Cəlil Məmmədquluzadənin əsərləri Litva dilində
Görkəmli Azərbaycan yazıçısı, böyük demokrat ədib Cəlil Məmmədquluzadənin əsərləri XX əsr ərzində ana dilindən başqa, yalnız rus və fars dillərində kitab halında nəşr edilib.
Ölkəmiz dövlət müstəqilliyi qazandıqdan sonra yazıçının əsərlərinin dünya
ölkələrində nəşr edilməsi sahəsində mühüm addımlar atılmaqdadır. Azərbaycan Milli Elmlər Akademiyasının
vitse-prezidenti, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə
Cəlil Məmmədquluzadənin
dram və nəsr əsərlərindən, publisistik
məqalələrindən seçmələr tədqiqatçının
ön sözü və təqdim etdiyi fotomateriallarla birlikdə Rusiyada (1999), Pakistanda (2004), Misir Ərəb Respublikasında
(2008), Macarıstanda (2012) və
Gürcüstanda (2016) kitab
halında çap edilərək həmin ölkələrin ictimaiyyətinə
çatdırılıb, böyük
maraq doğurub.
Bu günlərdə
Cəlil Məmmədquluzadənin
"Nigarançılıq" adlı daha bir kitabı Litva Respublikasının paytaxtı Vilnüs şəhərində nəşr
edilib. Kitaba görkəmli yazıçının
"Danabaş kəndinin
əhvalatları" povestindən
bir parça, "Poçt qutusu", "Kişmiş oyunu",
"Dəllək", "Pirverdinin xoruzu", "Fatma xala", "Qurbanəli bəy",
"Quzu", "Nigarançılıq",
"Konsulun arvadı",
"Xanın təsbehi",
"Qəssab", "Zırrama",
"Rus qızı",
"Saqqallı uşaq",
"Buz", "Hamballar",
"Bəlkə də
qaytardılar", "İki ər" hekayələri, "Niyə
məni döyürsünüz"
felyetonu və "Kamança" pyesi daxil edilib. Kitabın ideya müəllifi və ön sözün müəllifi
akademik İsa Həbibbəylidir. Cəlil
Məmmədquluzadənin əsərlərini
litva dilinə Litva Dövlət mükafatı laureatı,
Yazıçılar İttifaqının
üzvü, professor İrena
Aleksaite və Litvada yaşayan tanınmış ədəbiyyatşünas,
publisist və tərcüməçi Mahir
Həmzəyev tərcümə
ediblər. Tərcüməçilər görkəmli yazıçının
əsas qayəsini və orijinalın koloritini Litva oxucularına çatdıra
biliblər.
Akademik İsa Həbibbəylinin "Nigarançılıq"
kitabına yazdığı
"Cəlil Məmmədquluzadə
- Molla Nəsrəddin
- Mirzə Cəlil"
adlı ön sözdə Azərbaycan ədəbiyyatının görkəmli
yaradıcılarından olan
böyük demokrat yazıçının tərcümeyi-halının
əsas məqamları,
əsərlərinin ən
mühüm ideya-bədii
xüsusiyyətləri və
dünya şöhrəti
Litva oxucularına çatdırılıb. Mahir Həmzəyev
tərcümənin doğru
anlaşılması və
Cəlil Məmmədquluzadənin
əsərlərinin milli
koloritinin asan qavranılması üçün
kitaba "İzahlar"
yazıb əlavə edib.
Cəlil Məmmədquluzadənin Litva
dilində çıxan
"Nigarançılıq" kitabında görkəmli
karikatura ustaları
Oskar Şmerlinq, Əzim
Əzimzadə və qravüraçı rəssam
Elturanın karikatura və rəsmlərindən
istifadə olunub. Kitabın üz
qabığında "Molla
Nəsrəddin" jurnalının
1906-cı ildə çap
olunmuş birinci sayından Oskar Şmerlinqin
çəkdiyi "Müsəlman
dünyasının oyanması"
rəsm əsəri verilib. Annotasiyada Azərbaycan ədəbiyyatının
klassiki, tənqidi realizmin və satirik mətbuatın banisi Cəlil Məmmədquluzadənin xalq
həyatını realist şəkildə
əks etdirdiyi, "insanların azad və ləyaqətlə yaşamasına mane olan halları satira atəşinə tutduğu"
xüsusi olaraq qeyd edilib.
Litvada nəşr olunan "Nigarançılıq" toplusu
Cəlil Məmmədquluzadənin
Baltikyanı ölkələrdə
çıxan ilk kitabıdır.
Cəlil Məmmədquluzadənin "Nigarançılıq"
kitabının tərcüməsi
və nəşri Azərbaycan Respublikasının
Litva Respublikasındakı
Səfirliyinin dəstəyi
ilə həyata keçirilib.
Hazırda akademik İsa Həbibbəyli Cəlil Məmmədquluzadənin "Poçt
qutusu" hekayəsini
dünyanın 25 dilində
müqəddimə, fotolar
və illüstrasiyalarla
birlikdə çapa hazırlayır.
525-ci qəzet.-
2017. - 10 yanvar.- S.7.