Səhnə sehrinin cazibəsi  

 

YAXUD ELÇİN VƏ TEATR MÖVZUSUNDA DÜŞÜNCƏLƏRİMİN BƏYANI

 

 

 

 

Altmışıncı illərdə teatrda yeni düşüncə və yeni ifadə estetikasının tərənnümçüsü Tofiq Kazımov idi.

 

Elçin (həmçinin onun məsləkdaşları) povestləri, hekayələri və ədəbiyyatşünaslıq məqalələri... ilə sterotipləşmiş köhnəni dağıtdılar. Bununla da gələcək nəslin sərbəst fəaliyyətlərinə geniş imkan, münbit zəmin yaratdılar.

 

“Altmışıncılar” və o cümlədən, Elçin ədəbiyyata “autsayderləri” (“aut - kənar, “sayd” - səhifə mənasındadı) gətirdilər. Sosial yarışmada uduzanları öz əsərlərinin qəhrəmanları etdilər və onların iç dünyasını, zəngin mənəvi aləmlərini açıb, məhz bu qəhrəmanların özlərini bolşevizmə qarşı qoydular. Düzdür, onları qınayırdılar ki, qəlbi sınıq insanları ədəbiyyata gətirirlər, ailə-məişət mövzusundan kənara çıxmırlar. Bununla belə, insanın tərənnümü özü böyük cəsarət idi. Elçin 28 yaşında son dərəcə səmimiydi.

 

 

“Poçt şöbəsində xəyal”dakı Ədilə - xəyala dalan, idealını axtaran, ətrafına mənəvi üsyan qaldıran, poçt şöbəsinin adicə işçisi Ədilə səmimiydi. Elçin dram janrında yazdığı əsərlərinin hamısında tarixi inkişafı, tarixi zərurəti təcəssüm etdirir. Bu gün Elçin üçün tamam başqa problemlər mövcuddur, amma o, yazdıqlarında səmimidir. “Poçt şöbəsində xəyal” dramındakı “xəyalpərvər” Ədilə 1997-ci ildə oynanan “Ah, Paris...Paris!” komediyasında deputat olmaq istəyən Züleyxadır. Oğurluq, haram pulları Parisdə xərcləmək üçün qızını tanımadığı əcnəbiyə sırımaq istəyən Firəngizdir. “Poçt şöbəsində xəyal”dakı Baba ilə “Arılar arasında”kı Baba arasında psixoloji-mənəvi yaxınlıq, müəyyən mənada bağlılıq var.

 

Get-gəl sərhədlərinin açıldığı dövrdə, türk adına fərqinə varmadan ikiüzlülük etməyin mənəvi faciəsini məhz ilkin görənlərdən biri Elçin idi.

 

1998-ci ildə göstərilən “Mənim sevimli dəlim” tamaşasında Elçinin “sevimli” mənəvi dəliləri boy artımına çıxmışdılar. 1999-cu ildə tamaşaya qoyulmuş “Diaqnoz “D” tamaşasında ədib müdrik sənətkar qətiyyəti ilə mənəviyyatsızlar cəmiyyətinə öz diaqnozunu verdi.

 

Mən bunu mənəvi tariximizə Elçin baxışı kimi dəyərləndirirəm. Elçinin pyesləri 55-60 ili əhatə edən bir dövrdə mənəviyyatlarımızın dəyişmə mərhələlərinə ən aydın çıraq tutan ədəbi hadisələrdir.

 

Elçinin “Poçt şöbəsində xəyal” pyesi Tofiq Kazımov teatrının poetikası ruhunda yazılmış əsərdir. Azadlıq ideyalarını, demokratikliyi, mənəviyyat ülviliyini tərənnüm edir. Quruluşçu rejissor bütün səhnə, tamaşa elementlərində (mizanlarda, münasibətlərdə, aktyor oyun tərzində) həmin problemin ruhunu saxlayıb. Bəsti Cəfərovanın (Ədilə), Ramiz Məlikin (Kişi), Səyavuş Aslanın (Yoldaş tək), Məcnun Hacıbəyovun (Baba), Firəngiz Mütəllimovanın (Gülzar), Hicran Nəsirovanın (Züleyxa), Elxan Ağahüseynoğlunun (Professor), Zərnigar Ağakişiyevanın (Qadın) ifalarında retro üslubu əsas götürülüb. Tərtibat da məhz lirik-psixoloji teatrın poetikası ruhundadır. Səyavuş Kəriminin musiqisində bütün ulu zamanlar üçün xarakterik olan nağılvarilik, sufiliyin ilğımlı reallığı duyulur.

 

“Poçt şöbəsində xəyal” mənəviyyat tariximizdir. Quruluşçu rejissor dövrün fakturasını həssaslıqla duyub. Tamaşada Elçinin teatr zövqünün formalaşdığı altmışıncı illər səhnə sənəti estetikasının sitatlarından məharətlə istifadə edib. “Sitat” deyəndə mən nağılvari sumax-xalçanı, məkanın sərbəstliyini, rəmzlərdən, metaforalardan cəsarətlə istifadəni nəzərdə tuturam. Məsələn, öndə poçtdur, ortada xalça asılıb (bütün səhnə enində), arxada Ədilənin evidir. Yaxud Ədilənin evi öndə olanda əvvəlki simmetriya ilə poçt şöbəsi xalça arxasında - xəyal dünyasında qalır.

 

Finalda rejissor daha cəsarətlidir. Xalça enib, poçt şöbəsi və Ədilənin evi üz-üzə durub, ortada sonu görünməyən qaranlıq boşluğu var. Deməli, tamaşada qoyulan problem açıq qaldı. Çünki teatr problem həll etmir. Teatr cəmiyyətdə zərrələr şəklində səpələnən problem çiliklərini bir yerə toplayır, onu bütöv şəkildə, bütün məna və mahiyyəti ilə, estetik görümdə təqdim edir. Tamaşanın finalında romantizmlə idealizm bir tərəfdə, praqmatizmlə rassionalizm (həyat gerçəkliyi) digər tərəfdə ona qarşı durur. Səhnədəki hisslər, düşüncələr, tərtibat qurumu, insan mövqeləri 1960-cı illərin gərginliyində qurulub. Ona görə sonrakı dövrlərin atributu (əl telefonu), koko-kola, dollar poetikadan kənar görünür. Rejissorun tarixi dəqiqliyə sadiqliyi parlaq və aydın ayna funksiyasını daşımalıdır. Otuz iki il poetika və düşüncə üçün böyük dövrdür.

 

Televiziyanı əla bilən Mehriban Ələkbərzadə, məsələn, Mircəfər Bağırov barədə filmlərdə, zaman toqquşması (anaxranizm) problemini asanca həll edir. “Poçt şöbəsində xəyal”da təxminən 1969-cu il zamanının tam bərpası ona görə lazımdır ki, bütün problemlər məhz o zamanın içində problemdir. Bu gün 2016-cı ildə nəinki üç aylıq, lap səkkiz aylıq uşağı da abort eləmək kimsəni təəccübləndirmir. Ancaq o dövrdə üç aylıq uşağın ana bətnində tələfatı nəinki mənəvi, həm də hüquqi problem idi. Elçinin yazıçı cəsarəti məhz bu məqamda daha güclü və qətiyyətli görünür. Düzdür, həmin dövrdə haqqında danışdığımız problem, gizli şəkildə olsa da, mövcud idi. Ancaq onu pyesdə problemə çevirmək iyirmi altı yaşlı Elçinə məxsusdur. Altmışıncı illərdə insanların xəyallarla yaşamağı arzulaması real və səmimi görünürdü. Bugünkü cəmiyyətin elə sərt gerçəklikləri var ki, biz məcburən onu yaşamalıyıq. O dövrdə Ədiləyə dəli demirdilər, o, çox romantik görünürdü. Deməli, zaman göstəricisi çox önəmlidir. Elçinin dramaturq ruhunu, Elçinin sənətkar cəsarətini, Elçinin vətəndaş ləyaqətini və nəhayət, rejissorun özünün poetika qurumunu tam anlamaq üçün. Bu baxımdan, tamaşanın əvvəlində hadisələrin 1960-cı illərdə baş verdiyinə zərif, mənalı estetik işarə vurulması tamaşaçıya aydın kod verərdi. Təbii ki, zaman göstəricisinin dəqiqliyinin tam cilalığı problemə baxım nöqtələrini bir qədər də artırardı.

 

Ən maraqlısı və ən başlıcası isə odur ki, rejissor dramaturqun janr təyinini, üslub özəlliyini, pyesin çağdaş səhnə təsisi üçün poetikasını, struktur tələbini həssaslıqla duyub, fikirləşib və səhnədə reallaşdırıb. “Poçt şöbəsində xəyal” pyesi də “Sevil” kimi, “Almaz” kimi, “Bahar suları” kimi... bizim mənəvi tariximizdir.

 

Dini-mənəvi, etik-estetik təlim olan zenbuddizmin mənəvi təcrübəsində belə bir ritual var: “ən xoşbəxt anını yadına sal!”. Zenbuddizm təliminə əsaslanıb “Poçt şöbəsində xəyal” pyesində “indi siz bütün həyatınız boyu ən dəyərli hesab etdiyiniz bir hadisəni danışmalısınız” təklifi və hətta təkidi ilə bütün personajları mənəviyyat sınağına çəkməsi Elçinin yazıçı cəsarəti idi. Ola bilsin ki, çağdaş dövr baxımından bu, cəsarət sayılmasın. Ancaq gəlin unutmayaq ki, Elçin haqqında söhbət gedən dramı 1969-cu ildə yazıb. Elçin bu gün də cəsarətlidi, çünki cəmiyyətə “D” diaqnozunu dramaturgiyamızda məhz Elçin qoyub. Onun “Şekspir” əsəri “D” diaqnozunun yeni forma-məzmunda bədii təcəssümüdür. Elçin bu gün də zamanın mənəvi-əxlaqi xəstəliyinə dəqiq diaqnoz qoyan yazıçı-dramaturqdur. Onun “Sənətkarın taleyi” dramı güzgü simmetriyasında “D” diaqnozunun davamıdır.

 

Mehriban Ələkbərzadə “Poçt şöbəsində xəyal”da səriştəlidir, özünün fikirləşdiyi teatr-tamaşa poetikasını yaradıb, onu səhnədə qurub. Televiziya düşüncəsi müəyyən hadisələrin dinamik qurumunda, tamaşanın ümumi sürət-ritmində ona imkan genişliyi verir. Ancaq bəzi anlarda teledüşüncə tərzinin dominantlığı Mehribanın özünün teatr poetikasından kənar görünür. Ədilə, Gülzar, Züleyxa üçlüyü pyesdə və tamaşada funksionaldı. Onların xatirələri, andıqları söhbətlər baş qəhrəmanın görünməyən tərəflərinin psixoloji dərinliyini açmaq funksiyası daşıyır. Aktyor oyunu mizan qurumu, musiqi ahəngi baxımından estetik cazibəylə qurulub. Funksiya icra olunur. İkinci hissədə isə onların eyni fikir ətrafında təkrar versiyaları artıq görünür.

 

Pyesdə və onun tamaşasında söylənən “Quş və almaz” rəvayəti sufizmin fəlsəfi-estetik fikir yükündən qidalanır. Bunu 1969-cu ildə dramaturgiyaya gətirmək özü də inqilab idi, böyük cəsarət idi. Onun çağdaş səhnə ekvivalentini tapmaq da sözsüz ki, başqa bir hünərdir. Bu prizmadan yanaşanda Ədilə - Xəlil xəttinin estetik parametrləri tam açıqlanır. Xəlil əslində ər deyil, çünki ərin fizioloji tələbat funksiyasını icra edə bilmir. Həm ər kimi, üstəlik həm də şəxsiyyət kimi impotentdir. Xəlilin mənəvi impotentliyinin dəqiq estetik səhnə təcəssümü fonunda Ədilənin sarsıntıları daha aydın nəzərə çarpır. Çünki 1960-cı illərdə poçtda işləyənlərin, o cümlədən, Ədilənin sosial təminatı vardı. Lakin mənəvi təminatı yox idi.

 

Sovet dövründə mənəvi təminatlığın yoxluğunu dilə gətirmək və üstəlik onu pyesin ədəbi materialına çevirmək cəsarət idi. Onu retro şəklində teatrın ədəbi malı edib, maraqlı tamaşa hazırlamaq da cəsarətdir.

 

Elçinin bu cəsarəti bizi günümüzün mənəvi eybəcərliklərinə daha aydın nəzərlərlə baxmağa səfərbər edir.

 

Elçinin bu cəsarəti bizi xəyallar arxasındakı sərt həyat həqiqətlərini görməyə, mənəviyyatsızlığın dağıdıcı vəhşətini duymağa səfərbər edir.

 

lll

 

Fəaliyyətə başladıqları 1930-cu illərin sonlarından rayon teatrları müəyyən mənada Akademik Milli Dram Teatrının repertuarını təkrarlamışlar. Həmin illərdə Mədəniyyət Nazirliyi yox idi və bu işə Xalq Maarif Komissarlığı yanında incəsənət işləri idarəsi baxırdı. Rayon teatrlarının repertuarı əsasən bu idarənin göstəriş və tövsiyyələri əsasında formalaşırdı. Mədəniyyət Nazirliyi yaranandan sonra da bu ənənə bir qədər yumşaq formada davam edirdi. Müstəqillik dövründə repertuar seçimi (dövlət sifarişləri istisna olmaqla) teatrın öz ixtiyarındadır. Bu baxımdan Bakıda pyeslərinin tamaşaları uğur qazanmış dramaturqların əsərlərinin rayon teatrlarında da oynanılmasında Elçinin yaradıcılığı öndədir.

 

Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrı Elçinin dramaturgiyasına ilk dəfə 2005-ci ildə müraciət edib. Həmin il iyun ayının 21-də dramaturqun “Qatil” əsəri rejissor Vaqif Şərifovun səhnə təfsirində repertuara daxil edilib (rəssam Vahab Cəfərov). İki il əvvəl Akademik Teatrda böyük uğurla oynanılan əsər Gəncə teatrının da nailiyyət sayılan işlərindən oldu. Pərvanə Qurbanovanın Qadın rolunda dramatik notlu lirik-psixoloji ifası, İlham Hüseynovun həssas psixologizmlə oynadığı Gənc kişi (Akademik Teatrda Oğlan verilib) hər iki aktyorun yaradıcılıq uğuruna çevrildı. Pərvanənin coşqun emosionallığı, İlhamın səhnə temperamenti dramaturji obrazlara təravətli səhnə canlılığı verirdi. Elmira Əhmədova (Qonşu qadın) və Novruz Cəfərov (Qonşu kişi) yumorlu, sadə və səmimi real obrazlar təqdim edirdilər.

 

Elçin bir dramaturq kimi sosial-ictimai problemləri fərdlərin mənəvi-əxlaqi münasibətləri əsasında qurmağı xoşlayan və bunu sənətkarlıqla bacaran yazıçıdır. Teatrın “Qatil” dramına verdiyi quruluşun estetik prinsipləri dramaturqun üslub səciyyələrinə əsaslanırdı. Quruluşçu rejissor Vaqif Şərifov və əsas rolların ifaçıları psixologizmin mayasına pyesin mahiyyətinə uyğun olan faciə notları əlavə etmişdilər. Faciə çalarları hadisələrin inkişafını dramatik ritmlə tənzimləyirdi.

 

“Qatil” pyesini ilk dəfə Akademik Milli Dram Teatrı (26 sentyabr 2003-cü il) tamaşaya hazırlamışdı. Gəncə teatrının tamaşası forma və məzmun vəhdətinin əsas estetik göstəriciləri ilə orijinal təsir bağışlayırdı.

 

Elçinin bir neçə pyesi nəsrdən dönmədir. Ədibin “Mahmud və Məryəm”, “Ölüm hökmü” əsərləri əvvəlcə roman şəklində çap olunub. Tənqid hər iki əsərin romantik-poetik, epik-fəlsəfi vüsətini yüksək qiymətləndirib. Dünya təcrübəsi, eləcə də Azərbaycandakı cəhdlər göstərir ki, nəhəng nəsr əsərləri pyesə çevriləndə mütləq müəyyən itkilərə məruz qalır. Eləcə də Elçinin romanları dram kimi işlənəndə hadisələr yığcamlaşdırılıb, süjet qısalıb, xeyli epizodlar, bir qism personajlar ixtisara düşüb. Bununla belə, “Mahmud və Məryəm”, “Ölüm hökmü” əsərləri kamil dram təsiri bağışlayırdı. Təbii ki, romanlardan xəbərsiz olanlar hansısa “itgini” nə görə, nə duya bilməzdilər. Bunun əsas səbəbi odur ki, romanlarında epik təsvirlərə sənətkarcasına nail olan Elçinin elə həmin əsərlərdə təsvir etdiyi dialoqlarda heyrətamiz dinamika, hərəkət, enerjili gərginlik var. Elə bu cəhətlər də dram əsəri yazan ədiblər üçün son dərəcə əsas və vacib sənətkarlıq keyfiyyətləridir. Elçinin də ustalığı bu prinsiplərə dərindən-dərinə bələd olmasındadır. Özü də yazıçı dramatik mahiyyətli dialoq qurmaq bacarığına elə ilk hekayələrindən yiyələnməyə başlayıb, povest və romanlarında isə sənətkar vərdişini daha da cilalayaraq formalaşdırıb.

 

Gəncə teatrında “Ölüm hökmü”nü tamaşaya rejissor Bəhram Osmanov hazırlamışdı və premyera 15 may 2009-cu ildə oynanıldı. Az müddət sonra teatr həmin tamaşanı Bakıda Gənc Tamaşaçılar Teatrının səhnəsində oynadı. Bu tamaşaya Elçinlə yanaşı oturub baxırdım. O, səhnədəki hadisələri çox emosionallıqla, həyəcanla qarşılayırdı və hərdən aktyor oyunu, rejissor mizanı ilə bağlı pıçıltı ilə qulağıma dediyi təriflərdən hiss edirdim ki, tamaşa ona ləzzət verir. Bu hal ilk növbədə tamaşaçı fərəhi olsa da, daha dərin psixoloji anlamda dramaturq və teatr həmrəyliyinin estetik təzahürü idi.

 

Teatr “Ölüm hökmü” tamaşası ilə bir daha sübut etdi ki, yaxın tarixi keçmişdən bəhs edən mürəkkəb psixoloji əsərlə ictimai-siyasi kəsərli monumental tamaşa yaratmaq olar. Elçinin əsərində hadisələrin məkanı və zamanı tez-tez dəyişir. Bu zamanlar arasında 70 - 80 il fərq var. Və bu fərq təkcə vaxtla ölçülmür, mənəviyyatlar, düşüncə tərzi, vətəndaşlıq mövqeyi arasında da ciddi fərqlər var. Bu fərqlər vicdan və əməl problemini daha möhtəşəm şəkildə göstərməyə meydan açır. Dramaturqun xarakterləri də əlvan və müxtəlifdir, hər birinin öz xarakterik-tipik səciyyələri var. Bəhram Osmanov həm əsərin ictimai-siyasi ruhunu dəqiq tutub, həm də zəngin xarakterli personajlar üçün sanballı aktyor ansamblı seçib.

 

Aktyorların əksəriyyəti bir neçə rol ifa edir. Janrın və üslubun prinsipləri elə həssaslıqla verilib ki, aktyorların müxtəlif rollar oynaması bədii təsdiqini, emosional bitkinliyini dürüstlüklə tapır. Ən əsası isə odur ki, bu bədii personajlar fərdi cizgiləri ilə tamamilə fərqli görünürlər. İlham Hüseynov (Gicbəsər), Əli Allahverdiyev (Əbdül Qafarzadə, Kələntər və RİK sədri), Pərvanə Qurbanova (Füruzə, Yaşlı Arzu), Salamulla İsmayılov (Xosrov), Novruz Cəfərov (Ələsgər), Ramiz Vəliyev (Muxtar Xudavəndə, Əsgər və Vasili), Alim Məmmədov (Qəribli və Ağabala), Yusif Cəfərov (Yaqub), Məmmədəli Balayev (Əhməd, Molla Əsədulla və Əflatun), eləcə də təcrübəsi az olan aktyor və aktrisalar yüksək peşəkarlıq nümayiş etdirirdilər.

 

Pərvanə Qurbanova (Qadın) və Elxan Abbasov (Kişi) dramaturqun “Cəhənnəmdən cənnətə” əsərində də əsas rolları oynayırlar. Cəmi üç iştirakçısı olan əsərdə Şeytan rolunu Murad İbrahimov oynayır. İlk tamaşa 29 iyun 2013-cü ildə göstərilib. Bu tamaşanın da ideya yükü Elçinin şah problemi olan cəmiyyət və insan fəlsəfi anlayışı ilə bağlıdır. “Cəhənnəmdən cənnətə” tamaşasında Elçin rəmz və reallıq, sürrealizm, modernizm, hətta impressionizm kimi üslubların vacib şərtlərini bir janrda sənətkarcasına harmonik vəhdətdə verib. Elçinin bu əsərində də cəmiyyətin müəyyən təbəqəsinə verdiyi “D” diaqnozunun davamı vardır.

 

lll

 

Yuxarıda dedim ki, Elçin nəsr əsərlərində də dialoq qurmaqda peşəkardır. Bu peşəkarlığı Elçinin kino yaradıcılığı üçün də meydan açıb. Heç uzağa getmirəm, ədibin “Baladadaşın ilk məhəbbəti” hekayəsi nə dərəcədə səmimi, kövrək duyğulu idisə, onun əsasında müəllifin özünün yazdığı ssenari və rejissor Fikrət Əliyevin 1974-cü ildə çəkdiyi (rəssam Elbəy Rzaquliyev, bəstəkar Emin Sabitoğlu) bədii film bu gün də müasirdir.

 

2016-cı ildə Elçinin “Baladadaşın toy hamamı” (rejissor Cənnət Səlimova,. 10 mart).

 

Elə buradaca onu da qeyd edim ki, Elçinin hekayələrində həzin və lirik musiqi ahəngi var. Onun hekayələrinin romantizmində sadəliyin ülviyyəti nə dərəcədə səmimidirsə, qəhrəmanın şirin və dadlı, təbii və real, bəzək-düzəksiz, Abşerona məxsus həyat tərzinin lirik musiqi ahəngi bir o qədər cazibəlidir. Görünür elə buna görə də Elçinin bu hekayəsi əsasında özünün yazdığı “Baladadaşın bəylik hamamı” əsərinin 10 mart 2016-cı ildə göstərilən tamaşası (quruluşçu rejissor Cənnət Səlimova, rəssamlar Tahir Tahirov və Elgün Vəliyev) Dövlət Musiqili Teatrına yeni nəfəs, təzə ruh və ən əsası, canlı insan taleyinin yumorlu səmimiyyətinin poetik hüsnünü gətirdi. Yəqin ki, teatrın yaradıcılıq marağına və sənət nailiyyətinə meydan açan bu teatr-dramaturq əlaqəsi davam etdiriləcək.

 

Bir məsələni də deməyə ehtiyac duyuram. Fikrimcə, Abşeron ruhunu, Bakı kəndlərinin psixologiyasını, Xəzərin obraz-atribut kimi təsvirini hekayə dili ilə verməkdə Elçin ecazkar ustalıq göstərir.

 

lll

 

Elçinin tənqidi, müəyyən mənfiliklərlə rəsm olunmuş obrazlarında bir zavallılıq var. Bu zavallılıq tamaşaçıda ona qarşı yazıqlıq duyğusu oyatmır, əksinə, bizi zavallılıqdan xilas olmaq üçün mənən silkələyir, düşündürür. Deməli, Elçinin obrazları səhnədə qalmır, hansısa tamaşaçı hansısa obrazdan aldığı psixoloji təəssüratı özü ilə aparır, düşüncəsinə həkk edir.

 

Elçinin fəci, satirik, komik, məsxəravarı, bir sözlə, fərq etmədən bütün obrazlarında bir canlılıq, cazibədarlıq, səmimi reallıq var. Elçin mənfi obrazları tamaşaçının nifrət etməsi üçün deyil, ilk növbədə məhz düşünmək, onun mahiyyətinə varmaq və hər kəsin özü özlüyündə daxili katarsisdən keçmək üçün təsvir edir.

 

Elçinin əksər səhnə obrazlarında qəribəlik var, “dəlilik” var. Əgər hər birimiz psixoloq Çarlz Kuinin “güzgülü mən” nəzəriyyəsi ilə reallığa baxa bilsək, onda Elçinin təsvir etdiyi psixoloji əlamətləri özümüzdə də görə bilərik. Ancaq psixoloq-filosof Karl Yunq demişkən, insan cəmiyyət içində daha çox maskalardan istifadə etdiyinə görə onun daxili dünyasını görmək çətin, hətta çox vaxt müşgül olur. Elçinin dramaturgiyasının hüsnü, təravəti, yumorunun dadı, ləzzəti, satirasının dəyəri, qroteskinin səmimi məlahəti orasındadır ki, dramaturq təsvir etdiyi “zavallı” personajlarının daxili aləminə zərrəbinlə baxa, həssaslıqla çıraq tuta bilir. Buna görə də dramaturq öz əsərlərində həmin obrazlara əksər hallarda konkret ad vermir, onları Kişi, Oğlan, Qadın, Gənc qadın, Redaktor, Məsul katib, Siyasi icmalçı, Şöbə müdiri, Ədəbi işçi, Qonşu, Professor, Şəfqət bacısı, Qonaq, Zabit, Gicbəsər, Katibə, Yoldaş tək, Ər-arvad, Topuş... kimi təqdim edir. Deməli, Elçinin obrazları həm fərddir, bədii bir obrazdır, həm də ümumiləşdirilmiş tip-xarakterdir, çağdaş zamanda hər hansı bir məkanda onlarla üzləşə bilərik.

 

Elçinin dramaturgiyası mənəviyyatsızlığa, rəzilliyə, əxlaqi naqisliyə qarşı hayqırtılı üsyandır. Dramaturq üst qatda bu üsyanı doğuran səbəbləri, psixoloji halları, real zəminləri verməklə öz hayqırtısını ustalıqla, məharətlə ikinci, üçüncü... planlarda “gizlədir”. Çünki Elçin səhnənin görünməyən bədii-estetik “sirlərini” əla bilir və əla da duyur. Elə buna görə də çılpaq ideyadan məharətlə, güclü məntiqlə qaçır, dərin məna daşıyan hadisələrin mahiyyətinə dərindən-dərinə, məhz səhnə dili-üslubu ilə müdaxilə edə bilir. Sənətkarcasına verildiyi üçün də Elçinin əsərlərinin hadisələri, konflikti, obrazları bu qədər sadə, sadə olduğu qədər də dərin, mürəkkəb, real və ən əsası, doğma, səmimi təsir bağışlayır.

 

Tamaşaçı daim Elçinin təsvir etdiyi hadisələrin içindədir. Məhz elə bir də bu cəhəti Elçinin dramaturq kimi müasirliyini daha tutarlı şəkildə təmin edir, gücləndirir. Onun əsərlərinin tamaşaları səhnə ilə salon arasında əlaqə ünsiyyətini qat-qat gücləndirir.

 

Elçinin satirik boyaları tündləşdirdiyi obrazlarda da (Əsədulla, Falçı Ağabacı, Panteleymon Polikarpoviç) daxili enerji, hərarət güclüdür.

 

“Kiçik adam” anlayışına böyük estetik vüsət verən Elçinin bu səpkili obrazları (məsələn, “Arılar arasında” pyesində Baba surəti) xüsusi həssaslıqla, bənzərsiz koloritlə təsvir edilir. Dramaturq “kiçik adamın” fərdi-psixoloji düşüncəsindən, mənəvi-əxlaqi dəyərlərinin mahiyyətindən bəşəri problemlərə cəsarətlə, müdrikcəsinə pəncərə aça bilir.

 

Elçinin dram əsərlərinin janrını birbaşa təyin etmək mümkün deyil. Bəlkə də kimsə buna cəhd edə bilər, amma və di gəl ki, üzdən, birmənalı yanaşma dramaturqun çoxqatlı, dərin mənalı fikir yükünə, psixoloji-fəlsəfi yazıçı təfəkkürünün dərinliyinə, cazibəsinə xələl gətirmiş olacaq. Elçinin bütün səhnə əsərlərində müxtəlif janrların sintezi var və dramaturq bu sintezə elə məharətlə, elə ustalıqla nail olur ki, oxucu da, tamaşaçı da yazıçının bu fəndini, bu üslubunu tam təzə, orijinal janr estetikası kimi qəbul edir.

 

Elçinin əsərlərini tamaşaya hazırlayan rejissorlar bu ahəngdarlığı həssaslıqla duyub, qavrayıb, rejissor təxəyyülündə yoğurub ona səhnə poetikasında səciyyəvi təcəssüm verə bilirsə, aktyorları həmin janrın estetik tələblərinə yönəltməyi bacarırsa, onda canlı, təravətli, düşündürən, mənəviyyatımızı silkələyən tamaşa hasilə gəlir.

 

Xoşbəxtlikdən Elçin dramaturgiyasına müraciət edən rejissorların böyük əksəriyyəti onun yazıçı üslubunun estetik mahiyyətinə varmağı bacarıblar...

 

İlham RƏHİMLİ

 

525-ci qəzet.- 2017.- 7 yanvar.- S.14-15.