Ədəbi-bədii dünyaya aparan yolda
görünənlər
YAZIÇI-PUBLİSİST ZEMFİRA MƏHƏRRƏMLİNİN İKİ KİTABI BARƏDƏ DÜŞÜNCƏLƏRİM
Bədii
yaradıcılıq nümunələri müəllifin ədəbi
ünvanıdır.
Söz
qüdrətdən gəlmədir və Tanrının, bəlkə
də, çox sevdiyi bəndələrinə
töhfəsidir. Hər əlinə qələm götürən
də axı, özünü ifadə edə bilmir, qüdrətdən
gəlməzsə, ilahi təb onun düşüncələrini
nizama çəkməzsə...
Ədəbi
aləmdə öz izi olan qələm adamlarından biri
haqqında 90-cı illərin sonlarında qısa da olsa,
yazmışdım. Açığı, “Döyüşə
qızlar gedir” kitabını dönə-dönə oxuyub,
müəllifini dövrümüzün Nigarına, Həcərinə, nəhayət, qələmə
sarılıb vətəncanlı xidmət göstərən
Əzizə Cəfərzadəyə bənzətmişdim. Həmin
kitabı oxumaqla “Bakı” qəzetində çalışan
Zemfira xanım Məhərrəmlinin
yaradıcılığı ilə o zamanlar
tanışlıq imkanı qazanmışdım.
Budur,
artıq qələminə bələd olduğum müəllifin
“RS Poliqraf” nəşriyyatında çapdan
çıxmış iki kitabı qarşımdadır. “Ömür bitər, yol bitməz...” publisistik janrda qələmə
alınıb. Povest və hekayələrinin
toplandığı “Oyuncaq”
kitabı isə Zemfira
xanımın öz oxucuları ilə bədii nümunələrlə
görüşünün təsdiqidir.
Akademik
Nizami Cəfərovun redaktorluğu ilə nəşr edilən
“Ömür bitər, yol bitməz” kitabı, elə
annotasiyasında da qeyd edildiyi kimi, jurnalistin yol qeydləri əsasında
qələmə alınıb, müəllifin dünyanın
müxtəlif ölkələrinə səfərlərinə
həsr edilib. Həmin publisistik yazılarda dünyaya səpələnmiş
soydaşlarımızla görüşlərdən,
onların tarixi Vətənə - Azərbaycana
bağlılığından, bitib-tükənməyən
Qarabağ dərdimizdən, ümid və arzularımızdan
söz açılır. Vətənə
vətəndaş olmaq üçün əsas şərt o
deyil ki, orada yaşayasan, onun havasını udub, təşnə
sinəni suyu ilə soyudasan, tufanında, boranında donasan.
Bunlar onsuz da hər kəsə həmişə nəsib
olmayan bəxtəvərlikdir.
Bütövlükdə
ədəbi-bədii dünyasından soraq verən
kitabları barədə danışmaq istədiyim Zemfira
xanım da Söz adamıdır. Həm də şəxsiyyətinə
və qələminə görə sayılıb-seçilən,
ruhu ilə baş-başa qalanda dalğalanan dənizə, əsən
mehə və birdən də
coşqun dağ çayına bənzəyən söz
adamı. Bu püxtə qələm sahibi haqqında
yazmağın məsuliyyətini hiss edirəm. Azərbaycan
milli jurnalistikasının tanınmış siması və
ustadı sayılan Nəsir İmanquliyevdən BDU-nun
auditoriyasında dərs almış, onun yaratdığı
“Bakı” və “Baku” şəhər qəzetlərində
1978-ci ildə əmək fəaliyyətinə başlayan,
1991-ci ildən mətbuatda həm də hərbi mövzuda
çıxış edən, dəfələrlə “qaynar
nöqtələr”dən döyüşkən ruhlu reportajlar
yazan Zemfira Məhərrəmlini sonralar “Döyüşə
qızlar gedir”, “Qarabağda savaş var”, “Ötür durna
qatarı”, “Qırx qız dastanı”, ingilis dilində nəşr
edilən “Garabakh war witnessed by women” (“Qarabağ müharibəsi
qadınların şahidliyi ilə”) və Sankt-Peterburqda rus
dilində çapdan çıxan “Karabaxskaya voyna: srajalis i
jenşinı” (2005-ci il)... kitablarının müəllifi kimi tanımışam.
O, daim qələminə və duyğulu, həssas qəlbinə
sığınaraq, peşəsinə sədaqət göstərir:
yazıb-yaradır, bədii nəsr
əsərləri ilə də oxucularını sevindirir.
“Ömür
bitər, yol bitməz” kitabının “Ön söz”ündə
oxuyuruq: “...Deyirlər, qələm adamının hər yeni əsəri
onun qanı-canı bahasına, doğma övlad tək
doğulur, ərsəyə gəlir. Zemfira xanımın
publisistik əsərlərinin, oçerklərinin, bədii və
sənədli hekayələrinin dili olduqca rəvandır,
axıcıdır. Onun qələm nümunələri təmtəraqdan
uzaqdır, səlis, nizamlı üslubu, gözəl, aydın
təhkiyəsi ilə yadda qalır, “Ömür bitər, yol
bitməz” kitabı kimi”.
Açığı,
bu kitab haqqında qısa söz demək mümkün deyil.
Çünki az qala, bir ömür salnaməsi olan bu kitab
yolların bitib-tükənməzliyini göstərir.
Okeanın bu tayından o tayına uzanan yol, sadəcə bir
yolçunun qət etməsi deyil. Burada bir-birindən fərqli
ömür və tale yollarının gah dost kimi
yanaşı, gah da kəsişən xətlərlə
çarpazlaşmasını hiss edirsən. Zemfira
xanımın səfər təəssüratları oxucuya
publisistik dillə elə rəvan çatdırılır ki,
sanki müəllifin qarşıya qoyduğu məqsəd
jurnalistlik peşəsinə necə mükəmməl yiyələnməsi
barədə təsəvvür yaratmaqdır. Və bu,
çox gözəl alınıb. Okeanın o tayına -
ABŞ-a ilk səfərini elə qələmə alıb ki,
sanki oxucu da müəllifin yol yoldaşıdır.
“Ayazlı-şaxtalı bir qış axşamı” - lap
nağıllarda deyildiyi kimi...
Səmimi
etirafı müəllifi oxucusuna bir qədər də sevdirir.
Hələ əski sovetlər dövrünün “son
akkordları”nda Bakı-Moskva-Nyu-York marşrutunda bir ailədən
iki həmkarın - jurnalistin səfər təəssüratları,
doğrudan da, nağılabənzər həyat hekayətləridir.
Bu səfərlərin sırasında “İstanbul hekayələri”nə
rast gələn oxucu onu, ən azı, bir-iki dəfə
oxumasa, digərlərinə nəzər salmaz. Türk
dünyasını, az qala, qarış-qarış gəzib
bizi tanış edən yolçunun jurnalist olması oxucunun
qazancıdır: həsrətini illərlə çəkdiyin
Türkiyə doğmalığı ilə gözlərin
qarşısında canlanır və səni özünə
cəzb edir...
Həmin
doğmalığı Təbriz səfəri, ustad M.Şəhriyarın
məzarının ziyarəti ilə bağlı yazılarda
da açıq-aşkar hiss edirsən.
Bu
kitabı aramla oxumasaydım, bilməzdim ki, “yatmayan şəhər”
də varmış. M.Füzulinin doğulduğu və son nəfəsində
üz qoyduğu torpaqda - İraqdaymış. Bağdad
imiş bu “yuxusuz şəhər”. Bəlkə hələ on
dördüncü yüzillikdə Azərbaycanda hökm
sürən Teymurilərin hakimiyyəti illərində
zülm və əsarətə dözməyən və bu
yerlərə “köç edən” bir çox
qarabağlı ailəsinin yuxusunun ərşə çəkildiyini
demək istəyir müəllif? Nə gözəl eyham, sətiraltı
məna. Bax, budur peşəkarlıq. Budur Vətənə
bağlılıq.
Açığı,
bu kitab haqqında demək istədiklərim o qədər
çox olmalıydı ki... Amma fikrimi bir məqalədə
yığcamlaşdırmaq üçün müəllifin
“Ömür bitər, yol bitməz”... fikirlərinə
sığınıb, “Oyuncaq”la ilgilənmək həvəsinə
düşdüm. Maraqlı ad seçib əsərinə
müəllif. Bununla sanki bədii nəsrə bu janrın “əlifba”sından
- hekayədən başlamasına işarə edib. Filologiya
elmləri doktoru, tənqidçi Vaqif Yusiflinin Azərbaycan ədəbi
tənqidinin tanınmış siması olması burada da
öz dəst-xətti ilə seçilib. Vaqif müəllim,
haqlı olaraq buradakı bədii nümunələri “Zərif
hisslər, lirik duyğular” adlandırıb. Qadın
dünyasını, onun incə aləmini bu sözlər
olmadan təsəvvür etmək mümkün deyil. Azərbaycan
ədəbiyyatı, xüsusilə poeziyası əsrlər
boyu o zəriflərin gözəlliyini, onlara pərəstişi,
sevgini vəsf etməkdən yorulmayıb”.
İstedadlı
qələm sahibi adlandırdığı jurnalist və nasir
Zemfira xanımı da bu ənənəni yaşadan bir yazar
hesab edən V. Yusifli “Döyüşə qızlar gedir”
kitabında toplanan publisistik yazılarından
tanıdığını, jurnalistin bu gün oxucu
görüşünə bədii əsərlə
çıxmasını təbii qarşılayaraq yazır:
“...Zemfira Məhərrəmli bədii nəsrlə də məşğul
olur. Bu yazılar ürək
çırpıntılarından, qəlbin
qarşısıalınmaz istəyindən yaranıb.Savaş
publisistikasından nəsrə keçməklə Zemfira Məhərrəmli
Azərbaycan zəriflərinin sevgi dünyasını, ailə-məişət
aləmini, ən başlıcası isə hisslər dənizini
bədii sözə çevirib”.
Tənqidçinin
bu fikirləri nasirliyə hələ “savaş
jurnalistikası”ndan meyl və maraq göstərən Zemfira Məhərrəmlinin
bədii ədəbiyyat nümunələrinin peşəkarcasına
qələmə alındığını təsdiqləyir.
“Oyuncaq”
kitabındakı povest və hekayələrin Azərbaycan və
rus dillərində verilməsi müəllifin daha çox
oxucusu olan kütləvi auditoriyaya üztutma cəsarətini
ortaya qoyub. “Oyuncaq” povestində müəllif Nərgizlə Rəsulun
obrazında məhəbbətin əbədiliyini (sevgiləri
baş tutmasa da) deyirsə, “Yuxunu suya danış”la bir daha
folklorumuzun bilicisi olduğuna işarə edir və oxucusunu
kökə bağlılığa səsləyir. “Analıq
haqqı” müqəddəs varlığın istəyi və
sevgisinin təcəssümüdürsə, “Beş saniyənin
hökmü” həyatın hər an olum-ölüm
dilemması qarşısında qalmasını anlatmaq, “Qisas
qiyamətə qalmaz” hekayəsi isə xeyirlə şər
arasında gedən mübarizədə birincinin qələbəsinə
inamı əks etdirir.
Bu kitabda
lirik duyğuların, mənsur şeirlərin də
özünə yer alması təsadüfi deyil. Bununla bir daha
biz müəllifin könül dünyasının epik-lirik
duyğulara bələndiyini hiss edirik. “Durnaların qərib
uçuşu” mənsur şeirini oxuyan hər kəsi
bürüyən bədbin hisslər yağılar tərəfindən
qəddarcasına işğal edilmiş yurd yerlərimizin həsrətinin
ifadəsidir.
... Həə,
bu da “Yollar” və “Beşik nəğməsi”... Bu mənsur
şeirlərdə Zemfira xanım sanki öz körpəlik
beşiyindən boylanır və tükənməz bir yol
başlayır. Ana dilimizə məhəbbəti vallah bundan
gözəl ifadə eləmək olmazdı, məncə.
Layladan başlayır Vətən sevgisi, bəli. O da bax beləcə
deyir: “Doğma dilimizi körpə çağlarımızdan
bizə sevdirən ana laylasına borcluyuq, bizi dünyaya gətirən,
öz ciyərparasına həyat verən ilahi
varlığın laylasına. Qəlboxşayan, kövrək,
incə hisslər oyadan beşik nəğməsi
anamızın dodaqaltı zümzüməsiylə mənəvi
dünyamıza qida verib”.
Ömür
bir yoldur: bahar-yaz fəslində əriş-arxac olan. Bu, bir
karvan yoludur. O karvan yalnız susuz səhralardan deyil, həm də
zümrüd ormanlardan, lilparlı bulaqların-çeşmələrin
üstündən keçir.
Sarvanı bizlərik o karvanın, yorulub yollarda qalsaq da, mənzil
başına zamanında çatsaq da. Zemfira xanımın
söz açdığımız
yaradıcılığı da yolçusu olduğu
daşlı-kəsəkli, enişli-yoxuşlu bir ömür
yoluna bənzəyir.
Məhəmməd NƏRİMANOĞLU
525-ci qəzet.- 2017.- 7 yanvar.- S.12.