Mollanəsrəddinçi poeziyada elm və təhsil məsələləri bədii
dil kontekstində
XX əsr Azərbaycan
poeziyasında bir sıra yeni meyllər ortaya
çıxmışdı. Bu meyllər
"Molla Nəsrəddin"
jurnalından da yan keçməmiş, beləcə, mollanəsrəddinçi
poeziya formalaşmışdı.
Bəs bu poeziyanın spesifik xüsusiyyətləri
nə idi?
"Molla Nəsrəddin" jurnalı
ilə ədəbiyyatımızda
yeni ədəbi janrlar, məzmunca rəngarənglik, formaca müxtəliflik diqqət
çəkməyə başladı.
M.Ə.Sabir, Ə.Nəzmi, Ə.Razi,
B.Abbaszadə kimi şairlərin yaradıcılığında
mollanəsrəddinçi poeziyanın
əlamətləri aydın
seçilir.
Əziz Mirəhmədov
yazır: "XX əsrin
tərəqqipərvər şair
və yazıçıları
uşaq tərbiyəsi,
maarif və məktəb haqqında yazdıqları əsərlərdə
bir çox cəhətdən birləşirdilər.
Onların hamısı gerilik
və ətaləti aradan qaldırmaq işində elm və maarifin inkişafına, qabaqcıl pedaqojinin roluna, yeni üsulda
məktəblərə böyük
əhəmiyyət verirdilər".
M.Ə.Sabir ilə başlanan
tipi öz dili ilə ifşa metodu, yeni satirik
janrların meydana çıxması, şeirdə
satirik dialoq və monoloqdan istifadə, poeziyada fərdiləşdirmə, ümumiləşdirmə
və tipikləşdirmə
kimi xüsusiyyətlər
mollanəsrəddinçilərin yaradıcılığının
başlıca leytmotivini
təşkil edirdi.
"Molla
Nəsrəddin" jurnalının
poeziya qolunun aparıcı xətti M.Ə.Sabir yaradıcılığı
ilə səciyyələnir. Sabir dövrün
bir çox ziyalıları kimi geriliyin, cəhalətin aradan qaldırılmasında
maarif və mədəniyyətin müstəsna
rolunu dəyərləndirir,
yeni tipli məktəblərin açılmasına
və uşaqların
tədris ocaqlarına
cəlb olunmasına böyük əhəmiyyət
verirdi. Şairin "Uçitellər",
"Baş tutdu...",
"Bu boyda! Bu boyda!", "Vah! Bu imiş...",
"Təşəkkür", "Neçin məktəbə
rəğbətim olmayır" və
b. satirik şeirlərində
keçən əsrin
elm, maarif məsələlərinin
tipik xüsusiyyətləri
sənətkarlıqla göstərilir.
"Vah! Bu imiş dərsi-üsuli-cədid?!" satirasında savadsız, cahil atanın övladını yeni tipli məktəbdən çəkindirməsi, uşaqların
beynini boş, cəfəng fikirlərlə
doldurub mövhumatı
təbliğ edən mollaların elm öyrədən
müəllimdən üstün
tutulması kimi ikrah doğuran həyati faktlar kinayəli, acı gülüşlə müşayiət
olunur:
Vah! Bu imiş
dərsi-üsuli-cədid?!
Yox...x! Yo...x! Oğul, məktəbi-üsyandı
bu!
Molla deyil bundakı təlim edən!
Əlhəzər et, bir yeni şeytandı
bu!
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!..
Sabirin "Uçitellər" və
"Baş tutdu..."
satiraları 1907-ci ildə
keçirilən II Azərbaycan
Müəllimləri Qurultayına
həsr edilmişdir. Şair
bu satiralarında elm və maarifin inkişafına əngəl
törədən cahilləri
tənqid edir və ziyalılarımıza
üz tutaraq doğma dilimizdə yeni dərslik kitablarının yazılması,
ana dilinin tədrisinə xüsusi diqqət yetirilməsi, dünyəvi elmlərin öyrədilməsinə üstünlük
verilməsi, qız məktəblərinin, sənət
məktəblərinin açılması
kimi mühüm və təxirəsalınmaz
vəzifələrin yerinə
yetirilməsinə məsuliyyətlə
yanaşmağın vacibliyini
göstərirdi.
Sabirin yaratdığı satirik üslubda dinamiklik dilin fəal atributu kimi ortaya
çıxır. Şair
üçüncü şəxsin
dilindən söylənən
nağıl - təhkiyə
formasına istinad etmir, çünki bu formada əsasən
passivlik hiss olunur. Burada təhkiyəçi, yəni
üçüncü şəxs
danışır, digərləri
isə sadəcə əhvalat və hadisənin dinləyicisi kimi qeyri-fəal mövqedə dayanır.
Sabir satiralarında birinci şəxsin danışığına
üstünlük verilir.
Bu məqamda həmin
şəxs çox sərbəst şəkildə,
sanki özünü haqlı hesab edərək, hər şeyi öz düşüncə tərzinə,
dünyagörüşünə uyğun olaraq səmimi etiraf edir. Bəzən isə birinci şəxs ikinci bir üslubu seçərək qarşısındakını
müsahib, həmsöhbət
hesab etdiyindən bütün fikirlərini onunla bölüşür:
Oğlumuz, ay Xansənəm,
bir yekə pəlvan imiş!
Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş!
Yaxşı olub mən bunun bəxtini çöndərmədim,
Bir para pis işlərə fikrini döndərmədim
-
Qonşumuzun oğlutək
məktəbə göndərmədim,
Doğrusu məktəb
demək guşeyi-zindan
imiş!
Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş!
Göründüyü kimi, bədii nitq öz obyektini,
hədəf nöqtəsini
tapdığından abstrakt
formada qalmır, bir növ əyaniləşə
bilir. Deməli, nitqin özü
konkretləşdiyi üçün
onun təsir dairəsi də güclü, sərrast və kəsərli olur.
Sabirin elm, təhsil məsələlərini
əks etdirən satiralarında şairin birinci və ikinci şəxsin tək və cəmində işlətdiyi
şəxs əvəzlikləri
öz bədii nitqi vasitəsilə həmin tipin xarakterini bütövlükdə
səciyyələndirir və
onun monoloqu oxucuda aydın təsəvvür yaradır. Məsələn:
Oğul mənimdir
əgər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər,
oxutmuram, əl çəkin!
Satmaram öz əqlimi siz kimi laməzhəbə,
Razıyam oğlum
gedə qəbrə,
- nə ki məktəbə!
Məktəb adın
çəkməyin, - mələbədir,
mələbə!..
Əlhəzər, ondan həzər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər,
oxutmuram, əl çəkin!
Əgər dram əsərlərində oxucu
və yaxud tamaşaçı hadisələri
əyani şəkildə
görür, eşidir
və dərk edirsə, satiriklərdə
bu missiyanı bədii nitq yerinə yetirir və nitqin səlisliyi, söz çalarlarının düzgün
seçimi baş vermiş situasiyanı oxucu təsəvvüründə
əyaniləşdirmək gücünə malik olur. Bu zaman reallığın özü
görünməsə də,
onun əlamətləri
qabarıq şəkildə
nəzərə çarpır.
Mollanəsrəddinçilərin leksikonunda
müxtəlif zümrələri
təmsil edən obrazların özünəməxsus,
fərdi danışıq
aktı var. Bir çox hallarda mənfi tiplərin dilində işlənən
ifadələr öz həqiqi, nominativ mənasından uzaqlaşaraq,
ona zidd olan tamamilə başqa bir anlam daşıyır. Təbii ki, sənətkar həmin tipin mənsub olduğu ictimai təbəqəyə
tam müvafiq olaraq, obrazın cəmiyyətdə
baş verən hadisələrə fəal,
yoxsa qeyri-fəal münasibətini, daxili aləminin zəngin, yoxsa bəsit, məhdud olmasını çatdırmaq üçün
ilk növbədə nitq
faktoruna müraciət
edir. Oxucuda dolğun və
aydın təsəvvür
yaratmaq baxımından
bu ədəbi priyom olduqca zəruridir. Bir çox
hallarda ümumxalq dilində funksionallaşan
ifadələrin öz
həqiqi mənasından
çıxaraq əks
qütbdə dayanması
və mənfi tiplərin dilində işlənməsi artıq
jarqonlaşmaya gətirib
çıxarır. Şübhəsiz
ki,
bu da birbaşa xarakterlərin açılmasına, tipin
fərdi cizgilərinin
aşkarlanmasına xidmət
edir. Burada işlədilən sözlər öz estetik gözəlliyindən,
zərifliyindən çıxaraq
kobudlaşır, qabalaşır.
Məsələn:
Bir bölük boşboğazıq, heyvərəlik
adətimiz,
Doludur lənət
ilə, qeybət ilə söhbətimiz,
Oxumaqdan payımız
yox, yazıdan qismətimiz...
Möminik, keflənərik
arzuyi-cənnət ilə,
Oxumuşlar adını
yad edərik lənət ilə,
Düşmənik elm ilə,
hürriyyət ilə...
Sabir satirik tipin ifşası
zamanı onu tanıtmaq məqsədilə
jarqonlardan yerli-yerində
istifadə edir. Özünü "boşboğaz", "heyvərə"
adlandıran, "oxumuşları
lənət ilə yad edən" belə tipin ikrah, nifrət doğuran nitqi özünə qarşı
bir silaha çevrilir və oxucunun öldürücü
gülüşünün qəhqəhələri altında
əzilir, məhv olur.
Bütövlükdə cəmiyyətə,
insanlıq adına
ləkə olan, elmə, təhsilə, mədəniyyətə həqarətlə,
nifrətlə baxan belə satirik tiplərin ümumiləşmiş
obrazını yaradan şair nitq faktorundan sənətkarlıqla
istifadə etmişdir.
Satiriklərin dilində həm əsas, həm də köməkçi nitq hissələrinin substantivləşməsi əsas
üslubi faktorlardan biri kimi təzahür
edir. Substantivləşmə təkcə qrammatik
səciyyə daşımayıb,
həm də XX əsrin əvvəllərində
ictimai-siyasi, ədəbi-mədəni
anlayışların, hadisələrin
ifadə formasını
və üslubi mahiyyətini kəsb etmişdir.
Eyni zamanda satiriklərin yaradıcılığında özünü göstərən substantivləşmə daha çox ictimai-siyasi anlayışları ifadə edən terminlərdə özünü göstərir. Bu zaman qrammatik subyekt və yaxud obyekt düşür ki, onu da substantivləşən söz əvəz edir. Yəni ellipsis hadisəsi baş verir. Satiriklər bu vasitə ilə subyekti tipikləşdirə bilirlər. Məsələn: "Molla Nəsrəddin" jurnalının "Bizə yazırlar" başlığı altında verilmiş məlumatda məktəblərin bağlanmasına aid ürək ağrıdan səhnələr təsvir edilmiş və bu qeyri-insani aksiyanın təşkilatçıları qəzəblə qamçılanmışdır: "Bu gün "Əhmədiyyə" məktəbi Allahın rəhmətinə vasil olub stol və skamyaları bazarda hərraca qoyuldu. Hər kəs bu barədə sərsəlamətlik yazmaq istəsə Mərvdə Molla Cəmşid və yoldaşları qarnıyoğunlara gərək yazsın".
Göründüyü kimi, bu nəsr parçasında işlənən "qarnıyoğunlar" ifadəsi əlamət bildirmə xüsusiyyətindən uzaqlaşıb, ismə aid cəm şəkilçisi qəbul edərək substantivləşib və yazıçının tənqid obyektinə çevrilib.
(Ardı var)
Gülbəniz BABAYEVA
Filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2017.- 6 yanvar.- S. 4.