Ədəbiyyat tarixçiliyinin elmi
konsepsiyasına doğru
Müasir Azərbaycan ədəbiyyatşünaslığının
qarşısında duran mühüm vəzifələrdən
biri milli ədəbiyyat tarixinin keçdiyi çoxəsrlik
inkişaf yolunun sistemli şəkildə dövrləşdirilməsinin
elmi təsnifatını hazırlamaqdan ibarətdir.
Bu məqsədlə
dövrləşdirmə üzrə müasir elmi
konsepsiyanı hazırlamaq üçün Azərbaycan ədəbiyyatşünaslıq
elmində indiyədək mövcud olan axtarışları və
baxışları araşdırıb təhlil etmək mühüm
vəzifələrdən biridir.
Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsinə
dair təşəbbüslər müxtəlif zamanlarda fərqli
baxışlar əsasında formalaşmışdır. Bu proses hələ orta əsrlərdən
yaranmış təzkirələrlə
başlanmışdır. Təzkirələrdəki
əsərlərindən bədii nümunələr
verilmiş şairlərin dövrü və həyatı
haqqında öz əksini tapmış qeydləri ədəbiyyat
tarixinin dövrləşdirilməsinin eskizləri
adlandırmaq olar. XVIII əsrdə
yaşayıb-yaratmış Lütfəli bəy Azərin “Atəşkədə”
adlı təzkirəsində şairlərin mühitinə və
tərcümeyi-halına, habelə yaradıcı qüvvələrin
müəyyən prinsip əsasında
qruplaşdırılmasına aid məlumatlar bir qədər
çoxdur. Ona görə də Lütfəli
bəy Azərin (1722-1781) “Atəşkədə”si ədəbiyyat
tarixinin mühüm mənbələrindən olan təzkirəçilikdə
xüsusi bir mərhələ təşkil edir. Tədqiqatlarda
göstərildiyi kimi, Azərbaycanda və Şərq aləmində
qədim dövrlərdən XVIII əsrin ortalarına qədər
coğrafi bölgü əsasında ayrı-ayrı ölkələr
üzrə yaşayıb-yaratmış 842 sənətkar
haqqında geniş məlumatları əks etdirən “Atəşkədə”
təzkirəsi “öz mündəricəsinə, tərtib
prinsiplərinə görə təzkirəçiliklə ədəbiyyatşünaslıq
arasında bir körpü təşkil edən qiymətli bir
mənbədir”.
Qeyd etmək lazımdır ki, sonrakı dövrlərdə
yaranmış təzkirələrdə, tarixi
araşdırmalarda, ədəbiyyat tarixlərinin
hazırlanmasında Lütfəli bəy Azərin “Atəşkədə”
təzkirəsindən istifadə olunmuş, onun müəyyən
etdiyi tərtib prinsipləri nəzərə
alınmışdır.
XIX əsrdən etibarən
yazılmış təzkirələrdə, məsələn;
Seyid Əzim Şirvani, Həsənəli xan Qaradaği, Mir
Möhsün Nəvvab, Məhəmmədəli Tərbiyət,
Mirzə Yusif Qarabaği, Adolf Berje, Hüseyn Əfəndi
Qayıbov və başqalarının təzkirələrində bütövlükdə özünəqədərki
çoxəsrlik Azərbaycan ədəbiyyatı deyil, daha
çox onlara nisbətən yaxın olan XVII əsrdən
sonrakı dövrdə yaşayıb-yaratmış şairlərin
əsərləri toplandığı üçün
xüsusi bir dövrləşmə aparmağa ehtiyac
olmamışdır.
Azərbaycan
ədəbiyyatı tarixinin dövrlər üzrə təqdim
olunmasına əsasən
XX əsrin əvvəllərindən etibarən diqqət
yetirilmişdir. Bu istiqamətdə ilk elmi məlumatlar
görkəmli ədəbiyyatşünas Firudin bəy
Köçərlinin (1863-1920) əsərlərində
verilmişdir. Firidun bəy Köçərlinin
“Azərbaycan ədəbiyyatının tarixi materialları”
adlı tədqiqatında və digər əsərlərində
dövrləşmə ilə bağlı xüsusi bir
araşdırma, ayrıca bir bölmə yoxdur. Ona görə də Firidun bəy Köçərlinin
Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsinə
dair qənaətlərini “Materiallar”ı tam halda oxuyub təhlil
etdikdən sonra bu barədə yeri gəldikcə pərakəndə
şəkildə deyilmiş tezisləri cəmləşdirməklə
müəyyənləşdirmək mümkün olur.
Bundan başqa, nəzərə almaq lazımdır ki, Firidun bəy
Köçərli məşhur
“Azərbaycan ədəbiyyatının tarixi materialları” əsərini
hazırlayarkən qədim
dövr və orta əsrlərdə, hətta XVII-XVIII əsrlərdə
yazıb-yaratmış sənətkarların əsərləri
tam halda əldə olmadığından, o, bu əsərdə
yalnız böyük zəhmət bahasına toplaya bildiyi bədii
ədəbiyyat nümunələri əsasında müəyyən
bir sistem yaratmağa təşəbbüs göstərmişdir.
Müşahidələr göstərir ki, Firudin bəy
Köçərli həm orta əsrlərdə, həm də
XIX əsrdə yaranmış təzkirələrin bir
çoxu ilə tanış olmuş, “Azərbaycan ədəbiyyat
tarixi materialları”nı hazırlayarkən və ümumiyyətlə
ədəbiyyat tarixinə dair tədqiqatlar apararkən onlardan
yaradıcı şəkildə faydalanmışdır. Xüsusən, dövrləşməyə dair onun qənaətlərində
Lütfəli bəy Azərin “Atəşkədə” təzkirəsindəki
meyarlardan yaradıcı şəkildə istifadə
olunmuşdur. Firudin bəy Köçərli
“Atəşkədə” təzkirəsində istinad edilmiş
yazıçı və şairlərin coğrafi ərazilər
zürə qruplaşdırılması üsulunu olduğu
kimi qəbul etməmiş, onu özünün ciddi əlavələri
ilə zənginləşdirmişdir. “Azərbaycan ədəbiyyatı
tarixi materialları”nın “Bir neçə söz” adlı
müqəddiməsindən gətirdiyimiz
aşağıdakı fikirlər Firudin bəy Köçərlinin
dövrləşdirmə məsələsində klassik elmi
irsdən yaradıcı şəkildə bəhrələndiyini
nəzərə çarpdırır: “Bu kitabı yazmaqda mərhum
Hacı Lütfəli bəy ibn Xaqan “Azər” təxəllüsün
“Atəşkədə” nam kitabında tutduğu qayda və rəvişi
(üsulu) intixab etdik.Yəni Azərbaycanda olan hər bir bilad
(vilayət) və diyarın şüara və üdəbası
haqqında ayrı-ayrı məlumat verməyi münasib
bildik. Vəli mərhum Hacı Lütfəli bəyin
kitabı ilə bizim məcmuənin arasında təfavüt çoxdur. Belə
ki, mərhum Azər “Atəşkədə”sində hər bir
şairin tərcümeyi-halına müxtəsər əhval
yazıb, əsərlərindən azacıq və bir-birinə
münasibəti olmayan nümunələr göstərir.
Amma biz mümkün olduğu qədər də
məşhur şüəra və üdəbamızın həm
tərcümeyi-hallarına və həm aşari-qələmiyyələrinə
dair ətraflı məlumat vermişik. Məzkur
əsərlərin haqqında öz rəy və təsəvvüratımızı
yazıb, tövsif və ya tənqidə layiq olan məqam və
nüktələri şərh və bəyan etmişik.
Hər bir şairin məsləkini, üslubi-kəlamını
və öz əsr və zəmanəsinin təqazasınca nə
növ əsərlər vücuda gətirdiyini və
onların camaatımıza hüsnü-təsirini, xeyir və
ya zərərini bəqədri-qüvvə açıb
göstərmişik”.
Azərbaycan ədəbiyyatının dövrləşdirilməsinə
dair Firudun bəy Köçərli təsnifatı ilk
növbədə coğrafi prinsip üzərində
qurulmuşdur.
Böyük ədəbiyyatşünas
coğrafi ərazilər üzrə qruplaşdırıb tədqiqata
cəlb etdiyi şairləri mümkün olduğu qədər
tarixi-xronoloji sıra ilə təqdim etməyə səy
göstərmişdir. “Azərbaycan ədəbiyyatı
tarixi materialları”nda ədəbiyyatımız 8 coğrafi ərazi:
Gəncə, Şirvan-Şamaxı, Qarabağ, Quba, Şəki,
Ordubad, İrəvan və Dərbənd dairələri
üzrə yaşayıb-yaratmış 128 şairin həyatı
və yaradıcılığı əsasında
tarixi-xronoloji dövrlər üzrə təhlil olunmuşdur. Tədqiqatçıların müəyyən etdiyi
kimi, Firudin bəy Köçərlinin təsnifatında
“çoxəsrlik ədəbi irsimiz qədim və orta əsrlər,
XVIII əsr, XIX əsrin birinci yarısı və XIX əsrin
ikinci yarısı kimi dövrlərə
ayrılmışdır” (R.Qəmbərqızı). Qeyd etmək lazımdır ki, Firudin bəy
Köçərli Azərbaycan ədəbiyyatının
inkişaf yolundan danışarkən hər tarixi mərhələnin
aparıcı ədəbi simalarının fəaliyyətini
həmin dövrün səciyyəsini müəyyən edən
şəxsiyyətlər kimi mənalandırmışdır.
Firudin bəy Köçərliyə görə, Azərbaycan
ədəbiyyatının qədim dövr və orta əsrlər
mərhələsi “Nizaminin və Xaqaninin müasirləri və
onlardan sonra Qafqaziyada vücuda gələn üləma,
şüəra və hükəma”nın
həyatı və yaradıcılığından ibarətdir.
Böyük ədəbiyyatşünas XVIII əsr Azərbaycan
ədəbiyyatını “Molla Pənah dövrü”, XIX əsrin
ikinci yarısının ədəbiyyatını isə
“Bahar Şirvani əyyamı və Seyid Əzim dövrü”
kimi səciyyələndirir. Deməli, Firidun bəy
Köçərli dövrləşdirmə üzrə
xüsusi tədqiqat aparmasa da, Azərbaycan ədəbiyyatı
tarixini hazırlayarkən coğrafi ərazi
bölgüsünə, tarixi-xronoloji qaydaya və ədəbi
şəxsiyyətlərə görə təsnifat prinsiplərinə
əməl etmişdir. Elmi-nəzəri cəhətdən
yanaşsaq, Firidun bəy Köçərlinin
bölgüsü pərakəndə şəkildə olsa da,
Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi
zamanı ədəbi-tarixi proseslərin
reallıqlarının nəzərə alınması deməkdir.
Fikrimizcə, indi də dövrlər üzrə
təsnifat aparılarkən bu prinsip əsas meyarlardan biri
olaraq qəbul edilməlidir. Bundan başqa,
Firidun bəy Köçərlinin təsnifatındakı
ayrı-ayrı dövrlərin ən görkəmli sənətkarlarına
istinad olunması məntiqi mənada dövrləşdirmədə
ədəbi məktəblərin rolunun diqqət mərkəzinə
çəkilməsi mənasını ifadə edir. Bunu isə öz növbəsində dövrləşdirməyə
dair elmi təsnifatlarda sonrakı mərhələdə
formalaşan ədəbi cərəyanların da nəzərə
alınmasının zəruri prinsiplərdən biri
olduğuna işarə kimi də qəbul etmək olar.
XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatı
tarixinin dövrləşdirilməsi istiqamətində meydana
çıxmış maraqlı təşəbbüslər
içərisində İsmayıl Hikmətin elmi
araşdırmaları da maraq doğurur. Azərbaycan sovet
hökümətinin dəvəti ilə Türkiyədən
ölkəmizə gəlmiş, ali məktəblərin filologiya
fakültəsində mühazirələr oxuyan professor
İsmayıl Hikmət Ertaylanın (1869-1967) dərslik kimi
hazırladığı 2 cildlik “Azərbaycan ədəbiyyatı
tarixi”ndə (Bakı, 1928) ədəbiyyatın inkişaf mərhələlərindən
söz açılarkən Osmanlı dövrü ədəbiyyatı
qavrayışındakı islam
amilindən və təzkirəçilikdən
çıxış edilmişdir. Belə ki, haqqında bəhs
olunan “Azərbaycan ədəbiyyatı tarixi” dərsliyində
dövrlər üzrə bölgülərə ayırma islam faktoru ilə əlaqəli şəkildə
təqdim olunur. Türkiyədə Osmanlı hakimiyyətinin
“son dövrünün... yetişdirmiş olduğu mumtaz şəxsiyyətlərdən”
(P.Bayramlı) olan professor İsmayıl Hikmətin
kitabının birinci cildində Azərbaycan ədəbiyyatı
“İslamiyyətdən miladi on üçüncü əsrə
qədər”, “Miladi on üçüncü əsrindən on
beşinci əsrə qədər” və “On birinci əsrdən
on səkkizinci əsrə qədərki” mərhələlər
üzrə təhlil edilmişdir. İkinci cilddə
orta əsrlərdə yaşayıb-yaratmış bir qrup sənətkarlar
“İslamda şiəlik” adı ilə təqdim olunur. Ehtimal ki, buradakı “şiəlik”
anlayışı kitabın ikinci cildində haqqında
söz açılan şairlərin islamın şiə təriqətinə
mənsubluğunu bildirmək üçün
düşünülmüş baxışdır.
Professor İsmayıl Hikmət mərhələlərin
adlandırılmasında islam faktoru məfhumundan
istifadə etsə də, icmalların və portretoçerklərin
təqdimatında mümkün olduqca dini təbliğatdan
uzaqda dayanmağa çalışmışdır.
Şübhəsiz ki, bu zaman sovet dövlətinin islam dininə münasibətindəki ateizm təbliğatı
nəzərə alınmışdır. Azərbaycan
ədəbiyyatı tarixini ana dili faktorunu əsas götürən
İsmayıl Hikmət milli ədəbiyyat tarixini İzzəddin
Həsənoğludan başlayaraq təqdim etmişdir. Dərslikdə xalq ədəbiyyatı, orta əsrlərdə
Azərbaycan dilində yazıb-yaratmış şairlərin
həyatı və yaradıcılığı geniş
şəkildə şərh olunmuşdur. Bunlar onun dərsliyində qədim dövr və orta
əsrlər Azərbaycan ədəbiyyatının təsnifatında
Osmanlı dövrü dini-ideoloji prinsipləri ilə və ədəbiyyat
qaydaları ilə birlikdə azərbaycançılıq
amilinin də müəyyən yer tutduğunu göstərir.
Professor İsmayıl Hikmətin “Azərbaycan ədəbiyyatı
tarixi”ndən göstərdiyimiz aşağıdakı
parça azərbaycançılığın bu dərsliyin
əsas mahiyyətini təşkil etdiyini göstərir: “Azərbaycanın
çox qədim bir varlığı və bu
varlığı canlandıran çox da qədim tarixi
olduğu məlumdur. Bu əski və zəngin ölkə
müxtəlif irqlərə mənsub insan axınlarına əsrlərcə
bir keçid və düşərgə yeri olmuş... nəhayətsiz
insan selləri orada çarpışmış, orada
qaynamış, müxtəlif irqlərə mənsub qəbilələr
orada bulunmuş, tapınmış, ...hökumətlər
qurmuş, dinlər yaratmışlar. Bütün
bu qaynaşma, bu qatılıb-qarışma içində
böyük bir rol oynayan irqlərdən biri də türklərdir
(Azərbaycan türkləri nəzərdə tutulur -
İ.H.). Yaxın zamanlara qədər qara
cəhalət buludları altında özülü qalan bu həqiqət
tarix, etnoqrafiya və ictimaiyyat tədqiqləri nəticəsində
sabit edilmiş bir həqiqətdir”.
Ədəbiyyatşünaslıqda
yetkin və elmi üslubda yazılmış bir
araşdırma əsri kimi dəyərləndirilən
İsmayıl Hikmətin “Azərbaycan ədəbiyyatı
tarixi” dərsliyi XX əsrin əvvəllərində ali məktəblərdə
mövcud olan ehtiyacı ödəmək üçün nəzərdə
tutulmuşdur. Bununla belə, həmin illərdə Azərbaycan
Dövlət Pedaqoji İnstitutunda tələbə olmuş
görkəmli ədəbiyyatşünas alim Məmməd Cəfər
Cəfərovun xatirələrindən öyrənirik ki,
İsmayıl Hikmətin “Azərbaycan ədəbiyyatı
tarixi” dərsliyi rəsmi dairələrdə etibarlı mənbə
kimi qəbul olunmamış, əlavə ədəbiyyatların
siyahısına daxil edilmişdir. Dərsliyə
bu münasibət, heç şübhəsiz, iyirminci illərin
axırlarından etibarən sovet-Türkiyə münasibətlərinin
gərginləşməsi ilə əlaqədar idi.
XX əsrin əvvəllərində yaranmış Yusif
Vəzir Çəmənzəminlinin “Azərbaycan ədəbiyyatına
bir nəzər” (1921) kitabında əsasən Firidun bəy
Köçərlinin baxışlarındakı ədəbi-tarixi
proseslərin reallıqlarına istinad olunması meyli nəzərə
alınmışdır. Müəllif qədimlik baxımından
şifahi xalq ədəbiyyatına istinad etmiş, Azərbaycan
yazılı ədəbiyyatını isə İmadəddin
Nəsimidən başlamışdır. Əhatə
dairəsi məsələsində isə Yusif Vəzir Çəmənzəminli
Türkiyədə və Rusiyada yetişmiş azərbaycanlı
müəlliflərin həyatı və
yaradıcılığını da nəzərə
almağı əhəmiyyətli hesab etmişdir.
Əmin Abidin “Azərbaycan türklərinin ədəbiyyatı
tarixi” kitabında (1927) ədəbiyyat tarixi şifahi xalq ədəbiyyatı
örnəklərindən və ilkin yazılı ədəbiyyat
nümunələrindən çıxış edilməklə
araşdırılır. O, Azərbaycan ədəbiyyatı
tarixinin əşirət, yəni qəbilə-tayfa
dövründən başlandığını göstərmiş,
oğuz faktoruna xüsusi diqqət yetirmişdir. Lakin tədqiqatçıların
yazdıqları kimi, Əmin Abidin kitabı “Azərbaycan
türklərinin ədəbiyyatı tarixi” adlansa da, orada
yazılı ədəbiyyat adına
yalnız Orxon-Yenisey abidələrindən və
Kaşqarlı Mahmudun “Divan-i lüğət-i it
türk”ündən söz açılır. Əmin
Abidin tədqiqat əsəri Azərbaycan ədəbiyyatının
mənşəyini müəyyən etmək baxımından
əhəmiyyətli mənbədir. Kitabın
müəllifinin fikrincə, kiçik hecalı vəznli xalq
şeiri Azərbaycan ədəbiyyatının
“ibtida”sından ibarətdir. O, Azərbaycan şifahi xalq ədəbiyyatının
mənşəyinin Mahmud Kaşqarinin “Divan-i lüğət-i
it türk” əsərində verilmiş qədim azhecalı
poetik misralarla başlanması fikrini irəli sürür. Azərbaycan
ədəbiyyatının əhatə dairəsini təsəvvür
etmək baxımından da Əmin Abidin “Azərbaycan türklərinin
ədəbiyyatı tarixi”ndəki baxış genişdir:
“Bugünkü vəziyyətə görə Dərbənddən
Bağdada, Xorasandan Qara dənizə qədər yayılan
geniş torpaqlar üzərində yaşayıb da, eyni dil və
ləhcə ilə danışan türklərin
yaratdığı ədəbiyyat bizim ədəbiyyatımız
deməkdir”.
Bütün bunlarla bərabər, Əmin Abid əsərində
Azərbaycan ədəbiyyatı tarixini ümumtürk ədəbiyyatı
tarixi ilə birlikdə “bir silsilə halında tədqiq edilməsinin
lazım olduğunu qəbul edənlərdən” olduğunu da
ifadə etmişdir. Bununla belə, Əmin Abid Azərbaycan ədəbiyyatı
tarixinin dövrlərini təzkirəçilik əsasında
müəyyən etməkdən xilas etmişdir. O, ədəbiyyatın
mənşəyinin qədimliyini, əhatə dairəsinin
genişliyini müəyyən etməklə elmi fikri irəli
aparmışdır.
Salman Mümtazın “Azərbaycan ədəbiyyatı və
el şairləri” (1925) kitabında daha çox
xalq-aşıq ədəbiyyatından və XVII-XIX əsrlərdə
yaranan ədəbiyyatdan, həmçinin müasiri olduğu sənətkarların
əsərlərindən bəhs edilir. Əli Nazimin əsasən
XX əsrin əvvəllərindən sonrakı dövrdən
bəhs edən “Azərbaycan ədəbiyyatı” (1927) əsərində
ədəbiyyat tarixinin şifahi qaynaqlardan başlamağa dair
çağırışlar vardır. Hənəfi
Zeynallı, Abdulla Şaiq və Atababa Musaxanlının
“Ədəbiyyatdan iş kitabı” adlı dərs vəsaitində
(1928) dövrləşmə məsələsi problem kimi
qoyulmasa da, ədəbiyyatın mərhələlər
üzrə təhlillərində istər-istəməz yeni
qurulmuş sovet cəmiyyətinin ictimai-siyasi tələbləri
özünə müəyyən yer almışdır. Azərbaycanda
müəllim olaraq çalışan Mehmet Fuad
Köprülüzadənin “Azəri ədəbiyyatına aid
tədqiqlər” kitabında (1926) ədəbiyyat tarixi orta əsr
Azərbaycan dövlətlərinin fəaliyyəti ilə,
ictimai-siyasi gedişatla əlaqəli şəkildə
araşdırılır. Mehmet Fuad
Köprülüzadə XIX əsri və XX əsrin əvvəllərini
Azərbaycan ədəbiyyatının Təcəddüd
dövrü (Yeniləşmə mərhələsi) kimi səciyyələndirir.
Görkəmli türk aliminin tədqiqatlarında
Yeniləşmə dövrünə XIX əsr və 1905-ci ilə
qədərki ədəbiyyat aid edilir. O, 1905-1920-ci illərin
ədəbiyyatını və Azərbaycan Demokratik
Respublikasının süqut etməsindən sonrakı ədəbiyyatı
ayrı-ayrı mərhələlər səviyyəsində
təhlil edir. Bəkir Çobanzadənin “Azəri ədəbiyyatının
yeni dövrü: Nasionalizmdən internasionalizmə” adlı əsərində
(1930) çap edildiyi dövrün siyasi gerçəkliyi nəzərə
alınaraq, ədəbiyyat tarixi müəyyən dərəcədə
sosialist ədəbi düşüncəsi əsasında tədqiq
olunmuşdur. Azərbaycan ədəbiyyatı
tarixinə Mirzə Fətəli Axundzadədən başlayan
Bəkir Çobanzadə XIX əsr və XX əsrin əvvəllərinin
ədəbiyyatını “yeni dövr” kimi səciyyələndirmişdir.
O, 1905-1920-ci illərin ədəbiyyatını “Füyuzat” və
“Şəlalə” dövrü, “Mollanəsrəddinçilər”,
“Musavat ədəbiyyatı” və “Oktyabr dövrü ədəbiyyatı”
kimi konkret istiqamətlər üzrə təhlil edir. Yeni quruluşun prinsiplərinə uyğun olaraq əsərdə
sovet hakimiyyətinə qədərki ədəbiyyata tənqidi
münasibət bəslənilmişdir.
Qeyd olunanlar XX əsrin əvvəllərini Azərbaycan ədəbiyyatının
çoxəsrlik inkişaf tarixinin dövrləşdirilməsi
axtarışları və təşəbbüsləri mərhələsi
adlandırmağa əsas verir.
XX əsrin əvvəllərindən aparılmış
axtarışlardan bir qədər sonra ədəbiyyat
tarixçiliyi Azərbaycan ədəbiyyatının sistemli
şəkildə araşdırılıb təqdim
olunması mərhələsinə qədəm qoymuşdur. Ölkəmizdə
ədəbiyyat tarixçiliyində yeni mərhələ XX əsrin
qırxıncı illərindən başlanmışdır.
SSRİ Elmlər Akademiyası Azərbaycan filialının
Nizami adına Ədəbiyyat İnstitutu
1943-1944-cü illərdə iki cilddə “Müxtəsər Azərbaycan
ədəbiyyatı tarixi”ni hazırlayıb nəşr
etdirmişdir. Məmməd Arif Dadaşzadənin
və Heydər Hüseynovun redaktorluğu ilə nəşr
edilmiş ikicildlik nəşr kitabın annotasiyasında
deyildiyi kimi, “Ədəbiyyatımızın tarixini yaratmaq
işində ilk təşəbbüsdür”.”Müxtəsər
Azərbaycan ədəbiyyatı tarixi”ndə ən qədim
dövrlərdən başlayaraq XIX əsrə qədərki ədəbiyyat
birinci cilddə, XIX əsrdən XX əsrin əllinci illərinədək
olan ədəbiyyat isə ikinci cilddə təqdim olunur.
İkicildlikdə Azərbaycan ədəbiyyatı
şifahi xalq ədəbiyyatından başlayaraq yazılı
ədəbiyyatın əsrdən-əsrə keçdiyi
inkişaf yolu xronoloji ardıcıllıqla təhlil edilib
ümumiləşdirilir. Kitabda Azərbaycan
ədəbiyyatının dövrləşməsinə dair
xüsusi bir təsnifat aparılması barədə heç
bir məlumat yoxdur. Lakin “Müxtəsər Azərbaycan ədəbiyyatı
tarixi”nin hər iki cildində fəsillər
qeyd olunarkən əhatə olunan dövrlər və həmin
dövrlərin çevrələdiyi əsrlər adbaad
göstərilmişdir. Birinci cilddə Azərbaycan ədəbiyyatının
qədim dövrünə I-XII əsrlər, orta əsrlər
dövrünə isə XIII-XVI əsrlər aid edilmişdir. XVII-XVIII əsrlər ədəbiyyatı ayrıca fəsildə
verilmişdir. İkinci cilddə XIX əsr,
XX əsrin əvvəlləri və sovet dövrü Azərbaycan
ədəbiyyatı ayrı-ayrı fəsillərdə təqdim
olunur. Ayrıca izah və şərh edilməsə
də, cildlərdə verilmiş bölgüləri çoxəsrlik
Azərbaycan ədəbiyyatı tarixinin inkişaf dövrləri
kimi başa düşmək olar. “Müxtəsər
Azərbaycan ədəbiyyatı tarixi”ndəki şərti
bölgülər milli ədəbiyyat tarixçiliyinin ilkin
sistemli dövrləşdirmə təşəbbüsü
kimi mühüm əhəmiyyətə malikdir.
Bir qədər
sonra meydana çıxmış üç cildlik “Azərbaycan
ədəbiyyatı tarixi”ndə (III cild 1957; I-II cildlər
1960) də ədəbiyyatın çoxəsrlik inkişaf
yolu xronoloji olaraq demək olar ki, həmin
ardıcıllıqla tədqiq edilib ümumiləşdirilmişdir.
Lakin ideoloji prinsiplər nəzərə alınmaqla, əvvəlcə
1957-ci ildə “Azərbaycan ədəbiyyatı tarixi”nin sovet ədəbiyyatına həsr olunmuş
üçüncü cildi hazırlanıb nəşr
edilmişdir. Kitabın “ən qədim dövrlərdən
XVIII əsrin sonuna qədər”ki ən böyük tarixi mərhələni
əhatə edən I cildi və “XIX əsrin əvvəllərindən
1917-ci ilə qədər” adlandırılan II cildi
üç illik fasilədən sonra 1960-cı ildə
çap olunmuşdur. Bununla belə, “Müxtəsər
Azərbaycan ədəbiyyatı tarixi” ikicildliyindən fərqli
olaraq, yeni üçcildlik nəşrdə dövrlərin
adı göstərilməmişdir. İkicillikdəki
“Qədim dövr”, “Orta əsrlər ədəbiyyatı”
bölgülərinə dair məlumatlar burada sanki ixtisar
olunmuşdur. Belə ki, çoxcildlikdə
“Ən qədim dövrlərdən XVIII əsrin sonuna qədər”ki
çoxəsrlik Azərbaycan ədəbiyyatı təsnifat
baxımından vahid dövr kimi təqdim edilir. Yalnız əhatə dairəsindən başa
düşmək olur ki, bu mərhələ Azərbaycan ədəbiyyatının
qədim və orta əsrlər dövrlərini özündə
cəmləşdirir. İkinci cilddə XIX əsrin əvvəllərindən
1917-ci ilə qədər olan tarixi mərhələ adı, təyinatı
göstərilmədən dövrün əhatə dairəsinin
rum rəqəmləri ilə ifadə olunması ilə kifayətləndirilmişdir.
Şübhəsiz, iki sistemin-sosializm və kapitalizmin bir-birinə
zidd, düşmən qütblər kimi mövcud olduğu bir
cəmiyyətdə Azərbaycanda kapitalist münasibətlərinin
formalaşdığı həmin mərhələnin
xüsusi “dövr” adlandırılması çətin məsələ
idi. XIX əsr və XX əsrin əvvəlləri
Azərbaycan ədəbiyyatı yalnız siyasi iqlimin
keçmişə bir qədər loyal
yanaşdığı keçən yüzilliyin yetmişinci
illərindən sonra “yeni dövr” olaraq səciyyələndirilmişdir.
“Azərbaycan ədəbiyyatı tarixi” üçcildliyində
keçən yüzilliyin başlarında yaranan ədəbiyyatın
“Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi”ndəki
“XX əsr Azərbaycan ədəbiyyatı” formatı ilə
müqayisədə “XX əsrin əvvəllərində ədəbiyyat”
adlandırılması daha maraqlıdır.
Maraqlı
cəhətlərdən biri də bundan ibarətdir ki,
“Azərbaycan ədəbiyyatı tarixi” üçcildliyində
sovet ədəbiyyatının başlanğıcı hələ
Azərbaycanda “sosialist inqilabı” olmamış, yəni
1920-ci ildən yox, Rusiyada bolşeviklərin hakimiyyətə
gəldiyi 1917-ci ildən hesablanmışdır. Ümumiyyətlə, “Müxtəsər Azərbaycan
ədəbiyyatı tarixi” ikicildliyindəki dövrləşdirmədə
elmi prinsiplər,”Azərbaycan ədəbiyyatı tarixi”
üçcildliyindəki bölgülərdə isə
ideoloji yanaşmalar daha çox nəzərə
alınmışdır. Əlbəttə, bu dövrləşmə
çoxcildliyin müəlliflərinin elmi baxışları
üzrə deyil, “Müxtəsər Azərbaycan ədəbiyyatı
tarixi”nin meydana çıxdığı
Böyük Vətən müharibəsi illəri ilə
müqayisədə artıq xeyli dərəcədə sərtləşmiş
hakim ideologiyanın prinsipləri əsasında müəyyən
edilmişdir. “Azərbaycan ədəbiyyatı tarixi”
üçcildliyinin müqəddiməsində dövrləşdirmə
zamanı mövcud ideoloji prinsiplərdən istifadəyə
münasibət aşağıdakı kimi açıq şəkildə
ifadə olunmuşdur: “Ədəbiyyat tarixinin elmi dövrləşdirilməsində
tarixi şəraitin marksistcəsinə düzgün öyrənilməsinin
tələb etdiyi üçün tarixi şəraiti öyrənmək
mühüm və həlledici rol oynayır... Azərbaycan
xalqının ədəbiyyatını tədqiq edərkən
müəlliflər göstərmişlər ki, Azərbaycan
xalqının ədəbiyyatı başqa xalqların ədəbiyyatı
kimi istismar olunanlar və istismar edənlər mədəniyyətinin
mübarizəsi şəraitində inkişaf etmişdir”.
Buna baxmayaraq, “Azərbaycan ədəbiyyatı tarixi”nin
yaradıcıları dövrləşmə prinsiplərini
gözləyə bilməsələr də, “Ədəbiyyat
tariximiz” adlı müqəddimədə bəyan olunan “lakin
burada (ədəbiyyat tarixçiliyində - İ.H.) ədəbiyyatın
öz xüsusiyyətlərini, daxili inkişaf
qanunlarını da unutmaq olmaz” - prinsipinə daha çox əməl
edərək, imkan daxilində ideya-bədii cəhətdən
nəşr edildiyi dövrdən irəliyə gedən əhəmiyyətli
bir çoxcildlik hazırlamaq vəzifəsini yerinə
yetirmişlər. “Müxtəsər Azərbaycan ədəbiyyatı
tarixi” ilə müqayisədə həcm etibarilə bir
neçə dəfə çox olan Nizami adına Ədəbiyyat
İnstitutunun nəşr etdirdiyi “Azərbaycan ədəbiyyatı
tarixi” üçcildliyi bütövlükdə icmalların və
portret-oçerklərin elmi cəhətdən təkmilləşdirilməsinə
görə Azərbaycan ədəbiyyatşünaslıq
elminin irəliyə doğru inkişafını göstərən
nəşr sayıla bilər. Bu, ideoloji prinsiplərin
nəzərə alınmasına baxmayaraq, ən qədim
zamanlardan başlayaraq Azərbaycan ədəbiyyatı tarixini
tarixi-xronoloji ardıcıllıqla və əsas ədəbi
simaları ilə sistemli şəkildə təqdim edən
ümumiləşdirilmiş nəşrdir. Sonrakı mərhələdə Azərbaycan ədəbiyyatına
dair dərsliklər və dərs vəsaitləri
hazırlanarkən təhlil-tədqiqat metodologiyası
baxımından əsasən 3 cildlik “Azərbaycan ədəbiyyatı
tarixi”nə istinad edilmişdir. Bu, - əslində
Azərbaycan ədəbiyyatşünaslıq elminin sovet
dövründə mövcud ideoloji tələblərin nəzərə
alınması şərti ilə müəyyən etdiyi bir
format idi. Həm də “Azərbaycan ədəbiyyatı
tarixi” üçcildliyində sovet dövrünə qədər
yaşayıb-yaratmış yazıçı və şairlərin
həyatı və yaradıcılığından bəhs
olunarkən tənqidi yanaşmadan çox, elmi təhlilin
üstünlüyünün təmin edilməsi ondan sonra
yazılmış elmi-tədqiqat əsərlərində və
dərsliklərdə həmin xəttin tədricən
inkişaf etdirilməsinə təkan vermişdir.
Əliyar Səfərli və Xəlil Yusiflinin “Azərbaycan
ədəbiyyatı” dərsliyində, adından
göründüyü kimi, ədəbiyyatın dövrləşdirilməsi
məsələsinə konkret münasibət ifadə olunur. Müəlliflər
qədim dövr dedikdə ən qədim dövrlərdən
VII əsrə qədərki ədəbiyyatı nəzərdə
tutmuşlar. Dərslikdə VII-X əsrlər
“Erkən orta əsrlər ədəbiyyatı”
adlandırılmışdır. Burada
sonrakı fəsillərdə “orta əsrlər”
bölgüsü göstərilməsə də, XI-XVIII əsrlərin
həmin tarixi mərhələyə aid edildiyi başa
düşülür. Çünki dərslikdə
“Erkən orta əsrlər ədəbiyyatı” fəslindən
sonra Azərbaycan ədəbiyyatı xronoloji
ardıcıllıqla XI əsr, XII əsr, XIII-XIV əsrlər,
XV əsr, XVI əsr ədəbiyyatı dövrləri ilə
mərhələ-mərhələ təqdim olunur. XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatını
iki əsrlik inkişaf yolu ilə birlikdə təhlil edilib
ümumiləşdirilsə də, bu mərhələnin ədəbiyyat
tarixinin ayrıca bir dövrü olduğuna dair heç bir
qeyd verilməmişdir. Qeyd edilənlər
Əlyar Səfərli və Xəlil Yusiflinin həqiqətən
də “ali məktəblər üçün dərslik
olmaqla bərabər, qədim və orta yüzillik Azərbaycan
ədəbiyyatı tarixinin araşdırılması
baxımından dəyərli bir elmi-tədqiqat əsəri”
olan, yeni tədqiqat materialları ilə seçilən
kitabında dövrləşdirmə məsələsi əsas
meyar kimi nəzərə alınmadan ədəbiyyat tarixinin
böyük bir tarixi epoxasındakı inkişafının
müasir araşdırmalar əsasında təqdim
olunduğunu göstərir.
Son illərdə nəşr edilmiş Yaqub Babayevin “Azərbaycan
ədəbiyyatı tarixi” dərsliyində konkret olaraq
XIII-XVIII əsrlərin əhatə olunduğu titul səhifələrində
qeyd edilmişdir. Eyni zamanda, bu dövrə aid sənətkarların
sırasını yeni əlavələrlə zənginləşdirən
müəllif annotasiyada kitabın “XIII-XVIII əsrlər Azərbaycan
ədəbiyyatı”nın (“Orta əsrlər
Azərbaycan ədəbiyyatı”nın-İ.H.) bu
dövrü tarixi-xronoloji ardıcıllıqla əhatə edən
dərslik olduğunu nəzərə çarpdırır.
Akademik Həmid
Araslı “XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı”
haqqında yazıb nəşr
etdirdiyi dərslikdə bu iki əsrin ədəbiyyatının
“qədim ədəbiyyatımızın” mütərəqqi ənənələrinin
davamı və inkişafı olmaqla bərabər, öz
spesifik xüsusiyyətləri ilə ondan fərqlənməkdə”
olduğunun qeyd edilməsi görkəmli alimin bu mərhələnin
milli ədəbiyyat tarixinin xüsusi bir dövrü kimi
gördüyünü düşünməyə əsas
verir. Həmid Araslı “Azərbaycan xalqının
işğalçılara qarşı apardığı
mübarizənin ədəbiyyatda da öz əksini
tapması”nı, “şəhər yoxsulları ilə..., tacirlərlə
feodallar arasında silk imtiyazı məsələlərinin ədəbiyyata
gəlməsi”ni, “məhəbbət mövzusunun azadlıqla əlaqədar
olaraq tərənnüm edilməsi”ni, bədii dildə gedən
xəlqiləşmə proseslərini, “şifahi xalq ədəbiyyatının
müsbət təsiri nəticəsində ədəbiyyatda
realizm ünsürlərinin qüvvətləndirilməsi”ni nəzərə
alaraq “bu iki əsri ədəbiyyatımızın yeni
dövrü” kimi səciyyələndirmişdir.
Feyzulla
Qasımzadənin ali məktəblər üçün “XIX əsr
Azərbaycan ədəbiyyatı” dərsliyində konkret bir dövrü təmsil
edən yazıçı və şairlərin həyatı
və yaradıcılığı arxiv sənədləri,
dövri mətbuat materialları və bədii əsərlər
əsasında təqdim olunur. Burada Azərbaycan ədəbiyyatı
tarixinin dövrləşdirilməsi fonunda olmasa da, qısa
şəkildə XIX əsrdən milli ədəbiyyatın
inkişaf yolunun müstəqil bir dövrü kimi söz
açılır: “XIX əsr Azərbaycan ədəbiyyatı
tarixi ən zəngin, məhsuldar, rəngarəng, maraqlı və
eyni zamanda, ən ziddiyyətli dövrüdür. Azərbaycan
ədəbiyyatında hələ köhnə ədəbi
üslubların qalması şəraitində realizmin ədəbi
yaradıcılıq metodu kimi meydana gəlməsi və
inkişafı, dramaturgiyanın, milli mətbuatın,
professional ədəbi tənqid və estetikanın, bir
sıra janr və formaların, ictimai və fəlsəfi fikir
sahəsində müəyyənləşmiş və sistemləşmiş...
baxışların ilk dəfə meydana çıxması məhz
bu əsərlə bağlıdır”.
Cəfər Xəndan
Hacıyevin “XX əsr Azərbaycan ədəbiyyatı” dərsliyində
həmin əsrin əvvəllərinin ədəbiyyatı əhatə
edilmişdir. Dərsliyin ana xətlərini
müəyyən edən “müqədimmə əvəzinə”
adlanan girişdəki tezislərdən görünür ki,
burada ideoloji prinsiplərə kifayət qədər diqqət
yetirilmişdir. Bu baxımdan digər dərsliklərdən
də irəli gedən Cəfər Xəndan Hacıyev
özünəqədərki ədəbiyyat tarixi
araşdırmalarında mövcud ideologiyanın tələblərinə
lazımi səviyyədə əməl edilmədiyindən
razı deyildir: “Məfkurə cəbhəsində
çalışan alimlərimizin qarşısında məsul
vəzifələr qoyan partiyamızın yüksək tələbləri əsasında
XX əsr Azərbaycan ədəbiyyatına nəzər
saldıqda burada bir sıra
ideoloji təhriflərə yol verildiyini
görürük”. Müəllif Abbas Səhhət və
Əbdürrəhim bəy Haqverdiyevin əsərlərində
“ədəbi hadisələrə sosioloji cəhətdən
yanaşılmasını”, Cəlil Məmmədquluzadə və
Sabir yaradıcılığının “bolşevikləşdirilməsini”
ideoloji təhriflər sırasında görmüşdür.
Bununla belə, dərslikdə Mirzə Cəlili “sovetləşdirmə”
ilə, Sabiri isə “proletar ədəbiyyatı” ilə
bağlamaq ideologiyanı daha da qabaqlamışdır.
Heç şübhəsiz, 3 cildlik “Azərbaycan ədəbiyyatı
tarixi” kimi “XX əsr Azərbaycan ədəbiyyatı” dərsliyində
də ideoloji prinsiplərin “payı”nın
çoxaldılması Böyük Vətən müharibəsindən
sonrakı dövrdə sovet cəmiyyətində
partiya təbliğatı işinin daha da gücləndirilməsi
ilə əlaqədar idi.
Qeyd etmək
lazımdır ki, XX əsrin altmışıncı illərində
və sonrakı mərhələdə yaranmış akademik
nəşrlərdə, ali məktəb dərsliklərində
dövrləşmə
baxımından nisbətən daha sabit mövqe
ifadə olunmuş, ideoloji cəhətdən isə gerçək
ədəbiyyata doğru meyl nisbətən güclənmişdir.
Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat
və Dil İnstitutunda hazırlanıb akademik Məmməd
Arif Dadaşzadənin baş
redaktorluğu ilə nəşr
edilmiş “Azərbaycan sovet ədəbiyyatı tarixi” iki
cildliyində şübhəsiz ki, sosializm cəmiyyətinin ədəbiyyatı dövrün tələblərinə
uyğun olaraq əsasən partiyalı mövqedən tədqiq və təhlil
olunmuşdur. Lakin burada ideoloji prinsiplərin
“dozası” həddindən artıq deyildir. Akademik
yanaşmalara üstünlük verən müəlliflər
kollektivi “Azərbaycan sovet ədəbiyyatının əlli illik
inkişafını prosesdə götürərək ədəbi növlər üzrə tədqiq
etmək” vəzifəsini həyata keçirmişlər.
Kitabın “Azərbaycan sovet ədəbiyyatı tarixi”
formatında hazırlanması, yəni ədəbi prosesə
tarixi baxımdan yanaşma metodu da
düşünülmüş üsul olub, ideoloji
görüntünü saxlamaqla təhlil proseslərində mümkün qədər ədəbiyyatın
daxili məntiqindən çıxış etməyə
şərait yaratmışdır. Nəşrin
yaradıcılarının 2 cildlik “Azərbaycan sovet ədəbiyyatı
tarixi”nin ikinci cildinin Böyük Vətən müharibəsindən
sonrakı “dinc quruculuq dövrünün ədəbiyyatı”
adlandırmaları, “həqiqi söz ustalarının
yazdıqları şeir və poemaların, hekayə və
romanların, komediya və dramların kütlələri yeni
quruculuq işinə ruhlandırmaları” motivinin önə
çəkilməsi bu nəşrdə dövrünə
görə müqayisədə normal ədəbiyyat
tarixçiliyi işinin həyata keçirilməsinə imkan
vermişdir. İkicildlikdə dövrləşmə
baxımından Azərbaycan sovet ədəbiyyatının
1917-ci ildən başlanması isə bundan əvvəl nəşr
edilmiş üçcildlik “Azərbaycan ədəbiyyatı
tarixi”ndə qəbul olunmuş dövrləşdirilmə
prinsipinə əməl olunması demək idi.
Azərbaycan
Dövlət Universitetinin Ədəbiyyat kafedrasında ali məktəblər üçün
hazırlanmış “Azərbaycan sovet ədəbiyyatı” dərsliyində
də müəyyən dərəcədə ideoloji təbliğat
olsa da ön sırada deyildir. Lakin bu dərslikdə də
müəlliflər mövcud “ənənəyə” uyğun olaraq ədəbiyyat
tarixinin sovet dövrü mərhələsini 1917-ci ildən
başlamışlar. Bununla belə, “Azərbaycan
sovet ədəbiyyatı” dərsliyində bu dövr ədəbiyyatın
başlanğıc tarixinin “təşəkkül
dövrü” kimi səciyyələndirilən 1917-1930-cu illərin
vahid ədəbi prosesi içərisində verilməsi
dövrləşdirilmədə mövcud ideoloji
yanaşmanı bir qədər dəyişmək meylinin ifadəsidir.
Doktor
Cavad Heyətin 1993-cü ildə nəşr olunmuş “Azərbaycan
ədəbiyyatına bir baxış” kitabı onun müəllifi
olan görkəml ziyalının rəhbərliyi ilə nəşr
edilmiş “Varlıq” jurnalında “silsilə məqalələr
şəklində” çap edilmiş yazılarını cəmləşdirən
bir toplu olsa da, burada aparılmış qruplaşma əsərə
ədəbiyyat tarixi əlamətləri gətirmişdir. Kitabda ədəbiyyatın mənşəyi ilə
bağlı əhəmiyyətli fikirlərin öz əksini
tapması, Cənubi Azərbaycan ədəbiyyatına dair
şəxsiyyətlərin və məlumatların
özünə yer alması nəşrin əhəmiyyətini
artırır.
Mir Cəlal və Firidun Hüseynovun “XX əsr Azərbaycan
ədəbiyyatı” dərsliyində keçən əsrin əvvəllərinin
ədəbiyyatı müxtəlif istiqamətlər üzrə
şərh olunur. Dərslikdəki icmallarda və sənətkarlara
həsr olunmuş portret-oçerklərdə realist-demokratik,
realist-maarifpərvər və romantik ədəbiyyatın təqdimatında
tarixilikvə bədiilik, vətəndaşlıq mövqeyi
meyarları nəşrdən-nəşrə inkişaf etdirilərək,
obyektiv şəkildə elmi prinsiplər üzrə qiymətləndirilir.
“XX əsr Azərbaycan ədəbiyyatı” dərsliyinin
1982-ci ildə çap olunmuş üçüncü nəşri
müstəqillik dövrü ərəfəsi Azərbaycan ədəbiyyatşünaslıq
elmində ümummilli dəyərlərə üstünlük
verilməsi ilə əlaqədar dönüşün daha da
qüvvətlənməsini özündə aydın surətdə
əks etdirir.
XX əsrin yetmiş-səksəninci illərində ali və orta məktəblər üçün yazılmış dərsliklərdə və akademik nəşrlərdə mövcud sovet cəmiyyətinin mövqeyinə toxunmadan Azərbaycan ədəbiyyatının inkişaf proseslərinin real mənzərəsinin canlandırılmasına doğru addımlar atılmışdır. Ayrı-ayrı ədəbiyyatşünas alimlərin Azərbaycan ədəbiyyatı tarixi aspektində yazıb nəşr etdirdikləri monoqrafik tədqiqatlarda ideoloji yanaşmalardan çox ədəbiyyatda təkamül proseslərinə diqqət yetirilmiş, imkan olduqca ədəbiyyatın reallıqlarının geniş təhlil olunmasına fikir verilmişdir. Məmməd Arif Dadaşzadənin Moskvada rus dilində nəşr olunmuş “Azərbaycan ədəbiyyatı” monoqrafiyasında çoxəsrlik Azərbaycan ədəbiyyatının çoxmillətli geniş sovet oxucusu auditoriyasına zəngin ədəbi-mənəvi irs səviyyəsində təqdim edilməsinə xüsusi fikir verilmişdir. Kitabda xüsusi olaraq dövrləşdirmə aparılmasa da, Azərbaycan ədəbiyyatının inkişaf yolu bir-birinə bağlı olan əsrlər üzrə qruplaşdırılıb təhlil edilmişdir. Məmməd Arif Dadaşzadənin Azərbaycan ədəbiyyatının XI-XII, XIII-XVI və XIX əsrlər mərhələlərindən ayrı-ayrı bölmələrdə bəhs etməsi ədəbi-tarixi proseslərə obyektiv elmi münasibətin təzahürüdür.
Müstəqillik illərində nəşr edilmiş akademik nəşrlərdə və ali məktəb dərsliklərində də Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi üzrə vahid mövqe yoxdur. Müəlliflərdən hər biri haqqında söz açdığı dövrü xüsusi mərhələ hesab edir. Hətta bəzən eyni tarixi mərhələ haqqında yazılmış iki nəşrdə dövrləşmə baxımından fərqli qiymətləndirmələrdən söz açılır. Bütün bunlarla bərabər, Azərbaycan ədəbiyyatının inkişaf yolunun müxtəlif formatlarda olsa da, mərhələlər üzrə təqdim olunması artıq ədəbiyyatşünaslıq elmində dövrləşdirmə baxımından formalaşma proseslərinin yaşandığını göstərir. Ona görə də bu dövrü Azərbaycan ədəbiyyatının tarixi inkişaf yolunun formalaşması mərhələsi adlandırmaq olar.
XX əsrin böyük bir
dövrü ərzində (1928-1980-ci illərdə) Azərbaycanda
meydana çıxmış akademik nəşrlərdə və
ali məktəb dərsliklərində dövrləşdirmə
sahəsində olan müxtəliflik, pərakəndəlik, sərbəstlik
və fərqli yanaşmalar bu sahədə vahid elmi
konsepsiyanın olmamasının göstəricisidir. Bu isə
öz növbəsində Azərbaycan ədəbiyyatşünaslıq
elmində milli ədəbiyyat tarixinin dövrləşdirilməsinə
dair yeni elmi konsepsiyasının hazırlanması zərurətini
meydana çıxarır. XX əsrin 90-cı illəri Azərbaycan
ədəbiyyatı tarixinin dövrləşmə
baxımından elmi təsnifatın hazırlanması təşəbbüsləri
dövrüdür. Akademik Nizami Cəfərov,
müxbir üzv Yaşar Qarayev, filologiya elmləri
doktorları Vəli Osmanlı, Nazif Qəhrəmanov, Bədirxan
Əhmədov, Alxan Bayramoğlu, Təyyar Salamoğlu və
başqalarının əsərlərində öz əksini
tapmış müddəalar dövrləşmənin
müasir modelini hazırlamaq üçün təməl
funksiyasını həyata keçirir. Bu mərhələdə
artıq konkret olaraq milli ədəbiyyat tarixinin dövrləşdirilməsinə
dair konseptual versiyalar, fərziyyələr meydana
çıxmışdır. XXI əsrdə
artıq elmi cəhətdən əsaslandırılmış
şəkildə müəyyənləşdirilmiş Azərbaycan
ədəbiyyatının inkişaf tarixinin sitemli dövrləşdirilməsi
son bir əsrə yaxın dövr ərzində
aparılmış tədqiqatların, irəli
sürülmüş versiyaların yenidən dəyərləndirilməsi,
dünya elmi-nəzəri fikrində müşahidə
olunan müasir baxışların və ölkəmizdə
müstəqil dövlətçiliyin ön mövqeyə
çıxardığı prinsiplərin əsasında
formalaşdırılmışdır.
İsa
HƏBİBBƏYLİ
Azərbaycan
Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin
Elm və Təhsil Komitəsinin sədri, akademik
525-ci qəzet.- 2017.- 30 sentyabr.- S.10-11.