Dövlət Miqrasiya Xidməti: 10 illik fəaliyyətin
uğurlu nəticələri
" Bir pəncərə" prinsipinin tətbiqi
ölkədə miqrasiya prosesslərinin daha çevik və
işlək mexanizmlər əsasında
idarə edilməsinə səbəb oldu
Müstəqil Azərbaycan dövlətinin
miqrasiya siyasətini Dövlət Miqrasiya Xidməti həyata
keçirir.
Hüquq-mühafizə orqanı
statusuna malik olan bu qurumun yaradılmasında əsas məqsəd
miqrasiya məsələlərini tənzimləmək və
ölkəyə qanunsuz mühacir axınının
qarşısını almaqdır. Buna qədər isə 2006-cı ilin
iyulun 25-də prezident İlham Əliyev "Azərbaycan
Respublikasının Dövlət Miqrasiya Proqramı"nı təsdiq etmişdi. Bu,
dövlət proqramı 2006-2008-ci illəri əhatə edirdi.
Sənədin əsas mahiyyəti miqrasiya sahəsində
dövlət siyasətinin həyata keçirilməsi,
miqrasiya idarəetmə sisteminin inkişaf etdirilməsi,
miqrasiya proseslərinin tənzimlənməsi və
proqnozlaşdırılması, bu sahədə qanunvericiliyin
beynəlxalq normalara və müasir dövrün tələblərinə
uyğun təkmilləşdirilməsi, qanunların tətbiqinin
effektivliyinin təmin edilməsi, miqrasiya sahəsində vahid məlumat
bankının, müasir avtomatlaşdırılmış nəzarət
sisteminin yaradılması, qeyri-qanuni miqrasiyanın
qarşısının alınması, beynəlxalq əməkdaşlığın
inkişaf etdirilməsi tədbirlərinin həyata
keçirilməsindən ibarət idi. Proqramda
miqrasiya proseslərinin xüsusiyyətləri, dövlət
siyasətinin prioritet istiqamətləri öz əksini
tapmışdı. Bununla yanaşı
proqramın əhatə etdiyi dövr ərzində
ayrı-ayrı dövlət qurumları ilə əlaqəli
şəkildə həyata keçirməli olduqları tədbirlər
qeyd edilmişdi. Daha sonra isə təsdiq edilmiş
"Azərbaycan Respublikasının Dövlət Miqrasiya
Proqramı" əsasında miqrasiya sahəsində vahid
dövlət siyasətini həyata keçirən xüsusi
dövlət orqanının yaradılması zərurətini nəzərə alan prezident
İlham Əliyev 2007-ci ilin martın 19-da Dövlət Miqrasiya
Xidmətinin yaradılması haqqında fərman imzaladı. Eyni zamanda, fərmana əsasən xidmətin əsasnaməsi
təsdiq edildi.
Miqrasiya sahəsində
"bir pəncərə" prinsipi
Dövlət Miqrasiya Xidmətinin
yaradıldığı vaxtdan miqrasiya proseslərinə
dövlət nəzarətinin gücləndirilməsi məqsədi
ilə zəruri normativ hüquqi aktlar qəbul edildi, bir
sıra institusional və təşkilati tədbirlər həyata
keçirildi.
2009-cu ilin martın 4-də miqrasiya proseslərinin vahid və
çevik prosedurlar əsasında tənzimlənməsi, sənədləşmənin
sadələşdirilməsi məqsədilə prezident
İlham Əliyev "Miqrasiya proseslərinin idarəolunmasında
"bir pəncərə" prinsipinin tətbiqi
haqqında" fərman imzaladı. Adıçəkilən
fərmanın tətbiqi ölkədə miqrasiya proseslərinin
daha çevik və işlək mexanizmlər əsasında
idarə edilməsinə, bu sahədə operativliyin təmin
edilməsinə və həllini gözləyən problemlərin
aradan qaldırılmasına səbəb oldu. Fərmana əsasən,
2009-cu il iyulun 1-dən miqrasiya proseslərinin
idarəolunmasında "bir pəncərə" prinsipinin tətbiq
edilməsinə başlanıldı və bu prinsip üzrə
vahid dövlət orqanının səlahiyyətləri
Dövlət Miqrasiya Xidmətinə həvalə edildi.
"Bir pəncərə" prinsipi
çərçivəsində Dövlət Miqrasiya Xidməti
əcnəbilərə və vətəndaşlığı
olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində
müvəqqəti və daimi yaşamaq üçün icazələrin
və müvafiq vəsiqələrin verilməsini, onların
qeydiyyata alınmasını, Azərbaycan Respublikasına gələn
əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin ölkədə müvəqqəti
olma müddətinin uzadılmasını, həmçinin
ölkə ərazisində haqqı ödənilən əmək
fəaliyyəti ilə məşğul olmaq üçün
iş icazələrinin verilməsini həyata keçirir. Bununla belə, Xidmət vətəndaşlıq məsələlərində
iştirak edir və qaçqın statusunu müəyyənləşdirir.
Qeyri-qanuni miqrasiyaya
qarşı mübarizə tədbirlərinin gücləndirilməsi,
xidmətin fəaliyyətinin təkmilləşdirilməsi məqsədi
ilə prezident İlham Əliyevin 2009-cu ilin aprelin 8-də
imzaladığı fərmanla Dövlət Miqrasiya Xidmətinə
hüquq-mühafizə orqanı statusu verildi.
Dövlət
Miqrasiya Xidməti yanında İctimai Şura
"İctimai
iştirakçılıq haqqında" Azərbaycan
Respublikasının qanunu uyğun olaraq Dövlət Miqrasiya
Xidməti yanında İctimai Şuranın yaradılması
qərara alınmışdı. Bu məqsədlə 2015-ci ilin
mayın 20-də Nazirlər Kabinetinin "İctimai
şuranın vətəndaş cəmiyyəti institutları
tərəfindən seçilməsinə dair Əsasnamə"nin müvafiq tələbləri rəhbər
tutularaq İctimai Şuraya ilk dəfə seçkilər
keçirilib. Seçkidə vətəndaş
cəmiyyəti institutlarının 36 nümayəndəsi
seçici qismində iştirak edib. Səsvermənin nəticəsinə
görə "Həyat" Beynəlxalq Humanitar Təşkilatının
sədri Azər Allahverənov, Azərbaycan Uşaq və Gənclərin
Sülh Şəbəkəsi və Liderlik Məktəbi
baş məsləhətçi Kənan Bağırov, Azərbaycan
Qızıl Aypara Cəmiyyətinin Miqrasiya şöbəsinin
müdiri Məmməd Kətanov, Qadın və Uşaq
Problemlərinin Araşdırılması İctimai Birliyinin sədri
Kəmalə Məmmədova, Vətəndaşların əmək
hüquqlarını müdafiə liqası təşkilatının
İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov
Dövlət Miqrasiya Xidməti yanında İctimai
Şuranın üzvləri seçiliblər. Daha
sonra - iyunun 8-də Şura ilk iclasını keçirib.
İclasda Azər
Allahverənov səsvermə yolu ilə Dövlət Miqrasiya
Xidməti yanında İctimai Şuranın sədri
seçilib. Həmin ilin iyulun 1-də isə
Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi İctimai
Şura üzvləri ilə görüş keçirib.
Xidmətin struktur bölmə və sisteminə daxil olan qurum
rəhbərlərinin iştirakı ilə keçirilən
görüşdə Dövlət Miqrasiya Xidmətinin rəisi,
II dərəcəli dövlət miqrasiya xidməti
müşaviri Firudin Nəbiyev İctimai Şuraya
seçilmiş üzvləri təbrik edib və fəaliyyətlərində
uğurlar arzulayıb.
Xidmət rəisi miqrasiya sahəsində
dövlət siyasətini, miqrasiya proseslərinin idarə edilməsi
və tənzimlənməsində Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş səlahiyyətləri həyata keçirən,
hüquq-mühafizə statuslu mərkəzi icra hakimiyyəti
orqanı olan Miqrasiya Xidməti tərəfindən
görülən işlər, qarşıda duran vəzifələr
barədə söhbət açıb.
F.Nəbiyev miqrasiya sahəsində
son illər beynəlxalq hüququn prinsiplərinə uyğun
milli qanunvericilik bazasının yaradıldığını
xüsusi vurğulayıb, respublikamızda əcnəbilərin
və vətəndaşlığı olmayan şəxslərin
hüquq və azadlıqlarının qorunması istiqamətində
atılan addımlardan bəhs edib. Xidmətin vətəndaş
cəmiyyəti institutları ilə sıx əməkdaşlığı
qurumun fəaliyyətinə ictimai nəzarətə və
şəffaflığın artırılmasına verilən
önəmin nümunəsi kimi qeyd olunub.
"Açıq Hökumətin təşviqinə dair
2012-2015-ci illər üçün Milli Fəaliyyət
Planı"nın və "Korrupsiyaya qarşı
mübarizəyə dair 2012-2015-ci illər üçün
Milli Fəaliyyət Planı"nın icrasını təmin
etmək məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən
hazırlanmış tədbirlər planının
icrasının müvəffəqiyyətlə davam etdirildiyi bildirilib. İctimai Şuranın da Dövlət Miqrasiya Xidmətinin
əsas prioriteti olan müraciət edənlərin məmnunluğunun
təmin edilməsi, operativlik, şəffaflıq kimi prinsiplərin
daha mükəmməl şəkildə
reallaşdırılmasına öz töhfəsini verəcəyinə
inam ifadə olunub.
Dövlət Miqrasiya Xidməti
yanında İctimai Şuranın sədri Azər Allahverənov
isə şuranın gələcək planları barədə
məlumat verib. Xidmətin ictimaiyyətlə əlaqələri,
qeyri hökumət təşkilatları ilə əməkdaşlığı
istiqamətində atılan addımları, şuranın
yaradılmasını yüksək qiymətləndirib.
Görüşün sonunda
II dərəcəli dövlət miqrasiya xidməti müşaviri
F.Nəbiyev İctimai Şuranın üzvlərinə
üzvlük vəsiqələrini təqdim edib, bu məsuliyyətli
işlərində uğurlar arzulayıb və onların aktiv
fəaliyyət göstərmələrinin zəruririliyini bir
daha diqqətə çatdırıb.
Miqrasiya sahəsində
beynəlxalq əməkdaşlıq
Miqrasiya sahəsində dövlət
siyasətinin həyata keçirilməsi, idarəetmə
sisteminin inkişaf etdirilməsi, miqrasiya proseslərinin tənzimlənməsi
və proqnozlaşdırılması, bu sahədə
müvafiq dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi
məqsədilə yaradılmış Dövlət Miqrasiya
Xidmətinin əsas fəaliyyət istiqamətlərindən
biri də ölkələrarası dialoqun gücləndirilməsi,
müvafiq sahələr üzrə əməkdaşlığın,
qanunsuz miqrasiya ilə mübarizə sahəsində əlaqələrin
genişləndirilməsi, miqrasiya və inkişafın əlaqəli
idarəolunması sahəsində praktiki və innovativ təcrübələrin
tətbiqi məqsədilə xarici dövlətlərin
müvafiq qurumları, beynəlxalq və qeyri-hökumət təşkilatları
ilə əməkdaşlıq əlaqələrinin
inkişaf etdirilməsidir. Bununla əlaqədar
olaraq Dövlət Miqrasiya Xidməti miqrasiya proseslərinin
daha effektiv tənzimlənməsi üçün
mümkün beynəlxalq alətlərdən istifadə edir,
miqrasiya sahəsində fəaliyyət göstərən beynəlxalq
təşkilatlarla və xarici dövlətlərin aidiyyəti
qurumları ilə ikitərəfli və çoxtərəfli
əsaslarla əməkdaşlıq edir.
Dövlət Miqrasiya Xidməti
çoxtərəfli əsasda Beynəlxalq Miqrasiya Təşkilatı
(BMqT), Avropa İttifaqı (Aİ),
BMT-nin Qaçqınlar üzrə Ali
Komissarlığı (BMT QAK), Müstəqil Dövlətlər
Birliyi (MDB), Miqrasiya Siyasətinin İnkişafı üzrə
Beynəlxalq Mərkəz (MSİBM), həmçinin ikitərəfli
münasibətlər əsasında Türkiyə, Rusiya,
Niderland Krallığı və digər ölkələrlə
qanuni miqrasiya, miqrasiyanın effektiv idarə olunması,
readmissiya, könüllü qayıdış, miqrantların
sosial müdafiəsi sahəsində əməkdaşlıq əlaqələrini
genişləndirir, birgə layihələr həyata
keçirir, eyni zamanda miqrasiya sahəsində qabaqcıl və
innovativ xarakterli təcrübələri öyrənir.
Azərbaycan Respublikası
BMqT-yə üzv olduqdan sonra bu təşkilatla ölkəmiz
arasında əməkdaşlıq daha da inkişaf etdirilib. Bu qurumla
Dövlət Miqrasiya Xidməti arasında miqrasiya proseslərinin
tənzimlənməsi, səmərəli readmissiya idarəçiliyinin
yaradılması, sığınacaq axtaran şəxslərlə
müsahibələrin aparılması, əmək bazarı
informasiya sisteminin gücləndirilməsi və digər maraq
kəsb edən istiqamətlərdə mütəmadi olaraq
görüşlər keçirilir və fikir mübadiləsi
aparılır. Faydalı əməkdaşlığımızın
nəticəsi kimi 2015-ci ilin sentyabrın 2-dən 3-dək Azərbaycan
Hökumətinin dəvəti əsasında BMqT-nin baş
direktoru Uilyam Leysi Svinqin ölkəmizə rəsmi səfəri
və prezident İlham Əliyevlə görüşü
dövlətimizin bu təşkilata verdiyi önəmin bariz
nümunəsidir. Təşkilat ölkəmizdə
miqrantların hüquqlarının qorunmasına, onların
davamlı inteqrasiyasına yönəlmiş bir sıra önəmli
layihələr həyata keçirib. Hazırda
"Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi
üzrə potensialların gücləndirilməsi" layihəsi
uğurla həyata keçirilməkdədir.
Qaçqın və
məcburi köçkünlərin problemlərinin həlli
Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində BMT QAK ilə səmərəli əməkdaşlıq edir. Təşkilatın Azərbaycandakı Nümayəndəliyi ilə Xidmət əməkdaşları arasında qaçqın statusunun müəyyənləşdirilməsi, sığınacaq axtaran şəxslərin mənşə ölkələrinə könüllü surətdə qaytarılması və digər maraq kəsb edən mövzularda müntəzəm olaraq işgüzar görüşlər keçirilir. Hazırda BMT QAK ilə birgə "Şərqi Avropada və Cənubi Qafqazda Sığınacaq Sistemlərinin Keyfiyyətinin Artırılması Təşəbbüsü" (ŞACQKT) layihəsi həyata keçirilir.
Dövlət Miqrasiya Xidməti beynəlxalq dialoq alətləri, o cümlədən, qaçqınların müdafiəsi və beynəlxalq miqrasiya üzrə məşvərətçi proses olan Almatı Prosesi, Aİ ölkələri, Şengen ölkələri, Şərq Tərəfdaşlığı və Qərbi Balkan, Mərkəzi Asiya ölkələri, Rusiya və Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa təkan vermək məqsədi ilə yaradılmış Praqa Prosesi və miqrasiyanın dayanıqlı tənzimlənməsi sisteminin yaradılması istiqamətində fəaliyyət göstərən, 50-dən çox hökumət və 10 beynəlxalq təşkilatdan ibarət Budapeşt Prosesi çərçivəsində əməkdaşlıq əlaqələrini genişləndirir.
Ümumilikdə, Dövlət Miqrasiya Xidmətinin 10 illik fəaliyyəti bunu deməyə əsas verir ki, həyata keçirilən işlər bu sahədə mövcud olan bir çox problemlərin aradan qaldırılmasına gətirib çıxarıb. Bunun nəticəsidir ki, hazırda ölkəyə qanunsuz yollarla daxil olmağa çalışanlar xarici ölkə vətəndaşlarının qarşısı qətiyyətlə alınır, eləcə də miqrasiya prosedurları "Bir pəncərə" prinsipi əsasında tam hüquqi çərçivədə yerinə yetirilir ki, bu da Azərbaycanda dövlət təhlükəsizliyinin qorunması kimi mühüm məsələdə Dövlət Miqrasiya Xidmətinə öz vacib rolunu layiqincə yerinə yetirməyə imkan verir.
Ceyhun ABASOV
525-ci qəzet.-
2017.- 10 yanvar.- S. 8.