Mikayıl Müşfiq Xızıda yad edilib
Yanvarın
6-da Xızıda XX əsr Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi, 30-cu illər
repressiyasının qurbanı Mikayıl Müşfiqin xatirəsi
anılıb.
AzərTAc
xəbər verir ki, nakam şairin ölümünün 79
illiyinə həsr olunan mərasim Sayadlar kəndində,
Mikayıl Müşfiqin xatirə muzeyinin qarşısında
rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı
ilə keçirilib. Müşfiqin büstü ətrafına
toplaşan şair və yazıçılar, elm və incəsənət
xadimləri görkəmli poeziya ustasının həyat və
yaradıcılığından, onun ədəbiyyatımızda
tutduğu mövqedən söhbət açıblar.
Anım mərasimində Mədəniyyətşünaslıq üzrə Elmi Metodiki Mərkəzin şöbə müdiri Sənan Talıbov, “Şöhrət” ordenli, Əməkdar müəllim, şair Ofeliya Babayeva, yazıçı-publisist Müşfiq Cabiroğlu, Əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Qafar Əsgərzadə və başqaları Müşfiq poeziyasının gənc nəslin milli mənlik şüurunun inkişafında, vətənpərvərlik tərbiyəsində əvəzsiz rolundan söhbət açıblar. Qeyd ediblər ki, Sovet imperiyasının repressiya dalğasına tuş gələn Mikayıl Müşfiq 1938-ci il yanvarın 6-da amansızlıqla güllələnib. O, cəmi 30 il ömür sürməsinə baxmayaraq, qiymətli bədii irs yadigar qoyub.
Tədbirdə Xızı məktəbliləri nakam şairin şeirlərindən parçalar səsləndiriblər.
525-ci qəzet.- 2017.- 7 yanvar.- S.13.