Mollanəsrəddinçi poeziyada elm və təhsil məsələləri bədii dil kontekstində

 

 

(Əvvəli ötən sayımızda)

 

Satirik publisistikada olduğu kimi, satirik poeziyada da substantivləşmə faktoruna xeyli sayda rast gəlirik.

 

Xüsusilə də, Sabirin satirik şeirləri bu baxımdan olduqca zəngindir. Dialoq şəklində qurulan “Cavan-qoca” şeirini nəzərdən keçirək:

 

Yeni məktəb açılıbmı vətən övladı üçün?

Az deyil Adəm açan mədrəsə əhfadı üçün.

Oxuyurmu qəzetə şəhrinizin əhli tamam?

Bəzi sarsaq oxumuşlar oxuyur, mən oxumam.

 

Şeirdə satirik tipin dilində “oxumuşlar” sözü substantivləşərək yeni məna çaları yaratmış, yəni əslində, feilin təsriflənməyən formalarından biri olan feili sifət isimləşərək təyin deyil, mübtəda funksiyasını yerinə yetirmişdir. Substantivləşən “oxumuşlar” sözü başqa bir təyinlə - “sarsaq” jarqonu ilə işlənmiş və tipin xarakterik cizgiləri, daxili aləminin boşluğu nitq faktorunda müəyyənləşmişdir. Şairin “Əhvalpürsanlıq, yaxud qonuşma” adlı satirik dialoqunda yenə də elmə, təhsilə xor baxan cahil insanların dilində vulqar sözlərdən istifadə edilərək tipin öz dili ilə özünü ifşa üslubu yaradılmışdır.

 

Dəxi bir başqa xəbər?

Hacı Cəfərin oğlu Vəli

Qoyub uşqolaya oğlun...

O qurumsaq da?

Bəli!

 

Mollanəsrəddinçilər öz yaradıcılıqlarında bədii təkrirlərdən geniş istifadə etmişlər. Onlar həm folklorumuzda, həm də klassik bədii dildə bol-bol işlənən bu bədii ifadə vasitələrindən yaradıcılıqla bəhrələnmişlər. Mollanəsrəddinçilərin nəsr və nəzm dilində təkrirlərin hər üç növünə - fonetik, leksik və sintaktik tipinə geniş yer verilmişdir. Xüsusilə də, Sabir yaradıcılığında bədii təkrirlərin bənzərsiz nümunələrinə çox rast gəlirik.

 

Təkrirlər poeziyada fikri qüvvətləndirmək, ahəngdarlığı artırmaqla yanaşı, həm də melodik ritm yaradır. Bu baxımdan, şeirdə daha çox səslərin və sözlərin təkrarı önəmli yer tutur. Təkrirlər işlənmə yerinə görə iki növə bölünür: anafora, epifora.

 

Anafora üçün təkrar olunan sözlərin misranın əvvəlində yanbayan və yaxud da alt-alta işlənməsi səciyyəvidir:

 

Məktəb, məktəb, nə dilgüşasən,

Cənnət, cənnət desəm səzasən.

Şadəm, şadəm təfərrücündən,

Əlhəq, əlhəq, gözəl binasən!

 

Şeirdə “məktəb”, “cənnət”, “şadəm”, “əlhəq” sözlərini təkrarlamaqla ritm yaradan sənətkar əsərin bədii təsir gücünü artırmış və ahəngdarlığı təmin etmişdir. Bununla da, məktəbi cənnətə bənzədən şair uşaqlarda elmə, təhsilə maraq oyadır və təhsilin vacibliyini vurğulayır.

 

Epiforada isə təkrar olunan sözlər anaforadan fərqli olaraq, misranın sonunda yanbayan işlənir:

 

Neçin məktəbə rəğbətim olmayır?

Cibim dolmayır, dolmayır, dolmayır!

 

Və bir də bu məktəblilər bilümum

Oxurlar kəmalınca ali ülum,

Edirlər bizə sonra yeksər hücum,

Bununçün ona rəğbətim olmayır,

Cibim dolmayır, dolmayır, dolmayır!

 

Şeirin satirik qəhrəmanı məktəbə nifrətlə, həqarətlə baxan tipik obrazdır. Elm, təhsil müəssisəsinə gəlir mənbəyi kimi baxan bu möhtəkir obraz dönə-dönə “cibim dolmayır, dolmayır, dolmayır” söyləməklə özünün pula hərisliyini, mənəvi cılızlığını bədii təkrirlər vasitəsilə qabarıq şəkildə nəzərə çatdırır və oxucunun nifrətini qazanır.

 

Nəsrdə leksik və sintaktik təkrarlar daha çox üstünlüyə malik olur. Yazıçı nəsrdə təkrirlərdən istifadə etməklə oxucunun idrak fəallığını dərinləşdirməyə, sinirlərini oynatmağa çalışır və fikri dönə-dönə təkrarlayaraq, diqqəti önəmli görünən səmtə, məsələyə yönəltməyə nail olur. Məsələn: “Kimdir Şəki, Şamaxı, Gəncə və qeyri yerlərdə üsuli-cədid məktəblərinə mane olub bizi cəhalətdə qoyanlar? - Müsəlmanlar!

 

Kimdir öz rəyasət və nəflərindən ötrü millətin qoyun yerində qalmasına çalışan sahibi-mənsəblər? - Müsəlmanlar! ( Ömər Faiq Nemanzadə).

 

Yazıçı mətndə “kimdir” və “müsəlmanlar” sözlərini vurğulamaqla Azərbaycanın bir çox bölgələrində açılmış üsuli-cədid məktəblərini bağlatdırmağa çalışan cahil və nadanları, mənsəb sahiblərini kəskin tənqid atəşinə tutur.

 

Mollanəsrəddinçilər satirik yazıları ilə acı, kinayəli gülüş və göz yaşının qarışığından yaranan sinkretik bir üslub yaratmışlar. Anoloji vəziyyət həm Mirzə Cəlil felyetonları, həm də Sabir satiraları üçün səciyyəvidir.

 

Bəzən həyat və məişətimizdə işlənən neytral sözlər mollanəsrəddinçilərin yaradıcılığında adi ifadə formasından çıxaraq satirik funksionallığa gətirilir və üslubi çoxçalarlılıqla müşayiət olunur. Dilimizdə çox işlənən oğul, uşaq, məktəb və b. sözlər də məhz bu qəbildəndir. Məsələn:

 

Ay başı daşdı kişi, dinmə, uşaqdır uşağım!

Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!

Kişi, az söylə mənə bir dəxi məktəb sözünü!

Yəni məktəblə uşaq kamil edərmiş özünü?

Bir söyüşdən yana az danla bu tiflin üzünü!

Sözü ləzzətli, şirin dilli uşaqdır uşağım!

 

Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım! 

 

Şeirdə müəllif kinayəsi hakimi-mütləq funksiyasını daşıyaraq tipə qarşı nifrət hissi oyadır. Elmə, məktəbə münasibətdə tipin düşüncə tərzinin bəsitliyi, avamlığı onun yanlış tərbiyə üsulunda və nitq aktında ortaya çıxır və güclü sarkazm yaradır.

 

1906-cı ildə H.Zərdabi və N.Nərima novun rəhbərliyi ilə keçirilən müəllimlər qurultayından sonra elm, təhsil və maarif sahəsində bir sıra yeniliklər - ana dili dərslərinə geniş yer verilməsi, qız məktəblərinin açılması, təbiət elmlərinin tədrisinə çox saat ayrılması, əyani vəsaitlərdən istifadənin yaxşılaşdırılması və s. məsələlər  Sabiri bir müəllim, ziyalı və şair kimi ruhlandırmışdı. Bununla yanaşı, hələ də təhsil sahəsində köhnə sxolastik düşüncələrlə yaşayan mühafizəkar insanlar vardı ki, onlar mollaxanalarda “əti sənin, sümüyü mənim” prinsipi ilə keçirilən dərslərə, öyrədilən təlimlərə üstünlük verir və övladlarını geriliyə, cəhalətə sürükləyirdilər. Belə məhdud dünyagörüşlü, mühafizəkar və mürtəce insanlar Sabir yaradıcılığında qəzəblə, nifrətlə qamçılanır. Yeni açılan məktəblərə və təlim üsullarına qarşı çıxan belə cahil insanları şair tənqid hədəfi seçərək tipin öz dili ilə özünü ifşa edir:

 

Məktəblər açıb eyləyin ehsanı, - deyirlər,

Məktəbdə qoyun ustulu, dasqanı, - deyirlər,

Pərpuç eləyin çubi-fələqqanı, - deyirlər,

Dişrə çıxarın həzrəti-mollanı, - deyirlər,

Molla qovula, yəni müəllim gələ, vah-vah!

Lahövlə vəla qüvvətə illa və billah!

 

Şair satirada leksik-semantik mənanı konkretləşdirmək və daha qabarıq nəzərə çatdırmaq məqsədilə məntiqi vurğunu ismin müəyyənlik bildirən təsirlik halında işlənmiş ehsanı, ustulu, dasqanı, çubi-fələqqanı, həzrəti-mollanı leksik vahidlərinin üzərinə salır. Məhz vurğu qəbul etmiş həmin ifadələr vasitəsilə satiranın bədii fikir yükünün çəkisi artır, mərkəzi asanlıqla qavranılır, diqqət cəlb edir. Bununla yanaşı, digər mollanəsrəddinçilər kimi Sabir yaradıcılığında da dilin bütün üslubi imkanlarından ustalıqla istifadə yolu ilə müxtəlif zümrəni və müxtəlif cəbhəni təmsil edən insanlara çağırış motivləri satirada üstünlük təşkil edir.

 

Belə bir yanğılı haray, təhriketmə üçün şair feilin əmr şəklini seçir. Bu üslubun tətbiqi sayəsində Sabir satiralarının ictimai fəallığı artır, təsir dairəsi daha da genişlənir. Beləliklə, feilin əmr morfemi kinayəni çoxaldır, dinamikanı fəallaşdırır, ekspressivlik çaları yaradır. Sabir satiralarında feilin xəbər şəklindən sonra ən çox işlənən əmr şəklidir ki, bu da komik-satirik nitq mühiti yaratmaqda əlverişli vasitədir.

 

Sabir satiralarında hər bir tip mənsub olduğu təbəqənin dilində danışır. Elmdən, təhsildən uzaq, avam, savadsız bir qadının danışıq aktı da həmin tipin naturasına tam uyğundur:

 

Gah yazır, gah oxuyur, gah danışır,

Gündə bir hərzə kitabnan tanışır...

 

Şeirdə indiki zaman mənalı feillərin aktivliyi və çoxluğu diqqət çəkir, eyni zamanda, bu fəallığın yaranmasında bölüşdürmə bağlayıcılarının da xüsusi rolu var.

 

M.Ə.Sabirin yaradıcılığında yoxsul həyat tərzi keçirən uşaqların kədərli həyat həqiqətləri,onların üzünə məktəb qapıları bağlayan hakim dairələrin  mənfur əməlləri satira atəşinə tutulur.

 

- Qafqaz əhli üç il ərzində nə emal eylədi?

 

- Məktəbə onlar, hər yerdə hümmət ibzal eylədi!

 

- Mərhəba! Səd mərhəba!..

 

- Bəs bu az müddətdə məktəblər qapandı ya nədən?

 

- Həp çocuqlar dövreyi- təhsili  ikmal eylədi!

 

- Mərhəba! Səd mərhəba!..

 

Sabir  satirada məktəblərin  hakim dairələr  tərəfindən bağlanması fikrini  birbaşa açıqlamır, mövcud quruluşda, şəraitdə işlədilməsi qeyri-mümkün olan tabulardan deyil, ideomatikanın bir qolunu təşkil edən evfemik ifadələrdən istifadə edir.

 

(Ardı var)

 

Gülbəniz BABAYEVA

Filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2017.- 7 yanvar.- S.22.