Xalqa xidmətin Vəli Xuluflu nümunəsi
Ədəbiyyatşünas Cəlal Qasımovun "Vəli
Xuluflu" monoqrafiyası bu
görkəmli tarixi şəxsiyyətlə bağlı mətləblərə işıq salır
XX əsr Azərbaycan xalqının tarixində ziddiyyətlərlə, mürəkkəb situasiyaların, gərginliklərin yaşanması ilə, müharibələrlə, itkilərlə, olmazın əzabların acısı ilə yaddaşlarda qalıb.
Bu yüzillikdə Azərbaycan iki dəfə öz müstəqilliyinə qovuşub. Şərqdə ilk demokratik
respublikanın qurucusu kimi adını tarixə yazıb. Ziyalı mücadiləsinin
dönməzliyi, milli düşüncənin, azərbaycançılıq
ideologiyasının
formalaşması da bu əsrin adındadır. Qazandıqlarının nə dərəcədə
çox olmasını deyə bilmərəm, ancaq itirdikləri
sonsuzluqladır. Bu itkilərin başlanğıcı isə
XIX əsrin əvvəllərindəki Gülüstan və Türkmənçay
müqaviləsi ilə (1828) qoyulub. Belə ki, həmin
dövrdə rus və fars şovinizminin
marağında Azərbaycan Şimali və Cənubi Azərbaycan
olmaqla iki yerə bölündü.
Şimali Azərbaycan144 min kvadrat kilometr ərazi
ilə Rusiyanın istilasında qaldı. Çar
Rusiyası və Sovetlər imperiyası Azərbaycana,
bütünlükdə türk qövmlərinə
qarşı daha amansız mövqe nümayiş etdirdilər.
Sovetlər imperiyası Azərbaycan torpaqları
hesabına bir Ermənistan respublikası
formalaşdırdı. Çözülüb
qurtarmayan ağrıların başlanğıcını
qoydu. İrəvanın, Zəngəzurun,
Göyçənin itkisi, Qarabağ müharibəsinin dəhşətləri
bu əsrin adındadı. 37-ci il
repressiyası adı ilə tarixə, xalqın
yaddaşına yazılmış olan hadisələri də
bura əlavə etdikdə məsələnin mahiyyəti daha
da böyüyür. Çağdaş mərhələdən
bu olanlara diqqət yetirəndə, onların mahiyyətini, məqsəd
və məramını aydınlaşdırmağa
çalışanda düşünürsən ki, bu xalq
hansı dəhşətləri, faciələri
yaşayıb.
Artıq Azərbaycan
özünün müstəqilliyini qazanıb. Mənim nəzərimdə
müstəqillik Azərbaycan xalqının son dövrlərdə,
sovetlər imperiyasının dağılmasından sonra
qazandığı ən böyük uğurdur. Ulu yaradanın millətimiz üçün
açdığı nicat qapısıdır. Bu gün biz tariximizi, keçib gəldiyimiz yolu daha
dərindən, daha ağılla,
düşünülmüş şəkildə öyrənməli
və baş verənlərdən, olanlardan nəticə
çıxarmalıyıq. Müsbət
olan odur ki, belə bir işin başlanğıcı
qoyulmuş və müxtəlif istiqamətli işlərin
aparılmasına rəvac verilmişdir. Bir
qədər də cəsarətlə desək olunacaq işlər,
gediləcək yol müəyyənləşdirilmişdir.
Tarixçilərin, etnoqrafların,
arxeoloqların, ədəbiyyatşünasların,
folklorşünasların, musiqişünasların və sair
gördüyü işlər buna nümunədir. Son
dövrdə bu sahədə ciddi araşdırmaları,
monoqrafik təhlilləri ilə seçilən ədəbiyyatşünas
alimimiz Cəlal Qasımovun araşdırmaları gizlinlərin
ortaya çıxarılması, mahiyyətin elmi ictimaiyyətə
çatdırılması baxımından əvəzsizdi.
"Abdulla Sur və əsərləri" (1995),
"Əsrin qiyamət çağı" (1997), "Yaddaşın
repressiyası" (1997), "Bitməmiş istintaq" (1997),
"Repressiyadan deportasiyaya doğru" (1998),
"Yaddaşın bərpası" (1999), "Məhbus tərcümeyi-halı"
(2003), "Abdulla Surun həyatı və
yaradıcılığı" (2004), Cavidi məhbəsə
aparan yol" (2007), "Bolşevik qurşununun
qurbanları" (2015), "Ədəbi məhkəmələr"
(2012), "Azərbaycan folklorşünasları (1920-1950)"
(2015) və s. kitabları imperiyanın mahiyyətini, məqsəd
və məramını, hansı dəhşətləri
xalqlara yaşatmasını öyrənmək
baxımından əvəzsiz mənbədi. Təkrar
edirəm və deməyi də özümə borc bilirəm
ki, bu olanlar xalqın onurğa sütununu sındırmağa,
bir etnos olaraq mövcudluğunun silinməsinə
hesablanmış planın əsaslı tərkib hissəsidir.
İndi ən böyük iş həmin olanları bir
ideologiya, siyasət hadisəsi olaraq xalqa (böyükdən
kiçiyə) çatdırmaqdır. Milli
dövləti olmağın, müstəqilliyin nə qədər
müqəddəs əvəzsiz olduğunu
aydınlaşdırmaqdır. Müstəqilliyin
keşiyində bir əsgər kimi dayanmaq borcunun şərəfidir.
Deyəcəklərim ədəbiyyatşünas
alimimiz Cəlal Qasımovun "Vəli Xuluflu" (Bakı,
Elm və təhsil, 2016) monoqrafiyası ilə
bağlıdır. Fərqi yoxdur, istedadlı alimimizin
hansı əsərini qaldırsaq, problematikasına diqqət
yetirsək bir sistem olaraq milli mənsubluğa
bağlandığının, enerji qaynağını xalqa,
millətə sevgi təşkil etdiyinin şahidi oluruq. Məhz bu sonsuz vurğunluğun, bəlkə də
baş verənlərin sonsuz acısının nəticəsidir
ki, istedadlı alimimiz bu olanların bir bütöv olaraq xalqa
çatdırılması düşüncəsinə
köklənmişdir. Mən burada fikrimi bəlkə ilə
dedim. Ancaq sözün həqiqi mənasında professor C. Qasımov
bütün varlığı ilə buna köklənmişdir.
Bu özü bir mücadilədir, baş verənlərə
və olacaqlara cavabdır. Tanınmış ədəbiyyatşünas
alimimiz A.Bayramoğlu kitaba yazdığı
"Humanitar elmi
düşüncənin repressiya ağrıları"
adlı başlanğıc məqaləsində
bir məqamı xüsusi olaraq vurğulayır:
"İmperiyalar işğal etdikləri ölkələrin ərazilərində
öz mövqelərini möhkəmləndirmək üçün hərbi vasitələrdən daha
çox sosial-mədəni, mənəvi-psixoloji tədbirlərin
sistemli şəkildə həyata keçirilməsinə diqqət
yetirməyə məcburdurlar. Çünki fərqli
qarşılıqlı münasibətin
formalaşdırdığı sosial-siyasi, mənəvi-əxlaqi
dayaqlar güc strukturlarının cəmiyyətdə ifadə etdiyi inzibati və
hüquqi təzyiq və idarə
üsullarının yaratdığı xofdan kifayət qədər
etibarlıdır. Bütün bunları dərindən dərk
etdiyi üçündür ki, Sovet sosialist
imperiyasının rəhbərliyi Azərbaycan Xalq
Cümhuriyyətini devirib ölkə ərazisini hərbin gücü ilə
işğal etdikdən sonra birinci növbədə yerli əhalinin
elitar təbəqəsinə qarşı hücuma keçdi". Biz tez-tez
37-ci il repressiyası terminini
vurğulayırıq, əslində həmin repressiyanın
başlanğıcı elə imperiyanın gəlişi ilə
qoyulmuşdu və təkcə 37-ci ildə olanlarla
sonuclanmamışdı. Sadəcə olaraq 37-ci il hadisələrin, olanların pik nöqtəsi
idi. Bir istiqamətdə türkə, türk
xalqlarına qarşı yönəlmiş irticanın mahiyyətini
ifadə edirdi. Təkcə onu demək
kifayətdir ki, türkoloji qurultayın bütün
iştirakçıları repressiyanın qurbanına
çevrilmişdir.
Bu sovetlər dönəminin
imperiya düşüncəsinin, türkə münasibətinin
mahiyyətidir.
Vətənpərvər alim C.Qasımov Azərbaycan
xalqının sovetlər dönəmində hansı faciələrdən
keçdiyini, nələri yaşadığını faktik
materiallar, sənədlər əsasında geniş ictimaiyyətə
təqdim etmişdir. Düzdür, həmin dövrün hadisələri
ilə bağlı imperiyanın dağılmasından sonra mətbuat
səhifələrində ara-sıra məqalələr
çap olunur, radio-televiziya verilişlərində fikirlər
söylənilirdi. Yaşlı nəsil isə
onu canlı həyatında yaşamışdı və həmin
qorxu, gecə qapının qəfil döyülərək gedər-gəlməzə
göndərilmək xofu canından çıxmamışdı.
Bu və ya digər dərəcədə evlərdə
həmin hadisələr danışılır vəziyyət
gələcək nəslə anlatılırdı. Azərbaycanın elə bir kəndi, qəsəbəsi,
şəhəri olmazdı ki, həmin faciələri taleyində
yaşamasın. Bir sıra nəsillər
vardı ki, üstündən xətt çəkilmişdi.
Yaşadığım ucqar dağ kəndində
olanları yazıya gətirmək üçün bəlkə
də bir neçə insan ömrü lazımdı. Nəslimizin başına gələnlər bu
gün də mənim üçün qaranlıq qalır.
Ədəbiyyatşünas
C.Qasımov fəaliyyətinin mühüm bir hissəsini məhz Azərbaycan ziyalı
mühitinin sovetlər dönəmində hansı
ağrılardan keçdiyini, nələrlə
qarşılaşdığını, imperiyanın məram
və məqsədinin mahiyyətində dayananların nədən
ibarət olduğunu aydınlaşdırmağa
çalışmışdır. Daha
doğrusu, bu gizlinlərin bütün qatlarını xalqa
çatdırmağı məqsədə
çevirmişdir. Onu da əlavə edək
ki, XIX əsrin sonu və XX əsrin əvvəlləri Azərbaycan
ziyalı mühitinin tarixində xüsusi mərhələdir.
H.Zərdabi, M.A.Şahtaxtlı, Ə.Hüseynzadə,
Ə.Ağayev, Y.V.Çəmənzəminli, Ə.Haqverdiyev,
R.Əfəndiyev, S.S.Axundov, H.Cavid, A.Səhhət, C.Məmmədquluzadə,
M.Ə.Sabir, Ü.Hacıbəyov, M.Hadi, A.İldırım,
Ö.F.Nemanzadə, A.Sur, V.Xuluflu, H.Zeynallı, S.Hüseyn,
S.Mümtaz, Ə.Nazim və başqa onlarla
böyük-böyük şəxsiyyətlər bu
dövrün yetişdirmələridir. Xalqın
tarixi taleyində müstəsna rolları ilə əbədilik
qazanmışlar, bir növ tarix yazmışlar. C.Qasımov bu dövrün bizim bilmədiklərimiz
və mahiyyətinə gedib çıxmağa çətinlik
çəkdiyimiz məsələlərinə aydınlıq
gətirmiş, böyük bir ziyalı nəslinin
düşüncəsinin və tarixi taleyinin alt
qatlarını (gizlinlərini) bizə
çatdırmışdır. Əslində
bir istiqamətdə bunlar daha çox xalqa
çatdırılmalı olanlardı.
"Vəli Xuluflu" monoqrafiyası məhz bu yüksək
amala xidmət edir.
Monoqrafiyada məsələlər
dörd fəsildə ("Həyatı və mühiti",
"Alimin əlifba və orfoqrafiya ilə bağlı
görüşləri", "Xalq
yaradıcılığının toplayıcısı və
folklorşünas ailm", "Alimin sosial tarixi və mədəni
görüşləri") ümumiləşdirilir.
"Giriş"də xüsusi olaraq vurğulanan bir epizoda
diqqət yetirək: "Heç kimə sirr deyildir ki,
müstəqilliyə qədərki mərhələdə
elmi-ədəbi mühitdə Azərbaycan
ziyalılarının həyat və
yaradıcılığı müəyyən obyektiv və
subyektiv səbəblərdən birqütblü - sinfi,
partiyalı mövqedən tədqiq edilmişdir. Ona görə də həmin dövrün
ictimai-siyasi hadisələrinin, eyni zamanda mütəfəkkir
ziyalıların həyat və yaradıcılığının
yenidən öyrənilməsinə və çağdaş
elmi-nəzəri tələblər səviyyəsində
araşdırılmasına böyük ehtiyac vardır.
Hesab edirik ki, həyat və
yaradıcılığının yenidən öyrənilməsinə
və tədqiqinə
ciddi ehtiyac duyulan şəxsiyyətlərdən
biri də XX əsrin 30-cu illərində
repressiv aksiyalara məruz qalan Vəli
Məmmədhüseyn oğlu Xulufludur" (səh. 12). Vəli Xuluflu ilə bağlı müəyyən məlumatlara
hələ institut auditoriyasında oxuyarkən rast gəlmişdim.
Folklorşünas alimimiz professor P.Əfəndiyev
"Azərbaycan şifahi xalq ədəbiyyatı"ndan bizə
mühazirə oxuyurdu. İnstitut
auditoriyasına təzəcə qədəm qoymuşduq.
Ucqar dağ kəndindən ayrılıb qaynar
şəhər mühitinə düşmüşdüm.
Hər şey mənə sirlə, sehrlə dolu kimi
görünürdü. Müəllimlərimin
dediklərinin böyük əksəriyyəti yeni idi. Paşa müəllim də bizə ilk dərslərində
Azərbaycan folklorşünaslığının görkəmli
şəxsiyyətləri haqqında ağızdolusu
danışır, onların gördüyü böyük
işləri şövqlə mənimsətməyə
çalışırdı. Görkəmli
folklorşünas V.Xuluflunun adını ilk dəfə həmin
vaxtlarda eşitdim. Sonralar haqqında bilgilərim
getdikcə çoxaldı və onun gördüyü işlərlə
bağlı məndə müfəssəl təsəvvür
formalaşdı. Ədəbiyyatşünas
alimimiz professor C.Qasımov isə elmi-mədəni mühitə
bu monoqrafiyası ilə daha ətraflı, bizim bilmədiyimiz
və gedib çatmağımızın o qədər də
asan olmadığı tərəflərini bir bütöv
olaraq təqdim edir. Məsələn, keçən əsrin
20-ci illərindəki fəaliyyətini səciyyələndirən
ədəbiyyatşünasımız yazır: "1924-cü
ildə Yeni
türk əlifbası komitəsinin əməkdaşı kimi
Şimali Qafqaza, Krıma, Tatarıstana, Türküstana səfər
edərək latın əlifbasına keçməyin
vacibliyini təbliğ edir. Bakı ədəbi mühiti, Səmədağa
Ağamalıoğlu, Cəlil Məmmədquluzadə,
Əbdürrəhimbəy Haqverdiyev, Fərhad Ağazadə, Bəkir Çobanzadə və
onlarla başqa mütəfəkkirlərlə qurulan işgüzar ünsiyyət Azərbaycanın,
eləcə də Sovet İttifaqının müxtəlif
yerlərinə olan elmi ezamiyyət, orada dinlədiyi, etdiyi
çıxış və məruzələr, türkdilli
xalqların folklor mədəniyyəti ilə yaxından
tanışlıq V.Xuluflunun dünyagörüşünə,
eləcə də elmi yaradıcılığına təsirsiz qalmamışdır. O, 1925-ci ildə
elmi araşdırmaların məntiqi nəticəsi olan
"Yeni türk əlifbası" kitabını nəşr
etdirir".
XIX əsrdə Azərbaycanın
ictimai-siyasi mədəni həyatında boy göstərən
ən ümdə məsələlərdən birisi əlifba
məsələsi idi. A.Bakıxanovun xüsusi bir tərzdə
vurğuladığı bu ümdə problem M.F.Axundov tərəfindən
son dərəcədə ciddilik və
ardıcıllıqla ortaya qoyuldu. Demək olar
onun apardığı mücadilənin mühüm hissəsini
əlifba məsələsi təşkil edirdi. Sistemli müraciətləri, mövqe
nümayişi, müasirlərinə və səlahiyyət
sahiblərinə müraciətləri də bunu
aydınlıqla göstərirdi. Sonrakı
mərhələdə M.Şahtaxtlının, S.M.Qənizadənin,
R.Əfəndiyevin, H.K.Sanılının, Ü.Hacıbəyovun,
N.Nərimanovun, M.Mahmudbəyovun, F.Ağazadənin və
onlarla başqalarının bu məsələdə
apardığı böyük işlər məhz
reallığa, problemlərin aradan qaldırılmasına
hesablanmışdı. Onu da əlavə
edək ki, XIX əsrdə bütünlükdə Avropanı
bürüyən maarifçilik Qafqazda da böyük təsirdə
görünmüşdü. Məhz V.Xuluflu da həmin
işlərin nəticəsi olaraq yeni əlifbanın
yaradılmasında bir vətəndaş fəallığı ilə iştirak edirdi. Azərbaycan
xalqının ictimai, siyasi, mədəni həyatının
tarixində özünü göstərən ən dəhşətli
hadisələrdən biri də əlifba məsələsi
olmuşdur. Daha doğrusu, milli
düşüncəni sarsıtmaq, xalqın keçmişi
ilə bağlantılarını kəsmək, mədəni əlaqələrdə
varisliyi itirmək məqsədilə əlifba problem
yaradılırdı. Ərəb qrafikasından
latına, oradan
da kiril əlifbasına keçirilməsinin mahiyyətinə
varmaq, yaratdığı vəziyyəti göz önünə
gətirmək bu xalqın nələri
yaşadığını aydınlaşdırmağın
göstəricisidir. Professor C.Qasımov həmin dövrün
ümumi mənzərəsini çox doğru və
bütün tərəfləri ilə təqdim edir: "Məlumdur
ki, sovetləşmənin ilk illərində latın əlifbasına
keçmək günün ən aktual problemlərindən
birinə çevrildi və bu işin realizəsi məqsədi
ilə yeni
Əlifba Komitəsi təsis olundu. Lakin yeni əlifbanın
qəbulunda ziyalılar heç də yekdil fikirdə deyildilər.
Onların bəziləri əski əlifbanı
- ərəb əlifbasını saxlamağı və onun
üzərində müəyyən islahatlar aparmağı iddia edirdilərsə, digərləri
də ondan imtina edib latın əlifbasına
keçməyin tərəfdarı və təəssübkeşi kimi çıxış edirdilər.
Sovet siyasi-ideoloji sistemi ərəb əlifbası tərəfdarlarını
mürtəce, latınçıları isə yenilikçi kimi
qələmə verir və təqdir
edirdilər. Şübhəsiz ki,
yeni əlifbaya keçid Vəli Xuluflunun dediyi kimi
"yalnız hərflərin dəyişdirilməsi demək
deyildi", bu, eyni zamanda yeni dövrün, xüsusilə də
türkdilli xalqların ictimai-siyasi, mədəni həyatında mühüm rol oynaya biləcək tarixi hadisə idi" (səh. 69). Doğrudan da bu Uzaq Şərqdən ta Bavariyaya qədər
bütünlükdə türk ziyalı mühitinin
düşüncəsini məşğul etməkdə idi.
V.Xuluflunun da
"Yeni türk əlifbası ilə yazı qaydaları"
(1925), "İmla lüğəti" (1929), "Azərbaycan
xalq dili lüğəti" (1930) əsərləri onun
mühitdə ciddi elmi düşüncə sahibi
olmasının göstəricisidir.
C.Qasımovun "Vəli
Xuluflu" monoqrafiyasında axıra qədər
davamlılıqla öyrənilən problemlərdən birisi
görkəmli ziyalının Azərbaycan xalq ədəbiyyatının
toplanması, nəşri və tədqiqi sahəsində
gördüyü işlərlə bağlıdır. "Xalq
yaradıcılığının toplanması və
folklorşünas alim" fəsli bütünlükdə bu
böyük problemin təhlilinə həsr olunmuşdur.
Ümumiyyətlə, XIX əsrin sonu XX əsrin
əvvəlləri Azərbaycan
folklorşünaslığının tarixində xüsusi mərhələdir.
Bu dövrdə ziyalılarımız o qədər
şərəf və ləyaqətlə gərəkli
işlər görmüşlər ki, bütün zamanlarda
xatırlanacaq və nümunə olacaq səviyyədədir.
Bizə kimliyimizi, gediləcək yolumuzu,
özümüzə sahib durmağın nümunəsini təqdim
etmişlər. Ulu yaradan sanki, bu
böyük simaları, dahiləri bir dövrə
salmış, Azərbaycanın bitib-tükənməyən
problemlərini sonuclamaq üçün göndərmişdi.
Bu böyük şəxsiyyətlər vətən,
xalq, millət üçün nələr etməyiblər.
Vəli Xuluflu da onların sırasında
olanlardandır. Ədəbiyyatşünas C.Qasımov
"Koroğlu" dastanı timsalında bu əvəzsizliyi
belə təqdim edir: "Qeyd edək ki, Vəli Xuluflunun
"Koroğlu"su Azərbaycanda "Koroğlu"
dastanlarının ilki olduğu kimi, onun kitaba
yazdığı müqəddimə də Azərbaycan
koroğluşünaslığında deyilmiş ilk elmi söz, ilk elmi
müqəddimədir. Koroğluşünaslar
indiyə qədər bu ön sözdən ara-sıra bəhs
etsələr də, onun tədqiqinə ciddi fikir verməmişlər.
Demək olar ki, tədqiqatçılar bu barədə məlumat
xarakterli müəyyən
sitat verməklə kifayətlənmişlər... Azərbaycan "Koroğlu"su
Vəli Xulufludan başladığı kimi, Azərbaycan
koroğluşünaslığı da V.Xulufludan
başlayır. Başqa sözlə desək,
V.Xuluflunun "Koroğlu"nun ilk nəşrinə
yazdığı müqəddimə Azərbaycan
koroğluşünaslığının da müqəddiməsidir"
(səh. 115-116). "El
aşıqları" (1926), "Tapmacalar" (1928) da
folklorşünasın zəngin zəhmətinin bəhrəsi
kimi ortaya çıxmışdır.
"Alimin sosial-tarixi və mədəni görüşləri" adlı hissədə problem "Bolşeviklərin ateizm siyasətinin mahiyyəti", "Vəli Xuluflunun dini-estetik görüşləri", "Qadın azadlığı uğrunda mübarizə və köhnəlmiş adət-ənənələrin tənqidi", "V.Xuluflunun İran-Turan probleminə münasibəti", "Səlcuq dövləti tarixinin ilk tədqiqatçısı" müstəvisində təhlilini tapır. Buradakı bəzi məsələlər, məsələn, dinlə dini bayramlarla bağlı olanlar sırf ideologiyanın, siyasi mühitin özündən irəli gəlirdi. "Vaxtilə Azərbaycanda Sovet işğalı xalqların uzun müddət ərsəyə gətirdiyi adət-ənənələri, əxlaq və davranış qaydalarını alt-üst etməklə imtellektin əxlaqi meyar üzərində birtərəfli qələbəsini təmin etdi... Milli ideologiyalar, milli düşüncə tərzi sosialist düşüncə tərzinin şikarına çevrildi" (səh. 221). V.Xuluflunun "İran və Turan" ("Kommunist qəz., 1934, 23 sentyabr), "Səlcuq dövlətinin daxili quruluşuna aid" (1930) əsəri müəyyən tendensiyalara, ideologiyanın müəyyənləşdirdiyi prinsiplərə uyğun olub-olmamasına baxmayaraq çağdaş elmi-nəzəri fikrin prinsipləri əsasında təhlil olunmalı və bütünlükdə mahiyyəti ilə aydınlaşdırılmalıdır.
V.Xuluflu 37-ci il repressiyasının
qurbanlarındandır.
Ədəbiyyatşünas alimimiz
çox doğru olaraq 37-ci ili Azərbaycan
ziyalı mühitinin soyqırımı kimi
ardıcıllıqla vurğulayır. C.Qasımov
həmin istintaqın protokolunu verir və onların hansı əzablarla,
acılarla yaşamasının sənədlərini ictimaiyyətə
təqdim edir. İndi bizim bu gizlinlərin
fakt, sənəd səviyyəsində açılmasına
ehtiyacımız daha çoxdur. Olanları
daha çox öyrənməli və gələcək nəsillərə
çatdırmalıyıq. Böyük ideallarla
yaşayan, millətin gələcəyi, idealları
üçün ömrünü şama
döndərən bu böyük şəxsiyyətlərin
cismani cəhətdən yox edilməsi onların
ideallarının qarşısına sədd çəkə
bilmədi. Onlar öz böyük işləri,
ölümləri ilə özlərinə
ölümsüzlük qazandılar. Xalqa
xidmət etməyin nümunəsinə çevrildilər.Gediləcək
yolu müəyyənləşdirdilər. Bu gün həmin düşüncə pardaxlanır
və dünyaya günəş kimi doğur. Müstəqil
Azərbaycanımız bu müqəddəs amalın,
mübarizənin nümunəsidir.
Mahmud ALLAHMANLI
Filologiya üzrə
elmlər doktoru, professor
525-ci qəzet.- 2017. - 10 yanvar.- S.6.