Poeziyada ayrılıq məqamı

 

Ədəbiyyatı yaşadan mənəvi qida nəşə və kədərin fikirlərdə, düşüncələrdə hər hansı şəkildə iz qoymasıdır.

Bu iki hissin, yaşantının kükrəyib daxili gücə, enerjiyə çevrilməsi insanın insana və dünyaya sevgisi ilə bağlıdır.

 Cazibə qüvvəsi kainatın ahəngini və hərəkətini tənzimlədiyi kimi, insan sevgiləri  bəşəri münasibətlərin əbədiliyini və təhlükəsizliyini təmin edir. O münasibətlərin əsl mahiyyətinin və dəyərinin nədən ibarət olduğunu bizə poeziya anladır. Ədəbiyyat insan sevgilərinin ən böyük və ən etibarlı təbliğatçısı olmaqla bərabər, onun fəlsəfi-poetik əsaslarını da ayrı-ayrı sxemlər, qəliblər şəklində hazır edib gələcəyə ötürə bilibdir. Məsələn, Füzuli ədəbi məktəbinin məhəbbət estetikası üçün düzxətlilik, arzu və məqsədlərə doğru birtərəfli hərəkət əsas şərtdir və bunun istiqaməti həsrətdən vüsala doğrudur və o vüsal anına yetişməyincə poetik nəfəs gedib-gəlməkdə, şeirin, ədəbiyyatın ömrü öz varlığını, təravətini qoruyub saxlamaqda, davam etdirməkdədir. Ona görə də bu estetikada vüsala yetmək istisna olunur. Bu sənət və ömür yolu, əlbəttə, kamala dolmağa istiqamətlənmiş şəkildə davam edir. Xətayi "Dəhnamə"də formatı bir qədər dəyişir.

Həsrətdən can qurtarıb vüsala qovuşan aşiqin yenidən ayrılıq məqamına üz tutması sevgi, eşq əzablarına qatlaşıb, bu yolda fədakarlıq missiyasını yerinə yetirməyin labüdlüyünü bir daha təsdiq edir. Burada diqqəti cəlb edən məqam vüsal anından sonra aşiqin yenidən ayrılığa üz tutmasıdır. Məhəbbətin klassik modelində tək bir qadına aşiq olub, onun nazını çəkmək allahın təkliyinə bəslənən inam və dünyagörüşü ilə bağlıdır.

Könüldə Allah duyğusu ilə ayrılıq xiffətinin eyni vaxtda baş qaldırması insanı əbədi olaraq qorxu və iztirab içində saxlayır. Bu əbədi ayrılığın mövcudluğu əbədi vüsal arzusunun, əbədi məhəbbətin göstəricisi və məzmunu olmalı idi. Özünəqədərki klassik, yeni və ən yeni dövrün sevgi romantikasını, eyni zamanda modern məhəbbət gəlişmələrini dəqiq və ətraflı mənimsəyən və bu ədəbi sistemi insanı yenidən öyrənmək üçün aktiv hala gətirən şairlərin və onların timsalında bütöv bir nəslin tam fərqli bir bədii üslubu müasir oxucunun nəzər-diqqətini cəlb etməyə, zövqünü və ruhunu oxşamağa daha çox layiqdir. Bu cür yazarların bir qismində eşq ilahi yüksəkliyin bütün səviyyələrindən endirilərək "əl çatan" məsafəyə qədər yaxınlaşdırılır, sevginin dərin elmi fəlsəfəsi deyil, nisbilik anlayışları dairəsində onun insan həyatına təsirləri barədə gah ironik, gah ciddi tonda şərhlər edilir.

 Həmin yazılarda texnokratik insana xas həyat tərzinin reallıqları da tez-tez vurğulanır, "işin xeyiri və zərəri" barədə yer həqiqətlərinə istinad edilir, lazım gəlsə, "göy" lağ və istehza hədəfinə də çevrilir. Məsələnin dərinliyinə enməklə çox zaman ovqat və xarakterlərin, çağın dəb və zövqünə tez uyğunlaşan sosiumların maraqlarına, düşüncələrinə qapı açılır. Bu, nəsri, poeziyanı qapsayan avanqardçı təmayüllərlə, həm də son onilliklərdə gündəmi zəbt edən sensasion informasiyalarla, dünyada gedən qloballaşma prosesinin milli ədəbiyyatdakı əks-sədası  ilə bağlıdır. 

Poeziyada ikinci bir tendensiya kökü Füzuli ədəbi məktəbinə gedib çıxan ənənəvi romantik-realist şeirin yeni formatda işlənməsilə bağlıdır. Məsələn, Şahnaz Şahinin yaradıcılığına ənənəvi estetikanın təsirini daha tez müəyyən etmək olur. Amma onun şair stixiyasında ədəbiyyatın sevgi, məhəbbət temasına yeni kriteriyalarla müracət edildiyini görmək olar. Bütün dövrlərdə məhəbbətdən yazan şairlər açar söz kimi, "ayrılıq"dan, "vüsal"dan, "həsrət" və "vəfasızlıq"dan bəhs etmişlər və şübhəsiz, bütün aşiqlərin arzusu, məqsədi vüsala yetmək olubdur. Amma Şahnaz Şahində də Xətayidə olduğu kimi, eşq "güzərgahına" yol almaq ayrılığa doğru getməkdir. Xətayinin ədəbiyyata verdiyi yeniliklər barədə hər kəsin dolğun məlumatı vardır. Yeni müasir şeirin bəzi nümayəndələri "ayrılıq təcrübəsindən" bəhrələnərək hər şeyi o nöqtədən başlamağı məqsədəmüvafiq hesab edirlər. "Yenə saf məhəbbətə söz qoşacaq şairlər..." Bu, ənənədən gələn məhəbbət əhvalatının hələ də aktual olduğunun təsdiqidir.

 

Fəqət hər şey

başqa cür görünəcək bizə...

Arada dağlar duracaq...

Ayrılıq cətin olacaq..."

 

Açıq şəkildə deyilir ki, bu çətin yolda prioritet başlanğıc ayrılıq amilidir. Sevgilərin ayrılığa aparası və ya aparmalı olduğu barədə iddia tək məhəbbətin romantikası ilə deyil, həm də mövzunun gerçək təfərrüatları ilə izah oluna bilər. Burada ədəbi fakta yenilikçi münasibətin olduğu barədə əlavə sübuta ehtiyac da yoxdur. Çünki mövzunun şərhindən hər şey məlum olmalıdır. Həmin ayrılıq "həqiqətlərinin" ifadəsinə aid aşağıdakı şeir yaxşı nümunə ola bilər:

 

"Səni sevmək...

payızı sevməkdi,

Taledən qovulub

sərgərdan gəzməkdi...

Dirigözlü ölmək,

o dünyanı görüb gəlməkdi...

Əllərində qandal daşımaq,

bir işi yüz dəfə yenidən başlamaqdı...

Dar ağacının altında

canını zikr edib...

Hər gecə ayrılıqdan asılmaqdı...

üşümək,

otaq küncündəki yalqızlığa

alışmaqdı..."

 

Ayrılığa bu şəkildə önəm verilməsi, onun hətta dar ağacı səviyyəsində təqdimatı aşiqlərin, məşuqların ömür hədər başa vurmadığının ən bariz misalı sayıla bilər. Ayrılıqlar fəsli olan payızı sevmək, sərgərdanlıq, yalqızlıq - ayrılıq nişanələri kimi dəyərləndirilsə də, sevgi üçün, yəni sevgiyə səbəb olan ayrılıqlar üçün kifayət etmir və buna görə də "o dünyanı görüb gəlməyin" vacibliyindən söz açılır. Ölüm ayrılıq zirvəsidir və oradan - ayrılığın ən hündür nöqtəsindən məhəbbət dünyasına "boylanmağın" ayrı bir zövqü səfası varmış.

Göründüyü kimi, ayrılıq məqamı sevginin özünü, eləcə də sevgi iztirablarından doğan nəşə və kədərin gərəkliliyini zəruri edir. Yaxud başqa bir şeirində şair "sonrakı peşmanlığın töhfəsi"ndən bəhs edir. Sonrakı peşmanlığın mayasında ayrılığın rolu qeyd edilir. Bir sözlə, Şahnaz xanımın şeirinin ruhu ayrılıqdır və ya "Eh, həmişə sonda ölür ayrılıqlar..."mənasında məhəbbətin təsdiqi faktı kimi bu mərhələnin xüsusi dəyərləndirilməsini hər zaman vacib sayır. O, bir şeirində "bu, son vida, son ayrılıq, əzizim" yazmaqla sevginin ayrılıqlar zəminində yaşayacağını, ürəklərdə şiddət edəcəyini bəyan etmiş olur. Klassik şeirdə ayrılıq (hicran) qəmi, Şahnaz xanımda ayrılıq dəmi (nəşəsi, sevinci) aktualdır. Bu, zahirən belədir. Əslində, mahiyyət etibarilə birinci halda nəşə, ikinci halda kədər əsasdır.

Füzuli məktəbinə xas ədəbi əxlaqda ayrılıq aşiqə sitəm etməyin bir üsulu, Şahnaz Şahində eşqin doğuluşunun və əbədiliyinin əlamətidir. Bu mülahizələrimdə müasir şeirin klassik ədəbiyyatla müqayisəli şəkildə şərhi təəccüb doğurmamalıdır. Çünki sevgidən bəhs edən mətn nə qədər yeni olsa da, Füzulinin eşq fəlsəfəsinə istinad etmədən nə o şeiri yazmaq, nə də onun haqqında bitkin fikir bildirmək mümkündür. Yeri gəlmişkən, demək lazımdır ki, irfan şeirində olduğu kimi Ş. Şahində də bir çox hallarda ilahi hislərin coşqunluğu müşahidə edilir. Məsələn, onun yaradıcılığında qəlbin (aşiqin) lirik duyğulara qapanıb darılmaması üçün  "səyahətə çıxmaqdan", göyləri dolanıb yer üzünün yuxarıdan, Allah dərgahından seyr edilməsindən də bəhs edilir. "Sevdiyimi yerdə yox, Mən göydə dərk eylədim" yazır. Məsələ aydındır. "Yeddi qatlı göyləri belədən-belə gəzməklə" şairin hansı ucalıqlara işarə etdiyini bilmək asandır. Demək olar ki, ardıcıl olaraq qələmini sevgi hisslərinin tərənnümünə sərf edən şairin nəyə nail olduğunu, ürəyə yol tapa bilib-bilmədiyini (təkcə oxucu qəlbinə yox, yəqin ki, məhəbbətini ünvanladığı hədəfə və ya hədəflərə ulaşa bilib-bilmədiyini) onun yaradıcılığından konkret nümunələrə əsasən söyləmək olar.

 

"Səni birinci

barmaqlarından başladım

unutmağa -

saçlarımdan sığalını yudum,

yanaqlarımdan öpüşlərini,

gözlərimdə yığılan

baxışlarını ağladım.

Soyundum əynimdən görüşlərini..."

 

"Başına gələnlərin" dil ilə yox, söz ilə, şeir ilə, lirik melodiya ilə bu şəkildə nəql edilməsi, necə deyərlər, "dili yandırmamaq" üçündür. Şairin nitqinin bədii leksika ilə zəngin olduğu göz qabağındadır. Şahnaz xanımın misraları bir qayda olaraq, məcazla başlayır, məcazla bitir. Onun poetik təfəkküründə söz və məna ardıcıllığının düzgün təşkili, hökmlərin, arzuların, istəklərin bir zaman daxilində, eyni anda nizamı, poeziyada bir-birini əvəz edən, bir-birini tamamlayan müxtəlif anlamda dərk olunan sözlərin bir qəlibdə düzgün yerləşməsi, bəzən sevgi əvəzinə kədər, kədər yerinə sevgi ifadə edən monoloqların, çağırışların nitq və nidaların bir kontekstdə yer tutması söz, mətnqurma işində yaxşı təcrübə sayıla bilər. Müraciətin, monoloqun, dialoqun və nitq tipinin hər hansı digər nümunəsinin hər zaman məhəbbət zəminində qurulması, yəni şairin eyzən məhəbbətdən yazması poeziyanı, ədəbiyyatı təşkil edən materialın saflığına ən yaxşı zəmanətdir. Ənənəvi mətndə (köhnə Sovet poeziyasında) şeir üçün düstur, təxminən, "mən səni sevirəm və bu yolda candan keçməyə hazıram" formuluna uyğundursa, yeni şeirdə sevməyə, vurulmağa min bir "bəhanə" axtarıb tapmaq, məsələyə münasibətdə əşyalara, təbii amillərə, məsələn, yağışa, xatirələrə, başqa planetlərə və s. tez-tez istinad etmək dəbdədir. Bu zaman ovqatın alınmasına və duyğulanmağa sərf edilmiş insan enerjisi ilə təbii qüvvənin (çənin, dumanın, ayın, ulduzun, küləyin...) yaratdığı affekt şeirin melodiyasını yaradır.

Məsələn, küləyin əsməsi, bir gül ləçəyinin xəfif titrəyişi, lap şaxtalı-sazaqlı qış gecəsi, sərt tufanlar, qasırğalar belə adamı (şairi, oxucunu) sevgi aləminə aparıb çıxarmağa vasitə ola bilər. Bu baxımdan, qələmi ilə lazım gəlsə, "dağları yarıb" könüllərə yol salmağın çəmini şair bilməlidir. Şeir yazmağın bir illəti ürək lütfkarlığında və məfkurə haqq-tərəzisində doğru ilə yalanın, yaxşı ilə pisin, ağıl ilə emosiyanın birləşik və düzgün tərtibatından keçir. Şairin, ola bilsin, güclü hissiyyatı var, amma həssas duyğunu "sahibinə" təqdim edərkən ehtiyatsız davranır   hissin sözlə korlanması qəzası baş verir. Zədə almış mətnin "alıcısı" olmur.

Şahnaz xanımın şeir misrasının quruluşu və kompozisiyası onun fikir və duyum qabiliyyətinin nailiyyətləri kimi meydana gəlir. O, fikirlə sözü toqquşduranda onların bir-birinə dəyib zədələnməsindən ehtiyat etmir.

"Bu ayrılıq zamanı susma, mənə bir söz de. Sevdiyini hiss edirəm, de ki, bu düzdü..." Məsələn, o, "həyadan qızarıb" əvəzinə "həyadan közərib", "mənsiz tək qalacaqsan" əvəzinə, "mənsiz yazıq olacaqsan", "gecə yarıydı" yox, "gecənin yarısıydı" və s. yazır... "Söz emalı" ilə məşğul olmağı yox, nitqin leksik-semantik cəhətdən düzgün qurulmasına əmək sərf etməyi Şahnaz xanım vacib sayır.

 

"Əlinin tumarına

Könlüm tamarzı.

Gözlərimdə üşüyür

     ən isti arzu.

 

Əllərim də qoynumda

Dustaq kimidi.

Dodağımda sevginin

  acı təmidi.

 

Küçələrdə sərgərdan

Dolaşır külək.

Otağımda yanan şam

əriyən ürək"...

 

"Arzum gözümdə qalıb" kimi frazeoloji qatda gizlənmiş fikir burada dolğun ifadəsini "gözlərimdə üşüyür ən isti arzu" şəklində tapıbdır. "Əllərin qoynunda dustaq olması" isə frazeoloji deyimləri deyil, adət-ənənəmizdəki davranış jest və etiketlərini yada salır. Daha sonra "hadisə" çöldə, küçədə baş verir. Gələn yoxdu. Əvəzində avara bir küləyin vahiməsinin ev-eşiyə - otağa, ürəyə çökməsinin və şamla birlikdə ürəyin əriyib qurtarmasının şeirdə təsvir olunan mənzərənin təfərrüatları ilə çox əlaqəsi vardır. Deməli, dil yaratmaqda Şahnaz Şahinin öz iş texnikası və səliqəsi vardır. Əlbəttə, səliqə deyəndə bu arada "hər şeyi ölçüb-biçmək" anlamında iş tərzi istisnadır. Ola bilər, dil sadə, axıcı, müəyyən qrammatik, leksik qaydalara uyğun olsun, amma poetik zehində ədəbiyyatın məqsədləri ilə ilgili əsas informasiya yer almasın. Aristotelin "Poetika" əsərində etdiyi bir xəbərdarlığını yada salmaq yerinə düşər: "Dil son dərəcədə rövnəqli olanda xarakterləri də, fikri də zəiflədir". Umberto Eko isə: "Ədəbiyyat dildən kollektiv irs kimi istifadə edir. Təbii ki, dil özü inkişaf yollarını seçir, heç bir yuxarıdan göstəriş, heç bir siyasi sistem, onun qabağını kəsib istədikləri məcraya yönəldə bilməzlər. Dil özü bildiyi tərəfə gedir, lakin ədəbiyyata qulaq asır", -- deyir.

Yapon düşüncəsində müəyyən bir əşyanın düzülüşündə simmetriyanın qəsdən pozulması da bir xalqın timsalında  dünyada  mövcud olan adət-ənənələrin, zövqün, estetikanın səviyyəsini göstərir və məlum olur ki, insanların həyat tərzində həndəsi bərabərölçülük əhəmiyyət kəsb etmir. Yeni şeirin bir cəhəti  özünü dünyaya ən yeni görkəmdə tanıtdırmasıdır. Bu, incəsənətin bütün sahələrində, o cümlədən, poeziyada belədir. Şahnaz Şahinin sevgi leksikasında "neologizmlər" çoxdur.

 

"Hərdən xatırladır səni

boş küçələr...

Saçımın bir telini yandırıb

üfürürəm gecəyə quş lələyi bilib...

 ...Dartıb qırıram teleqraf tellərini...

atıram dənizə səsini...

Yumulur gecə çiçəkləri,

silir pəncərəmdən qan ləkələrini

küləklərin qoluna girib

asılıram Yer kürəsindən...

 Aşağıda kimsə şar uçurur havaya,

kimsə dənizə görüş təyin edir.

Kimsə neçənci dəfə tövbə deyir sevgiyə

boş küçələrdən keçib gedirəm,

ütüsü pozulur gecələrin".

 

Səsli, rəngli, hərəkətli bir mənzərə açılır. Hər şeydən əvvəl burada poetik aksessuarların çoxluğu, müxtəlifliyi və yeniliyi diqqət cəlb edir. Şeirin məzmun hissəsində obrazın nəşəsiz keçmişi və ümidverici gələcəyi fonunda oxucuya ötürülən bilginin bir neçə paradiqmada kodlaşdırılması, fərdin gecə ilə və sürrealist bir xəyalatla dünyaya təması mətnin ümumi ahəngini təşkil edir. Bu şeirin də mayasında ayrılıq var. Belə nəticəyə gəlmək olur ki, həyatın sığalını pozmağa böyük hadisələr gərəkdir. Sevgi belə unikal olayların fövqündə yer tutur. Sonrakı misralarda obrazın dilindəki, əhvalındakı ironik, əhlikef, əyləndirici intonasiyanın və ovqatın sevgilərlə başı qatılan aşağılara yuxarılardan əl edircəsinə "qisas və intiqam" mesajları sərgilənir.  Hələlik bir şeiri üzərində fikir və yozum etməli olsaq, öncə şairin fantaziyasının hüdudsuzluğunu qeyd etməliyik. Məsələn, kim deyə bilər ki, küçə sözün hərfi mənasında boş imiş, ya da maraq kəsb etməyən insanlarla əhatələnmiş bir məkandan söz açılır. Deməli, küçənin boşluğu faktı görmə hissinin abstrakt səviyyədə də, konkret mənada da doğru olduğunu göstərir. Səs duyğusu da şairin, lirik fərdin özünəxas intellekt və davranışını nümayiş etdirmək baxımından kamil bir səviyyədədir.  

Ş. Şahinin mərhələli bir yaradıcılıq yolu keçdiyini də qeyd etmək lazımdır. Məsələn, şairin "Bu şəkil mənə bənzəmir" kitabındakı şeirləri ilə son illərin mətnləri arasında fərq aşkar özünü göstərir. Həmin kitab Şahnaz xanımın ənənəvi şeir üslubundan yeni üsluba keçid etmə prosesinin göstəricisi kimi dəyərləndirilməlidir. Bu dövrdə yazılmış şeirlər sentimental ovqatın qatılığı ilə seçilir və kədər ifadə edir. "Bağlı qapı", "hardan əsdi dəli külək" və bu kimi ibarələrlə dünyanın vəfasızlığı, müvəqqətiliyi barədə rəy yaradılır. Bu dünyada qalıb yaşamağının da,  insanın başqa etdiklərinin də "yarıkönül" olduğu vurğulanır. Hətta ölməyi də yarıkönüldür.

 "Oluram yarıkönül, ölürəm yarıkönül". Daha çox gəraylı janrını xatırladan, amma modernist təxəyyülün və stilistikanın təzahürü kimi meydana çıxan bu poeziya linqvistik tərkibi, ahəng və intonasiyası ilə yeni və fərqli üslubun varlığından xəbər verir. Bu yazılarda heca bölgüsünün tələblərinə bir o qədər məhəl qoyulmadığını da, şairin bəzən ədəbi təsirləri gizlətməyi bacarmadığını da  müşahidə etmək olur. Buna baxmayaraq, həmin kitaba daxil edilmiş, ya sonradan yazılmış bu biçim qüsurlu, qüsursuz şeirləri bütöv halda onu daha ciddi ədəbi kredoya bağlayan aralıq vasitə kimi əhəmiyyət daşıyır. Necə deyərlər, şairin üslubu və manerası müasir insan ilə onun yaşadığı dünya arasında münasibətlərin qurulmasına yardımçı ola bilir.

 

Zakir MƏMMƏD

 

525-ci qəzet.- 2017. - 10 yanvar.- S.7.