“Yazmışam hər şeyi könül naməmə...”

 

SƏKSƏN YAŞLI FİLOSOF ƏMRƏLİ İSMAYILOVUN UZUN ÖMRÜNÜN FƏLSƏFİ VƏ QEYRİ-FƏLSƏFİ MƏQAMLARI HAQQINDA QEYDLƏR

 

 

Gur ağ saçları, ləngərli yerişi onun səkkizinci onilliyi artıq arxada qoyduğunu ehtimal etməyə əsas vermir. Çünki iri gözlüklü eynəyinin arxasındakı diri və kəsərli baxışlarına hopmuş həyat eşqi yaradıcılıq həvəsinin qətiyyən tükənmədiyini, iti zəkası ilə dövrün və zamanın fəlsəfəsini həssaslıqla incələməkdən hələ də böyük zövq aldığını isbatlayır.

 

Bu ağır-sanballı kişi - filosof Əmrəli İsmayılov ömrünün müdriklik çağında da, gəncliyində və cavanlığında olduğu kimi, yorulmadan oxumaq, yazmaq, yaratmaq vərdişinə sadiqdir.

 

...Ölkəmizin nüfuzlu nəşriyyatlarından birində tezliklə çapdan çıxacaq yeni kitabını onun yubileyi üçün ən gözəl və münasib hədiyyə sayması da təbiidir. Çünki kitabın oxunub təmizlənmiş mətninin bir etibarsızın kompüterində “itkin düşməsi” onu ikiqat əziyyətə salsa da, axırda  istəyinə nail olub. Təəssüf ki, ötən əsrin səksəninci illərində kitab mağazalarından birində əlindən yerə qoymaqla yoxa çıxmış çantasının içindəki doktorluq işini sonradan nə tapa bilib, nə də yenidən yazmaq istəyib.

 

Əmrəli müəllim fəlsəfə elmləri namizədidir: amma bu sahənin doktorları və akademikləri onun təfəkkür və yaradıcılıq imkanlarının rəsmi elmi dərəcəsinin fövqündə olduğunu yaxşı bilir, bu çağdaş ruhlu, mütərəqqi fikirli alimin şəxsiyyətini də, fəaliyyətini də yüksək qiymətləndirirlər. Səksən yaşında belə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Heydər Əliyev Mərkəzində, baş mütəxəssis vəzifəsində ştatlı əməkdaş kimi çalışması bunun bir göstəricisidir.  Yeri gəlmişkən qeyd edək ki, Əmrəli müəllim Heydər Əliyev irsinin, xüsusən, onun milli ləyaqət, milli mənlik, milli özünüdərk fəlsəfəsinin tədqiqatçılarındandır, bu mövzuda çoxsaylı elmi məruzə və məqalələrin müəllifi, “Heydər Əliyev: milli ləyaqət fəlsəfəsi” monoqrafiyasının həmmüəllifidir. 

 

Milli mənlik şüuru və qocaman filosofun bu anlayışa münasibəti barədə irəlidə yenə danışacağıq. İndilikdə milli mənliyin məhz milli kimlikdən qaynaqlandığı barədə müddəaya söykənərək Əmrəli müəllimin ata-babaları haqında söylədiklərini dinləyək: “Əslimiz Türkiyənin İqdır bölgəsindəndir. Mənsub olduğum Hacıkazımlı tayfası qan davasına görə doğma yerləri tərk edib, yüz altmış il əvvəl Qərbi Azərbaycana köçüb. Atam burada Bəyazid rayonunun Əyrivəng kəndində dünyaya gəlib. Sonradan Krasnoselsk rayonunda məskunlaşmaq istəyən tayfamız 1918-ci ildə ermənilərin törətdikləri soyqırımına məruz qalıb. Qətliamdan sağ qurtulanlar dağlara qaçaraq, oradan əvvəlcə Gədəbəyin Şınıx bölgəsinə pənah gətirib, axırda da rus-duxobor icmasının yaşadığı Slavyankada oturaq həyata qovuşa biliblər...”

 

Əmrəli İsmayılov 1937-ci il yanvarın 5-də bu kənddə anadan olub, iki bacısı və bir qardaşı ilə burada böyüyüb. Atasını erkən itirsə də, cəfakeş anasının səyi nəticəsində təhsilini davam etdirib, ən bacarıqlı şagirdlərdən olub, fəal ictimaiyyətçi kimi tanınıb. Rusdilli kənd orta məktəbini bitirən kimi Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə qəbul edilib və beləliklə, 1956-cı ildən onun Bakıda tələbəlik həyatı başlayıb.

 

“...Tələbə yoldaşlarımın əksəriyyəti şəhər uşaqları, bir hissəsi vəzifəli  adamların övladları idi. Birinci kursda əsas çətinliyim rus dilində Slavyanka duxoborlarının ləhcəsində danışmağım idi. Uşaqlar gülüşürdülər... Amma mənə yaxşı oxumaq, əlaçı olmaq lazım idi ki, aldığım təqaüdlə özümü dolandıra bilim. Bunu bacardım. İkinci kursda məni sinif nümayəndəsi, üçüncü kursda komsomol katibi seçdilər. Kommunist Partiyasına qəbul edilən yeganə tələbə də mən oldum...” Əmrəli müəllimin tələbəlik illərinin qısa xülasəsi belədir. 1961-ci ildə ali təhsilini başa çatdıranda onu artıq dövrün nüfuzlu gənclər təşkilatı olan komsomolun Mərkəzi Komitəsində də tanıyırdılar. Təhsildəki uğurlarına və ictimai-siyasi fəallığına görə... Respublikanın komsomol rəhbərlərindən birinin gənc tarixçiyə Mərkəzi Komitədə iş təklif  etməsi və bu təklifi rəsmi məktubla təsdiqləməsi ona Maarif Nazirliyi tərəfindən Şamaxı rayonuna verilmiş təyinatın ləğvi ilə nəticələndi.

 

Lakin Əmrəli müəllim nə o vaxt, nə də sonralar komsomol-partiya işində çalışa bildi...

 

Komsomolda işə başlayacağı ümidi ilə Bakı bulvarında boş-bekar gəzişdiyi zaman universitet müəllimi Abuzər Cahangirovla rastlaşması onun fəlsəfəylə sıx bağlanması üçün ilk təkan oldu. Yeri gəlmişkən, universitetin rus bölməsinin tələbələrinə Azərbaycan dili öyrədən bu mehriban və səmimi insanın Əmrəli müəllimin həyatına daha bir mühüm töhfəsi olub: “Abuzər müəllimin dərs proqramı ana dilimizi zəif bilən tələbələr üçün  nəzərdə tutulmuşdu və mənə  çox primitiv görünürdü. Bir neçə dərsdən sonra fikrimi ona bildirdim, dedim ki, mən ana dilimizi yaxşı bilirəm, bu dərslər mənə görə deyil. Cavabında mənə Azərbaycan dilində bədii əsərlər oxumağı və imtahanda bu əsərlər barədə danışmağı təklif etdi. Razılaşdım. Bu fənnin tədrisi başa çatanadək tanınmış yazıçı və şairlərimizin 7-8 əsərini oxudum və Azərbaycan dilində söz ehtiyatımı əməlli-başlı zənginləşdirdim...”

 

Fəlsəfə məsələsinə gəldikdə isə, Abuzər müəllim keçmiş tələbəsindən bu fəndən dərs deyə biləcəyini soruşub müsbət cavab aldıqdan sonra onu Azərbaycan Sənaye İnstitutunun fəlsəfə kafedrasına göndərir. Kafedra müdiri də universiteti əla qiymətlərlə bitirmiş gənc mütəxəssisi dərhal rektora təqdim edərək, onun işə götürülməsinə nail olur. “Universitetdə 360 saat fəlsəfə oxumuşdum, əla qiymət almışdım və hazırlıqlı idim. Buna görə də  sentyabrın 7-də ilk dəfə tələbələr qarşısına çıxanda heç bir çətinlik çəkmədim,” - Əmrəli müəllim pedaqoji fəaliyyətinin ilk gününü təbəssümlə xatırlayır.

 

Sonralar ona digər ali məktəblərdə - Tibb Universitetində, İdarəçilik Akademiyasında, Slavyan Universitetində tələbə auditoriyası qarşısına çıxmaq müyəssər olacaqdı...

 

Amma ali məktəblərdə ilyarımlıq müəllimlik fəaliyyətindən sonra tale Əmrəli müəllimi jurnalistika sahəsinə gətirib çıxarır. 1962-ci ilin yanvarında Kommunist Partiyasının üzvü olan gənc tarixçi-filosof  partiya tapşırığı ilə “Vışka” qəzetinə ədəbi işçi vəzifəsinə göndərilir. İndi özü də etiraf edir ki, bu sahəyə həvəsinin olmaması jurnalist kimi uğur qazana  bilməməsinin əsas səbəbi idi. “Vışka”dan bir unudulmaz xatirəsi isə böyük jurnalist və redaktor Nəsir İmanquliyevlə bağlıdır. “Bir gün redaksiya işi ilə əlaqədar Nəsir müəllimin yanına getməli oldum. “Vışka”dan gəldiyimi və azərbaycanlı olduğumu biləndə xeyli təəccübləndi. “Nə yaxşı, bir azərbaycanlı da buraxıblar ora? Çalış, qaçma ordan, bizimkilər gəlib dözə bilmirlər orda. Nə çətinliyin olsa, mənim yanıma gəl,” - dedi.

 

Lakin Əmrəli müəllim “Vışka”dan “qaçır”. Çünki aspirantura arzusunda idi. 1963-cü ildə arzusuna çatır, Azərbaycan EA-nın fəlsəfə sektorunun aspirantı olur, buradan isə SSRİ EA-nın aspiranturasında Azərbaycan üçün ayrılmış bir yerə üç namizəddən biri kimi göndərilir, oradakı sınaqdan uğurla çıxaraq, üç il görkəmli rus-Sovet filosoflarından dərs alır, həmin müddətdə namizədlik işini müdafiə edir, hətta Moskva Dövlət Universitetində fəlsəfədən dərs də deyir. Bakıya qayıtdıqdan sonra Akademiyanın Fəlsəfə İnstitutunda baş laborantlıqdan şöbə müdiri vəzifəsinədək yüksəlir, sosial fəlsəfə,  maddi və mənəvi istehsalın dialektikası, digər aktual fəlsəfi problemlərin tədqiqi ilə məşğul olur, 10 nəfər elmlər namizədi hazırlayır, 4 monoqrafiyanın müəllifi, 7 kitabın tərtibçisi, 13 monoqrafiyanın həmmüəllifi olur.

 

...Əmrəli müəllimin Moskva xatirələri da maraqlıdır. Azərbaycanın ucqar bir guşəsindən çıxmış adi kəndli balası nəhəng ittifaq dövlətinin paytaxtına gəlməklə təkcə elmi biliklərə yiyələnmək deyil, həm də dövrün ən mütərəqqi mədəni həyatı ilə təmasda olmaq imkanı qazanmışdı və bu fürsəti də lazımınca dəyərləndirə bilirdi.  Aspirant təqaüdü ilə yaşasa da, ayda ən azı iki dəfə “Sovremennik”də, “Taqanka”da, Böyük Teatrda tamaşalara baxırdı... Bundan başqa, 60-cı illər disident ədəbiyyatı ilə maraqlanır, Bulqakovun “Sobaçye serdse”sini, Pasternakın “Doktor Jivaqo”sunu samizdat nüsxələrində oxuyurdu. Təqaüddən qənaət etdiyi pula Moskvadan Bakıya 2 min kitab da alıb gətirmişdi.

 

Azərbaycan EA-nın Fəlsəfə İnstitutunda 17 il şöbə müdiri, sonralar Akademiyanın Rəyasət Heyətində baş mütəxəssis vəzifəsində işləmiş qocaman alimin  bu elm məbədi ilə bağlı çoxlu xatirələri var. Onlardan biri: “Sovet dövründə milli kadr hazırlığı probleminin həlli cəsarət tələb edirdi. Böyük millətsevər alim Həsən Abdullayev Akademiyanın prezidenti olarkən bu məsələyə xüsusi diqqət yetirirdi. Bir gün o, Rəyasət Heyətində yeni qəbul olunmuş aspirantları təsdiq edirmiş. Baxır ki, Kosmik Tədqiqatlar İnstitutunun  aspirantlarının əksəriyyəti qeyri-azərbaycanlılardır. Vəziyyətdən narahat olub institutun direktoru Tofiq İsmayılova eyhamla deyir: “Bu aspirantları götürəndə, heç olmasa, bir yaraşığına baxın, görün, bığı-saqqalı varmı?” Bu zaman növbə arıq, çəlimsiz, nimdaş geyimli, qorxacaq hərəkət edən bir azərbaycanlı oğlana çatır. Həsən müəllim amiranə səslə dillənir: “Niyə elə yeriyirsən? Haradansan?” Oğlan: “Ermənistandan,” - deyir. Akademik yenə həmin ötkəmliklə ona səslənir:  “Orada qoymurlar səni şax yeriməyə, a kişi, burda ayağını yerə möhkəm bas, bura sənin ana torpağındır”.  Belə sözlər demək o vaxt çox qorxulu idi. Amma Həsən Abdullayev milli düşüncəli adam olduğundan çəsarətlə azərbaycanlıları müdafiə edirdi”.

 

Vaxtilə akademik Firudin Köçərlinin fəlsəfə elminin inkişafı naminə gördüyü işləri böyük ehtiramla xatırlayan Əmrəli müəllimin fikrincə, bu gün Azərbaycanda fəlsəfə elminin vəziyyətini yaxşılaşdırmağa ehtiyac var: “Biz oxuyanda Tarix fakültəsində 360 saat fəlsəfə tədris olunurdu. İndi 30 saata salınıb, üstəlik də deyirlər, ancaq milli fəlsəfəni öyrənin. Ən böyük filosofumuz Bəhmənyardır. Onu öyrənmək üçün metafizikanı, dialektikanı bilmək lazımdır. Bəhmənyar İbn Sinanın şagirdi, silahdaşı, həmfikiri olub. İbn Sina da Aristotelin davamçısıdır. Bəhmənyarı anlamaq üçün gərək Aristotelin nəzəri fikirlərindən xəbərdar olasan. İndi Avropada, Amerikada hətta ibtidai və orta məktəblərdə fəlsəfənin bəzi anlayışlarını keçirlər ki, uşaqlarda düşünmək qabiliyyəti olsun. Çünki fəlsəfi şüuru olmayan xalq zəif xalqdır”.

 

Fəlsəfədə milli şüur, milli mənlik şüuru, milli qürur, milli ləyaqət hissi, milli özünüdərk, milli özünütəsdiq, milli ruh kimi məsələlərin  Sovet dövründə aktual olmadığını, bu məsələlərin millətçiliyə bağlandığını qeyd edən Əmrəli müəllim indi fəlsəfi tədqiqatlarda bu mövzulara diqqət yetirilməsini vacib sayır, “milli ruhu yüksəltmək üçün bu, zəruridir”, - deyir.

 

Və nəhayət, yubilyar alim öz həyatının fəlsəfəsini Məmməd Arazın misraları ilə ifadə edir:

 

...Yazmışam hər şeyi könül naməmə,

Bircə bu günahım bağışlanacaq.

Neylədim - Vətəni sevmək naminə,

Ucaltmaq naminə elədim ancaq...

 

Elşən ƏLİYEV

 

525-ci qəzet.- 2017.- 7 yanvar.- S.18.