Şeytan sonatası
“Maskalar” silsiləsindən
(Absurd)
Konsert zalının səhnəsində yalnız
açıq royaldır. Tamaşaçılar görünmür,
onların ancaq hənirtisi eşidilir və hiss olunur ki,
böyük zalda anşlaqdır.
RADİO İLƏ ELAN. Xanımlar və cənablar! Xahiş edirik telefonları söndürəsiniz.
Pauza.
Ağappaq
smokinq geymiş və qıpqırmızı “kəpənək”
taxmış Aparıcı (kişi) səhnəyə
çıxır.
APARICI (təntənli surətdə). Xanımlar və cənablar!
Əziz dostlar! Bu gün bu gözəl konsert
zalında biz hamımız tarixi bir hadisənin
iştirakçılarıyıq. XXI əsrin dahi
pianoçusu, (Əlini səhnənin girişinə tərəf
uzadaraq) maestro...
Gurultulu alqışlar qopur və Aparıcı gözləməyə
məcbur olur.
Yavaş-yavaş alqış sakitləşir və
Aparıcı sözünü davam etmək istəyir.
maestro...
Yenə gurultulu alqışlar qopur və Aparıcı
yenə gözləməyə məcbur olur. Alqış
sakitləşdikdə Aparıcı davam etmək istəyir.
maestro...
Təzədən
gurultulu alqışlar qopur, ancaq Aparıcı bu dəfə
sözünə ara verib gözləmir və maestronun
adını deyir, ancaq alqış sədaları içində,
elə bil, onun
ağzı boş yerə açılıb-yumulur, nə
dediyi eşidilmir. Nəhayət alqış sakitləşir və
Aparıcının sözləri aydın eşidilir)...
Azərbaycana
qastrola gəlmişdir! (Alqışlar) Mən sizin
hamınızı bugünkü bu böyük musiqi
bayramı münasibətilə təbrik edirəm!
(Alqışlar)
Zal sakitləşdikdən sonra Aparıcı
çalınacaq əsəri elan edir.
Skryabin.
Fortepiano üçün 9 nömrəli sonata.
Aparıcı gedir.
İntizar dolu bir pauza.
Nəhayət, Pianoçu səhnəyə daxil olur. Tamaşaçılar
onu uzun sürən gurultulu alqışlarla
qarşılayır.
Pianoçu səhnənin ortasında dayanaraq, təəccüblə
zala baxır, elə bil, bu hərarətli alqışların
səbəbini başa düşmür və bir müddət
beləcə təəccüblə zala baxdıqdan sonra,
sürətlə royalın arxasına keçib oturur.
Zalı sükut bürüyür.
Pianoçu yerini rahatlayır, gözlərini yumaraq, əllərini
ovuşdurur və yerində donur, sonra, elə bil, birdən
ayılaraq, ilk akkordları vurur.
Skryabin sonatasının sədaları altında
Pianoçunun səhnəarxasından səsi eşidilir.
PİANOÇUNUN
SƏSİ (yavaş, az qala
pıçıltı ilə və hiss olunan bir həyəcanla
özü-özüylə danışır). Bu
aparıcı qadın nə dedi? Skryabinin
sonatası? Hım... (Yavaşdan gülür) Bəşəriyyətin ən böyük kəşfi
nisbilik nəzəriyyəsidir? Xeyr! Bəşəriyyətin
ən böyük kəşfi iki teatr maskasıdır: biri
gülür, o biri ağlayır. Çünki...
Pianoçunun sözü də, Skryabinin sonatası da
yarımçıq kəsilir və o, birdən-birə
royalın arxasından ayağa qalxıb, bir neçə dəfə
zala təzim edir.
Alqış sədaları
qopur.
- Bravo!..
- Bis!..
- Bravo!..
-
Bravissimo!..
Pianoçu yenə yerində oturur və bir müddət
özünü hazırladıqdan sonra Skryabinin
sonatasının ardını çalmağa başlayır. Musiqinin və
ifanın təsiri ilə sükuta dalmış
tamaşaçı zalında yalnız yüngül bir hənirti
var - kimsə tərpənir, kimsə yavaşdan
öskürür və s.
PİANOÇUNUN
SƏSİ (sözünə davam edir). ...çünki
bəşəriyyət milyardlarla maskanı bu iki maskanın
içinə pərçim edib. (Gülür) Yəni
ki, insanların cəmi iki maskası var: bir gülür, bir də
ağlayır. Vəssalam!.. Hə?
Vəssalam?
Pauza. Yalnız onun ifa etdiyi sonata eşidilir.
Ancaq mən
bu dünyada azadam, azad nəfəs alıram, yalnız
özüməm, heç bir maska taxmamışam, heç nə
barədə fikirləşmirəm, heç kim
haqqında düşünmürəm, yalnız
quşların səsinə, dənizin səsinə,
yağışın səsinə qulaq asıram, narın yaz
mehini bütün varlığımla hiss edirəm. Ola biləcək
bir şeydir?.. Hə? İnandız? (Gülür və sevincək
tez-tez təkrar edir) Aldatdım!..
Aldatdım!.. Aldatdım!..
Pauza. Zalı bürümüş sükut içində
yalnız onun ifası - Skryabinin sonatası eşidilir.
Şəxsən
mənim on yeddi maskam var. Bir, iki, üç... axırda da on
yeddi! Yox, iyirmi üç!.. Yox, yox, on
doqquz! Mən o maskaları sevirəm! Mən o maskalarsız
yaşaya bilmərəm! Siz elə bilirsiz ki, mən
Yer kürəsində yaşayıram? Xeyr! Mən Yer
kürəsinə nifrət edirəm! Mən
nağıllar, əfsanələr, əsatirlər, allahlar
dünyasının sakiniyəm. Siz elə
bilirsiz ki, o nağılları, əfsanələri, əsatirləri,
allahları yaradıbsız, vəssalam? Xeyr! O
nağılları da, əfsanələri, əsatirləri,
allahları da maskalar yaradıb! Oradakı vəfa da, ilqar da,
azadlıq da, sərbəstlik də, xəyanət də -
hamısını, hamısını maskalar yaradıb! Evdə
maska, çöldə maska... Hər yer... Hər yer
başdan-başa maska içində... Düzdü?!
Bax, belə!.. (Birdən gülür və
tez-tez təkrar edir) Aldatdım!..
Aldatdım!.. Aldatdım!..
Və
Pianoçu Skryabinin sonatasının son akkordunu vurur. Bir neçə anlıq sükutdan sonra,
tamaşaçıların alqışı salonu
bürüyür.
- Bravo!..
- Əhsən!..
- Biss!..
- Bravo!..
PİANOÇUNUN SƏSİ. Guya bu adamlar indicə
mənim royalda dediklərimi başa düşdü?
Pianoçu
royal tellərinin çərçivəsindən yekə ağ dəsmal çıxarıb, tərini
silir, sonra dəsmal əlində yerindən qalxıb,
tamaşaçılara təzim edir, yenə əyləşir.
Alqış eləcə davam edir.
Onlar elə
bilir ki, mən Skryabini çaldım... Bədbəxtlər! Mənim
Skryabindən zəhləm gedir! Mən Skryabinin notları ilə
öz məktubumu yazırdım!
Pianoçu yenə dəsmal əlində yerindən
qalxıb, bir neçə dəfə təzim edir. Alqış davam edir.
Kimə yazırdım? Sizə! (Yenə gülərək,
tez-tez təkrar edir) Aldatdım!..
Aldatdım!.. Aldatdım!..
Ağappaq smokinq geyib, qıpqırmızı “kəpənək”
taxmış Aparıcı (qadın) gəldikdən sonra
alqış nəhayət ki, kəsilir.
APARICI. Vaqner. Fantaziya Fis-moll!
Alqış sədaları zalı bürüyür.
Pianoçu
ağ dəsmalı səliqə ilə
bükərək royal tellərinin çərçivəsinə
qoyur və yerini rahatlayır.
Pauza.
Pianoçu Vaqnerin Fantaziyasının ilk
akkordlarını vurur və artıq zalı
bürümüş səssizlik içində yalnız
Vaqner musiqisinin sədaları eşidilir.
PİANOÇUNUN
SƏSİ (ironiya ilə). Hım… Bu aparıcı kişi nə dedi? Vaqnerin Fantaziyası?
(Yavaşdan gülür) Ancaq məsələ onda deyil ki, mən
bu məktubları kimə yazıram?.. Başlıcası odur ki, (Xüsusi vurğu ilə)
nə ü-çün yazıram? Nə
ü-çün? (Yavaşdan gülür) Məktubları
mən yox, bu yazır! (Sol əli ilə ifasını davam edərək,
sağ əlini qaldırıb barmağı ilə royalı
göstərir) Bu!.. Çünki
maskaların hamısı qəlpdir!..
Orijinalı çoxdan itib!..
Pauza. Yalnız Vaqner musiqisi səslənir.
Mən
maskaya nifrət edirəm!.. Karnavallarda
maska geyib, karnavaldan sonra o kardon maskaları çıxarıb
tullayırlar. Maskalarını tulladılar, qurtardı!
Vəssalam! Hə? Düzdü?
Bax, belə! (Yavaşdan gülür.) İnandız? Dünya o boş
karnaval maskaları ilə doludur, nə olsun? O boş
kardon maskaların hamısını yığıb
yandırsan, nə olacaq? Dünya düzələcək?
Bəlkə dağılacaq? (Əsəbi)
Yaxşı, mane olmayın! Mane olmayın!
Pauza.
Pianoçu daha artıq bir ehtirasla çalır və
“Fantaziya”nın son akkordlarını vurur. Elə bil, hipnoz olmuş tamaşaçıların
bir neçə anlıq ölü sükutundan sonra, gurultulu
alqış qopur.
-
Bravissimo!..
- Biss!..
- Əhsən!..
- Bravo!..
Pianoçu
royal tellərinin çərçivəsindən ağ dəsmalı götürüb, tərini
silir və yerindən qalxıb zala tərəf təzim edir.
Bu dəli alqış səsləri az
qalır zalı dağıtsın. Pianoçu
bir daha təzim edir, ancaq alqış kəsilmir və bu
qızğın alqışın beləcə davam etməsi,
elə bil, Pianoçunu əsəbiləşdirir - o, səhnə
arxasına tərəf baxır.
Ağappaq
smokinq geyib, qıpqırmızı “kəpənək”
taxmış Aparıcı iti addımlarla səhnəyə
daxil olur və onun üzündə maska var, qadın, ya
kişi olduğu məlum deyil . O, yəqin
ki, növbəti ifanı elan edir, ancaq alqış sədaları
içində nə dediyi eşidilmir.
Pianoçu
əlində tutduğu ağ dəsmalla
üzünü, boynunu silə-silə əsəbi halda səhnədə
var-gəl edir və yalnız bundan sonra alqış
yavaş-yavaş kəsilir.
APARICI (naməlum və qəribə, ancaq məhrəm bir səslə). Tartini. Şeytan sonatası.
Yenə alqış qopur. Pianoçu təəccüblə Aparıcıya baxır.
PİANOÇU (həyəcanlı bir pıçıltıyla Aparıcıya). Bunu niyə elan etdiniz?
APARICI (əlini qaldırıb zalı sakitləşdirmək
istəyir). Bir dəqiqə!.. Bir dəqiqə!..
İmkan verin!..
Alqış davam edir.
PİANOÇU (eyni həyəcanlı
pıçıltı ilə Aparıcıya). Mən bəyəm sizə
demişdim ki, “Şeytan sonatası”nı
çalacağam?
APARICI (yavaşdan). Əlbəttə, maestro. Bu ki sizin
şah ifanızdı!.. Görmürsüz,
azarkeşləriniz nə edir?!
Pianoçu əsəbi halda səhnədən
çıxır və tamaşaçılar nəhayət
ki, sakitləşir.
Xanımlar və cənablar! Əziz dostlar! Maestronu səhnəyə dəvət etməzdən əvvəl mən istəyirəm ki, bu əsərin yaranma tarixi ilə sizi tanış edim.
PİANOÇUNUN SƏSİ. Mən bəyəm demişdim ki, bunu çalacağam?
APARICI (davam edir). Cüzeppe Tartini XVII əsr böyük İtaliya bəstəkarı və skripkaçısıdır. “Şeytan sonatası” isə onun ən məşhur əsəridir. Bu sonatanın başdan-başa möcüzə olan ecazkar musiqisini sanki, həqiqətən insan yaratmayıb. Tarantini bu dahiyanə sonatanın yaranmasının tarixçəsini xatırlayaraq, deyirdi ki, 1713-cü ildə günlərin bir günü, gecə yuxuda görür ki, öz ruhunu Şeytana satıb. Artıq Şeytan onun hər hansı bir istəyini yerinə yetirməyə hazır olan bir qul idi. Tartini öz skripkasını ona verir ki, görsün o, nəyə qadirdir... Tartini Şeytanın...
Aparıcının maskadan görünən dodaqları səssiz açılıb-yumulur və onun dediklərini Pianoçunun səsi davam edir.
PİANOÇUNUN SƏSİ. ...Şeytanın dəhşətli bir ustalıqla çaldığı inanılmaz dərəcədə gözəl, təsəvvürə belə sığışmayan o musiqini eşidəndə, mən, elə bil, bir cadu içindəydim. Mən nəfəs ala bilmirdim, mənim bütün varlığım o musiqinin içində idi və mən birdən yuxudan oyandım. Özümü çarpayıdan atıb, skripkamı qapıb, çənəmin altına saldım və yuxuda eşitdiyim səmalara layiq o musiqini tələsik çalmağa başladım...
Ağzını lalcasına açıb-yuman Aparıcının səsi yenidən eşidilməyə başlayır.
APARICI (ardını davam edərək). Tartini bu sol-minor sonatanı “Şeytan zənguləsi” adlandırır və üç yüz ildən artıqdır ki, daha çox “Şeytan sonatası” kimi məşhur olan bu dahiyanə musiqi incisi dinləyiciləri valeh edir. Və üç yüz ildən artıqdır ki, Tartininin özündən tutmuş Paqaniniyəcən, Anri Vyetandan tutmuş Vivaldiyəcən, Leklerəcən, Oystraxacan böyük skripkaçılar bu əsəri çalırlar. Ancaq maestro “Şeytan sonatası”nı fortepiano üçün işlədi və düz bir ildir ki, bu sonata maestronun özünün repertuarında dünyanı gəzir. Dünyanı fəth edir! Dünyanı təlatümə gətirir! Maestro bu sonataya yeni bir həyat verib, onun sirrini-sehrini daha da artırıb. Bu dəqiqələrdə biz yubiley sevinci yaşayırıq - bu gün maestronun fortepiano üçün işlədiyi və yüz illərlə yaşayacaq yeni “Şeytan sonatası”nın bir yaşı tamam olur!
Alqış qopur və bu alqış sədaları içində Aparıcı səhnənin girişinə tərəf çönərək, bərkdən qışqırmağa məcbur olur.
Buyurun, Maestro!..
Pianoçu gurultulu alqışlar altında əlində tutduğu ağ dəsmalla səhnəyə daxil olur və bir anlıq Aparıcının yanında ayaq saxlayır.
PİANOÇU (yavaş, ancaq əsəbi). Mən bəyəm bunu sizə demişdim?
APARICI (yavaşdan). Əlbəttə, Maestro!.. Bu gün bizim xoşbəxt yubiley günümüzdür!.. (Mikrafona.) Təbrik edirik, Maestro!.. Təbrik edirik!..
Aparıcı səhnədən çıxır. Pianoçu əsəbi halda tələsik royalın arxasına keçib əyləşir. Sükut çökür. Pianoçu ağ dəsmalı yerə atıb, əllərini ovuşdurur və gözlərini yumub, bir müddət yerində donur, sonra qəflətən yerindən qalxıb, zala təzim edir. Yenə alqış qopur. Pianoçu təzədən əyləşir.
PİANOÇUNUN SƏSİ. Mən bəyəm bunu ona demişdim?
Pauza.
O, hardan gəlib?
Kimdi? Bəlkə, “kimdi” yox,
“nədi”?
Pianoçu
nəhayət “Şeytan sonatası”nın
ilk akkordlarını səsləndirir.
O, hardan gəlib?
Mən bəyəm bunu ona demişdim? Yox!
Mən bunu ona deməmişdim! Deməmişdim! Mən
heç onu tanımıram! Deməmişdim?
(Əsəbi halda tez-tez təkrar edir.) Deməmişdim!
Deməmişdim! Deməmişdim!
Və birdən royalın çanağından
tüstü qalxmağa başlayır. Zalda
uğultu.
Səslər:
- Bu nədir
belə?!.
-
Tüstüdü?
-
Tüstü!..
- Royaldan
tüstü çıxır!..
Pianoçu heç nəyin fərqində deyil və
ifasını davam edir. Artıq royalın dillərindən də tüstü
qalxır, ancaq Pianoçu yenə də bunun fərqində
deyil, ifasını davam edir və o, “Şeytan sonatası”nı daha artıq bir cidd-cəhdlə
çaldıqca, royalın içindən alov qalxmağa başlayır.
Tamaşaçıların
qışqırığı bir-birinə qarışır:
- Royal
yanır!..
-
Yanğın!..
- Maestro
qalxın!..
- Maestro!..
- Maestro,
özünüzü xilas edin!..
- Maestro,
qaçın!.. Çalmayın!..
Pianoçu elə bil, heç nə eşitmir, heç
nə görmür və gözlərini yumub, Tartininin
sonatasını çalır və birdən səhnəyə
rəngbərəng kardon maskalar tökülməyə
başlayır, elə bil, tavandan maska yağışı
yağır və get-gedə şiddətlənir.
Tamaşaçılar
açıq-aşkar panika içindədir və
Pianoçunun eləcə cidd-cəhdlə ifa etdiyi
sonatanın sədaları içində onların
qışqırığı eşidilir:
- Bu nədi
belə?..
- Bu nə
oyundu?..
- Maestronu
xilas edin!..
- Maestro,
qalxın!.. Qalxın!..
-
Uzaqlaşın ordan, maestro!..
-
Çalmayın!..
- Maestro!..
- Bəsdir!..
Səhnəyə yağan maskalar royalın da
üstünə tökülür və alovu daha da
qızışdırır. Pianoçu ifasına
davam edir və alov onun üstünə tökülən
maskalara keçir.
Zal isə təlatüm içindədir.
- Bu Şeytan əməlidir!..
- Şeytan əməli!..
- Şeytan!..
- Şeytan!..
- Şeyt
an!..
Addım səslərindən, basabas çığır-bağırtısından hiss olunur ki, tamaşaçılar panika içində zaldan qaçırlar.
Royalla birlikdə Pianoçu da alovlanır və onlar səhnədə nəhəng bir məşələ çevrilir.
Tartininin sonatası isə davam edir.
2017.
ELÇİN
525-ci qəzet.- 2017.- 30 sentyabr.- S.14.