Avropanı - Türkiyə daxil - niyə sevirəm  

 

"Səhər-səhər" rubrikasında

 

 

İnsan qanına susamış müxtəlif radikal qüvvələr İslamın müqəddəs adıyla möhtəkirlik edərək  müsəlmanları öldürərkən...

 

Şiələrin, ya sünnilərin hakim  olduqları  nüfuzlu dövlətlər  başqa müsəlman ölkələrində hərəsi öz təriqətinə mənsub olanları bir-biriylə ölüm-dirim  savaşına  təhrik edərkən...

 

Nüvə fövqəldövlətləri Şimali Afrika, Yaxın Orta Şərq  məmləkətlərində bir müstəbidləri devirib, başqa müstəbidləri qoruyaraq xalqları başıpozuqluğa, hərcmərcliyə, xaosa, min cür müsibətə düçar edərkən...

 

İraqda Suriyada bombardmanlardan on minlərlə dinc əhali - qocalar, qadınlar, körpələr tələf olarkən...

 

Yüz minlərlə müztərib insan dopdolu, etibarsız qayıqlarda açıq dənizə çıxıb ölümdən qurtulmaqçün ölümün ağuşuna atılarkən...

 

Qoca Avropa öz  şəhərlərində terrorçu partlayışları qəddarlıqla  üzləşəcəyini  bilə-bilə  üzləşdiyinə  baxmayaraq, “yadlarıxilas edərkənözününkülərintəhlükəsizliyini risqə atacağını dərk edərək yenə   qucağını bu biçarələrə açır, sahil qoruma gəmilərini göndərərək onları suların girdabından qurtarır...

 

Bax buna görə - bütün təzadlarına, ziddiyyətlərinə, naqisliklərinə rəğmən   Avropanı, ya ən azı onun özgə insanların dərdinə biganə qalmayan ölkələrini sevirəm. O ölkələri ki, humanizm, tolerantlıq-dözümlülük dəyərlərini, hər bir insanın -hansı millətə, irqə, dinə mənsub olmasına məhəl qoymadan yaşamaq haqqına  tapınmağı  rahat, arxayın  tox həyat  sürməkdən üstün tutur.

 

Türkiyəni  Avropa evinəburaxmamaqçün hansı bəhanələr gətirirlər gətirsinlər, Atatürk  məmləkəti coğrafi cəhətdən , siyasi quruluşuna görə Avropanın ayrılmaz parçasıdır. Asiyayla Avropanı yalnız real yox, həm mənəvi körpülərlə bir-birinə qovuşduran Türkiyə - sekulyar, layiq, dünyəvi, demokratik, çoxpartiyalı dövlət olaraq Avropanın müsəlman ölkəsidir özterrorçularından əzab çəkə-çəkə, hər gün neçə-neçə insanını xain təcavüzlər nəticəsində itirə-itirə, sərhədlərini milyonlarla Suriya qaçqınlarına açır, onlara  torpaqlarında sığınacaq verir. Mən Avropanın qapılarınıbaşqalarınınüzünə bağlı saxlayan qapalıxristian klubkimi yox, haçansa Azadlıq, Bərabərlik, Qardaşlıq  şüarlarını bəyan edən bunlara etibarlı qalmağa cəhd edən qitə kimi sevirəm. Təsadüfü deyil ki, despotik ölkələrin müxalifətçiləri Avropanı qədər qınasalar da, söysələr , nicat tapmaq məqamı gələndə  məhz Qərbə üz tuturlar.

 

Arzu edirəm ki, mühacirlərin neçə-neçə nəsli, o sıradan son nəsli , heç olmasa, minnətdarlıq hissindən məskən saldıqları ölkələrin mənəvi dəyərlərinə, həyat tərzinə, ənənələrinə sayğıyla yanaşsınlar, “gəmidə oturub gəmiçiylə dava etməsinlər”. Sidq ürəkdən ona da inanmaq istəyirəm ki, Avropanın əzəli vətəndaşları lap demokratik seçki yoluyla olsa belə, radikal qüvvələrin, ifrat millətçilərin, qatı şovinistlərin, bütüngəlmələrəqarşı nifrət püskürən ultraların hakimiyyəti ələ almasına imkan verməyəcəklər.  Bütün başqa  xalqlara, yaxın uzaq qonşulara düşmən gözüylə baxmaq, kor-koranə nifrət,  ədavət  gec-tez belə yalançı patriotların öz xalqlarının başında partlayır. Nasist Almaniyasının, faşist İtaliyasının, totalitar rejimlərin hökm sürdüyü digər ölkələrin acı aqibətini, tar-mar olmalarını xatırlamaq yetərlidir. 

 

Binəsib, bədbəxt qaçqınları qəbul edən, özgə dərdini, fəlakətini  sözdə, dildə yox, əməldə bölüşən, kimsəsizlərə hayan olan, qahmar duran Avropaya təşəkkürlər! İlk olaraq qapılarını müztərib insanların üzünə açan Türkiyəmizə, bitib-tükənməz qaçqın axınlarının qarşısında süpər olub Avropanı da bu sunamidən qoruyan Türkiyəyə təşəkkür!

 

Qədəm basdığımız ildə Avropaya da, Rusiyaya da, Türkiyəyə də, vətənim Azərbaycana da, dünyanın bütün ölkələrinə və xalqlarına da dinclik, hüzur, rifah, xeyir-bərəkət, inqilablarsız, çevrilişlərsiz günlər, aylar diləyirəm. Nə vətəndaş, nə qeyri müharibələr baş versin, heç bir ölkə özgəsinin torpağına tamah salmasın, kiməsə arxalanıb qamarladıqlarından da dava-dalaşsız əl çəksin.

 

ANAR

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri

 

525-ci qəzet.- 2017.- 7 yanvar.- S.11.