"Qarabağ Muğam
Mərkəzinin konsert proqramları maraqla qarşılanır"
Yola saldığımız il Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinin fəaliyyətində uğurlu illərdən hesab olunur.
Mərkəzin direktoru Tofiq Cəfərovun dediklərinə görə, kollektiv həmin dövrdə Qarabağ regionun mədəni həyatının canlanmasında, muğam ifaçılıq sənətinin daha da inkişaf etdirilməsində önəmli rol oynayıb.
Muğam Mərkəzinin müəllim və şagirdləri bölgələrdə keçirilən mədəni-kütləvi tədbirlərdə, cəbhəyanı ərazilərdə, hərbi hissələrdə təşkil olunan konsertlərdə, müxtəlif muğam müsabiqələrində, musiqi festivallarında yaxından iştirak ediblər.
Respublikanın digər bölgələrində də fəaliyyəti ilə yaxşı tanınan kollektiv Mədəniyyət və Turizm Nazirliyinin tapşırığına əsasən, Beyləqan,
Zərdab,
İmişli və
Yevlax rayon mədəniyyət mərkəzlərində "Muğam dünyamız" adlı konsert proqramı ilə çıxışlar təşkil edib. Bu cür tədbirlərin
yaxın vaxtlarda digər rayonlarda da keçirilməsi nəzərdə tutulub.
T.Cəfərov deyir ki, ötən il Muğam
Mərkəzinin yetirmələri
ciddi uğurlara imza atıblar. Mərkəzin şagirdi Ceyhunə Şirəliyeva
Xan Şuşinski adına III respublika
muğam festivalında
3-cü yeri tutaraq, xüsusi medal və diplomla təltif olunub.
Həmin müsabiqədə
fəal iştirak etdiklərinə görə
digər şagirdlər-
Nəcibə Məmmədova,
Nərmin Sultanova və Zəhra Məmmədova isə fəxri fərmanlara layiq görülüblər.
Bundan əlavə, Gənclər
Fondunun dəstəyi ilə təşkil olunan müsabiqədə Mərkəzin 6 nəfər
şagirdi uğur qazanıb. Onlardan 3 nəfəri, Ceyhunə Şirəliyeva, Zəhra Məmmədova və Nərmin Sultanova ilk üç fəxri yeri tutaraq, xüsusi diplomlarla mükafatlandırılıb,
3 nəfər isə fəxri fərmanlarla təltif olunub.İfaçıların
peçəkarlıq və
səhnə mədəniyyəti
səviyyəsinin artması
münsiflər heyəti
tərəfindən xüsusi
qeyd olunub.
Yəhya PAŞAZADƏ
525-ci qəzet.-
2017.- 10 yanvar.- S. 8.