Ölümündən sonra da doğulan
şair
ƏDALƏT ƏSGƏROĞLUNUN 60 YAŞINA
Ədalət
Əsgəroğlu... Yaşasaydı, bu il yanvarın 7-də
öz ad gününü-60 yaşını qeyd edəcəkdi.
Amma 57 yaşında qəfil, mən deyərdim gözlənilməz
bir ölüm haqladı onu.
Ədalət
həyatda çox nikbin, xoşhal, xoşbəxt bir adam kimi
görünürdü. Son iş yeri-Yazıçılar
Birliyinin mətbuat xidmətinin rəisiydi. Dəfələrlə
onun o balaca otağında görüşmüşük. Hər
dəfə bir sorğuyla gəlirdim yanına,
çıxıb getmək istəyəndə “Sən Allah,
bir dayan!” deyib məni saxlayır, öz təzə şeirlərini
oxuyurdu. Öz oxumağından ləzzət alırdı.
Əslən
göyçaylı idi. Böyük həmyerliləri Rəsul
Rza və Əli Kərimlə fəxr edirdi. Onların hər
ikisinə şeirlər həsr etmişdi. İlk şeiri
-”Zirvələr”- “Azərbaycan pioneri” qəzetində dərc
ediləndə cəmi 12 yaşı vardı. Ədalət
deyirdi ki, uşaqlıqdan söz deməyə həvəsim
olub. Anamın söylədiyi incə, həzin bayatılar
içimdə qəribə duyğular oyadırdı.
Çalışırdım ki, mən də bayatı
yazım. Anam dünyasını vaxtsız dəyişdi,
neçə bayatını da özüylə apardı.
Doqquzuncu sinifdə oxuyanda Rəsul Rzanın - o böyük
şairin qarşısında bir şeir oxudum. Bəyəndi,
amma dedi ki, çox oxu, mütaliə elə...
ADU-nun
Filologiya fakültəsini bitirmişdi. İlk şeir
kitabı - “Yaz ilə gələn sevda” -1990-cı ildə
işıq üzü gördü. Sonralar daha səkkiz
kitabı çapdan çıxdı.
Öz
yaşıdları arasında seçilirdi.
Axtarışdaydı, obrazlı fikir, təzə deyim
axtarışında. Mərhum tənqidçimiz Aydın Məmmədovun
vaxtında dəqiq ifadə etdiyi bir fikrini xatırlayıram:
“Şeir axtarışlarının əsasını -
obrazlı təxəyyülü dərinləşdirərək
şeir fərdiyyətini, şeir orijinallığını,
şeir bənzərsizliyini poeziyanın aparıcı amilinə
çevirmək təşkil edir”. Ədalət də öz
şair fərdiyyəti ilə seçilməyə can
atırdı və artıq əhəmiyyətli dərəcədə
seçilirdi.
Səhərin
süd kimi
aydınlığından
keçib
Axşamın
əsmər üzünə
yağdı
yağış.
Gözlərimdən
ürəyimə
axdı
yağış.
Ürəyimdə
yay
yağmuru kimi ilıq,
Dəli-dolu
sevdalar...
Baxışlarım
yelkənləri
qabarmış
qayıqlar
kimi üzər
dan yerinə;
ağbirçəkli
anna!
ağ ləçəkli
anna!
Dan yerinə
qonan
göyərçin
ana!
Könlümcə
yağan yağış
Sənin
yağışındı belə,
Səhərin
aydınlığından keçib,
Yağdı
axşamın
əsmər
üzünə.
Bu, Ədalətin
şeiridir. Kimsə yağışla anaya məhəbbəti
belə ifadə etməz. Ədalət Əsgəroğlu həmişə
belə inadla Sözə poetik məna verməyə can
atırdı. Onun özünün də, mənim də,
oxucularının da bəyəndiyi şeirlərin
adlarını çəkmək istəyirəm. “Bənövşə
qarının gülöyşə narı”- əkdiyi nar
ağacının meyvələri hər payız beləcə
quşların, uşaqların qisməti olur. Amma Bənövşə
qarının dərdi bu deyil. Başqa bir dərdi var:
Hələ
yaşanmamış günlər içindən,
Hələ
deyilməmiş sözlər içindən,
Hələ
dərilməmiş, hələ dəyməmiş,
Meyvələr
içindən,
Baxır
bir qarı-
Qarabağ
adlanan həsrətə sarı.
Ədalətin
Qarabağ dərdi ilə bağ lı şeirləri də
ayrıca bir söhbətin mövzusudur.
Həmişə
tədbirlərdə oxuduğu bir şeiri vardı ki, Ədalət
o şeirdə şairliyin məşəqqətini, əzabını,
amma bu əzabların onu ruhən sakitləşdirdiyini qələmə
almışdı - “Mən şeir yazıram min bir
günahnan, Günah taleyimdi, yazmasam olmur”. Bir şeiri də
vardı: “Qırmızı lalələrin içindən
boylanan kədər”. Bir körpənin-Fəridənin
ölümündən kədərlənib yazmışdı
bu şeiri. Şeir başdan-ayağa təşbih və
metafora ilə “rənglənib”.
“Gül...sevimli
Fəridə! Dağ döşündə bitən
qırmızı lalələrin içindən boylanan kədər”.
2011-ci ildə
“Vektor” Beynəlxalq Elm Mərkəzinin Şahmar Əkbərzadə
adına Beynəlxalq Ədəbiyyat Mükafatına layiq
görülmüşdü. Bir il sonra “Vektor” Nəşrlər
evi “Ədalət Əsgəroğlu-Haqdan gələn gözəl
gəlir” kitabını nəşr etdi və bu kitabda Ədalət
haqqında, onun poeziyası barədə qələmə
alınan yazılar toplanıb. Mən iki yazının üzərində
lap qısaca dayanmaq istərdim. Yazıçı-filosof Firuz
Mustafa yazır: “Ədalət Əsgəroğlu
dünyanın adi seyrçisi deyil. O, içində
yaşadığı və içində
yaşatdığı dünyanı dərk etməyə,
anlamağa çalışır.
Ə.Əsgəroğlunun
şeirlərində təsəvvüfdən gələn poetik
məqamlar diqqəti cəlb edir”. Bu sitatı niyə gətirdim?
Ədalət son illərdə sufiyanə şeirlər
yazırdı, təsəvvüfü, onun məntiqini
qavramağa can atırdı. Təsəvvüf fəlsəfəsi
bu gün-keşməkeşli zamanın təzadlı, son dərəcə
mürəkkəb olayları içində
çırpınan, mütərəddid hallar keçirən
insana poeziyanın dililə əsl həqiqətin
ünvanını göstərir.
Ağam,
məni sınağa çək,
Suallar
sirr olan yerdə.
Alın
yazım möhürlənir,
Mövlanə
pir olan yerdə.
Sevənlər
eşqdən bayılır,
Qumrusu erkən
ayılır.
Tikanlar
güldən ayrılır,
Aşiqlər
bir olan yerdə.
Əsgəroğlum,
haqqın qulu,
Sevdalıdır
ömür yolu.
Qansızlar
qan tökmür, durur,
Kön
üllər şürr olan yerdə.
“Qansızlar
qan tökmür, durur, Könüllər hürr olan yerdə”
- məncə, müasir ürfani şeirin təyinedici
gücünü də bunda axtarmaq lazımdır. İnsan mənən
saflaşmalı, haqqa gedən yolda Allah eşqinə
tapınmalı, bu yolda tikanları güldən seçməyi
bacarmalıdır. İrfan yolu seçənlərin
hamısı divanədir. Haqq divanəsi. Bu yolda ölüm
varsa, o da haqqdan gəlir.
Ölüm,
ölüm haqq işidir,
O da
gözəl, bu da gözəl.
Yarın
yara can borcu var,
Yar
bağrımı, buda gözəl.
Sığmır
səbətə bir çiçək,
Tər
çiçəyin özü gerçək.
Söz də
zamanında göyçək,
Aynasında
buta gözəl.
Əsgəroğlum,
eşqimdi şah,
Şaxələnib
budaq-budaq.
Qüdrətdən
çəkilib bu dağ
Könlümcədir bu dağ, gözəl.
Həmin adını çəkdiyim kitabda şair Zahir Əzəmət yazır ki Ədalətin “Xocam Xocalı” poeması Xocalı faciəsi haqqında yazılan çoxsaylı əsərlərdən bir neçə məziyyətinə görə köklü surətdə fərqlənir. Əsərdə Xocalının fərqli obrazı yaradılıb. Mən də bu fikirlə şərikəm. Poemada hədəf daha genişdir. Burada son iyirmi beş ilin Azərbaycan məmləkəti DƏRDİMİZİN QAN RƏNGİ obrazında metaforikləşib. Qan burada Xocalıdan bütün dünyaya yayılan, ahın, kədərin rəmzidir. Qan burada tarixdir- o zaman bir məmləkətin təklənməsi, səsinin, fəryadının boğulması, öz içində qərq olmasıdır.Ədalət Əsgəroğlu qan kəlməsinin doğurduğu bütün mənalara, metaforik çalarlara üz tutur.
...nə əcəb,
dərd deyirlər buna?
Yox,
oğlum, dərd deyil bu!
Bu,
müqəddəs bir can!
Ortalıqda
dumduru qan
Axır...axır...axıracan...
Xocalıdan
Bakıyacan,
Qan
boyalı villalardan
Cana
doymuş çadıracan.
Bu təsvirdən
sonra Ədalət poetik ahəngi zəiflətmədən
publisistik ahəngi qüvvətləndirir. Dərdimizin niyə
qan rənginə boyanmasının səbəblərini
arayır. Aşıb-daşan sərt ehtiraslar gəlir, bu
ehtriaslar, əslində, ittihamlardır. Bu gün də təəssüf
ki, bu dərdi içində yaşatmayanlar, milli sərvəti
mənimsəyib talan edənlər tapılır.
Milli Sərvət-
qanım
mənim
gah
tıncıxan,
gah
üzülən canım mənim.
Bu boyda
qan
bu yolda
can
niyə
olmur sənə qurban,
Azərbaycan!
Ədalət
Əsgəroğlu haqqında ondan yaşlı söz
adamları da hərarətlə tam səmimi söz
açırdılar. Həm istedadlı şair olduğuna
görə, həm də vəzifəsini ləyaqətlə,
doğru-dürüst yerinə yetirdiyinə görə.
Yazıçılar Birliyinin sədri, Xalq
yazıçısı Anar onun haqqında yazmışdı:
“Mən Ədalətin yaradıcılığı ilə
yaxından tanış olanlardanam. Bu zəngin
yaradıcılıq içərisində hər kəsin
seçdiyi, bəyəndiyi şeirlər, poemalar çoxdur.
O, həm də adında olan ədalət keyfiyyətini
özündə daşıyan bir şəxsdir”. Xalq şairi
Fikrət Qoca Ədalətin 50 illik yubileyində ürək
sözlərini belə ifadə etmişdi: “Böyük təsəvvüf
piri Mövlanə Cəlaləddin Ruminin YUNESKO-nun təşəbbüsü
ilə keçirilən 800 illik yubileyinə həsr olunmuş
şeir müsabiqəsinin qaliblərindən biri Ədalət
Əsgəroğlu oldu. Şeirlərində cəsurluq,
qorxmazlıq, həyat eşqi aşılayan söz
adamını gördüm”. Rəşad Məcid isə
yazıb: “Ədalət Əsgəroğlu gözəl
şairdir, gözəl insandır, gözəl yol
yoldaşıdır, gözəl ailə
başçısıdır. Onun bu maddiləşmiş, ədəbiyyatın,
sözün arxa plana keçdiyi zəmanəmizdə
poeziyanı uca tutması, sözə verdiyi qədir-qiymət
hörmətə layiqdir. Onun şeirlərinin kökü
dilimizin, genimizin qədimliyindən süzülüb gəlir”.
Bu gün sıralarımızda olmayan, amma heç vaxt
unutmadığımız Arif Əmrahoğlu deyirdi: “Ədalət
Əsgəroğlu üçün də söz candı”. Nəhayət,
Musa Yaqub: “Mən Əsgəroğlunun “Ədəbiyyat qəzeti”ndə
şeirlərini oxudum. Təəccübləndim və təəccübümü
bu gün də gizlətmirəm. Şair öz dərdini, kədərini,
ağrı-acısını nə qədər sevə-sevə,
əzizləyə-əzizləyə tərənnüm edərmiş...və
şair öz ürəyini necə sərbəst, azad qoruyub
saxlaya bilərmiş...”
Ədalət bir şeirində
yazmışdı ki: “Ölümdən bu yana sözün dəlisi,
O yana yenə də şair doğula”. Ədalət Əsgəroğlu
ölümündən əvvəl də gözəl şair
idi, dost idi, ölümdən sonra yenə unudulmur, yenə bir
şair kimi doğulur.
Vaqif
YUSİFLİ
Filologiya
elmləri doktoru
525-ci qəzet.- 2017.- 7 yanvar.- S.10.