik, həm də müasir dünya ədəbiyyatına dərindən
bələd olan Kamal Abdulla həmin nəzəri-estetik
konsepsiyaya yaxşı bələd olduğu üçün,
filoloji elmində kök salmış bu tendensiyaya qarşı
çıxmış, özünün yeni
yaradıcılıq üslubunu (elmi-bədii-şifahi nitqin vəhdətindən
yaranan üslubu) təklif etmişdir. Bu təklif
Azərbaycan filologiyası üçün yenidir, gözlənilməzdir,
iddialıdır. Bu həm də müəyyən qədər
cəsarətli iddiadır (mübahisə səbəb ola bilər). Kamal Abdullanın
yenilikçiliyi (modernizimi), həm bədii ədəbiyyata, həm
də elmə orijinal yanaşmasında, ənənə üzərində
yeni tendensiyalar yaratmasındadır. Kamal Abdullanın bədii
və elmi üslubunu qəbul qəbul edənlər də, etməyənlər
də ola bilər və var. Onun üslubunu
dilçi alimin “dil pintiliyi” və yaxud yaxşı mənada
“estetik pintilik” (məs. Salam Sarvan)
adlandıranlar da var. Kamal Abdulla həm elmi, həm də bədii
yaradıcılığında bilə-bilə (şübhəsiz
ki, bu belədir) akademik dilçi alim statusunun ziddinə olaraq
səliqəli, nizam-imtizamlı, ütülü yazı tərzindən
imtina edir, dil protokolunu pozur, yeni, tam mənada orijinal ifadə
forması yaratmağa can atır. Bu, onun
yenilikçiliyindən irəli gəlir. Belə
ki, bu, Kamal Abdullanın bütün yaradıcılıq
sistemində olduğu kimi, dil-üslub sahəsinə də
modernizminin (postmodernizmin), orijinallığının ifadəsidir.
Hər
bir millətin ədəbiyyatında, mənəviyyat tarixində
tabu olan, az qala müqəddəsləşən əsərlər,
ədəbi-bədii abidələr var. Bu abidələr
müəyyən mənada fetişləşib, toxunmaz olub,
sanki onlara əl vurmaq olmaz, yaxud da onlara yalnız bir - ənənəvi
prizmadan yanaşmaq olar. “Kitabi-Dədə Qorqud”
dastanı da məhz belə abidələrdəndir. Onun
mətni də, mövzuları da, motivləri də,
obrazları da, ideya-məzmunu da az qala
müqəddəslik səviyyəsinə qalxıb. Demək olar ki, bütün dövrlərdə (ənənəvi
yanaşma kontekstində) bu dastana münasibət bu sayaq olub.
Kamal Abdulla özünün “Dədə Qorqud” dastanı haqqında yazdığı elmi
kitabları və bədii əsərləri ilə bu təsəvvürləri
pozdu, qədim türk-oğuz mədəniyyətinin bu nadir
incisinin üzdə olmayan, adi oxucunun
(tamaşaçının) adi gözlə görə bilmədiyi
ünsürləri (“Gizli Dədə Qorqud”u, “Sirr içində
Dədə Qorqud”u) üzə çıxartdı və
sübut etdi ki, bu dastanın mənəvi-əxlaqi, bədii-estetik,
fəlsəfi-məna potensialı, daxili energiyası və
poetikası düşünüldüyündən qat-qat dərindir,
çoxqatlıdır, onun gizlinləri, sirli qatları
görünənlərdən, üzdə olanlardan az deyil.
Kamal Abdulla “Kitabi-Dədə Qorqud” dastanının poetikasını (V.Jirmunskinin, V. Vinoqradovun, D.Lixaçovun, Y.Lotmanın, M.Baxtinin, U.Ekonun poetika konsepsiyalarının davamı olaraq) yenilikçi istiqamətdə araşdırır və onun ən dərin qatlarını, gizlinlərini üzə çıxardır. Kamal Abdullanın əsas (aparıcı) tədqiqat istiqamətlərindən biri olan “Gizli (sirli) Dədə Qorqud” konsepsiyasının araşdırılmasını obrazlı olaraq dastanın özündə olan bir motivlə müqayisə etmək olar. Dastanın mifoloji qəhrəmanlarından biri olan Təpəgözün dünyaya gəlməsi ilə bağlı motivdə deyilir: “Çoban ilərü vardı. Gördi kim, bir yığanaq yatur, yıldır-yıldır yıldırır... Çoban bu yığnağı görcək ibrət aldı. Geri döndi. Sapan taşına tutdı. Urdıqca böyüdi”. “Kitabi-Dədə Qorqud”un gizlin qatları, adi gözlə görünməyən sirli nüvəsi Kamal Abdulla üçün belə “yığnaq” oldu. Kamal Abdulla onu “sapan taşına” tutdu, bu “yığnaq” getdikcə “böyüdi”. Bu “yığnaq”dan əvvəlcə “Gizli Dədə Qorqud” (1991. - 148 səh.) dünyaya gəldi, sonra o, bir az “böyüdi”, “Sirr içində dastan və yaxud, Gizli Dədə Qorqud-2” yarandı (1999. - 288 səh.), sonra yenə “böyüdi”, “Mifdən Yazıya və yaxud Gizli Dədə Qorqud” (2009.-373 səh.) meydana gəldi. Nəhayət, o “yığnaqdan” dünyaya bir “təpəgöz”, Dədə Qorqud haqqında samballı bir kitab - “Kitabi-Dədə Qorqud” poetikasına giriş. Dansökülən variant” (2017. - 320 səh.) gəldi. Tədqiqatçının özünün də dediyi kimi, bu da hələ son deyil. Çünki, “Kitabi-Dədə Qorqud”un mövzu potensialı və problematikası, gizlinləri istənilən qədərdir, sonsuzdur, tükənməzdir.
“Kitabi-Dədə Qorqud” dastanının gizli (alt) qatlarını açmaq üçün Kamal Abdulla ilk dəfə olaraq Azərbaycan folklorşünaslığınada, dilçiliyində mətnin struktur-semantik təhlil metoduna, diskurs araşdırmasına müraciət etdi. Kitabın elə ilk səhifələrinin birində o, qarşısına qoyduğu məqsədi belə şərh edir: “...KDQ mətninin immanent təhlili, başqa sözlə, digər, daha dərindəki, daha gizli, tarixəqədərki, kosmoloji qatına aparan yol, istəsək də, istəməsək də mifloloji yanaşmalardan, müəyyən özünəməxsus stuktur-semantik və semiotik prinsiplərin tətbiqindən, Mağara mədəniyyətindən, makrokosm hadisələri ilə mikrokosm hadisələri arasındakı izomorfizmin üzə çıxarılmasından, ikili dixatomiyalardan (xüsusilə, Kosmos-Xaos qarşıdurmasının bədii mətndəki təzahüründən) keçib gedir” (səh. 32). Kamal Abdullanın elmi və bədii üslubu üçün səciyyəvi olmayan bu akademik cümlə əslində, tədqiqatın başlıca istiqamətlərini, metodoloji özəyini özündə ehtiva edir.
Kamal Abdullanın həm “Kitabi-Dədə Qorqud” poetikasına giriş”, həm də bu dastana həsr etdiyi digər elmi və bədii əsərlərindan çıxış edərək bu tədqiqatçının araşdırma özəlliyi, özünəməxsus təhlil üsulu (və üsubu) haqqında da xüsusi konseptual səciyyə daşıyan bir cəhət kimi bəhs etməyə ehtiyac var. Bu cəhət yuxarıda haqqında ötəri də olsa bəhs edildiyi elmi ədəbiyyatın obrazlılığı (elmi arqumentlərin metaforik formada təqdim edilməsi) və bədii ədəbiyyatın elmiliyi (intellektualllıq) məsələsidir. Kamal Abdullanın son dövr əksər elmi əsərlərinin, eləcə də “Kitabi-Dədə Qorqud” poetikasına giriş” kitabının dil-üslub xüsusiyyətləri məhz elmi üslubun metaforik ifadə forması prinsipi əsasında hazırlanıb (çox güman ki, alimin bu üslubu onun yazıçılığı ilə əlaqadardır). Kamal Abdullanın bu tədqiqatının da elmi və bədii üslub vəhdəti (“Gizli Dədə Qorqud”da olduğu kimi), tədqiqatın dili və ifadə tərzi, haqqında bəhs olunan kitabın müəyyən yerlərində (məs. Mağara dövrü ilə əlaqədar hissə və s.) müşahidə edilməkdədir.
Haşiyəyə çıxaraq, onu da qeyd etmək lazımdır ki, bu gün müasir Azərbaycan ədəbiyyatında postmodernist ədəbiyyatın görkəmli nümayəndəsi Kamal Abdulla hesab olunur. Bu fikir demək olar ki, əksər nüfuzlu milli və xarici ədəbiyyat mütəxəssisləri (L.Anninski, L.Bejenaru və b.) tərəfindən də təsdiq edilir. Yeri gəlmişkən, onu da qeyd etmək yerinə düşər ki, müasir dünya ədəbiyyatında postmodernist ədəbiyyatın və postmodernizm ədəbi cərəyanının patriarxı hesab olunan məşhur italyan yazıçısı Umberto Eko da bu fikri təsdiq etmişdir.
(Ardı var)
Cəlil NAĞIYEV
525-ci qəzet.- 2017.- 30 sentyabr.- S.16.